Qadin.NET / Toz dənəciyində gizlənən qatil...

Toz dənəciyində gizlənən qatil...

 

 

Toz dənəciyində gizlənən qatil...

 

Dedektiv yazıçı Ceyhun Hidayətlinin sayca üçüncü kitabı olan “Bəyaz Şeytan” kreativ tərtibati ilə fərqlənir. Müəllif Azərbaycan kitab indrustriyasinda bir ilkə imza atıb. Belə ki, “Bəyaz Şeytan”nın 152-ci səhifəsindən sonrakı vərəqləri kilidlə mühafizə olunur. Kilidi açmaq üçün kitabın ilk fəslindəki gizlənən şifrəni tapmaq lazımdır. Lakin bu şifrəni tapmaq o qədər də asan deyil. Bunun üçün siz, sadə karandaşla nüsxəsi çıxarılan məktubun hər hansı bir cümləsi ilə şifrə arasındakı məntiqi əlaqəni qurmalı və həmin cümləni 3 rəqəmlə ifadə etməyə çalışmalısınız. Bəs, görəsən, heç bir riyazi işarədən istifadə edilmədən yazılan məktubdan bu şifrəni necə əldə etmək olar? Bu yerdə “Bir Qalanın sirri” filmindəki o məşhur səhnəni yada salmasaq olmaz. Şablon kimi xatırladığımız bu dialoq elmin, biliyin və kitabın önəmini vurğulayırdı. Məhz bu ideyaya xidmət edən bu kilid oxucunu maraq və həyəcanda saxlamağı uğurla bacarıb. Ona yaxınlaşdıqca şifrə haqqındakı fərziyələrin içində itib-batırsan. Tapa bilməmək qorxusu ilə qarışıq gizli bir həzz də duyursan. Yazıçının da dediyi kimi, özünü azca da olsa, dedektiv kimi hiss edə bilirsən.

 

Cinayət hadisəsi İstanbulda bir oteldə baş verir. Melvin Lovato adlı amerikalı turist Milli Kəşfiyyat İdarəsi tərəfindən izlənməkdədir. Çünki, onun terror təşkilatı ilə əlaqədə olduğu güman edilir. Turistin müəmmalı ölümündən sonra Milli Kəşfiyyat idarəsinin başçısı Aykut Gürmen bu cinayəti törədən qatili tapmaq üçün dedektiv Kənan Orucova müraciət edir. Kənan əvvəlcə işi qəbul etmək istəməsə də, terrorist dəstə ilə əlaqəsini öyrənəndə düşünmədən razılaşır. Melvin turist dəstəsi və tur rəhbəri ilə birlikdə hər gün davamlı olaraq şəhəri gəzdiyi üçün ilkin şübhələr dəstə üzvləri üzərində cəmlənir. Ancaq kim Melvinin öldürülməsində maraqlı ola bilər?

 

Tur rəhbəri cənab Dalen onu niyə öldürmək istəsin?

 

Bəs, keçmiş kəşfiyyatçı Harris, necə?

 

Evli cütliüklər Brenda və Kleo, ya da, Zhang ve Lin qatil ola bilərmi?

 

İki yaxın rəfiqə Sofia və Lana Melvinə sui-qəsd təşkil edəcək qədər cəsarətli ola bilərmi?

 

Kitabın başlanğıcında verilən proloq vicdan məhfumunu təsirli bir şəkildə soğulayır. Əsərin önəmli bir səhnələrində təsirli cümlələrlə əksini tapır və kitabın ideyası ilə səsləşir.

 

"-Əgər heç kim səni istəmirsə, mən nə edə bilərəm?

-Bax o balaca övladının qəlbinə qoy məni. Bəlkə, o, məni saxlayar qəlbində, böyüdər və insanların arasına mənimlə çıxmaqdan utanmaz.

Vicdanın dediyi kimi etdi qadın, onu övladının qəlbinə yerləşdirdi. Balaca böyüdükcə vicdan da onunla birlikdə böyüdü və bir gün bəşəriyyətin qəlbində yer alacağı günü səbirlə gözləməyə başladı"

 

Toz dənəciyində gizlənən qatil...

 

Kitabın maraqlı tərəflərindən biri də budur ki, oxucu qatili axtarmaqla yanaşı, cinayət qurbanı olan Melvinin terror təşkilatına göndərdiyi şifrəni də tapmalıdır. Terroristlərin planına görə Dubayın ən hündür binası olan “Bürc Xəlifə” və onun yanında yerləşən “Dubay Mall” partladılacaq. Bu partlayışa əngəl olmaq üçün sözügedən şifrəni tapmaq və qurğunu deaktiv etmək lazımdır. Bəs, bu qurğu hardadır? Onun koordinatlarını necə tapmaq olar? Əgər, siz Erkül Puaro kimi, Şerlok Holms kimi, Kənan Orucov kimi düşünməyi bacarsanız onunla birlikdə şifrəni tapıb kitabın ikinci hissəsinin kilidini açmağa müvəffəq olacaqsınız. Kənan Orucovun analitik qabiliyyətinə bir daha heyran oldum. Sarsıdıcı məqamlarla, olduğu kimi görünməyən münasibətlərlə, gizli həqiqətlərlə dolu “Bəyaz Şeytan” oxucuların fikirlərini qarışdıracaq, müşahidə bacarıqlarını şübhə altına salacaq kitablardandır.

 

"Uşağın simasında içində qopan fırtına öz əksini tapmışdı. Hazırda daxilində iki böyük qüvvə çarpışırdı, nəfsi və qüruru. Onları yeməyi çox istəsə də, özünə sığışdırmırdı. Böyük tərəddüd içərisində olan balaca, baxışlarını yerdəki o üç alçaya dikmişdi. Alçalardan biri nataraz addımlayan kök bir qadının ayaqları altında qalaraq əzildi. Uşaq bundan sonra, sanki yuxudan ayılıbmış kimi qaçıb babasının yanında oturdu. Qüruru nəfsinə qalib gəlməyi bacarmışdı"

 

Bütün fikrimi qatili tapmağa cəmlədiyim bir vaxtda bu səhnə ilə qarşılaşmaq məni çox təsirləndirdi. Sanki marafonda qaçdığın anda gizli bir pəncərə açılır və oxucu başqa bir aləmə ayaq basır. Dedektiv kitablarda belə “pəncərə”lər əsərin bədii təsirini artırır və ona rəngarənglik qazandırır. Növbəti kitablarında belə səhnələrdən daha çox olmasını ümid edirem. Ceyhun Hidayətlinin bundan əvvəllki iki kitabı da oxucular tərəfindən maraqla qarşılanıb və sevilərək oxunub.

 

“Əqrəb” kitabında obrazların daxili sarsıntıları qabarıq şəkildə təsvir edilmişdi. Cinayətin səbəbi, obrazlar, hərəsinin ayrı bir həyat hekayəsi gözəl işlənmişdi. Müəllif bu yönünü daha da inkişaf etdirsə, gələcəkdə psixoloji roman yazmağa cəhd edə bilər. “Qarlar arasında ölüm”də isə cinayətin detalları və hekayənin qurğusu ön planda idi. Oxuduğum qatili olmayan ilk dedektiv kitab idi. “Bəyaz Şeytan” da ən az onlar qədər uğurludur. Dedektiv roman janrının belə yüksələn xətlə inkişafı bir oxucu olaraq məni çox sevindirir. Əmin olun ki, yerli ədəbiyyatımız birbaşa oxucuların qayğısı ilə yüksəlişə keçə bilər. Biz oxucular yerli müəlliflərə obyektiv yanaşsaq, təbliğ və tənqid edərək oxusaq, həmin yazıçıların yaradıcı yöndən məhsuldarlığına müsbət mənada təsir edə bilərik.

 

Aygün ƏLƏKBƏROVA

2 yanvar 2019
GO BACK