Qadin.NET / Yeddi adam, bir bədən: Xəyalə Muradın “Adsız”ı

Yeddi adam, bir bədən: Xəyalə Muradın “Adsız”ı

 

Yeddi adam, bir bədən: Xəyalə Muradın “Adsız”ı

 

Hamımızın içimizdəki dalanlarda azıb qalan Teseyi, onu izləyən Minotavrı, ip eşən Ariadnisi var

Alt mənliyimiz, şüuraltımız, xarakterimizin müxtəlif tərəflərini yansıdan eqomuz... Eləcə də bu eqomuzun parçaları olan davranışımız. Situasiyadan asılı olaraq fərqli şəxsiyyətlər kimi davrana bilirik. Bu müəyyən norma daxilində əslində qəbulediləndi. Amma bəzi adamlarda baryer aşılır, yaxud alınan travmanın böyüklüyündən, eləcə də yaranan emosiyanın miqdarından asılı olaraq eqo parçacıqları dominantlıq qazanır və beləcə şəxsiyyət bölünməsi gerçəkləşir. Tibbdə çox rast gəlinən bu psixi rahatsızlığın müxtəlif səbəbləri ola bilər.

Uşaqkən yaşanan ağır travmalar;

Fiziki və emosional şiddət;

Eləcə də müxtəlif kənar psixi təsirlər.

 

Bu məsələ istər elm adamlarının, araşdırmaçıların, istərsə də adi adamların həmişə maraq dairəsində olub. Təəccüblü deyil ki, ədəbiyyatçılar və kinematoqraflar da şəxsin alt şüuruna həmişə maraq göstəriblər. Xüsusən, psixoloji travmaların alt şüurdakı inikası nəticəsində şəxsiyyət bölünməsi, alterlərin yaranması ciddi maraq obyektidir. Örnək kimi, yazıçı Daniel Kizin "Billi Milliqanın 24 zəkası", "Beşinci Salli" əsərlərini, amerikalı psixoterapevt Korneliya Vilburun eyniadlı əsərinin motivləri əsasında çəkilmiş "Sibil" filmini, eləcə də bir neçə ay əvvəl Nayt Şemalanın ağ pərdəyə yansıtdığı "Split" filmini göstərmək olar. Azərbaycan ədəbiyyatında və kinematoqrafiyasında da bu baxımdan müsbət nələrsə var - sözügedən mövzuda Azərbaycan ədəbiyyatında cığır açan Xəyalə Muradın "Adsız" romanı... Buna qədər Xəyalə xanımın 3 - "Görünməyən həqiqət", "Bir yarpağın arzusu" və "Hər şey qızım" üçün kitabları işıq üzü görüb. Son kitabı adsız olsa da, düşünürəm ki, roman Xəyalə Muradın yaradıcılığına ad verəcək gücdədir. Eyni zamanda, digər kitablarından istər mövzu, istər mətn baxımından köklü dərəcədə fərqlənir. "Adsız"la hələ çapa imzalanmamışdan, əlyazmada oxumuşdum. Mətndə kifayət qədər açıqlar, boşluqlar var, amma Xəyalə xanımın iri addımlarla irəliləməsini də gözardı etmək qərəzli olardı.

Düşünürəm ki, mənfi tərəfləri əvvəlcədən deməyim daha düzgün olar. Elə ilk səhifələrdən hiss olunur ki, əsər çox sürətlə yazılıb. Xəyalə xanım səhv etmirəmsə, iki həftəyə yazdığını demişdi. Üstəlik, dil bir qədər kasad və qurudur. Təkrarlar yorucu təsir bağışlayır. Bunu, əlbəttə, tam olaraq yazıçının üstünə də atmaq olmaz. Ciddi redaktə sözügedən nahamarlığı kifayət qədər rəndələyə bilərdi. Amma məsələ ondadır ki, redaktə də gözoxşayan səviyyədə deyil. Ümumilikdə isə ikinci basqı gerçəkləşsə, bu mənfiləri digər mənfilərə vurub riyazi olaraq müsbətə çevirmək çətin olmaz...

Yeddi adam, bir bədən: Xəyalə Muradın “Adsız”ı

"Adsız" bir bədəni bölüşən yeddi fərqli şəxsdən danışır. Onlardan altısı qadın, biri kişidir. Günün müxtəlif vaxtlarını öz aralarında bölüşən alterlərin hərəsinin özünə aid dünyası, ətrafı var. Bir-birlərindən xəbərdar olsalar da, digər alterlərə problem yaratmamağa çalışırlar.

Günay kimi tanıdığımız qəhrəman uşaqlıqda aldığı psixoloji travmalar nəticəsində şəxsiyyət bölünməsinə məruz qalıb və bu proses hazırda da davam edir. Özününsə qətiyyən heç nədən xəbəri yoxdur. Sadəcə, bir məsələdən əndişəlidir: günləri yoxa çıxır. Vaxt çox sürətlə axır. Bundan narahat olsa da, hər hansı cavab tapa bilmir. Həyat yoldaşından kömək istəməyə çəkinir. Hətta gecənin bir aləmində gözünü polis şöbəsində açanda da nə baş verdiyini anlaya bilmir. O məşum gecənin sirrinə vaqif olmaqdan daha çox unutmağa çalışır.

Müəllif bu əsəri yazmaq üçün kifayət qədər araşdırma aparıb, müxtəlif elmi-psixoloji kitablar, sənədli romanlar oxuyub, filmlərə tamaşa edib. Kitabın sonundakı ciddi ədəbiyyat siyahısı da buna sübutdur.

 

Yeddi adam, bir bədən: Xəyalə Muradın “Adsız”ı

Xəyalə xanım qadın psixologiyasına yaxşı bələddir. Situasiyadan asılı olaraq qadınların hansı qərar verəcəyini, hansı addımı atacağını yaxşı bilir, bunu mətndə elə incə manevrlərlə idarə edir ki, əsər mətndən daha çox yaşantı halına gəlir.

Alterlərdən məndə ciddi qıcıq doğuran Emil oldu. Özündənrazı, qaba, başqalarının maraqlarını asanlıqla öz mənafeyinə qurban verməkdən çəkinməyən bu alter əslində əsərin düyün nöqtələrindəndir. Alterlər arasında yeganə kişi olan Emil qadın bədənində yaşayır. Özünü kişi kimi görür, kişi hesab edir, kişilər kimi davranır, geyinir. Amma bütün bunlar qadın bədənində baş verir. Emil həm də müdafiə səddidir. Hər hansı potensial təhlükə Emili aktiv hala gətirə bilər. Yaxud təhlükə zamanı Emil yada düşür. Özünü vasitəçi alter kimi qələmə verən, istənilən addan ciddi-cəhdlə imtina edən Adsız, sözsüz, romanda ən ziddiyyətli, ən maraqlı, eləcə də ən savadlı personajdır. Aktiv olduğu üç saatın böyük hissəsini mütaliəyə həsr edən Adsız digər şəxsiyyətlərdən kəskin fərqlənir. Onu daha çox ümumi mənafe maraqlandırır. Öz maraqlarını o qədər də önəmsəmir. Buna görə heç xoşlanmadığı Emillə də danışıqlara gedir. Hətta oxucuda qayğıkeş ana obrazı formalaşdırır.

Əsəri oxuduqca əslində görünənin baş verəndən çox fərqli olduğunu anlayacaqsız, çoxlu suallarınız yaranacaq. Bəs cavablar hardadır? Niyə alterlərdən ən az aktivlik vaxtına sahib Adsız öz adını romana verib? Günay vaxtının niyə itdiyini anlayacaqmı? Çözümlərindən qorxduğu suallar necə, yenə açıq qalacaq? Cavabları öyrənmək üçün geriyə, 2013-cü ilin sentyabrına qayıtmaq lazımdır.

 Cavid QƏDİR

 

21 dekabr 2017
GO BACK