Əgər bizim görünüş təzadlarımıza kənardan baxanın hər bir münasibətini qəbul etməyə razısansa, onda Sizin vaxtınızı bir az da alacam, hörmətli yazıçımız, Səbuhi Şahmursoy. Eynilə “Görünməyən tərəflərdə” yaşayan Sahil kimi.
1. “Uçmağı öyrənən mələk” hekayəsini oxuduqca mən özüm də sanki hər cümlənin arasında “üzürdüm”, fikirləşdim, deyəsən elə mən özüm də mələyəm.
2. “Təlxək” hekayəsi oxucunu düşündürür, kədərləndirir. İnsan övladına bir daha əmin edir ki, Təlxək kimi insanlar özləri güldükləri sürəcə heç vaxt qarşısındakının gözlərindəki kədəri görə bilməz.
3. “Pul tapmaq adəti” hekayəsi xeyli güldürdü, kövrəltdi. Doğrudan da kasıbın dostu Allahdı. Səbuhi, Allah Sizi güldürsün. Yaman pullar tapmısınız. "Məmməd"dən gəldik cıxdıq plastik bank kartlarına. Deyəsən vəziyyət getdikcə yaxşılaşır, növbə "Chekpot"undu.
4. “Qeybə məhkum” hekayəsində yazıçı romantizmin ən pik nöqtəsinə yetib. “Əgər sən məndən çıxıb görünsən onda mənim yox, sənə baxan yad gözlərin olcaqsan.” Bu cümlə hekayəni tam mənasıyla aça bilir.
5. “Sakit axan ulduzlar” hekayəsininin adı kitaba qoyulsaydı, məncə daha yaxşı olardı.
6. “Görünməyən tərəflər” hekayəsi isə ən təsirlilərdən oldu. Axı niyə tale birindən nəyisə alanda axıra qədər elə ondan alır. Fağırmı görür onu?
7. Həmişə sakitlik axtarışında olan biri kimi sakitliyi sevsəm də, nədənsə sükutun səsi məni vahiməyə salır. Bu baxımdan “Sükutun səsi” hekayəsini oxuyanda qəribə hisslər keçirdim.
8. “Bənövşənin kölgəsində” hekayəsində nə olur olsun HƏQİQƏTİN hər zaman başqa-başqa bədənlərdə başqa-başqa zamanlarda yenidən zühur olması ustalıqla təsvir olunur. Bu hekayədə bir nüans sual doğurur “görəsən qadınların ən gözəl səviyyədə bacara bildikləri iki şeydən biri ağlamaqdısa? Bəs digəri nə idi yazıçı üçün?
9. “Qara eynəkli ağ atlı şahzadənin nağılı” hekayəsini də bəyəndim. Mən reallıqla barışanda hər şey nəsə pis olur. Sanki dünyanın iyrəncliyini görürəm. Bu səbəbdən uşaqlıqdan nağılları çox sevərdim. Nə olur olsun axırda müsbət sonluq olur.
10. “Divar” hekayəsini üç dəfə oxudum. Oxucuda ironik gülüş yaradır. Bu hekayəsinə görə yazıçıya afərin!
11. “Qonşumuzdakı şəkillər” hekayəsində yazıçı bazar iqtisadiyyatının yaratdığı təbəqləşməni və bir çox mesajları verə bilib.
12. “Ağ qapının ölçüsü” hekayəsindən ana sevgisinin qoxusu gəlir. Tengizin yaşantıları hər bir şəxsiyytin keçilməsi labüd olan həyat yolundan bəhs edir. Hisslərin ustalıqla qələmə alındığı hekayədi. Qeyd: “Yad küçələr zəbanisi” və “Ağ qapının ölçüsü” hekayələrini oxuyan hər oxucu yəqin mənim kimi sual edəcək: “Səbuhi, bu nədir? Markes toya getməlidir ki. Suallar içərisində azıb qalmışam. ” Bu hekayələrə çox güman təkrar birdə müraciət edəcəm.