186 səhifə
Türk dilinə tərcümə edən: İsmail Hakkı Yılmaz
İlk öncə Yunqla tanış olduğum ilk kitabın bu olmadığını qeyd edim. Yunqun kitablarından ilk əvvəl "Psixoloji ve Din"i oxumuşdum. Amma sonra bildim ki, aldığım kitab yalnız qərb dini haqqında yazdığı idi. Tam deyildi yəni..
"Ruh, İnsan, Sanat, Edebiyat" kitabı qismən bioqrafik kitabdır. Qismən dedim, çünki insanların həyatından çox onların elm və sənətə verdiyi töhfələrdən və bunlara Yunqun şəxsi münasibət və düşüncələrindən ibarətdir. Kitabda olan mündəricat belədir:
Parasels
Həkim Parasels
Tarixi bağlantı içində Sigmund Freyd
Sigmund Freydin xatirəsinə
Richard Wilhemin xatirəsinə
Analitik psixologiya və şeir əlaqəsi
Psixologiya və ədəbiyyat
"Ulysses": Bir Monolog
Pikasso
Başlıqda dili çox çətin gəldi. Amma sonra asanlaşdı. Bəlkə də ilk bölmələrdə bəhs edilən həkimi tanımadığım üçün də çətinlik çəkmiş ola bilərəm. Oxumaq üçün türkcə söz ehtiyyatınız normal səviyyədə olmalıdır.
Bu kitab sayəsində heç tanımadığım Həkim Paraselslə tanış oldum. İstər-istəməz tanımadığım biri olduğu üçün axtarışa verib müəyyən məlumatlar oxudum haqqında. İlk dəfə " Qadın xəstəlikləri" adlı kitabı yazan ilk təbibdir. Təbabətə "təbiət işarələri" adlı baxışı ilk o gətirmişdir. Bu haqda kitabda məlumat var. İnsan orqanizminin fəaliyyətini ulduzlarla da əlaqələndirirdi. İnsanın daxili aləmini də bir səma adlandırırdı. Və yaxşı həkimin iki səmadan da anlamalı olduğunu qeyd edirdi. Burda Yunqun konferans zamanı dedikləri yer almışdır.
Sigmun Freyd bölməsi daha çox diqqətimi cəlb etdi. Bundan əvvəl oxuduğum Alfred Adlerin "Yaşamaq Sənəti" adlı kitabında da Freydlə bağlı bir- iki cümləyə rast gəlmişdim. Burda da qismən Yunqun Freydlə bağlı olan düşüncəsi Adlerlə üst-üstə düşür. Freydi dövrünün zəncir qıranı adlandırır. Freydin bəzi düşüncələrinə qarşı olsa da, onun düşüncələrinin dövrünün cahillik pərdəsinə vurulan zərbə olduğunu qeyd edir. İnsanların saxta "müqqədəslik" anlayışının ortan qaldıran fikirlər ortaya atdığını qeyd edir. Freydin düşüncələrin nə ilə əlaqəli olduğunu və tarixlə, yaşadığı dövrlə bağlı olduğunu izah edir. Freyddən danışarkən bəzən Fridrix Nitsşedən də bəhs edir. Onların düşüncələrini yaşadığı mühitlə əlaqələndirir.
Richard Wilhemlə də ilk dəfə bu kitabda tanış oldum. Yunqun yaxın dostu olub. Richard Wilhem çinşünas, teoloqdur." I Ching" ( Yi Çing)- Çin klassik mətnlərdən hesab edilən ən qədim kitabı tərcümə etmişdir. Yunqun onun tərcüməsini çox qiymətləndirir. Ondan əvvəl edilmiş tərcümə ilə işləyərkən müəyyən çətinliklərlə qarşılaşdığını deyir. Həmçinin, bu bölmədə Çin haqqında da müəyyən fikirlərini bölüşür. Çinin bu əsərini öz dövrü üçün elmi əsər adlandırır. Və Çindən heç bir elmi əsər çıxmayıb fikrinə qarşı çıxır.
James Joyce-in "Ulysses" əsəri haqqında təhlil yazmışdır. Bu bölməni sırf bir redaktorun bu əsər haqqında ondan fikrini soruşması ilə yazmışdır. Kitab haqqında olan maraqlı fikirləri ilə bu bölmədə tanış oldum. Onsuz bu əsəri oxumaq fikrim var idi və Yunqun təhlilini oxumaq yaxşı oldu. Kitab haqqqında nə dediyini yazmıram, çox dərin analizlər edib. Əsərin qəhrəmanının psixologiyasını analiz edir. Bu bölmənin sonunda bu məqaləni yazmaq səbəbləri və yazdıqdan sonra məqalənin başına gələnlər barədə redaktorların əlavəsi olan bir yazı var.
Picasso haqqında olan bölmədə Yunqun rəssamın əsərləri və əsərlərin psixologiyasından söz açır. Həmçinin əsərlərə baxaraq müəllif haqqında diaqnoz qoymağa qarşı olduğunu deyir. Bu bölmədə şizofreniklər və nevrotiklərdən bəhs edir.
Ən sevdiyim bölmə isə "Psixologiya və Ədəbiyyat" oldu. Bu bölmədə Yunq yazıçılar və yazarkən keçirdikləri hislər, psixologiya haqqında çox gözəl izahlar verib. Bu bölmədən götürdüyüm bəzi hissələri qeyd etmək istəyirəm.
" Sənət insanı ələ keçirən və onu öz aləti halına salan bir növ daxili çağırışdır."
"Yazıçının əli zəbt edilir, qələmi zehninin təəccüblə tamaşa etdiyi şeylər yazır. Əsər, yanında öz formasını gətirir; yazıçı bir şey əlavə etmək istərsə rədd edilir, rədd etmək istədiyi isə ona geri dönər. Bilincli zehni bu fenomendən əvvəl boş və təəccüblü şəkildə gözləyərkən, yazıçı əsla yaratmaq niyyətində olmadığı və yaratmayacağı düşüncə və obrazların axınına uğrayar. Və yazıçı özünə rəğmən, danışanın özü olduğunu, daxili aləminin xaricə vurduğunu və dilinin istəmədiyi sözlər söylədiyini qəbul etməyə çətinlik çəkər."
"Sənətkarı açıqlayanın, şəxsi həyatındakı çatışmazlıqlar və ziddiyyətlər deyil də, sənəti olduğundan necə şübhələnə bilərik ki? Bunlar, çiyinlərinə adi fani insanlarda daha çox yük yüklənən sənətkar olmağı can sıxıcı nəticələrindən başqa heç nə deyildir. Xüsusi istedad böyük enerji xərcləməyi tələb edir, bu da həyatın digər tərəfini yarımçıq saxlayır."
Ustaclı