Qadin.NET / Görə bilmədiyimiz büsbütün işıq

Görə bilmədiyimiz büsbütün işıq

 

Görə bilmədiyimiz büsbütün işıq

ENG: Anthony Doerr - All the Light We Cannot See

RUS: Энтони Дорр - Весь невидимый нам свет

Mari Lora Milli Tarix Muzeyində kilid ustası vəzifəsində çalışan atası ilə birlikdə elə muzeyin yaxınlığında yaşayır. 6 yaşı olanda Mari Lora görmə qabiliyyətini itirir və atası da ona bu səbəbdən yaxınlıqdakı obyektləri özündə mükəmməlcəsinə sığışdıran şəhər maketi hazırlayır. İkinci Dünya Müharibəsi başlayanda, Faşist Almaniyasının Parisi işğal ərəfəsində Mari Lora əmisinin yaşadığı Seynt-Malo qəsrinə getməli olur. Gedərkən, həm də özləri ilə birlikdə muzeyin ən dəyərli qiymətli daşını da aparır...

Doerrin fiziki xırdalıqlar ifadəsinə və metafora yaratmaq qabiliyyətinə heyran qalmamaq mümkün deyil. Ülvi insan hisləri, ailə üzvlərinin bir-biri haqqında mümkün olan ən müqəddəs səviyyədə düşünməsi romanın emosional fonunu müəyyənləşdirir. Tarixi hadisələr və Avropa, baş verənlərə xüsusi ab-hava qazandırır. Şübhə etmirəm ki, "Görə bilmədiyimiz büsbütün işıq" əsəri müasir dünya ədəbiyyatının kifayət qədər sanballı nümayəndəsidir və yaxın gələcəkdə də oxucuların qəlbini fəth etməkdə müvəfəqiyyətli olacaq.

 

Görə bilmədiyimiz büsbütün işıq

Əsərin poetik təhkiyəsi İkici Dünya Müharibəsi kimi tarixi hadisənin fonunda fərqli şəhərlərdə böyüyən və müharibənin bütün əzablarını şəxsən təcrübədən keçirən iki uşaqdan bəhs edən iki paralel süjeti çatdırır. Əgər müharibə ilə əlaqədar əsərlər oxumusunzsa, "Görə bilmədiyimiz büsbütün işıq" onlara oxşar olmayacaq, çünki bu süjet sadəcə fərdin müharibə əsnasında məruz qaldığı əzablardan deyil, həm də az da olsa qoruyub saxlamağa müvəffəq olduğu şəxsi (intim) məkanı və düşüncələrindən də bəhs edir. Uşaq dünyasının böyüklərlə olan qarşılıqlı münasibətləri, onların zərif qəlblərinin müharibənin isti qəzəbi qarşısında necə də müti olmasını görmək mənim üçün tükürpərdici oldu. Başqa bir maraqlı məqam da ondan ibarət oldu ki, həm müharibənin cəmiyyətə vurduğu zərbələr, həm də müharibədən öncə həyatın keyidici zərbələrinin birləşməsi, Avropa kimi məkanın fövqündə maraqlı kompozisiyalara səbəb olub.

Bəzən kimlərsə gəlir və sözün düzünü, həqiqəti və ya olanları düz birbaşa üzümüzə deyir. Biz ilk öncə başa düşmürük, sonra yavaş-yavaş dərk edirik, amma dərk edəndən sonra bəzən gec ola bilir. Entoni Doer "Görə bilmədiyimiz büsbütün işıq" əsəri ilə bizə sözünü birbaşa demir, ilk cümlələrdən bizimlə öz dilimizdə danışır ki, çaşbaş qalmayaq və hər şeyi porsiya-porsiya qəbul edək. Bu zərgər dəqiqiliyi tələb edən incə işdir və sanki, sosial mühəndislik prinsipləri ilə bədii ədəbiyyatın kəsişməsinin ortaq məhsuludur. Müasir dünya ədəbiyyatında "Görə bilmədiyimiz büsbütün işıq" tipli əsərlərin sayı çox deyil və azsayılı olmasına baxmayaraq onları yüksək dəyərləndirmək lazımdır. Belə əsərlər nəyisə propoqanda etmir, hansısa ideologiyanı və ya banal antimüharibə pafosunu sırımır, sadəcə və sadəcə fərdlərin, indiki halda uşaqların həyatına üçüncü göz kimi daxil olmaq şansını təmin edir. Biz hadisələri boz müstəvinin üstündə ora-bura hərəkət edən, qanayan insanların timsalında müşahidə etmir, əksinə, özümüzü müstəvinin ölçü oxlarına tabe edib, müstəvinin bir elementinə çevrilirk. Belə bədii ədəbiyyat nümunələri insanı dəyişir, tərbiyələndirir və dəyişmiş bir oxucu cəmiyyət üçün ikiqat daha çox formalaşmış vətəndaş olur. Unutmamaq lazımdır ki, tariximizin deyilməyən, yazılmayan hissələri var. Ayrı-ayrı qəlblərdə, ayrı-ayrı yaddaşlarda həkk olunub qalan hadisələr və faktlar bu günün insanı üçün olduğu kimi, necədirsə elə də çatdırılmalıdır. Maraqlıdır ki, bədii ədəbiyyat bu tapşırığın öhdəsindən Entoni Doerr kimi yazıçıların vasitəsi ilə çox yaxşı gələ bilər.

"Görə bilmədiyimiz büsbütün işıq" mənə Aleksandra Saveliusun "Leyla", Xalid Hüseyninin isə "Çərpələng uçuran" və "Min möhtəşəm günəş" əsərlərini xatırlatdı. Oxucu adı çəkilən əsərləri oxuyubsa, istər-istəməz onları da xatırladacaq və dramalararası körpülər quracaq. "Görə bilmədiyimiz büsbütün işıq" əsərinin fundamental fərqi onda heç bir propoqanda elementlərinin olmaması, qərəzsiz və vicdanlı yazılışıdır. Bu dil daha universaldır və möhtəşəm təsvirlər üçün daha uyğundur. Yazıçının obrazyaratma ustalığı bizə nə isə daha fərqli bədii təcrübə yaradır və bədii çəkinin formalaşmasında müstəsna rola sahib funksiyaları üzərinə götürür. İnsanların bir-biri arasında olan incə əlaqələr, isti münasibətlər, soyuq qışdan da şaxtalı olan müharibə adlı bədheybət arasında kəskin kontrasta səbəb olub. Hər şey çox dolayı yollarla baş verir. Hitlerin uşaqları öz amalları naminə necə proqramlaşdırdığı, tribuna çıxışları vasitəsi ilə deyil, iyerarxiyanın aşağısında yerləşən real insanlar, SS zabitləri tərəfindən necə icra olunduğu təsvir olunub. Bu sadəcə yek bir nümunədir və başqa hadisələr və reallıqlar da eyni qayda ilə yazıçı tərəfindən tarixi hadisələrin və sosial kontekstin yardımı ilə bax beləcə oxudu ilə kommunikasiya edilir.

Çox şadam ki, bu müasir bədii ədəbiyyat nümunəsi ilə tanış oldum və zənnimcə, azərbaycanlı oxucuların bu əsəri oxuması çox vacibdir. Roman həm bədii təcrübənin artımı üçün çox yaxşı vasitədir, həm də psixoloji məşq kimi çox funksionaldır.

Müəllif: İbrahim Niftiyev

31 may 2017
GO BACK