Son illərdə unudulmaz müğənnimiz Məmmədbağır Bağırzadənin ifasından sonra (“Qubalı qız” mahnısını xalq artistləri Şövkət Ələkbərova və Gülağa Məmmədov da oxuyub) yaddan çıxmaqda olan mahnılardan biri də “Qubalı qız”dır. Sözləri xalq şairi Süleyman Rüstəmin, musiqisi İbrahim Topçubaşova məxsus bu mahnı ağlım kəsəndən daim həzinliyi ilə ürəyimi riqqətə gətirib, düşündürüb: İbrahim bəy görəsən mahnını daha çox kimə görə - anasına, yoxsa həyat yoldaşınamı bəstələmişdi? Əslində seçimdə fərq yox idi, nəticə baxımından bəstəsində bütün qəlbi ilə qubalı qızına məhəbbətini vəsf etmişdi. Şəxsən mən mahnını dinləyəndə özümdən asılı olmayaraq həyatımda ən əziz insan olan erkən itirdiyim anamı xatırlayıram. Anası, nənəsi, həyat yoldaşı qubalı qızı olan bütün insanlar, şübhə yox ki, buna bənzər xoş hisslər keçirirlər.
“Vətənimin bəzəyisən qubalı qız, qubalı...” Mahnıdakı bu sözlər ilk baxışda adi tərif kimi görünsə də, şair tərəfindən qubalı qızına qarşı əsaslı, doğru münasibətdir. Məqsədim tərəfkeşlik və ya təəssübkeşlikdən uzaq olaraq faktlarla bu mövzuda sizə söhbət açmaqdır. Bu diyarın, zonanın qadınları hələ Fətəli xan Qubalının həyat yoldaşı cəsur, qorxmaz Tutu Bikədən başlayaraq vətənin bəzəyi olmuşlar. Buranın tanınmış qadınları bir qayda olaraq həyatlarını ərlərinin amalları uğrunda fəda etmişlər. Abbasqulu Ağa Bakıxanovun həyat yoldaşının adına olan Quba şəhərindəki Səkinə xanım məscidi bəhs etdiyim yönümdə siradan bir misaldır.
İyirminci əsrin əvvəllərində ədəbiyyatımızda ilk qadın yazıçı,dramaturq Səkinə Axundzadə, o dövrün mübariz qadınları sayılan Ayna Sultanova (Həmid Sultanovun həyat yoldaşı), Ceyran Bayramova (Əli Bayramovun həyat yoldaşı) respublikamızda tanınmış simalar olub. Xalqın sevgisini qazanmış, “Kəsmə - şikəstə” muğamını özünəməxsus məlahətli səsi ilə oxuyan əməkdar artist Fatma Mehrəliyevanı bu mənada xatırlamamaq günah olardı. Haqqında danışdığım mahnını bəstələyən İbrahim Topçubaşovun anası, məşhur cərrah Mustafa Topçubaşovun həyat yoldaşı – ilk qadın rəssam, əməkdar incənət xadimi Reyhan Topçubaşova da qubalı xanımdır.
Bu qadınlar sırasında tibb elmləri doktoru, professor Leyla Məmmədbəyovanın, stomatologiya sahəsində ilk qadın tibb elmləri doktoru, professor Tamara Hüseynovanın, əməkdar həkim, tibb elmləri doktoru, professor Kübra Fərəcovanın, dövrünün istehsalat qabağcılı, Sosialist Əməyi Qəhrəmanı Humay Hüseynovanın, əl işləri muzeylərimizi bəzəyən məşhur xalça ustası, Dövlət mükafatı laureatı Gülnənə Mustafayevanın da adlarını qeyd etməmək mümkün deyil.
Qəribədir ki, oğru dünyasının qadın avtoriteti (“Zerkalo Klara”) Klara Yusifzadə də qubalı qıızlarından biridir. O. dövrünün tanınmış ziyalılarından olan qubalı Ağababa Yusifzadənin qızıdır.
Müasir zamanımızda tanınan qadınlardan müğənni xalq artistləri Zümrüd Məmmədova, aktrisa Zərnigar Ağakişiyevanın adlarını fəxrlə çəkmək olar. Bu diyarın qızları bir çox yaradıcı insanların həyat yoldaşları, ilhamvericiləri olmuşlar. Əsrlərdən gələn hamının bildiyi bir həqiqət var ki, dahi Nizami Gəncəvinin qəlbini alan gözəl Dərbəndli Afaq xanım olmuşdur. (Rus işğalınadək Dərbəndlə Quba eyni ərazi bölgəsi hesab olunub.) Maraqlısı odur ki, ilk xalq şairimiz Səməd Vurğunun həyat yoldaşı Xavər xanım da əslən Dərbəndlidir. (Yeri gəlmişkən, sevimli aktrisamız, xalq artisti Şəfiqə Məmmədova da Dərbənddəndir.) Blidiklərimdən xalq şairi Məmməd Arazın, tanımış bəstəkar Vasif Adgözəlovun və daha neçə -neçə yaradıcı şəxslərin ömür-gün yoldaşları da qubalı olmuşlar.
Özləri Qubada doğulmasalar belə, ictimai xadim Lalə Şövkət, əvəzolunmaz aktrisamız Afaq Bəşirqızı, müğənni Zülfiyyə Xanbabayeva, aktrisa Mehriban Zəki, opera səhnəmizin “Karmeni” Fidan Hacıyeva həqiqətən vətənimin bəzəyi sayılası qubalı qızlarıdır. Mən yalnız kütlənin tanıdığı məşhurları sadaladım. Ola bilsin kimlərisə unutdum, xatırlamadım, adlarını çəkmədiyim hörmətli xanımlar məni bağışlasınlar. Unutduqlarımın hər birinə, bütün qubalı analara dərin, tükənməyən ehtiramımı bildirirəm. Siz bu ehtirama, sonsuz rəğbətə layiqsiniz, necə ki, mahnıda deyilən sayaq: “Həyatımın çiçəyisən.., göyçəklərin göyçəyisən qubalı qız, qubalı...”
2012