Qadin.NET / Cin Sesson – Mayada. İraqın qızı

Cin Sesson – Mayada. İraqın qızı

Cin Sesson – Mayada. İraqın qızı

 

Müəllif “Şahzadənin memuarları” trilogiyası ilə  məşhurdur. Cin Sessonun qəhrəmanları Orta Şərqin real qadınlarıdır. Mayada Əl-Əsgəri də o qadınlardan biridir. Cin Sessonun Mayada ilə tanışlığının çox maraqlı tarixçəsi var. İraqdakı vəziyyətdən xəbər alaraq oraya getmək üçün Səddam Hüseynə məktubla hər şeyi izah edib viza almağa nail olur. İraqda ona qadın tərcüməçi lazım olur ki, bu isə Mayadadan başqası deyildi. Daha sonra ölkəsinə qayıdan müəllif Mayadadan uzun müddət xəbər ala bilmir və günlərin birində onun həbsdən azadlığa buraxıldığını eşidir. Mayada öz həyatını danışmağa başlayır. Və əslində bu təkcə Mayadanın deyil, İraqın həyat xronologiyasıdır.

İraq-“İki çay arası” qədim Mesopotamiyanın dünyanın ən qədim mədəniyyət beşiklərindən biridir. Şumerlərdən başlayaraq Ərəb Xilafəti, Səlcuqlular, Monqollar, Ağqoyunlular, Səfəvilər, Osmanlı İmperiyasının tərkibində olmuşdu.

“Mayada”da hadisələrin əsas başlanğıc nöqtəsi Osmanlı imperiyasının parçalanmasından öncəki dövrlərə təsadüf edilir. Sünnilərin çoxluq etdiyi Osmanlı İraqın çoxluq bazasını öz xeyrinə dəyişdirməyə nail olur. Belə ki, ancaq sünnilər yüksək vəzifələr tuta bilərlər. Mayadanın nəsli də məhz Osmanlı sünnilərdən gəlməkdədir. Babası Osmanlı ordusunda yüksək vəzifələrdən birini tutmuş, öz qızını hərtərəfli savadlı olması üçün əvvəlcə onu xaricə göndərmək istəsə də, hakimiyyət orqanları buna qarşı çıxmışdılar və öz qızına gizli müəllim tutmağa məcbur qalmışdı.Mayadanın anası tam bir diplomatik, geniş dünyagörüşlü qadın kimi formalaşmışdı. Osmanlının dağılması ilə İraq İngiltərənin müstəmləkəsinə çevrildi. Böyük əksəriyyətin şiə olduğu xalqın sərt müxalif mövqeyi ilə üzləşən ingilislər peyğəmbər nəslindən olan Kral Faysalı hakimiyyətə gətirməklə öz idarəçilik sistemlərini həyata keçirməyə başladılar. Ordu quruculuğu problemi ilə üzləşərkən məsələnin həlli kimi kürdlər və şiələrin sünni ərəblərə əsgəri xidmətindən imtina etməsi ilə bağlı təklif planı irəli sürülmüşdü: Ya Osmanlı, ya da İran təbəəsi. İran təbəəsinin üzərində seçim edənlərin böyük qismi əsli-nəsli İraqdan olanlar idi və onların bu seçiminin mərkəzində ordudan yayınmaq deyil, ailələri idi. Təbii ki, bu seçimin sonralar gətirəcəyi fəlakətləri öncədən görmək mümkün deyildi. 1930-cu ildə İraq müstəqil dövlət olmaq üçün İngiltərə ilə 25 illik müqavilə imzalayır və 1932-ci ildə rəsmən müstəqilliyini elan edir. Hakimiyyət uğrunda qanların tökülməsi labüddür.1958-ci ildə inqilabla Krallığın Respublikaya çevrilişi baş verdi. Bu isə ətraf regionlarda böyük əks-səda yaratdı. 1963-cü ildə “Baas” ilk dəfə səsini duyuraraq hakimiyyəti ələ keçirdi. Daha sonra 1968-2003-cü illər arasında hakimiyyətdən dörd əlli yapışan “Baas” ölkədə tam bir diktator rejimini yaratmaq üçün fəaliyyətə başladı. İlk əvvəl saxta görüntülərlə xalqın rəğbətini qazanmağa çalışan “Baas” getdikcə maskasını çıxardaraq əsl simasını nümayiş etdirməyə başlayır. Hər 5 günahsız insandan biri həbs işgəncələrinə məruz qalırdı. Təbii ki, ailələr bundan gec xəbər tutanadək onların axtarışlarını hər yerdə edirdilər. Ölkədən qaçmalar başlandı.

 

Cin Sesson – Mayada. İraqın qızı

Mayada Əl-Əsgəri tipoqrafiyada çalışan, 2 uşaq anası olan gənc qadındır. İraq-İran, İraq-Küveyt müharibəsi onun illərinə düşmüşdü. Hərbiçi əri Salamla boşandıqdan sonra günlərin birində rejim tərəfindən sorğu-sualsız həbs olunaraq 52 nömrəliyə aparılır. 52 isə Mayada üçün qara rəqəmdir. Atası və babası 52 yaşlarında dünyadan köçmüşdülər. “52”də qadın-kölgələrin müxtəlif həyatları ilə tanış ola-ola öz həyatı da gözlər önündə keçərək canlanır. Qadın-kölgələrin “Baladiyat”a düşmələri əslində onnların günahsızlığı ucbatından baş vermişdi. İki gənc qadın bank rəhbərliyinin pul oğurluğu ilə üz-üzə dayanmış, biri soyad dəyişikliyi ilə “İran yoxsa İsrail casusu?” sual-işgəncəsi ilə üzləşmiş, biri işdə Quran oxuduğu üçün, biri qardaşının islam aktivistlərindən olduğu iddiası ilə şərlənmişdi-qısası, bu qadın-kölgələrin heç biri cinayət törətmədən Baladiyat kimi həbs işgəncələrinə məruz qalmışdılar. Mayada da bu işgəncələrə tuş gəlir. Yetərincə tanınmış ailədən olması onun köməyinə çatmır. Onsuz da hərbi gizli polis adicə yoldan keçənləri belə tükürpədici işgəncə metodları ilə o biri dünyaya yollayırdı. “52”də qadın-kölgələrdən biri Samaraya öz həyatında danışarkən Doktor Fadili xüsusilə qeyd edir və onun 2 üzü olduğunu, amma bunu gec sezdiyini bildirir. Hələ təzə-təzə jurnalistliyə başlayarkən yazdığı kiçik hekayələri çap olunurdu və yuxarıdakıların diqqətini cəlb etmişdi. Səddam Hüseyn onunla görüşərək mükafatlandırmışdı. Mayada tez-tez bu və ya digər insanların azad olunması üçün “ailə dostu” Doktor Fadilə müraciət etmişdi. Hətta öz ərini “fərari”likdən qurtarmaq üçün də Doktor Fadil onun ümid yeri idi. Günlərin birində redaktor onu Səddam Hüseynin qohumlarından birindən müsahibə almaq üçün yollayarkən Mayadanın ağlına belə gəlmir ki, o adamla görüş çox şeyləri kökündən dəyişdirəcəkdi. Son dəblə geyinən Mayada Əl-Əsgəri zal ekranında yayımlanan işgəncə görüntülərinə tab gətirə bilməyərək yavaş-yavaş jurnalist-yazarlığı tərk edir və çadraya bürünür. Damarlarında axan Sati Əl-Xüsri və Cəfər Əl-Əsgəri qanı ona İraqı tərk etməyə maneçilik törədir. Və hətta özünü də günahlandırır ki, bəzi iraqlılar Əl-Xüsri və Əl-Əsgəri nəvəsinə görə ölkədə yaşamağa davam edirlər. İraq-Küveyt müharibəsindən sonra ölkəyə BMT səviyyəsində tətbiq edilən “qanun” xalqın aclıqdan ölməməsi üçün ən dəyərlilərini satmağa məcbur olması və Səddam ailəsinin var-dövlət içində qudurğanlıqla yaşaması əhalinin ölkəni tərk etməsinə səbəb olmuşdu. Səddam rejimi qadınlar haqqında yayılan söz-söhbətləri əngəlləmək üçün “məhrəm”i tətbiq etməyə başladılar ki, istənilən bir qadın tək başına ölkədən çıxmaq hüququndan tamamilə məhrum oldu. Neçə-neçə günahsız insanları “İran-İsrail casusu” kimi həbs edərək işgəncələrə məruz qoyan Səddam rejimi öz kefini sürdürərkən Baladiyatda 1 həftəlik həbs yaşayan Mayada Əl-Əsgəri burada öləcəyini düşünərək 2 övladı -Əli və Fey qarşısında özünü günahkar bilir. Amma bir səhər quş nəğmə oxuyur və köhnə iraq nağılında deyilir ki, əgər sən o quşun oxumasını eşidirsənsə, tezliklə olduğun yeri tərk edəcəksən. Bütün qadın-kölgələr Mayadanı işarə edərək özləri haqda yaxınlarına xəbər vermələrini istəyirlər. Tutuquşu kimi nömrələri, ünvanları, parolları əzbərləyən Mayada həbsxananı tərk edərkən Mamunun hədəsi ilə üzləşərək nəyi necə edəcəyi haqqında dilemma qarşısında qalır. Keçmiş əri Salman ona çıxış yolu kimi təzədən evlənməklə ölkəni tərk etməyi məsləhət görür. Qızı Feyi İraqda girovçuluqdan azad edə bilməyən ana İordaniyaya köçən kimi lazımi məbləğ toplamağa başlayarkən anası və dostları qabaqlayıcı tədbirlərlə Feyi İraqdan qoparda bilirlər. Hələ İraqda ikən azadlığın 2-ci günündə sərbəst telefon əlaqəsini tapmaq üçün uşaqları ilə birgə hiylə işlədərək yalnız 5 qadın-kölgələrin yaxınlarına xəbər verə bilir. Sonda Samaraya məktub yazaraq İraqdakı son hadisələri qeyd edir.

“Mayada.İraqın qızı” tarixi-avtobioqrafik əsər tam anlamı ilə Səddam Hüseyn rejimi və “Baas”ın sadə İraq xalqının başına gətirdikləri ağır həyat tərzini özündə çılpaq həqiqətlər fonunda əks etdirməklə eyni zamanda qadın-kölgələrin başına açılan işgəncə növləri ilə tükürpədici bir həyatdır. Ruhullah Xomeyni ilə Səddam Hüseyn arasında gedən sünni-şiə, İraq-İran müharibəsi, neft mənbələrinə görə Küveyt-İraq müharibəsi və bu müharibələrin nəticəsi kimi xalqın düşdüyü acınacaqlı durumla yuxarıdakıların öz keflərindən geri qalmaması tam bir ziddiyət təşkil edir ki, oxucunun qanı damarlarında donur. Adicə qadın-kölgələrdən biri, lap elə Mayadanın özü işgəncəyə məruz qaldığı sənhə sözün əsl mənasında oxucuda hiddət oyandırır.

Əsər çap olunarkən Səddam Hüseyn hələ edam olunmadığından ancaq İraqın “Baas” rejimindən qurtuluşu ilə bitir və Mayadanın Samaraya yazdığı məktub bir ümid qığılcımıdan da artıqdır.

 

Nigar Şahsuvarova

22 iyul 2017
GO BACK