Bu vaxta kimi müəllifin sadəcə şeirlər kitabı və müxtəlif saytlarda dərc olunan yazılarını oxumuşam. Bəyəndiyim üçün zamanla bütün kitablarını oxumağı planlaşdırıram. Bu roman yazıçının sonuncu romanıdır və hələ kitab halında nəşr olunmayıb. Yazı ədəbiyyat dərgisinin 11, 12, 13-cü saylarında hissə-hissə dərc olunub.
Roman birinci şəxsin dilindən (yəni yazıçının) nəql olunmağa başlayır. Qatarla yol gedərkən hər gün müxtəlif insanlarla rastlaşırıq. Onların sadəcə xarici görünüşünü görür, bəlkə də buna görə beynimizdə onlar haqqında fikir formalaşır. Amma çox az hallarda həmin insanların əslində kim olduğu ilə maraqlanırıq. Yazıçımız da bəlkə bu istisnalardan biridir. Onun diqqətini hər gün qatarda gördüyü susqun, qaradinməz, səfil görünüşlü bir adam cəlb edir. Heç kimlə kəlmə kəsməyən bu adamla bir gün bir yolunu tapıb söhbət etməyə nail olur və zamanla münasibətləri isinişir. Həmin bu şəxs Firondur. Bir gün Firon yazarımıza bir dəftər verir və həyatının bu dəftərdə yazıldığını deyir. Və həmin gündən etibarən Firon bir daha qatarda görünmür.
Hadisələrin əsas məğzi bundan sonra başlayır. Əsərin bundan sonrakı hissəsi bir növ Fironun gündəliyidir. Bu Fironun Misir fironları ilə heç bir əlaqəsi yoxdur, bu sadəcə onun adıdır. Amma həyatının bir dönəmində bu adam doğrudan da əsl “fironluq” edib. Firon öz dəftərində uşaqlığından başlayaraq öz həyatın hekayəsini danışır. Onun həyat hekayəsini oxuyarkən oxucu həm də sətirlər arasında cəmiyyətdəki bir çox mənfi halları, Azərbaycan ailəsində valideyn-övlad münasibətilərini və s. görmüş olur.
Firon mənəvi cəhətdən çökmüş, cismən yaşasa da ruhən ölmüş bir obrazdır. Öz ehtirasları uğrunda yalanlar üzərində bir dünya qurmuş, qazanmaq istədiyi mövqe uğrunda ruhunu şeytana satmışdı. Bütün bunlar anasının döşəyinin altından oğurladığı pullarla başlamışdı. Bəlkə də onun həyatını uçuruma doğru aparan yol burdan başlamışdı. Bəlkə də bu hadisədən sonra o zərərsiz yalanlarla təhlükəli yalanların sərhədini itirmişdi. Öz məqsədinə doğru gedən yolda heç bir şeyi ayağının altına qoyub özünə körpü etməkdən çəkinməmişdi. Anasının döşəyinin altından oğranılan pullar, atasının evini satması…. Əslində, o, istədiyi mövqeyi əldə edir və eyş-işrət dolu bir həyat yaşamağa başlayır. Amma zamanla geriyə dönüb baxanda əslində ehtiyac içində keçmiş uşaqlıq illərinin bəlkə də ən xoşbəxt illəri olduğunu anlayır. Kabusları onu rahat buraxmır və yalanlar üzərində qurduğu səltənəti bir gün çökür. Özü də bu uçqunun altında qalıb çürüməyə başlayır. Çünki onu ordan çıxaracaq kimsəsi yoxdur, çünki bir zamanlar o bu səltənəti qurmaq üçün onları ayağının altında əzib keçmişdi. Firon bəlkə də həyatla bir oyun oynamaq istəmişdi, amma həyatla oynanılan bütün oyunların sonunun məğlubiyyət olduğunu gec anlayır.
Əsəri bəyəndim, ən çox dilinin səlis olmasını bəyəndim. Obrazlar canlı idi. Xüsusən gənclərin oxuması məsləhətli olan əsərlərdəndir. Sadəcə əsər məndə bir az yarımqalmışlıq hissi yaratdı. Yəni daha həcmli ola bilərdi, əlbəttə mənim fikrimcə. Oxumağı tövsiyə edirəm.
Aybəniz Həsənova