Qadin.NET / Səbahəddin Əli – Şüşə köşk

Səbahəddin Əli – Şüşə köşk

 

Səbahəddin Əli – Şüşə köşk



 

Səbahəddin Əli ilə ilk tanışlığım “Kürk paltolu madonna” əsəri ilə olub. Türk ədəbiyyatının ən yaxşı romanlarından hesab etdiyim bu əsər o qədər xoşuma gəlmişdi ki, gələcəkdə də yazıçının yaradıcılığına yenə müraciət edəcəyimə zəmin hazırlamışdı. Tam da 1 ay sonra bu gerçəkləşdi, çünki bu kateqoriya üçün S.Əlinin hekayələr toplusunu oxumağa qərar verdim.

41 illik ömrünə “Quyucaqlı Yusif”, “Kürk paltolu madonna” və“İçimizdəki şeytan” kimi məşhur romanlar, çox sayda şeirlər və hekayələr sığdıran yazıçı keşməkeşli həyat sürmüşdür.1907-ci ilin 25 fevralında indiki Bolqarıstan ərazisində anadan olan Səbahəddin atasının işiylə əlaqədar bir sıra şəhərlərdə yaşamağa və müxtəlif məktəblərdə oxumağa məcbur olmuşdur. Müəllimlik üzrə ali təhsil aldıqdan sonra isə müxtəlif şəhərlərdə ibtidai sinif, türkcə və alman dili müəllimləri kimi fəaliyyət göstərmişdir. Yaradıcılığa da ilk olaraq şeirlə başlayan yazıçı müxtəlif jurnallarla, qəzetlərlə əməkdaşlıq etmiş və öz əsərlərini nəşr etdirməyə başlamışdır. Mövcud hakimiyyəti tənqid etdiyinə görə isə müxtəlif vaxtlarda həbs olunmuşdur. 1948-ci ilin 2 aprelində yazıçının cəsədi Bolqarıstan sərhədlərində tapılmışdır. Müəmmalı şəkildə öldüyündən onun ölümündə Milli Təhlükəsizlik Nazirliyinin əli olduğu güman olunur. Çünki Səbahəddin Əlini öldürdüyünü etiraf edən şəxsin həm MTN-lə əlaqəsi olub, həm də həbs olunduqdan qısa müddət sonra əfv fərmanıyla həbsdən azad olunub.

“Sırça köşk” adlı bu toplu 13 hekayə və 4 nağıldan ibarətdir. Həm hekayələr, həm də nağıllar çox ibrətamiz xarakterə malikdir. İndi onlara nəzər salaq.

1. Portağal

Bu hekayəni oxuyarkən dənizçilərin həyatına bir anlığa səfər etdim, maraqlı və ağlasığmaz bir ticarətin şahidi oldum. Oxuyan hər kəsin də mənim kimi həmin ticarəti həyata keçirənlərə təəccüblənəcəyinə əminəm. Hələ əsərin sonuluğundakı əsərin özü ilə olan təzadlıq mənim kimi sizin üzünüzdə də kinayəli bir gülümsəmə yaradacaq. Əslində, belə hadisələrə bəlkə çox insan şahid olub və eşidib. S.Əli də bu əsərdə həmin tipli insanları tənqid edib məncə.

2. Bəyaz bir gəmi

Ressam Tefik Aravurgunun çəkdiyi bir ağ böyük gəmi və bunun əvəzində həmin gəminin sahibindən aldığı bəxşiş böyük bir hadisə çevrilir və şəhərdəki digər rəssamlar belə bir gəmi gözləməyə başlayırlar. Elə bundan sonra da maraqlı bir hadisə baş verir ki, əslində, yazıçı bununla tamahkarlığın başa bəla olduğunu oxucularına çatdırmış olur. Çox ibrətli və maraqlı hekayə, oxumağa dəyər.

 

Səbahəddin Əli – Şüşə köşk

 

3. Qatil Osman

Əsərin adını oxuduğum zaman “görəsən, necə qatil olub?” sualə yarandə beynimdə, tezcə oxumağa girişdim. Sualıma da cavab tapdım,amma əsərdə mənə ən çox təsir edən sonda Yakub hocanın dediyi bu sözlər oldu: “kimi adam öldürdüyü üçün katil anılır, kimi de adı katile çıktı diye adam öldürür”. Bu cümlə əsər haqqında hər şeyi demiş olur, başqa sözə ehtiyac yoxdu məncə.

4. Böyrək

Maraqla sonunu gözlədiyim daha bir hekayə. Avni Akbulutun və böyrəyinin başına gələnlər məni çox kədərləndirdi, bir adam bu qədərmi bəxtsiz olar?! Özü də ki, səhvi də kimsəyə inanmaqdısa?! Tanımadığımız insanlara inanmaq böyük səhvdi bəlkə də,amma insan canı əsas məsələ olanda gözü heç nə görmür həqiqətən, tək istədiyi sağalmaq olur. Amma eyni zamanda da sağlamlıq məsələsində bir o qədər diqqətli olmaq lazımdır. Elə buna görə də Avni Akbulutun başına o hadisələr gəldi. Hekayənin də ana xətti elə bu inanmaq və məsuliyyətsiz həkimlər üzərinə qurulub. Bu hekayə ilə yazıçı oxucuları belə məsələrdə diqqətli olmağa çağırır. Bizim indiki dövrdə yaralı yerimiz olan savadsız, məsuliyyətsiz həkimlər Türkiyəninin də 40-cı illərdəki yaralı yeri imiş. Bunu da bilmiş olduq.

5. Siqaret

Məncə, hal-hazırda cəmiyyətimizin ən yaralı yerlərindən biri də yeniyetmə uşaqların siqaret kimi pis vərdişə aludə olmasıdır. Bu hekayədə isə gecələri qəzet satan uşaqların bir siqaret üçün gecə klubunun qabağında dayanması elə təəssüfləndirdi ki məni. Əsər gündüzlər möhtəşəm olan şəhərin bir gecəsinə nəzər salmaqla əslində cəmiyyətin əsl üzünü göstərir insanlara. Bu hekayənin bir az daha geniş olmasını istərdim, bir də sanki nəsə çatmır əsərdə. Onda digər hekayələrə nisbətən daha çox şey deyə biləcək hekayə olardı.

6. Millət udmur

Televizorlarda tez-tez istirahət mərkəzlərinin reklamlarını görürük,elə şeylər göstərib, elə tərifləyirlər ki, insan bir dəfə də olsa gedib görmək istəyir. Bu hekayədə də reklam canlı, vədlər qulağa xoşgedəndi. Bəs niyə insanlar bu reklama inanmır?! Bunu da oxuyub öyrənsəniz yaxşıdı.

7. Bəxtiyar Köpək

Bu hekayədəki itə göstərilən diqqəti, yaradılan həyat şəraiti insanlar üçün olsaydı əgər, dünya daha fərqli bir yer olardı yəqin. Bu itin lüks həyatına qibtə etməmək mümkün deyil. Oxuduqca, itin necə şanslı olduğunu düşünməkdən özünüzü ala bilməyəcəyinizə, varlı insanların pulu xərcləməyə başqa yer tapmadığına gülümsəyəcəyinizə əminəm.

8. Çilli

Bu əsərdə təsvir olunanlar məndə həqiqətən baş verməsinə inam hissi yaradıb. Çünki hekayədə bir müəllimin barda öz keçmiş şagirdiylə-Çilliylə qarşılaşmasından bəhs olunur. Bu əsərdə isə, heç şübhəsiz, yazıçı erkən yaşda atası yaşda kişiyə ərə verilən bəxtsiz qızların həyatına işıq tutmağa çalışıb. Nə qədər xoşbəxt bir ailədə olduğumu bir daha anladığım bir hekayə. Qızlara oxumağı xüsusiylə tövsiyyə edirəm.

9. Dekolman
Çox məzəli bir hekayədi, həqiqətən. Bəzən başqalarının bilmədiyi şeyi bilmək bizi onlardan fərqləndirir. Əgər həmin insanların balaca bir qisas almaq üçün həmin fərqləndirici xüsusiyyətimiz bizə köməyə gəlsə bəs necə?! Super bir hekayə, oxuyun, peşman olmazsınız.

10. Haqqımızı yedirtmərik

Hekayə hər dövr üçün aktual olan dələduzluq mövzusuna həsr olunub. Vəzifəsindən istifadə edib, işlədiyi müəssisəyə, dövlətə ziyan vuranlar, təəssüf ki, bizim də cəmiyyətimizdə də çoxdur. Elə bu ibrətamiz hekayə də bu məsələyə işıq tutub. Hekayənin qəhrəmanı isə bu məsələyə elə tərəfdən yanaşır ki, adam tamam çaş-baş qalır.

11. Canqurtaran

Bu hekayədə yetim qaldıqdan sonra qaçırdığı qızla evlənən bir gəncin hamilə arvadını apardığı xəstəxanada başlarına gələnlərdən bəhs olunur. Hələ 16 yaşında olan Asiyenin başına gələnlər isə adamın canını elə yandırır ki. Hələ həkimlərin etinasızlığını demirəm. Kiminsə ölüm-qalım məsələsində həkimlərin soyuqqanlılığı mənə heç cür çatmır. İnsan bu qədərmi daşqəlbli olar?! Etdiyimiz bəzi səhvlərin cəzası bu qədər də ağır olmalı deyil məncə. Yeniyetmə bəzi qızların çox ağılsızca etdiyi bir səhv və 19 yaşlı bir gənc oğlanın ailə qurmaq üçün hələ yetkinləşmədiyini çox açıq göstərən, çox ibrətlik bir hekayə.

12. Çirkincə

Həyatımızın müəyyən bir vaxtı yaşadığız bir yer bizdə silinməz izlər buraxır və içimizdə nə vaxtsa bir də oraya getmək ümidi həmişə yaşayır. Belə şəxslərdən biri olan qəhrəmanımız da əlinə fürsət keçmişkən bunu dəyərləndirməyə çalışır. Amma qarşılaşdığı mənzərə ilə onun yaddaşında qalmış yer arasındakı fərqlər qarşısında təəccüblənməyə bilmir. Getməsəydi, daha yaxşıydı bəlkə də. Amma bu mövcud vəziyyəti dəyişmir. Qəsəbəylə birlikdə onun adı da dəyişib. Türkiyədə İzmirin məşhur qəsəbələrindən biri olan bu yerin XX əsrin 20-40-cə illərində necə olduğunu bilmək istəyirsinizsə, onda hekayəni oxumağa tələsin.

13. Qurdla quzu

Sorğu üçün aparıldıqları polis idarəsindən azadlığa buraxılan 1 kişi və 1 qadın və onların yol söhbəti. Əslində, kişinin danışdıqları. O qədər də bəyənmədiyim və mənim tam anlamadığım bir hekayədi bu. Bu hekayədə yazıçı özünü canladırıb bəlkə də. Kişidən söz almaq üçün polislərin etdikləri hərəkətlər isə adamda bir az ikrah hissi oyadır. Oxuyub qiymət versəniz yaxşıdı.

Bu kitabda 4 nağıl olduğunu qeyd eləmişdim. İndi də onlar haqqında məlumat verim.

1. Bir eşq nağılı

Sevimli və kədərli bir eşq nağılıdı bu. Həm də eşqi yaşamış və yaşamaqda olan böyüklər üçün yazılmış bir nağıl. Dərvişin məhəbbətinə heyran qalmamaq isə mümkün deyil. Kaş ki hər sevən elə sevsə. Sadəcə sevmək yox o qədər sevəni də tapmaq müşkül olan bu dövrdə təqdirəlayiq bir eşq. O qədər sevənin də taleyi dərvişinki kimi olurs o qədər sevmək də bir şey deyil bəlkə də. Maraqla oxuduğum bir nağıl və gözləmədiyim bir sonluq.

2. Divlərin ölümü

Qədimdə yaşamış dinozavrlar haqqında yəqin ki hamı eşidib. Bəs onların məhv olması haqqında heç nağıl oxumusuz? Oxumamısınızsa bu nağıl elə sizin üçündür. Həm böyüklər həm də balacalar üçün yaxşı seçimdir.

3. Qoyun nağılı

Satirik ruhlu bir nağıldı bu. Çoban qoyunlar itlər canavarlar əslində cəmiyyətdəki insanların obrazıdır. Qoyunların sonda anladıqları şey-yəni çobansız və itsiz də yaşa bilməyin mümkünlüyü və onlar olmadan canavarlara yem olmamaq üçün elə birinci həmin “itləri” məhv etməyin vacibliyi insanın üzünə vurulmuş ayıldıcı bir şillə təsiri bağışlayır. Göründüyü kimi özü kiçik mənası böyük və dərin bir nağıldı. Oxumayanlara tövsiyyə edəcəyim bir nağıldı.

4. Şüşə köşk

Gəldik həm sonuncu həm də topluya adını verə nağıla. Kitaba adı verilməyə layiq bir əsər olduğunu rahatlıqla deyə bilərəm. Yazıçının digər əsərlərindəki sətiraltı mənalar eyhamlar burada da özünü göstərir. 3 yoldaşın bir şəhərə gələrək şəhər əhalisi hesabına inşa etdikləri “sırça köşk-şüşə saray” şəhərə yaraşıq verməklə yanaşı şəhərə də bədbəxtlik gətirir. Bina dözməyən əhali isə ən sonda məssələni kökündən həll edir. Yazıçı oxucularına çatdırmaq istədiyi fikirlərini aşağıdakı cümlələrdə çox gözəl ifadə edib. Ona görə mən də başqa nəsə yazmaq əvəzinə sizi həmin cümlələrlə baş-başa buraxıram: “Sakın tepenize bir sırça köşk kurmayınız. Ama günün birinde nasılsa böyle bir sırça köşk kurulursa onu yıkılmaz devrilmez bir şey sanmayın. En heybetlisini bile tuzla buz ermek için üç beş kelle fırlatmak yeter”.

Bu hekayələri oxuduqdan sonra nəyə görə Səbahəddin Əlinin usta bir hekayə yazıçısı olduğunu anladım. İbrətlik hekayələr yazmaqla hər dövr üçün aktual olan məsələlərdən bəhs olunan bu hekayələrdən dərs almamaq mümkün deyil. Bu hekayələri oxuyanlar yəqin ki mənlə eyni fikirdədi. Oxumayanlar əgər imkan tapıb hekayələri oxuya bilsələr bir çox şeylərdən ibrət dərsi alacaqlarına bəzi şeylərə başqa tərəfdən nəzər salmaq imkanı əldə edəcəklərinə əmin ola bilərlər.

 

Aydan Bayramova

23 iyun 2017
GO BACK