Qadin.NET / Qorkinin “Çelkaş”-ı

Qorkinin “Çelkaş”-ı

Qorkinin “Çelkaş”-ı

Qrişa Çelkaş Qorkinin eyniadlı hekayəsinin baş qəhrəmanıdır – bütün Rusiyanı piyada gəzən, hadisələri, adamları əvvəl yaddaşına, sonra kağıza yazan Qorkinin.

Çelkaş hündür, arıq, qüvvətli oğlandır. Işləmir, oğrudur. Bütün günü liman tərəfdə veyillənir, gecələrsə ticarət gəmilərindən oğurluq edir. Onu hamı tanıyır, hamballar da, gömrük gözətçiləri də, meyxanaçılar da. Hamballar onun xətrini istəyir, zarafatlaşır. Gözətçilər ondan ehtiyat edir, onu gəmilərdən uzaqlaşdırmağa çalışır. Meyxanaçılar isə ona etibar edir, pulu olmayanda nisyə yemək və araq verirlər. Borcun batmayacağını bilirlər; Çelkaş pul tapmağı bacarır.

Qavrila sadəlövh kənd uşağıdır. Cavandır, güclüdür. Atası ölüb, qoca anasısa kənddə qalıb. Kənddə çox pul qazana bilmir. Istədiyi qızı da almaq istəmir. Ona evlənsə qaynatası üçün illərlə nökər kimi işləməlidir. Pul qazanmaq üçün şəhərə gəlib. Çox lazım deyil, iki-üç yüz manat. Bu pulla heyvanat ala bilər, torpaq ala bilər, evlənə bilər, heç kimdən minnət götürmədən adam kimi yaşaya bilər. Amma burda da bəxti gətirmir. Bir verst torpaq biçir, bir qəpik pul verirlər.

Mişka Çelkaşın ortağıdır. Həmişə oğurluğa bir yerdə gedirlər. Amma Mişka ayağını sındırıb, Çelkaşa köməkçi lazımdır.

Və həmin gün Çelkaşla Qavrila təsadüfən rastlaşır. Çelkaş Qavrilanı şirnikləndirib gecə “balıq tutmaq” adıyla oğurluğa aparır. Qavrila məsələni başa düşəndə artıq gec olur. Onlar dənizdədirlər. Çelkaşı hirsləndirsə və ya lazım olmayan hərəkət etsə, ölə bilər. Bu gecə Qavrilanın sınaq gecəsidir, Çelkaşınsa adi iş günü. Qavrila qorxudan iki-üç dəfə ölüb dirilir. Amma iş uğurlu alınır. Çelkaş oğurladığı iki tayı yunanların gəmisində beş yüz qırx manata satır. Onun kefi kökdür, pulu var.

Qorkinin “Çelkaş”-ı

Qavrila pulu görüb ağlını itirir. Həmin pulla o həyatını dəyişə bilər. Çelkaşın ayağına düşüb yalvarır ki, pulu ona versin. Çelkaş hirslənir, onu söyür, verdiyi az miqdar pulu da onun əlindən alıb qovur. Qavrilasa daşla onun başını yarır. Həmin an da peşman olur. Onu ayıldır, Çelkaşsa pulları onun ovcuna basıb təzədən qovur.

Çelkaş öz-özlüyündə çox maraqlı obrazdır. Onu oğru kimi tanıyırıq. Dünya-aləm vecinə deyil. Beş-altı yüz pulu bir gecəyə qazana bilər. Amma hekayənin ortasında onun əsil siması aydınlaşır.  O varlı kənd mülkədarının oğludur. Gözəl anası, ötkəm atası olub. Amma həmin xoşbəxt həyatla onu on bir illik səfillik, oğruluq həyatı ayırır.

Və ən əsas məsələ – pul. Pul hakimdir, aparıcı qüvvədir. O ən aciz adamı – Qavrilanı da cinayətkara çevirə bilər.

Ümumiyyətlə, pul, səfalət, qara camaatın həyatı Qorki yaradıcılığının ana xəttidir. Adicə hekayələrindən tutmuş povestləri, romanları və pyeslərində də Qorki əsasən bu mövzunu işləyib. Elə yaradıcılığının ilk dönəmindəki başqa hekayəni götürək. Arxip baba da oğrudur, o da gəzdiyi kəndlərdən oğurluq edir. Bununla bərabər oğurluğun bədəli də ödənməlidir. Çelkaşın başı yarılır, amma Arxip baba həm özünü, həm də sevimli nəvəsi Lyonkanı qurban verməli olur.

Bəs nə üçün Qorkinin avtobioqrafik trilogiyası, “Matvey Kojemyaginin həyatı”, “Ana” və başqa dahiyanə əsərləri qala-qala hekayəsi haqqında yazdım? Çünki onun gərgin və çoxşaxəli yaradıcılıq yolu bu cür kiçik, amma dərin hekayələrdən başlayıb.

 

Həmid Piriyev

14 iyul 2015
GO BACK