Qadin.NET / Ray Bradbury "Fahrenheit 451"

Ray Bradbury "Fahrenheit 451"

 

Ray Bradbury "Fahrenheit 451"

 

Ray Douglas Bradbury 22 avqust 1920 – ci ildə anadan olan yazıçı ABŞda elmi fantastika, qorxu və elmi əsərləri ilə çox məşhurdur. Ən çox tanınan kitabı "Farenheyt 451" romanıdır. 5 iyun 2012 – ci ildə dünyasını dəyişmişdir. Dünyada ən məşhur yazıçılar avqustda anadan olub, iyunda dünyalarını dəyişirlər. Ray Bradburydən də bu fakt yan keçmədi. The "Martian Chronicles" (1950) və "The Illustrated Man" (1951) onun ən çox tanınan əsərləridir. Əsərlərinin bir çoxu filmlərə çəkilmişdir. 

Romanın mövzusu: 1951–ci ildə yazılmış olan bu əsər kitabların qadağan olunduğu gələcək dünyanın təsvirini əks etdirir. Yanğınsöndürənlərin funksiyası dəyişmiş, apardıqları axtarışlar və aldıqları xəbərlərlə kitabları meydanlarda yandırırlar. Hökümətin kitablara qadağa qoyması şəxsi düşüncələrin formalaşmasının qarşısını almaq və hamını eyni fikir ətrafında toplamaqdır. Kitabın adının Farenheyt 451 olmağı da kağızın bu tempraturda alovlanmasıdır. Selsi ilə bu təxmini 233-ə uyğun gəlir. Kitab oxumaq azadlığınız bir gün əlinizdən alınsa, nə edərsiniz? 

Roman haqqında  fikirlərim: Sistem insanları daha az düşünməyə, əvəzinə isə lazım olandan da çox istehlak edib əylənməyə istiqamətləndirir. Daha çox əylənmək, pul xərcləmək, fikirlərin yayılması. Düşünməkdən məhrum olmaq. Kitablardan, həqiqi dostluqlardan çəkilmək. Şirkətlərdə müasir marketinq və idarəetmə məhz buna nail olmaq istəyir. Qorxuludur....Gələcəyə proqnoz verməkdə çətinlik çəkirəm. Kitablara qadağa qoymaq fikir ifadəsini bildirməyə qarşı görülən tədbirdir və bəşər tarixində buna rast gəlinib (1970–ci illərdə Türkiyədə Marks və Engels kitablarının qadağan olması, Sovet dövründə şair və yazıçılarımızın öldürülməsi buna misal ola bilər). Fantastik kimi görünən bu roman getdikcə reallaşmağa başlayır. Hələ ki, çox şey qaydasındadır. Kitablar var, düşünən insanlar var. Həmişə olacaq, amma sistem çox güclüdür. Bizi elə aldadır, elə şeylərə inandırır ki, özümüzdən xəbərimiz olmur. Romanın kulminasiya nöqtəsi, romanın baş qəhrəmanı Guy Montagın müdiri ilə söhbəti oldu. Sanki sistem və fərd arasında dialoq yarandı və fərd reallığı gördü. Əslində sistemin necə işlədiyinin şahidi oldu. Çünkü Montag ilə müdürü əks cəbhələrdir.

 

 

Əsərin finalı, məncə, daha təsiredici ola bilərdi. Əsərin hər səhifəsində elə epizodlar var ki, hərəsinə ayrı bir məqalə yazmaq olar. Əsərdə başqa vacib məqamlar da var, amma təəssüf ki, onlara da toxunsam, yazı lap çox uzanar. Ümumiyyətlə isə bu əsər mənə bir daha göstərdi ki, elmi-fantastikanın əsas funksiyalarından biri də gələcəkdə insanlara zərər vuracaq proseslərin bu gündən aktuallaşdırılması və işıqlandırılmasıdır. Beləcə də çıxış yolunun tapılması üçün bu gündən lazımi proseslərə start verməkdir (Ç.Aytmatovun "Gün var əsrə bərabər" romanını xatırlamaq əla olardı). Açığı deyim, bu romana qədər belə düşünmürdüm. Elmi–fantastika heç də utopik nağıllar olmamalıdır (yəni bir çoxu belə deyil). Bu kitab kitabların dəyərini bir daha göstərir. Kitabda təsvir olunan dünyanın aurasını sezmək maraqlı oldu.

Maraqlı fakt: İnternetdə apardığım araşdırmalarda bu romanı oxumuş bir çox oxuyucunun birmənalı şəkildə Corc Oruellin "1984" əsərini məsləhət gördüklərini, mövzu bənzərliyi səbəbindən o əsərin bu əsərdən daha yaxşı olduğunu və çox təsirləndiklərini qeyd edirlər. Qismət olsa, mən də o əsəri oxumaq istərdim. 

Nəticə: Romandakılar nə dərəcədə bu günə uyğundur? Yalnızca gələcəyəmi istiqamətlənmiş əsərdir? Bunu ancaq romanı oxuyaraq öyrənə bilərsiniz.Yazıçı monotonlaşmış, öyrənməkdən və oxumaqdan uzaqlaşmış, robotlaşmış insanların əmələ gətirdiyi cəmiyyəti tənqid edir və bu gün də, gələcəkdə də bizə deyiləcək yalanlara işarə edib müasir texnologiyaların fəsadlarını işıqlandırır. Ray Bradburynin bir kitabxanadan kirayəyə götürdüyü yazı maşını ilə yazdığı bu dünya şöhrətli əsəri bitirdikdən sonra dünya hara gedir sualını özünə verməyə bilməyirsən. Kitabın ilk 40 səhifəsi bir az darıxdırıcı gələ bilər amma səbrli olsaz dəyərli əsər olduğunun şahidi olarsınız. 10 ballıq sistemlə 9.

İbrahim Niftiyev

17 aprel 2015
GO BACK