Cek London "Martin İden"
Əzm, mübarizə, mövcudluq, gözlənti, xəyal qırıqlığı və mavi sonsuzluq. Qısaca, Cek London.
Bu kitab haqqında yazmaq lazımdır. Niyə? Çünkü insan həyatında zəhmət ən vacib elementdir. Dünyada həyatımıza rəng qatmaqla məşğul olan ədəbiyyat da uzun illərdir məhz bunu bizə çatdırır. İnsan zəhməti haqqında roman da adlandırmaq olar bu əsəri. Məncə, motivasiya, şəxsi inkişaf kimi mövzularda kitablar, məqalələr oxuyan insanlar sadəcə bu romanı oxusalar və zəhmət anlayışının insan həyatında necə yer aldığını görə biləcəklər və özləri ilə müqayisə edəcəklər. Sadəcə zəhmət də deyil. Eyni zamanda sevginin sosiologiyası da çox gözəl izah olunub. Bu əsər haqqında əslində çox danışa bilməyəcəm. O qədər həyati bir əsərdi ki, bunu sadəcə oxumaq və düşünmək, müqayisə etmək lazımdır. Bir çox insan öz yollarını gedərkən ruhi qidalanmadan məhrum olurlar amma onlar çıxış yolları axtarırlar. Heç vaxt təslim olmamaq, ağıl və səbr etməyin nəticəsi mütləq uğurdur. Bu kitabda bir çoxları özündən nə isə tapacaq. Buna əmin ola bilərlər. Olduqca dəyərli ədəbi əsərdi.
Corc Oruell "Heyvanıstan"
“On iki səs əsəbiliklə mübahisə edirdi. Bu səslərin hamısı bir-birinə bənzəyirdi. Donuzların sifətində baş verən dəyişikliyin səbəbi heyvanlara yalnız indi aydın oldu. Heyvanlar təəccüb dolu baxışlarını donuzlardan insanlara, sonra isə təkrar insanlardan donuzlara çevirirdilər. Gözlərini zilləyib dönə-dönə baxırdılar. Lakin artıq onları biri-birindən fərqləndirmək, kimin kim olduğunu soyləmək mümkün deyildi”
Bu əsər son vaxtların olduqca oxunan, müzakirə edilən və dəyərləndirilən əsəridir. Mən də tanış olmağa qərar verdim və topladığım məlumatlar da mənə deyirdi ki, bu əsəri bəyənəcəm. Alleqoriya və oun tipində olan əsərləri həmişə sevmişəm. Məsələn, "Alisa möcüzələr diyarında". Lewis Carroll dövrünün İngiltərəsini tənqid etmək üçün belə bir əsər yaratdı və olduqca uğur qazandı. Odur ki, Corc Oruelli də bu qəbildən yazıçılardan hesab etmək olar.
Janr etibariyla sosial fantastika, xəbərdaredici roman, antiutopiyadır.
Heyvanıstan bir antiutopiya kimi əslində dünyanın real təsvirini göstərir. Elə hesab edirəm ki, əsəri yaşda kiçik olanlara da oxutdurmaq lazımdır. Bəlkə də, həmin an onlar bunu başa düşməsələr də, ilkin mesajları beyinləri yadda saxlayacaq və gələcəkdə lazım olduqda istifadə edəcək. Uşaqları kiçik yaşdan düşünməyə yönləndirmək lazımdır, əzbərləməyə deyil. Eləcə də böyükləri. Yəni yaş fərqi olmadan hamı oxumalıdır, məncə.
Əsər sovet ittifaqının Stalindən başlayaraq totalitar siyasi sistemini əks etdirir. Ferma heyvanlarının timsalında hakimiyyətin necə kütləni istismar etdiyini, haqlarının pozulduğunu və yavaş-yavaş əvvəlcədən müəyyənləşdirilmiş qanun-qaydaları necə dəyişdirdiyini çox gözəl təsvir olunub.
Sovet ittifaqının tarixini azdan çoxdan bilənlər, o dövrdə yaşayanlar və o dövrlə maraqlananlar üçün, məncə, gözəl qaynaqdır.
"Nəticəsi nə oldu? Utopiya antiutopiyaya çevrildi. İnqilab öz balalarını yedi. Nəcib ideyalar bayağılaşdı. Ümumi bərabərlik əksəriyyətin lap az, kiçik bir qismin isə daha çox bərabər olması prinsipi ilə əvəzləndi. Böyük həmvətəni Tomas Mordan dörd yüz il sonra Corc Oruell özünün "Heyvanıstan" və "1984" romanları ilə utopiyanın antiutopiyaya çevrilməsinin parlaq nümunəsini yaratdı. Xəbərdarlıq mahiyyəti daşıyan bu kitablar rəmzlər, simvollar, ümumiləşdirmələr vasitəsi ilə min illər boyu bəşəriyyətin başlıca iztirab mənbələrindən biri olan totalitar təfəkkürün və onun ən acı bəhrələrindən sayılan stalinizmin (eləcə də digər izmlərin) mahiyyətini hər hansı elmi araşdırmadan daha dəqiq və yaddaqalan şəkildə dünyaya və insanlara göstərdi”. (Vilayət Quliyev)
İbrahim Niftiyev