Qadin.NET / Monten "Təcrübələr"

Monten "Təcrübələr"

 

 

Kitabın rusca adı: Монтень Мишель - Опыты

Kitabın türkcə adı: Montaigne-Denemeler

Çox məşhur olan bu kitab nə romandır, nə də elmi əsər. Bu əsər Montenin insan həyatını əmələ gətirən ən önəmli mövzular ətrafında bildirdiyi olduqca dəyərli fəlsəfi fikirlərdir. Həcmcə kiçik məqalələr toplusu olan bu kitabı istədiyiniz səhifədən başlayıb oxuya bilərsiniz. Məsələn, mən vaxtaşırı düşündürücü bir şey oxumaq istəyəndə kitabın təsadüfi səhifəsini açıram və qarşıma çıxan başlığı oxuyub daha sonra mətninə keçirəm. Aralarında elələri də olub ki, elə bir ciddi əhəmiyyət kəsb etməyib, amma ümumilikdə çox dəyərli kitabdır.

İntibah dövrünün fransız yazıçısının olduqca çətin, keşməkeşli həyatı olmuşdur. Dörd övladının hamısını daha körpə ikən itirmiş və dəhşətli böyrək sancıları içində qalasının divarları arasında can vermişdir. Bu əsər 20 ilə ərsəyə gəlmişdir və olduqca maraqlı dövrə təsadüf edir. Belə ki, 16-cı əsrin ilk başlanğıcında Lüter Papaya qarşı üsyan etmiş və nəticədə xristianlıq bölünmüşdür. Olduqca böhranlı dövrdür. 

 

Yazıçı özü bu kitabı ağlın özüylə dialoqu adlandırmışdır. Bir çox filosoflardan fərqli olaraq yazıçı insanlıq haqqında deyil, ümumiyyətlə, öz təcrübələrindən, düşüncələrindən yazmışdır. Bu kitabla ədəbiyyata da öz növbəsində yeni nəfəs gətirilmişdir. Bu əsərdə Montaigne özünü əsas alaraq, özü də dediyi kimi məqsədi insanlıq haqqında deyil öz şəxsi təcrübələrini yazmaq olmuşdur. Dünyada ən böyük şeyin necə özünü tapmaq olduğunu deyən müəllif öz şəxsi çatışmazlıqlarını böyük bir təvazökarlıqla bizlərə çatdırmışdır.

 

Monten "Təcrübələr"

 

 

Yazıçı sanki sadəcə bu kitabı yazmaq üçün bu dünyaya gəlib getmişdir. Belə ki, yazarın başqa bir kitabı da yoxdur. Sadəcə kitab da deyil eyni zamanda başqa macərası da yoxdur. “Mən kitabı düzəltdiyim qədər, kitab da məni düzəltmişdir” deyir Monten. Yazarın atası ona ana dilindən öncə latın dilini öyrətdiyindən yazıçının həyatında bu dil ən vacib rolu üstlənmişdir.

Bu filosofun həyatı, yaradıcıllığı haqqında olduqca çoxlu araşdırmalar var. Əlbəttə, ən vacib olanı onun kitabıdır. Mən ən azından kitab haqqında məlumatı olmayanlara məlumat vermək istədim. 

İbrahim Niftiyev 

3 iyul 2015
GO BACK