Qadin.NET / Viktor Pelevin "Çapayev və Pustota"

Viktor Pelevin "Çapayev və Pustota"

 

Viktor Pelevin "Çapayev və Pustota"

Təqdimat

 

1996-cı ildə yazılmış "Çapayev və Pustota" romanı haqqında müəllifin özü deyir: "Bu əsər dünyada hadisələrin tamamilə boşluqda baş verdiyi ilk ədəbiyyat nümunəsidir". Əslində isə hadisələr 1919-cu ildə Çapayevin diviziyasında baş verir. Əsərin prataqonisti Pyotr Pustota bu diviziyada komissar olaraq xidmət edir və eyni zamanda bu günkü günlərdə və Pelevinin virtual fəzasında mövcudiyyətini sürdürərək "Kavabata", "Şvaşneqr" və "Sadəcə Mariya" ilə görüşür. Tənqidçilərin fikrinə görə, "Çapayev və Pustota" rus ədəbiyyatında ilk den-buddist romandır. Roman 2001-ci ildə ingiliscə tərcümədə - "The Clay Machine-Gun" ("Глиняный пулемет") Dublin ədəbiyyat mükafatının finalına çıxmışdır.

Mənim iradəmlə qürub edən günəşə doğru yarışa çıxmış atların üzünə və insanların sifətinə - ucsuz-bucaqsız canlı axıntıya baxa-baxa tez-tez düşünürəm: bəs bu axıntıda mən haradayam? – Çingiz Xan

Süjet

Prinsip etibariylə roman iki hissədən ibarətdir: 1919-cu illərdə cərəyan edən hadisələr və 1990-cı illərin əvvəllərində psixiatrik klinikada cərayan edən hadisələr.

Roman Vasiliy Çapayev və Pyotr Pustota kimi iki şəxsiyyətdən bəhs edir. Digər ikinci planda olan obrazlar, bilavasitə Rusiyanın gələcəkdə baş verəcək qərblə alximik nigahını simvolizə edən aspektlərdir. Romanda demiurq kimi motiv də yer alıb. Roman ilk cümlələrindən hiss olunur ki, Pyotr Pustota aydınlanmaq istəyən birisidir. Belə ki, Pyotr əslində iki dünyada yaşayır və o, inanmaq istəyir ki, 1919-cu illərdə baş vermiş hadisələr realdır, amma psixiatrik klinikada  baş verənlər isə real deyil. Çapayev isə onu inandırmağa çalışır ki, hər iki dünya yuxudur. Sonda isə Çapayev Pyotra aydınlanmaqda kömək etdi. Hansının yuxu hansının real olmasını isə oxucu özü müəyyənləşdirə bilər. Qaldı ki, mənə, mən Çapayevlə razıyam.

Biz nə görürüksə, Petya, o bizim şüurumuzdadır. Ona görə də şüurun hardasa olduğunu söyləmək mümkün deyil. Biz ona görə heç yerdəyik ki, bizim harda olduğumuzla əlaqədar deyə biləcəyimiz başqa yer yoxdur. Bax ona görə də biz heç yerdəyik.

Təəssüratlarım

Bu dünya realdır, yoxsa bu sadəcə uşaqlıqdan etibarən bizə öyrədilən vizualizasiyadır? Bax, bu sualların cavabını verməyə çalışan bir kitabla qarşı-qarşıyayam. Əvvəlcə vikipediyada Çapayev şəxsiyyətini az-çox araşdırdım ki, bəs kitabda şura hökümətinin qurulmasından bəhs ediləcək. Halbuki, tam fərqli mənzərə ilə qarşılaşdım. Kitabın süjeti ilə əlaqədar məlumat verdim. Qaldı ki, təəssüratlarıma, onu deyə bilərəm ki, Pelevinin digər kitabları kimi bu kitabından da öyrəndiyim şeylər çox oldu. Əlbəttə ki, sözün fəlsəfi mənasında. ­

 

Kitabın resepti sadədir.

Parıldayan və dəbdə olan nə varsa, hamısını qarışdıraq, bir az absurdizm əlavə edək, bir az tarixi və dini rəvayətlər də və lazımi tempraturda bişirək. Pelevinə xas bir xüsusiyyət var ki, əslində bir yazıçı kimi onu müəyyən qədər geri salır. Belə ki, onun yazdıqlarını müəyyən bir oxucu kütləsi başa düşür. Çünki yazdıqlarında kifayət qədər elə məqamlar var ki, onu başa düşmək üçün gərək bəzi şeyləri əvvəlcədən biləsən. Əslində bu normaldır. Bir digər xüsusiyyət isə: o, sizə elə təsir edə bilər ki, onun kitabında oxuduğunuz nə isə haqqında aylarca düşünə bilərsiz. Şəxsən mən Pelevinin yazdıqlarını unuda bilmirəm. Bu romanı oxuduqdan sonra Pelevini digər romanlarının məhz bu roamndan ayrılma ideyalar əsasında yazıldığını da demək olar.

İndiki ana aid olmayan şeylərlə başınızı yormayın. Haqqında danışdığınız o gələcəyə hər şeydən əvvəl gedib çatmaq lazımdır. Ola bilər ki, elə bir gələcəyə düşəsiz ki, orda heç bir Furmanov olmasın. Ola da ilər ki, elə bir gələcəyə düşəsiz ki, orda siz olmayasız.

Boşluq

Romanda boşluq anlayışı çox vurğulanır. Elə mən də normal reaksiya olaraq bu anlayış haqqında çox düşündüm. Məsələn, elə evlənməyin özü boşluğun doldurulmasıdır. Yaxud da biz Yer planetində yaşayırıq və bizə ən yaxın Ay var. Ayla Yer arasında isə boşluq. Biz su içirik. Su iki hidrogen bir oksigen atomlarının birləşməsindən əmələ gəlir. Bəs o atomların arasında nə var? Elektronlar filan, amma bəs onların arasında nə var? Boşluq? Ola bilər. İnsanların arasında necə boşluq var? Bax, budur, sevgilinizlə yol gedirsiniz. Aranızda müəyyən məsafə, başqa sözlə, boşluq var. Notebookda yazı yazırıq və probeldən istifadə edirik. Probel boşluqdur. Boşluq bizdən kənardadır, yoxsa biz özümüz boşluğun içindəyik? Yada boşluq bizim içimizdədir? Ən yaxşısı qoy, sizə boşluq anlayışını yaxşıca izah edim. Diqqətlə oxuyun: ----------------. Anladınız?

İnsan bəzi şeylərə görə bu qatara bənzəyir. O da haradan gəldiyi naməlum olan, qorxulu və qara vaqonları özüylə bərabər daşımağa məhkumdur. Bütün bu təsadüfi ümid, şərh və qorxulardan ibarət qəzaya da həyat adını veririk. Bu taledən can qurtarmağın heç bir yolu yoxdur.

Digər romanlarla müqayisə

Əslində müqayisə etməyi çox sevmirəm. Buna baxmayaraq bu yazıda bu başlığın olmasını istədim. Bəzi fikirlərimi yazmaq istərdim. Belə ki, Viktor Pelevinin oxuduğum ilk kitabı "Omon Ra"-dır. Buna baxmayaraq Pelevinin oxuduğum kitablarını bəyənmə dərəcəsinə görə sıralayası olsam, belə olacaq:

1) "Həşəratların həyatı"

2) "Omon Ra"

3) "Ampir V"

4) "Dəhşət Dəbilqəsi"

5) "Çapayev və Boşluq"

Çapayev və Pustota hələ ki, sıralamada axırıncı yerdədir. Bu roman da digər romanlar kimi Pelevinə xas xüsusiyyətlərə sahibdir: fəlsəfə, suallar və axtarış.

Pelevinin bütün əsərləri bir-birinə oxşayır. Buna baxmayaraq hər bir kitabında insan yenə yeni şeylər öyrənir. İnsanda gözəl ola biləcək hər bir şey heç kimə aid deyil. Ona görə ki, reallıqda heç o insanın özünə də aid deyil.

Nəticə

Roman Riçard Baxın "İllüziyalar" əsərini, "Matrix" filmini xatırladır. Bəlkə də, sadaladıqlarımdan da irəlidədir. Kiməsə görə roman reallıqdan bezən birisinin sayıqlaması, kiməsə görə düşünmək üçün digər bir kitab, kiməsə görə beyin masajı, kiməsə görə də maraqlı sitatlar kimi yadda qala bilər və hər birisi də öz-özlüyündə haqlıdır. Mən isə vaxtımı gözəl keçirdim. Bu Pelevindir. Başqa cür ola da bilməzdi.

Kitabdan sitatlar

- Biz Yaponiyada dünyada ən yaxşı televizorlarını istehsal edirik. Buna baxmayaraq biz başa düşürük ki, bu sadəcə ruhi kanalizasiyaya açılan balaca bir pəncərədir.

- Bütün bu dünya Allah-taalanın öz-özünə danışdığı lətifədir. Yaddaşımız iddia eliyir ki, dünən mövcud olub, amma kim təminat verə bilər ki, bizim yaddaşımız səhərin ilk şüaları ilə yaranmayıb.

- Qorxu həmişə sənin qorduğun şeyləri udur. Əgər sən heç nədən qorxmursansa, o zaman görünməz olursan. Ən yaxşı maskerovka biganəlikdir.

- Bilirsiniz, Pyotr, kütlə ilə danışanda danışdığınızı başa düşməyinizin heç bir mənası yoxdur. Vacib olan odur ki, onu başqaları başa düşsünlər. Sadəcə gözləniləni əks etdirməyi bacarmaq lazımdır. Bəziləri kütlənin danışdığı dili öyrənərək buna nail olurlar, mənsə birbaşa fəaliyyət göstərməyin tərəfdarıyam.

- Onu deməliyəm ki, mən ölməkdən qəti surətdə qorxmurdum; mənim vəziyyətimdə ölmək mənasız teatr tamaşasından çıxmaq kimi məntiqli və təbii idi.

- Mən şeirlər yazmıram və sevmirəm onları. Ümumiyyətlə, səmada ulduzlar olandan sonra sözlər nəyə lazım?

- Belə götürəndə Rusiya da gündoğan ölkədir. Ona görə ki, Günəş onun üzərində axıra qədər çıxıb qurtara bilməyib.

- Şəfqətlə qalanmış tonqalın qarşısında oturub haradansa köməyin gələcəyini gözləmək bəyəm insan üçün normal bir şey deyil?

- Azadlıq birdir – insan şüurun quraşdırdığı hər şeydən azad olduqda azadlıq olur. Bu azadlığın adı "bilmirəm"-dir. 

İbrahim Niftiyev

17 iyun 2015
GO BACK