Qadin.NET / L.Tolstoy "Yeniyetməlik"

L.Tolstoy "Yeniyetməlik"

Tolstoyun "Uşaqlıq, Yeniyetməlik və Gənclik" (Детство. Отрочество. Юност) triologiyasının ikincisi "Yeniyetməlik"-dir (Отрочествa). Burada da "Uşaqlıq" əsərində olduğu kimi insan qəlbinin analizindən söhbət gedir. Çox yazıçılar məhz bu mövzuya müraciət etmişlər, amma Tolstoy öz dəst-xətti ilə insan zəkasını qanadlandırır.

Nikolenkanın yeniyetməliyi anasının ölümündən sonra başlayır. Yeniyetməlik psixologiyası olduqca mürəkkəb və həssasdır. Elə özümüzdən bilirik. Bu dövrdə insan çox şeyi yenidən kəşf edir, çox şey haqqında yenidən bir fikrə gəlir. Məhz bu dövrdə biz müəyyən düşüncə tərzini özümüzə əsas seçib onun çərçivəsində formalaşırıq. Sonrada  nə qədər dəyişsək də, həmin düşüncələr yaxamızdan əl çəkmir.

Nikolenka isə başa düşür ki, həyat təkcə onun başına fırlanmır. O, mərkəzdə deyil. Ondan başqa çox insan var və o insanların da onun varlığı haqqında heç bir qayğısı yoxdur. Nikolenka digər insanların həyatları haqqında öyrənmək istəyir. O, sosial təbəqə fərqləri haqqında öyrənir. Nikolenka utancaqdır. Nikolenka sevilmək istəyir, amma fərqli vəziyyətlərlə qarşılaşır. Bu onu çox məyus edir. O, üsyan edir. Çünki o, uşaqlıq dövründən xoşbəxtlik, qayğı və sevinclə qarşılaşıb. Bunu həyatın norması bilib. Ağrını, əzabı isə bu normanın  pozulması kimi başa düşüb.

Nikolenka öz xarici görünüşü ilə əlaqədar çox komplekslər yaşayır. Ümumiyyətlə isə bu normaldır. Çünki yeniyetməlik dövrünün xarakteristik xüsusiyyətlərindən birisi də məhz budur.

L.Tolstoy "Yeniyetməlik"

Nikolenkanın ətrafında olan böyükləri: quvernoru və atası ilə münasibətləri pisləşir. Quvernoruna olan münasibətlər və düşüncələr, çox güman ki, hamımıza doğma gələcək. Zaman keçdikcə o, həyatın mənası və öz şəxsi missiyası barəsində düşünür. Yeniyetməlik dövrünün xarakteristik xüsusiyyətlərindən bir digəri isə eqosentrizmdir. İnsan yeniyetməlik vaxtlarında müxtəlif fəlsəfi nəzəriyyələr ilə maraqlansa, özünü böyük şəxsiyyət kimi başa düşəcək. Maraqlı bir digər nüans isə Nikolenkanın Allaha olan ilk şübhələrinin yaranmasıdır. Məncə, belələri aramızda çoxdur. Şübhənin yaranmasında əsas motiv isə haqsızlıqdır. Dmitri ilə həyatında ilk möhkəm və ümidverici dostluq yaranır. Əsərin zavyaskası Moskvaya gəlişdir. Kuliminasiya nöqtəsi Nikolenkanın nənəsinin ölümü, razvyaskası isə universitet hazırlıqlarıdır.

Bu triologiya insan şəxsiyyətinin formalaşmağından bəhs edir. Odur ki, hər bir insan bu triologiyada özündən nə isə görə bilər. Tolstoyun bütün əsərlərində hər bir nüans çox vacibdir. Xırdalıq və ya lazımsız yer yoxdur. Tolstoy hər bir söz və sözlər kombinasiyası üzərində o qədər gözəl işləyib, insan qəlbinin, düşüncələrinin dərinliyini, qaranlıq məqamlarını işıqlandırıb ki, oxucu "klassik" sözünün həqiqi mənasını dərindən başa düşür. Klassiklər kaprizlidirlər. Onları oxuyub bəyənmək bəs edir ki, həmişə onlara müraciət edəsən. Bilavasitə bu əsərlər haqqında nə qədər yazsaq da, araşdırmalar aparsaq da, azdır ki az...

İbrahim Niftiyev 

11 iyun 2015
GO BACK