Sinopsis
Qaranlıq otaq. Yarı-yuxulu vəziyyət. Bağlı əl-ayaq. Maskalı şəxs. "Mübadilə". Atəş. Çoxlu suallar. Təhsil. Yeni həyat. Sosial pillələr. Mənzərənin aydınlaşmağı. Acı həqiqət. Fəth. Oyunlar, oyunlar, oyunlar......
Süjet
Baş qəhrəman həyatının heç də yaxşı olmayan zamanında vampirə çevrilir. Vampirliyi ona öyrədirlər. Vampirlər belə düşünürlər ki, onlar insanları qidalanmaq məqsədi ilə yaratmışar. Bəs onlar doğrumu düşünürlər? Qəhrəmanımız isə dağlar-dərələr aşır (Герой попадает, как говорится, РёР· РіСЂСЏР·Рё (человека) РІ РєРЅСЏР·Рё (становится вампиром, наилучшим)). Kitabın mənası insanın pul, materialsit istəklərin arxasında necə qaçdığını və sosial pillələri göstərməsindədir.
Pelevin stili
Pelevinin ağlı, dərrakəsi məni çox təəccübləndirir. Onun beynində doğulan bu fikirlər xüsusi bir şeydir. Əlbəttə, onlar sadəcə doğulmurlar. Pelevin onları yazır və inkişaf etdirir. Onun kitablarında nə yoxdur ki: fəlsəfə, yumor, fəlsəfə, satira və s. Üslubu, stili də superdir. Ən əsası isə dünyada olub bitənlərə olan gözəl satira.
Pelevin virtuoz olaraq diaqnoz qoyur, müalicə etmir. Necə ki, bunu ona qədərki digər klasiklər ediblər. Pelevinin istifadə etdiyi ədəbi fəndlər oxucuya imkan verir ki, oxuduqlarını uzun müddət yaddaşında saxlasın. Mən Pelevinin kitablarını oxuyandan sonra həmişə geri dönüb bir daha oxumaq ehtiyacı hiss etmişəm.
Qlamur və Diskurs çərçivəsində, istehlak cəmiyyətində insanın varlığına məna axtarması ilə əlaqədar, ironik və fəlsəfi, ifşaedici gözəl bir əsər. Pelevinin növbəti meqalopolis ensoklopediyası ilə qarşı-qarşıyayıq. Bizim bu "dəli" cəmiyyətimizi çətin ki, Pelevindən gözəl təsvir edənlərin sayı çox olsun.
Prinsip etibariylə bu kitab yeni mövzu təqdim etmir bizə: biz kimik? Haradan gəlmişik? Hara gedirik? Kitab kifayət qədər metafizik və aqnostikdir. Kitabda təsvir olunanlar hər nə qədər fantastik olsa da, təcrübəli oxucu bu metaforanı başa düşüb, kitabdakı inanılmaz reallıq payını da diqqətdən kənarda qoymayacaq. Əsər müşahidə qabiliyətini, elastik və tənqidi düşüncə tərzini inkişaf etdirən formada olan bir əsərdir.
Kitabı yeməyə bənzətsək, necə olar?
Kitabı yeməyə bənzətsək, olduqca kalorili və bol inqredientli, duzlu-istiotlu, isti yemək kimi təqdim etmək olar. Artıq bir qədər yedikdən sonra doyursan. Sözün düzü, bu hissi Pelevinin kitabları arasında birinci dəfə deyil ki, hiss etdim. "Dəhşət dəbilqəsində" də bənzəri hiss keçirmişdim.
Vampir konsepsiyasında inqilab
Vampirlər və onlarla əlaqədar olan bütün nağıllardan hər zaman zəhləm gedib. Vampir janrı ilə maraqlananlardan deyiləm. "Twilight" kimi nağıllara da sadəcə gülməyim gəlib. Böyük yazıçı Viktor Pelevinin bu motivdə əsərinin olduğunu görəndə tərəddütsüz oxumaq qərarını verdim. Çünki mən bilirdim ki, Pelevin mənin beynimdə növbəti dəyişikliklərini edəcək. Odur ki, vampirlər haqqında bildiyiniz bütün klassik təsəvvürləri unudun getsin! Əvəzinə çox maraqlı, dinamik, öyrədici, düşündürücü, absurd, metaforik və şokedici bir “vampir” anlayışı ilə tanış olun. Əlbəttə, kitabı oxuyub bitirdikdən sonra gözləntilərim doğrulmadı, çünki mən sırf Pelevinin qələmindən çıxmış vampir maceralarını gözləyirdim, o isə sadəcə siyasət, biznes, fəlsəfə və gizli qruplaşmalar haqqında çıxdı. Peşman deyiləm, əksinə çox şey öyrəndim və gördüm.
Pelevinin vampir dünyası
Qida zəncirinin ən yüksək mərtəbəsində vampirlərdir. Bu həmişə belə olmuşdur. İnsanlar isə sonradan bilavasitə vampirlər tərəfindən yaradılmışdır (və ilk deyillər). Bunu insanların inəkləri saxlaması ilə müqayisə etmək olar və onları qastronomik məqsədləri üçün öldürmürlər. Eynilə inək kimi. Hansı daha humanistdir: inəyi öldürüb ətini yemək, yoxsa onun südünü içmək üçün sağmaq? İnsan da vampirlər üçün bir növü inək kimidir. Qida zəncirinin ən axrıncı mərtəbəsində (və ya halqasında) isə Allahdır....(görəsən yazıçı bununla nə demək istəyib. Yəni hamı Allahı yeyir? Hamı ondan qidalanır? Və ya ən azından buna çalışır?)
Vampirlər "qan sormaq", ya da "qan içmək" kimi söz birləşmələrindən istifadə etmirlər. Bu çox vulqardır və bəzi vampirlərin heysiyyatına toxuna bilər. Əvəzinə isə "dequstasiya" istifadə olunur. Qan sözünün əvəzinə “qırmızı məhlul” söz birləşməsi istifadə olunur.
Vampirlər "dequstasiya" zamanı insanların bütün həyatını, onların qorxularını, düşüncələrini görə bilirlər.
Vampirlərdə "dil" adlanan xüsusi orqan var. Bu orqan ən əsas orqan hesab olunur. İnsan bu dilin həyatını davam etməsi üçün vasitədir. Vampir olmağın ən əsas şərti də məhz bu dilin birindən o birisinə keçməsidir. "Dil" "ali yarasadan" bir parçadır.
Bu dünyaya sürgün olunan ali yarasa yaddaşını itirmiş və onu bərpa etməyə çalışmaqdadır. Hər şeyin mərkəzində "o" dayanır.
Son olaraq konkret nəticəyə gələrkən bunları demək olar: Bu nədir? Fantastika? Vampirlər haqqında roman? Həyatımızı nümayiş etdirən digər bir proza? Bu kitab sadəcə müasir həyatımızın vampirlərin köməkliyi ilə ifadə olunmuş mənzərəsidir. Əvvəllər haqqında fərqli düşündüyümüz çox şey bu kitabda yerini dəyişmiş və sanki yenidən dizayn edilmişdir.
Emosional şkalam tez-tez artış göstərməsə də, hafizəmdə həmişəlik yaşayacaq epizodlar oldu. Oxuduqdan sonra gördüm ki, həqiqətən də, "vampirlər" mövcuddur. Siz də şahidi olacaqsınız (əgər oxusanız). Baş qəhrəman isə sadəcə şahidi olmur, eyni zamanda onlardan birisi olur. Kitab hamı üçün olmasa da, hər halda dadına baxmaq olar. Axı o dadlı bir yeməkdir.
İbrahim Niftiyev