Fəridə Vəliyeva artıq bir neçə ildir ki, “Britiş Petroleum” kompaniyasının Bakı filialının mətbuat xidmətinin rəhbəridir. Vəzifə borcu ilə əlaqədar o, kompaniyanın Bakıya gəlmiş nümayəndəsi Ömər Xalidlə görüşür. Fəridəylə Ömər arasında yaxın münasibətlər yaranır və şam yeməyindən sonra onlar qonağın nömrəsində coşqun bir gecə keçirirlər. Gecəyarısı Fəridə Vəliyeva oteli tərk edib evə qayıdır, sübh çağı isə öyrənir ki, Öməri öz nömrəsində qətlə yetiriblər. Qısa müddətdən sonra qatillər Fəridənin ovuna çıxırlar və nəyin bahasına olursa olsun, onu tapıb öldürməyə çalışırlar. Fəridə qatillərdən möcüzə nəticəsində qaçıb gizlənə bilir, ancaq bu vaxt ən yaxın rəfiqəsi Alinanı itirir. Qəzəblənmiş Fəridə qatillərin axtarışına özü girişir və bilmək istəyir ki, görsün onların arxasında kim dayanıb…
İlboyu kitabları satış baxımından heç vaxt korluq çəkməyən, məşhur, dəyərli ideya yaratmağı bacaran dedektiv əsərlərin müəllifi Çingiz Abdullayevin sayca 3-cü kitabın oxudum (bundan öncə "Alçağın üslubu" və "Veneranın ikinci dəfə dünyaya gəlməsi" kitablarını oxumuşdum).
"Bakı bulvarı" kitabı mənim üçün həm nöqsanları, həm də müəmmalı dedektiv əsəri xüsusiyyətinə görə yaddaqalan oldu.
Əsərin maraqlı üslubu var. Fəridə Vəliyeva boşanmış qadındır. Bu anlayış dünyanın bir çox ölkələrində tam normal bir şey kimi qəbul edilsə də, Azərbaycan reallıqları tamam başqa şeylərdən dəm vurur. Bunu elə qəhrəmanımızın özü də vurğulayır. Belə ki, roman baş obrazın daxili dünyasında baş verən hadisələrdən xarici aləmində çox qısa müddətdə baş verən hadisələrə keçid formatındadır.
Hər şey çox qısa zaman aralığında baş verdi. Fəridə Vəliyevanın böyük oyunlarda iştirakçı olmuş Ömər Xalid adlı şəxslə tanışlığı onun həyatını sözün həqiqi mənasında dəyişir. Fəridə bir çox yaxınlarını itirir, sarsıntılar keçirir. Kitabı vərəqlədikcə macəra və müəmmalar artır. Çoxlu suallar yaranır. Suallar sonda cavabını tapır.
Maraqlı burasıdır ki, əsərin adı özünü doğrultmur. Mənim üçün bu çox vacib məsələdir. Ad seçimində yazıçı çox diqqətli və düşüncəli olmalıdır. Əsərin ilk səhifələrində Bakı bulvarı və onun ətrafında aid təsvirlər olsa da, sonrası, yəni əsas hissəsi bu adla uyğunlaşmadı və adla romanın süjeti arasında uçurum yaratdı. Bir digər bəyənmədiyim məqam yazıçının bəzi yerlərdə gülməli təsvirlər etməsidir.
Bir digər vacib məsələ: yazıçı müasir Azərbaycanımızın qadın problemlərinə işıq salmaq istəyib. Nə uğurlu hesab etmək olar, nə də uğursuz.
Hər halda Ç.Abdullayevin əsərlərin keyfiyyətli ideya baxımında oxunmağa layiqdir. İmkan olduqca digər əsərləri ilə də tanış olmağa çalışacağam.
İbrahim Niftiyev