Fövqəl-şəffaf saflıq. Digər planetlər belə parlaq deyillər. Yer kürəsi sadəcə mavidir... Yavaş-yavaş Edem uzaqlaşırdı. “Necə də safdır” – deyə koordinator fikrini ifadə etdi. Bilirsən...ehtimal nəzəriyyəsinə görə daha da safları var...
“Edem” kosmik gəmidə kainatın sirrlərini çözmək üçün səyahətə çıxmış kosmonavtların qəzaya uğramasından bəhs edən birinci əsər olmasa da, addımbaaddım qəribə situasiyalar, problemlər və sualları ilə bizi tupik qarşısında qoyur. “Edem” sadəcə elmi-kosmik fantastika deyil, o janrının klassikası hesab edilməlidir. Edem sadəcə hazır məhsulu təqdim etmir, “Edem” fəlsəfədir, bizi düşünməyə vadar edən yarım fabrikatdır. Stanislav Lem məni öz ölçüyəgəlməz intellekti və fantaziyası ilə heyran etdi.
Nədir insanı kosmik səyahətlərə bu qədər çox maraq göstərməyə vadar edən? Məgər bu maraq o maraq deyilmi ki, nə vaxtsa Magellanı, Kolumbu, Marko Polonu, Şirvanini dünyaca məşhur səyyah etdi? İnsan elə bir canlıdır ki, ətrafını nə qədər çox öyrənirsə, bir o qədər öz-özünü böyüdür, allahlıq iddiasına çalışır. İnsanın düşməni birdir: qeyri-müəyyənlik. İnsan qeyri-müəyyənliyə müharibə açıb yarandığı gündən. İnsan öyrənir və əbədiyyən də öyrənəcək. Çünki nə qədər öyrənəcəksə, kainat da bir o qədər yeniliklər yaradacaq. İnsan nə böyüyüəcək, nə də kiçiləcək...
Əsərin əsas mövzusu kosmik gəmiləri qəzaya uğrayan astronavtların Edem planetindəki canlılarla kontakda girmək istəmələrindən ibarətdir. Yer kürəsinin arşını ilə ölçsək, Edemdəki canlılar olduqca “qəribə”-dirlər. Astronavtlar ilk əvvəl başa düşə bilmirlər ki, bu canlılar şüurludur, yoxsa təkamülün ibtidai mərhələsində ilişib qalmış varlıqlardır. Bu sual oxucunu kitabı vərəqbəvərəq kosmik səyahətə həvəsləndirir. Bu sivilizasiyanın nümayəndələrindən birisi ilə ünsiyyətdən sonra Yerdən gələn “gəlmə”-lərə çox şey aydın olur. Bu cəmiyyətin insan cəmiyyəti ilə həm oxşar, həm də fərqli cəhətləri var. Oxşar cəhətlərdən – sivilizasiyanın inkişafının ilkin mərhələlərində hər hansı bir şəxsiyyətin sonra hansısa qrupun, son zamanlarda da anonim hakimiyyətin olmasını, təcrübə keçirərək sahib olduqları bədənlərini dəyişdirmək istəklərini göstərmək olar. Gördüyümüz kimi yazıçı bizə bizim gələcəkdə baş verəcək və indiki dövrdəki problemlərimizi fantastik proza dili ilə çatdırır.
Romanın əsas ideyasını insanın digər sivilizasiyaların həyatına qarışmaq hüququna sahib olmadığını özündə ehtiva edir. Bu ideya ətrafında romanın qəhrəmanları bir çox fəlsəfi, psixoloji və yeri gələndə də əxlaqi mühakimələr yürüdürlər ki, bu mühakimələr kifayət qədər maraqlı və dəyərlidir. Bu səbəbdən kitabda dialoqlar və fərziyyələr boldur. Bu xüsusiyyət müəyyən mənada yaxşıdır. Sizi deyə bilmərəm, amma mən dialoqlarla zəngin romanları, kitabları sevirəm. Çünki belə olduqda darıxmağa macal tapmadan, kitabda süjet axtarmadan, kitabın süjeti ilə, bir növ çay axını ilə üzərək qarşıma çıxan mənzərələrdən həzz alıram. Əlbəttə, kitabdakı dialoqlar mənasız olmamalıdır. Bu əsərdə olduğu kimi elmi-fantastikaya əsaslanan fərziyyələr, mülahizələr və uzaqgörən təfəkkürün məhsulları olmalıdır. Belə olduqda oxucu səhifəni çevirdikcə romanı davam etmək üçün yeni-yeni motivlər, bir növ bəhanələr qazanır. Fantastika sözününü qarşısında “elm” sözünün olması məhz onun sistemli və qarşılıqlı əlaqədə olan konsepsiyalar, mülahizələr və əsaslarla zəngin olmasını bildirir.
Romandakı macəraları xəyal etmək həzzvericidir. Romandakı təsvirlər “söhbət nədən gedir?” sualını bünövrə suala çevirir. Hətta disleksiyası (irihəcmli əsərləri oxuya bilməmək) olan insanlar da bəlkə də, marağa gəlib bu patologiyadan xilas ola bilərlər. Hər şey mümkündür. Yaxın bir dost belə demişdi: “İnsan təxəyyülünün məhsulları ya keçmişdə olub, ya da gələcəkdə gerçəkləşəcək”. Başqa cür ola bilməz. Bu böyük sirr, böyük və universal qanundur. Bundan istifadə etmək lazımdır.
Beləliklə “Edem” həm orada qəzaya düşən astronavtlar, həm də mənim üçün unudulmaz bir planet oldu.
İbrahim Niftiyev