Qadin.NET / Herman Hesse "Yalquzaq"

Herman Hesse "Yalquzaq"

Herman Hesse "Yalquzaq"

 

Hermann Hessenin “Yalquzaq” əsəri iyirminci əsrin ikinci yarısında nonkorformist mədəniyyətə posmodernist ədəbiyyatın prinsiplərini tətbiq edən əsər olmuşdur. Bu elə bir romandır ki, əgər bu roman olmasaydı, iyirminci əsr avanqardizmində də çox şey olmazdı. Filmlər, musiqi və bədii təsvir bu romandan çox şeyi götürüb. Neçə-neçə insan ruhuna məhz bu romanla səyahət etmişlər. Təəccüblənirsiz ki, niyə və necə? Oxuyun, o zaman anlayacaqsınız. 

Son vaxtlar çalışıram ki, fəlsəfə və ezoterika vasitəsiylə əsas mövzusu özünü, “mən”-i tapmaq olan kitablar oxuyum. Niyə? Belə hesab edərdim ki, mən gözəl, firavan ailə qurub uşaq dünyaya gətirmək istəməyən, gözəl karyera qurmaq istəməyən, səs-küylü qələbəlikdən uzaq durub qürub edən günəşə baxıb, yanımda olan kağıza cızma-qara etmək istəyən birisiyəm. Mən tək qalmaq və sərhədləri aşmaq istəyirəm. Halbuki, tam olaraq belə deyiləm. Əgər təsvir etdiyim kimi olsaydım, mənə Budda demək olardı. “Yalquzaq” isə yuxarıdakı cümlələrdə öz əksini tapan mövzular arasında ən möhtəşəmi, ən fövqəli və dəyərlisi çıxdı. Elə ilk cümlələrdən romanın mövzusunun əbədi mövzu olduğu bilinir. Meşşan və burjua cəmiyyətinə yad olan bir insanın daxili üsyanına səs verməsi. Roman tamamilə fərqli yollar və dərmanlar təqdim edir.

Yalquzaq kütləvi-ictimai dəyərsizliyi anlamaq, ruhun təmizlənməsi, qorxu və ehtirasların axtarışı, köhnə dəyər və bütlərin darma-dağın edilməsi, ruhi əlkimyanın oyanışı, ən əsası isə, əbədi baş verən oyunların ifşası ilə əlaqədar metamorfik, sanki gözəl klassik musiqi kimi səslənən və bu musiqidən sonra yaranan səssizliyi ilə insana həqiqətləri başa salan, dünya ədəbiyyatının zirvəsindən bizləri səsləyən, yeni zirvələri axtaran bir əsərdir.

 

Herman Hesse "Yalquzaq"

Yəqin bu sizin də başınıza gəlib. Hansısa möcüzəvi yolla ruhun dərinliyinə qədər üzməyə müvəffəq olan hansısa musiqi, hansısa rəsm əsəri və ya indiki halda roman olur. Dinləyirsən, görürsən və düşünürsən. Sanki daxilimdə çoxdandır cücərməyi gözləyən toxumun çat verərək içindən yaşıl gövdəsini gördüm, səssizlik yaşadım. Bu səssizliyi, sehrli anı pozmaq istəmədim uzun müddət.

Kitabı sadəcə “özünüdərk” və “ruhi transformasiya” kimi terminlərlə əlaqələndirəcək olsaq, kitabı özümüzlə məhdudlaşdırıb, çoxlarının etdiyi banal adlandırmalardan istifadə etmiş olarıq. Kitabı həqiqi mənada başa düşən o kəsdir ki, ondan sitatlar seçib ağıllı-ağıllı danışmasın, onun haqqında sadəcə yaxşı resenziya yazmasın. O kəs bu kitabı, şah əsəri anlayar ki, yaranmış səssizliyin və gördüyü işığın səsini eşitsin.

Dostlar, gəlin roman haqqında lazım olduğundan çox danışmayaq. Filan obraz belədir, filan obrazın psixoloji portreti elədir. Hadisələr və obrazlar filan şeyi simvolizə edir, etmir və s. Belə cümlələr hər birimizi yorar və bu roman üçün uyğun gəlmir. Sadəcə oxumaq, özündən nə isə axtarıb tapmaq, düşüncələrə dalmaq və zövq almaq düşər bizim üstümüzə. Bunda tərcümənin də rolu az deyil. Azərbaycan türkcəsində hələ belə tərcümə oxumamışdım. Tərcüməçi Vilayət Hacıyev elə tərcümə edib ki, elə bil roman öz dilimizdə yazılıb. Vilayət müəllimə öz təşəkkürümü bildirirəm ki, bizi belə gözəl əsərlə gözəl tərcümə ilə qovuşdurub.

 

Kitabdan seçmələr

- Fikrim-düşüncəm şan-şöhrət həvəsindəydi, böyük sənətkar olmaq arzusu ilə yaşayırdım. Ancaq qəlbimi sarmış bu alovların ən güclüsü, ən odlusu, ən dəhşətlisi məhəbbət alovu, qadın həsrəti, əvvəlcədən duyduğum üzüntülü nəşə həvəsiydi.

- Elədir, həyat həmişə dəhşət olub. Heç nədə günahımız yoxdur, lakin hər şeyə cavabdehik. İnsan elə yaranan gündən günaha batır. Əgər bunu bilmirsinizsə, deməli, çox müəmmalı ilahiyyat dərsi almısınız. 

- Sən haqlısan, ay Yalquzaq! Lap yüz dəfə, min dəfə haqlısan, ancaq bununla belə, məhv olmalısan! Sən bu günün sadə, rahat, az şeyə qane olan dünyası üçün həddən artıq iddialısan, acsan. Ona görə də dünya səni özündən kənar edəcək, çünki sənin ölçü daşın o istədiyindən bir az ağırdır. Kim bu gün yaşamaq, aşadığı həyatdan da zövq almaq istəyirsə, gərək sənin kimi, mənim kimi adam olmasın. Bu özəl dünya dınqıltı əvəzinə musiqi, əyləncə əvəzinə sevinc, pul əvəzinə mənəvi dünya, hay-küy əvəzinə əsl iş, yalançı inilti-sızıltı əvəzinə əsl iztirab istəyən adamlar üçün heç vaxt vətən ola bilməz! 

- Elə müqəddəslər var ki, onlar da əvvəlcə dəhşətli günahlar içində boğulublar, ancaq günahın özü də müqəddəsliyə aparan yol ola bilər. Günah da, əxlaqsızlıq da... Yəqin, güləcəksən, lakin mənə çox vaxt elə gəlir ki, bəlkə, dostum Pablo da kəşf olunmamış müqəddəsdir. Eh, Harri, öz evimizə çatmaq üçün biz nə qədər dəhşətli, mənasız yollar keçməliyik! Heç kəsimiz də yoxdur ki, bizi bu yolla aparsın. Yeganə bələdçimiz həsrətdir!

– Necə də pis səslənir! "Vəhşi!", "Yırtıcı heyvan!" – heyvanlar haqqında belə danışmaq olmaz! Düzdür, çox vaxt dəhşətli olurlar, ancaq insanlara nisbətən daha təbiidirlər. – "Təbii" nədir? Bununla nə demək istəyirsən? – Məsələn, götür o heyvanlardan birini: ya pişiyi, ya iti, ya quşları, ya da lap elə heyvanxanadakı iri, gözəl pumanı, zürafəni! Görəcəksən ki, hamısı təbiidir, heç biri heç nədən çəkinəcəkli deyil, nə edəcəklərini, necə edəcəklərini də yaxşı bilirlər. Heç biri sənin xoşuna gəlmək üçün artistlik eləməz. Daşlar, çiçəklər, göydəki ulduzlar kimi necə varsa, elə də qalacaqlar. Başa düşürsən?   

İbrahim Niftiyev

4 iyul 2017
GO BACK