"Ürək"
Bu miniatür hekayə ailə sevgisini o qədər gözəl təsvir edir ki, əlavə şərhə ehtiyac yoxdur əslində. Bu kiçicik hekayədə ailə sevgisinin klassik qayda-qanunları alt-üst edib möcüzələr yarada biləcəyi təsvir olunub. Yasunari Kavabata ucsuz-bucaqsız kainata sığışmayan sevgini kiçik bir hekayəyə sığışdırmağı bacarıb. Bu hekayədə insanı insan edən xüsusiyyətləri, insanın necə özünü aşdığını görmək olar. Hekayədəki sevgi ilə ətrafımdakı real həyatda gördüyüm sevgiləri müqayisə edəndə, ətrafımda şahidi olduqlarımın necə də cılız və zəif qaldığını gördüm. Çünki insan alver eləməyi sevən canlıdır. Sevgini də ticari münasibətlər və qarşılıqlı şərtlər qəlibinə salıb. Kavabata bizi məhdudiyyətsizliyə, əbədiyyətə çağırır. O, tipik insan məntiqi-təfəkkürünün yaratdığı qruplaşdırmalardan olan yaxın və uzaq anlayışlarını ələ salır. Səmimi deyirəm, hekayə məndə əvvəllər tamamilə başqa cür düşündüyüm ailə sevgisinə fərqli yanaşmağı vadar etdi. Buna baxmayaraq içimdəki son nəticəyə gedən proseslərin mübarizəsi dayanmadı, əksinə artdı. Beləliklə olduqca mezo mövzuya miniatür yanaşma.
"Ariqato"
Ariqato yapon dilindən tərcümədə “təşəkkür edirəm” deməkdir. Bu hekayədə isə həm təşəkkür etmək, həm də adam adı kimi istifadə olunub. Yasunari Kavabatanı digər yazıçılardan fərqli edən əsas xüsusiyyət odur ki, digər yazıçılarda yazarın bizə təqdim etdiyi dünyaya daxil olmaq üçün 1, 2 və ya 3 qapı açmalı oluruqsa, Kavabatada bu qapıların sayı çoxdur. 10, 15 və ya daha çox. O aləmə, dünyaya düşmək heç də asan olmasa da, həmin dünyaya düşməyi bacarsanız, fərqli bir şey yaşamağa müvəffəq olacaqsınız.
Qızını fahişəxanaya satmağa aparan ana və sürücü Ariqato. Ariqato digər insanlardan fərqlidir. Mənə elə gəldi ki, o, dünyanı fərqli görür və ona çox saflıqla, səmimiyyətlə yanaşır. Maşını idarə edərkən qarşısına çıxan hamıya “ariqato” deyir. Bütün dünyaya “ariqato” deyir. Heç kimə yad münasibət bəsləmir. Sonra ana fikrindən daşınır və geri qayıtmaq üçün Ariqato Sandan xahiş edir ki, geri dönsünlər. Ananın fikrini dəyişməsində Ariqato Sanın rolu böyük oldu.
"Kameliya"
Bu hekayədə də Kavabatanın mistik, alaşılmaz və qıdığlayıcı dünyası var. İkinci dünya müharibəsindən sonrakı rahatlama və özüylə bərabər gətirdiyi stressiz ailə mühiti böyük ustad tərəfindən ideal təsvir olunub. Övladı anidən ölən bir ana müharibədən sonra ikinci dəfə ana olur, amma o, nədənsə dünyaya gələn övladının doğulmadan ölmüş övladı olduğunu düşünür? Bu həqiqətənmi mümkündür? Kim deyə bilər. Kimsə bu suala dəqiq cavab verə bilməsə də, Kavabata buna cəhd edir.
Yazıçı bu hekayəsində mistik dünya yaratmaq əvəzinə fəlsəfə ilə məşğul olub. Əlavə pafosa, uzunçuluq və söz oyunlarında yer verməyib. Mən hekayə vasitəsiylə Qafqazda oturaraq İkinci dünya müharibəsi sonrası Yaponiyasına səyahət etdim. Kameliya isə çiçək adıdır. Eləmədim tənbəllik quqlda (google) “kameliya nəyi simvolizə edir?” başlığı altında kiçik araştırma da etdim. Belə ki, tapdığım nəticələr olduqca maraqlı oldu. Çində kameliya gözəllik, sağlamlıq və ruhi gücü simvolizə edir. Kavabata isə yapon yazıçısıdır. Yaponiyada isə bu çiçək ani ölümü simvolizə edir. Belə bir nəticəyə gəlmək olar ki, ananın daha ana bətnində ikən dünyaya gəlməyə qorxduğu övladı gül formasında dünyaya yenidən gəlib. Bəlkə də ruhu bu dünyaya çağrılmış həmin insan müharibəni görüb dünyaya gəlməkdən qorxub və geri qayıdıb. Bəlkə də o, bizim hamımızdan daha çox yaşayıb. Kim bilir. Həyat isə yenilənir və davam edir.
İbrahim Niftiyev