Qadin.NET / Yukio Misima "Qızıl məbəd"

Yukio Misima "Qızıl məbəd"

 

 

Təqdimat

“Qızıl məbəd” baş qəhrəmanın arxasınca qaçdığı, amma tuta bilmədiyi gözəllik haqqında olan bir romandır. Yukio Misima gözəllik anlayışı haqqında mükəmməl fikirlər irəli sürüb. Gözəllik hamıya özünü müvəqqəti olaraq göstərər, lakin heç kimə aid olmaz. Gözəllik çox qəddardır. Romanı oxuduqca həmin mühitə düşməmək mümkün deyil. Bunun səbəbkarı isə Boris Akunindir. Əsəri yapon dilindən möhtəşəm formada tərcümə etmişdir. Mən hələ belə tərcümə oxumamışdım.

Kiyotoda yerləşən Kinkakudzi məbədində xidmət edən cavan rahib haqqında olan “Qızıl Məbəd” romanı yazıçının dünyada və Yaponiyada ən çox oxunan və tanınan əsərlərindən hesab olunur. 1950-ci ildə Kinkakudzi məbədini alova qərq edən buddist rahibliyinə hazırlaşan şagird Misimada dərin hisslər oyadır. Misima hesab edir ki, məhv və ya ölüm gözəlliyi daha da təkmilləşdirir. Beləliklə də, roman yazılmağa başlanılır və 1956-cı ildə tamamlanır.

Obrazların psixoloji təhlili

Romanın baş qəhrəmanı xarici görünüşü kifir olan, pəltək Midzoqutidir. O, xəstə, asosial, yalnız birisidir. Belə obrazları çox sevirəm. Belə obrazların çatışmazlıqları altında böyük güc toplanır. Belə obrazlar ya çox güclü, ya çox zəif olurlar. Onlar gözlənilməz şeylər edə bilərlər.

Midzoquti çox xəyalpərəst və idealistdir. Atasının danışdıqlarına əsasən o, Kinkakudzi məbədi ilə əlaqədar o qədər şeylər xəyal etmişdi, amma reallıq tam başqa cür oldu. Buna baxmayaraq məbəd vaxtaşırı ona öz gözəlliklərini, ərdəmini, biliklərini və dəyərini göstərdi. Romanın adı çəkilən pratoqonisti oxucuda nə məyusluq, nə qəzəb, nə bəraət, nə də buna bənzər başqa hisslər yaradır. O, sadəcə yadlaşmış və qayğılanmış birisidir. Onun yaşadığı ölkədə (Yaponiyada) gözəllik, harmoniya və mükəmməllik ən dəyərli anlayışlardır. Ona görə də ona öz pəltəkliyi və kifirliyi ilə yaşamaq çox çətindir. O, başqa yol da seçə bilərdi, amma gözəlliyi axtarıb tapmaq və ona qərq olmağı seçdi. Bu obrazın düşüncələrində müəyyən qədər özümü gördüm. Nə edəcəyini bilməmək, küləyin əsdiyi istiqamətə getmək və yelkəndən istifadə etməmək. Onun dünyası kiçikdir, yoxsa böyük? Romanın axışı göstərir ki, onun dünyası birnəfərlikdir. Çünki onun bütün qonaqları müvəqqəti oldu. Müəyyən zaman aralığında onunla birlikdə oldurlar. O, özü gözəlliyin qonağı olmaq istəyirdi, amma gözəllik onu nə qəbul etdi, nə də qovdu. O, da anladı ki, gözəllik əslində boşluqdur. Boşluq nədir sualı isə onun yeni xəstəliyi (bəlkə də lənəti) oldu. Midzoqutinin gözəllik anlayışı konkret əşya çərçivəsində formalaşıb əşyavi oldu. Midzoquti çox şeyin fərqinə vardı. Hadisələrdə həm iştirak etdi, həm də müşahidəçi oldu. İstənilən halda nə isə öyrəndi.

 

Yukio Misima "Qızıl məbəd"

 

 

Kinkakudzi məbədi

Digər çox vacib obraz Çurukavadır. Digər obrazların (müəllimin, valideynlərin ya da mistik hekayə qəhrəmanlarının) üzərində çox dayanmayacağam. Çurukava da özünə görə xüsusidir. Ona görə də ona aid bəzi fikirlərimin yazıda olmasını istərdim. Çurukava tipli insanlar elə sizlərin də ətrafında çoxdu: çoxbilmiş, gözü erkən açılan, fırıldaqçı, başqasını öz təsir dairəsinə salmağı bacaran, vicdansız, “əlil” don juan. Çurukava fiziki qüsurlu olsa da, onu əlil edən mənəvi qüsurlarıdır. Midzoquti ilə onun yaxınlığı Midzoqutiyə çox şeyi öyrətdi. Əvvəllər bilmədiyi, amma prinsipcə ehtiyacı olmadığı şeyləri öyrətdi. Bir az sonra Midzoquti öz yolu ilə getməyə davam etdi. Çurukava şəxsiyyətsiz birisidir. Alçaq da demək olar. Mən bu obrazda əslində tipik kütləni gördüm. Yukio Misima cərrah dəqiqliyi ilə bu iki baş və digər obrazların psixologiyasının dərinliklərinə qədər enə bilib. Fərd və ətraf dünya ilə olan əlaqə və vaxtaşırı gerçəkləşən mübadilə ustalıqla təsvir olunub.

Romanı oxumaq üçün səbəblər

Bir çox səbəbə görə romanı oxumaq olar. Məsələn, yapon həyat tərzini, tarixini, mədəniyyətini canlı və təbii dillə, sıradan üslubun yükəsək bədii sənətkarlıqla çatdırdığını öyrənmək üçün; yadlaşmış insanla ətraf dünyanın münasibətlərini təhlil etmək üçün; insanlararası münasibətləri daha yaxşı anlamaq üçün; gözəllik anlayışı haqqında düşünüb onun arxasınca düşmək üçün; baş obrazın timsalında öz ruhunu tanımaq və başa düşmək üçün; ədəbiyyatın yeni sahillərini kəşf etmək üçün və s. Səbəb siyahısını çox uzatmaq olar.

Yukio Misima haqqında

Bədbəxtlik odur ki, insan o lənətli mövzularla maraqlanmağa başlasın. Güman edirəm ki, siz həmin lənətli mövzuların nə olduğunu bilirsiz, ona görə də onları bir-bir sadalamıram. Özünü xoşbəxt hesab edənlər həmin mövzular haqqında düşünmürlər. Bəziləri isə düşünür və yazıçı və ya şair olurlar. Onlardan birisi də yapon ədəbiyyatının ən tanınmış və layiqli təmsilçisi Yukio Misimadır. Yukio Misima əzab çəkən və sonra da fövqəladə hərəkətlər edib daha da çox əzab çəkən obrazlar yaradır.

Yukio Misima 14 yanvar 1925-ci ildə yüksək vəzifəli dövlət məmurunun ailəsində anadan olmuşdur. Misimanın ailəsi onu qatı aristokratik qayda-qanunlarla ətrafdan məhrum formada tərbiyə etmişdir. Elə buna görə də gəlcək yazıçı bir çox psixoloji problemlər yaşamış və sstreslər keçirmişdir. Qapalı mühitdə o, proza və teatrla maraqlanıb. Çox vaxt xəstə olan Kimitake (onun əsl adı) məktəbdən yayınsa da, məktəbi imperatorun əlindən aldığı gümüş saat mükafatı ilə bitirmişdir. Atasının istəyinə uyğun olaraq Kimitake Tokio universitetinin hüquq fakültəsinə qəbul olunur. Orada həm alman hüququnu, həm də alman romantizmini öyrənir. Tomas Mann və Fridrix Nitsşenin əsərləriylə maraqlanır. 15 avqust 1945-ci ildəki kapitulyasiya ilə əlaqədar Yaponiyada intiharların sayı artır. Misimanın Dzemmey Hasuda adlı ruhi tərbiyəçisi Malaziyada intihar edir. Bu hadisələrə cavab olaraq Misima sevgilisi və digər bir çox insanlardan özünü təcrid edir. 1946-cı ildə o, Yaponiyanın tanınmış klassiki Yasunari Kavabata ilə görüşür, ona öz əlyazmalarını göstərir və ondan bəzi məsləhətlər alır.

Universiteti bitirdikdən sonra Misima Yaponiya Sənaye bankında və maliyyə nazirliyində çalışır. Misima iş həyatı ilə yanaşı ədəbiyyat sahəsində də fəaliyyət göstərir. Onun ilk əsəri “Oğru” başlığı ilə yayımlanmışdır. Bir müddət sonra isə Misima sonradan münasibətlərinin siyasi motivlərə görə pozulduğu Fusao Hayasi adlı yazıçı ilə tanış olur. 1948-ci ildə isə Yukio Misima həm məmur, həm də yazıçı ikili həyatına dözməyərək işdən çıxır və özünü sırf yazıçılığa həsr edir. Onu yapon ədəbiyyat dünyasında möhkəm yer tutmasına səbəb olan, özündə homoseksuallıq motivlərini əks etdirən “Maskanın etirafları” (1949), “Sevgi ehtiyacı” (1950), “Qadağan olunmuş həzz” (1951) əsərləri yaradıcılığının ilk tövhələridir. 1951-ci ildə dünya səyahətinə çıxan və 1 il sonra qayıdan Misima daha sonra bodi-bildinqlə məşğul olaraq bədənini möhkəmləndirmiş (o, uşaqlıqdan xəstə və zəif olmuşdur), yaradıcıllıq istiqamətini dəyişmiş, klassik yapon ədəbiyyatı ilə çox maraqlanmış və Mori Ohaya və Tomas Mannın təsiri altında yapon ədəbiyyatının ən çox oxunan əsərlərindən hesab edilən “Qızıl Məbəd” romanını yazmışdır.

60-cı illərin tələbə hərakatlarında aktiv disskustant olan Misima 1970-ci il 25 noyabr tarixində İtihayada hərbi hissədə hərbi hissə komandirini girov alaraq hamını dövlət çevrilişi etməyə çağırır. Lakin onun bu teatral cəhdi uğursuzluğa düçar olur və özünü biabır olmuş hiss edən Misima “seppuku” (harakiri) üsulu ilə özünü öldürür. 

İbrahim Niftiyev 

13 may 2015
GO BACK