“Qəhvəyi səhər” Frank Pavloff tərəfindən 1998-ci ilin dekabrında yazılıb. Süjet və üslub olduqca sadədir: İki dost qəhvəyilərin formalaşan hakimiyyətini görə-görə laqeyd qalmağı seçirlər. Qəhrəmanlarımız heç nə hiss etməsələr də, nəticələri görürlər: itlər, pişiklər, qəzetlər, kitablar və mediya rəngini dəyişib qəhvəyi olur. Qəhrəmanlarımız belə qərara gəlirlər ki, narahatçılığa heç bir lüzum yoxdur. Sadəcə qaydalara əməl etmək lazımdır. Yaxşı, bəs qəhvəyilər dayanacaqlarmı, yoxsa daha da irəli gedəcəklər?
Pavloffun 12 səhifəlik siyası motiv və metaforalı anti-faşist əsəri dünyada 1500000 nüsxə satılaraq 10 il bestsellerlər siyahısında qalmışdır. Hal-hazırda dünyanın 25 ölkəsində bu anti-faşist əsəri bir çox cəmiyyətlərdə müzakirə edirlər. “Qəhvəyi” simvolik olaraq SS polisini bildirir.
Qəhvəyi... Bu rəng elə-belə rəng deyil. 20-ci əsrdə bu rəng xüsusi əhəmiyyətli oldu. Qəhvəyi rəng qeyri-rəsmi olaraq nasistlərin rənginə çevrildi.
Çox maraqlıdır ki, həcmcə inanılmaz dərəcədə kiçik olan belə bir əsərdə belə bir qorxulu “nağıl” sığışıb. Cəmi bir rəng və iki qəhrəman. Əsər şübhəsiz ki, “1984”-ü xatırladır. “Qəhvəyi səhər” onlar anlamasa da, sizin uşaqlarınızla faşizm haqqında olan söhbətinizdir. Bizim hamımızı eyni rəngə boyamaq istəyəndə biz gərək hansı tərəfdə olduğumuzun, hansı düşüncələrlə hərəkət etdiyimizin haqqında yaxşı-yaxşı düşünək. Düşünəsən ki, mən bu yeniliyə necə reaksiya verməliyəm. Çünki bunu etməsən öz şəxsiyyətini öldürmüş olursan.
Şəxsiyyəti öldürmək, boğmaq isə insanı manqurtlaşdırar, onu uzaqdan rahatlıqla idarə olunan subyektə çevirər. Bizim düşmən olaraq qəbul etdiyimiz anlayışların arxasında isə yeganə bir şey dayanır: laqeydlik. Məhz damla-damla toplanan laqeydlik mayesi sonra bizim özümüzü zəhərləyir. Çünki onun elə bir xüsusiyyəti var ki, nə qədər çoxalırsa, bir o qədər çox zərərli olur. Az olanda və ya olmayanda isə yenə nə isə etmək mümkündür. Əsas məsələ isə bax belə əsərlər vasitəsilə insanların uşaq yaşlarından möhkəm şəxsiyyətli formalaşdırmaqdır. Dünyaya gələn hər bir insanın haqqları var. Birinci zərbə layeqydliyə vurulmalıdır. Bunu aşağıdakı cümlələrdə də gözəl formada anlamaq mümkündür:
"Bütün gecəni gözümü də qırpmadım. Özlərinin heyvanlar haqqında qanun-qaydalarını çxaran kimi mən gərək qəhvəyilərə qarşı dərhal reaksiya verərdim. Nəticə etibariylə mənim qara pişiyim, Çarlinin isə qara Labradoru var idi. Biz gərək “yox” deyərdik. Müqavimət göstərək, amma necə? Vaxt uçur: iş, hər gün hansısa işlər. Digərləri də onları rahat buraxsınlar deyə əllərini aşağı salırlar".