Hadisələr alman dənizində balıqçıların yaşadığı Fer adasında cərəyan edir. Berlin Universitetini tərk edən biokimyaçı-professor Broyer balıqçıların yaşadığı adada bəşəriyyətin xeyrinə araşdırmalar aparır. O, primitiv canlıları araşdıraraq qayğı tələb etmədən çoxalmağı bacaran və dadlı xəmirə bənzər qida istehsal edən canlıları kəşf edir. O, təcrübələrini artırmaq üçün xəmirdən azacıq aclıqdan əziyyət çəkən qoca Hansa verir. Daha sonra qısa müddət ərzində bütün kənd bu möcüzədən xəbər tutur və hər yerə yayır. Məsələ Berlində yayılandan sonra nəzarətdən çıxır və kommersantların diqqətini cəlb edir. Yay fəslində isə məlum olur ki, xəmir sürətlə çoxalır. O qədər çoxalır ki, insanlar onu zibil kimi ora-bura atırlar. Artıq planetin yeni düşməni var: bolluq.
Əsrarəngiz bir şeydir! Belə çıxır ki, bu bəşəriyyətdə yeni eradır. Aclıq, səfalət, yoxsulluq, müharibə və sinfi mübarizə daha olmayacaq.
Gəlin, bugünkü vəziyyəti dəyərləndirək və Belyaevin zaman məkan məhdudiyyəti olmadan bu əbədi mövzunu necə işıqlandırdığını başa düşək: bəşəriyyət üçün heç bir müharibə etmədən sakit yaşamaq həmişə şirin arzu kimi olub. Müharibələrin kökündə də hər zaman var-dövlət yatıb. Başqa sözlə, toxluq və aclıq. Maraqlıdır ki, bu gün ABŞ və Avropada artıq kosmik məkan bölüşdürülərkən Yer kürəsinin digər yarısında hər gün minlərlə insan aclıqdan əziyyət çəkir və dünyasını dəyişir. Sabah bu problem daha da böyüyəcək və 1 nömrəli məsələyə çevriləcək. Çünki Yer kürəsinin əhalisi dayanmadan sürətlə artır. Bütün bunları biz hamımız yaxşı bilirik. Elə ona görə də bu mövzunu əsərlərində işıqlandıran bir çox yazıçı-fantastlar olub. Harri Harrisonun "Yer verin! Yer verin!" əsəri ilə total köçlər və demoqrafik problemlər işıqlandırılırdısa, Aleksandr Belyaev bəşəriyyəti həmişə incidən bu problemə çıxış yolu təklifi ilə bəşəriyyətin ideya aclığına öz tövhəsini verir.
1928-ci ildə yazıçı "Əbədi çörək" adlı əsər yazır. O dövrlər Sovetlər üçün çox ağrılı dövrlər idi, çünki neçə-neçə insanlar məhz aclıqdan əziyyət çəkir və ya sadəcə ölürdülər. Yazıçı əsəri ilə problemə çıxış yolu göstərmir. O, xüsusilə balıqçı adasının zəhmətkeş sakinlərinin bitməz-tükənməz nemətlə mükafatlandırıldıqları zaman necə dəyişəcəklərini göstərmək istəyir. Bu adada hər şey çox çətinliklə əldə olunur. Hər bir tikə üçün böyük əziyyətlər və risklər var. Bir sözlə, Sovetin fəhlə sinifi. Bu metafora ilə Belyaev insanın zəhmətkeş yönlərinin hansı faktorlarla dəyişə biləcəyini düşünür.
Bu əsərdə də kapitalizmlə kommunizm mübarizə aparırlar. Hadisələr isə qeyd etdiyim kimi Almaniya da cərəyan edir. Almaniya 20-ci əsrlərin əvvəllərində kapitalist ölkələr arasında sayılan seçilən nümunələrdən idi. Yazıçı nədənsə əsərlərini Avropa ölkələrinin fonunda bizə təqdim edir. Görünür öz ideyalarını bizə çatdırmaq üçün həmin dövrdə yeganə münbit Avropada idi.
Oxumağa davam etdikcə başa düşürük ki, əbədi çörəklə əlaqədar olan məsələlər əslində heç də asan məsələ deyil. Çünki bu zəhmətkeşlərdə oğurluq, qətl, qumarbazlıq kimi cəmiyyəti dağıdan davranışlara səbəb oldu. Məsələ sadəcə insanın mədəsinin doyması deyil, eyni zamanda onun sosial həyatıdır. Sistemin dəyişməsi isə daha dəhşətlidir. Bunu bu cümlələrdən də başa düşmək olur:
Professor Broyer: Mən başa düşə bilmirəm, - vəkilinin sözünü kəsərək müdaxilə etdi -, niyə məni günahlandırırsınız? Əbədi çöyəri mən yox, Rodenştok və Kriqman camaata satmayıb?!
Vəkil gülümsündü:
- İş orasındadır ki, dövlət çörəyə monopoliya elan etmişdi və öz adından satırdı. Hakimiyyət özü-özünü günahlandıra bilməz ki. Özünü təmizə çıxarmaq üçün günhahı kiminsə üstünə yıxmaq lazımdır.
Bu cümlələrdən də aydın olur ki, Belyaev sadəcə elmi-fantastika və macəra motivlərini deyil, eyni zamanda incə psixologiya sahibi və hakimiyyət tənqidçisidir.
Möhtəşəm dərəcədə dərin psixoloji bünövrədə yazılan dinamik sənət əsəri. İnsan təbiətini bu formatda müşahidə etmək çox əyləncəli oldu, sözün düzü. Həcm kiçik olsa da, yazıçı əsərə kifayət qədər dərinmənalı fikirlər və əyləncə daxil edib. Birmənalı şəkildə məsləhətlidir.
İbrahim Niftiyev