Unutmayın: Qanadları sınmış quş heç vaxt uça bilməz...
Sevgini səmada süzən quşa bənzədə bilərik. Bəzənsə onun qanaqları qırılır. O zaman quş onun üçün olmayan yerdə yaşamağa məcbur olur. Daha doğrusu, torpaq onu öz zindanında məhkum edir. Quşla torpağın görüşü yalnız yolun sonunda ola bilər. Bəzən isə yolun ortasında da olur...
Bu kitab haqqında nə yazacağımı bilmirəm. Xəlil Cibran yazdığı bu əsərlə nəzmlə nəsri, musiqi ilə şeiri, fəlsəfə ilə şərq mistizmini, romantika ilə faciəni, ilahi qüvvə ilə insani vəhşilikləri, bir sözlə, yerlə göyü birləşdirib. Susmağı sözlərlə çarəsizcə bu gözəlliyi təsvir etməkdən üstün tuturam. Ona görə də müəyyən hissələrini tərcümə edib bölüşürəm ki, Xəlil Cibranın və əsərlərinin böyüklüyünü başa düşmək daha rahat olsun. Tərcümələrin nə dərəcədə yaxşı alındığını deyə bilməsəm də, nadir hallarda rastlaşdığım tərcümə növü olan hissiyatlı tərcümə - yazılanları hiss edərək, hər sözün, cümlənin ürək döyüntüsünün fərqinə vararaq tərcümə - metodundan istifadə etməyə çalışacam.
- Mənə hökmranlıq edən kədər əyləncələrə və hər yerdə tapa bildiyim dostlara olan ehtiyacdan yaranmırdı. Bu qəm-qüssə məni yalnızlığa və tənhalığa məhəbbət yaradan, əyləncələri məndən uzaqlaşdıran və cavanlıq qanadlarını dartıb qoparan ruhumun xəstəlik əlaməti idi. Həyatda mən dağ gölünə bənzəməyə başladım: kədərli-kədərli kabusların, buludların axınını, ağac budaqlarının kölgələrini əks etdirən, amma dəlisov çay kimi dənizlərə qarışmağa imkan tapa bilməyən göl.
- Həqiqi gözəllik görənin və görünən həqiqətin hissləri arasındakı gizli axındır; insanın xarici görünüşünü aydınladan müqəddəs ruhun işıqlanmasıdır; həyatın dərinliklərdəki toxumların gözəl bir gülün timsalında rənglərə və ətirlərə çevrilməsidir; kişi və qadın arasındakı tam anlaşılmadır; ani olaraq yaranan kimi ruhi yaxınlıq adlanan sevgiyə can atır. Görəsən həqiqətən dəmi Selmanın ruhu mənim ruhuma sirlərini açaraq onu mənim üçün dünyadakı ən gözəl qadın etdi, yoxsa hər şeyin günahkarı təsəvvürümdə mövcud olmayan obrazları və formaları yaradan cavanlığımın sərxoşluğu idi? Görəsən, Selmanın gözlərinin parıltısını, dodaqlarının şirinliyini, qamətinin incəliyini təsəvvürümdə canlandıraraq cavanlıq məni sərxoş etdi, yoxsa həqiqətən də onun gözəlliyi mənə sevginin sevincini və kədərini tanıtdırdı? Bilmirəm. Onu bilirəm ki, məni əvvəllər bilmədiyim hiss bürüdü. Necə ki əbədiyyət öncəsi suyun üzərində uçurdu, bu yeni hiss də mənim ürəyimi sarırdı. İlahi və hər şeyin başlanğıcı olan qüvvənin iradəsi ilə mənim sevinc və kədərlərimin səbəbkarı oldu.
- Mansurbek həm xarakter baxımından, həm də davranış baxımından arxiyepiskopu xatırladırdı; o, əmisinin kiçildilmiş əksi idi və onların arasındakı fərq riyakarlıq və əxlaqsızlıq arasındakı fərqdən çox deyildi; Bulos Qaleb məqsədlərinə müqəddəs geyimin və sinəsində asılı olan qızıl xaçla müdafiə olunaraq tamahkarlıq edirdisə, qardaşı oğlu bunu aşkarcasına və kobudcasına edirdi. Arxiyepiskop səhərlər kilsəyə gedərək gününü dul qadınları, yetimləri və avamları talayaraq qardaşı oğlu isə əxlaqsızlıq qoxan yerlərdə həzz axtararaq ehtirasını doydururdu.
- Qəbir qazan qəbrin üzərinə torpaq tökdükcə keşişlər də dua oxumağa davam edirdilər. Sağollaşmaq vaxtı gəlib çatdıqca camaat arxiyepiskopa və Mansurbekə yaxınlaşaraq onlara təsəlli verirdilər. Selma və onun oğlu mənim üçün dünyada ən əziz varlıq idilər. Mən kənarda sakitcə dayanmışdım və heç kim mənə təsəlli vermirdi. Budur qəbiristanlıq boşalır və yeni qəbrin yanında öz beli ilə qəbirqazan dayanıb.
- Ümidsizlik gözlərimizi zəiflədir və biz hər yerdə kabuslar görməyə başlayırıq. Ümidsizlik qulaqlarımızı da kar edir və biz sadə aşiq ürəyimizin döyüntüsünü eşidirik.
- Kədər bizim ruhlarımızı yaxınlıq bağları ilə bir-birimizə kilidlədi. Biz bir-birimizin sifətində qəlbimizin hiss etdiklərini, səsimizdə isə sinəmizdə gizli qalmış əks-sədanı eşidirdik. Sanki, allahlar bizi bir-birimizin yarısı kimi yaradıblar. Paklıq və təmizlikdə birləşdikdə biz bütöv, tam olurduq, ayrıldıqda isə hər birimiz sızıntılı və ağrılı itki hiss edirdik.
Niftiyev İbrahim