Ertəsi gün axşam o, əmisigilə getdi və geri qaytarmaq şərtilə kuzəni götürdü. İndi Cek kuzənin sulu boyayla çəkilmiş rəsmdəki ilə eyni olduğuna qətiyyən şübhə eləmirdi. Lakin o nə qədər diqqətlə qabın o yan bu yanına baxdısa, qeyri-adi, sirli bir şey görmədi.
Cek və Lavinqton kottecə çatanda axşam saat on bir olardı. Onlar qapını döyməyə macal tapmamış Felise yavaşca onu açdı. Qız onların yolunu gözləyirdi.
- İçəri girin, - deyə Felise pıçıltı ilə dedi. – Atam yuxarıda yatıb. Biz onu oyatmamalıyıq. Mən burada sizin üçün qəhvə də hazırlamışam.
Qız kiçik, lakin çox rahat qonaq otağına keçdi. Spirt lampası sacayağının altında idi. Felise hər ikisi üçün ətirli qəhvə hazırladı. Sonra Cek kuzənin bükülmüş olduğu kağızları bir-bir açdı.
Kuzəni görən kimi Felise içini çəkdi və ucadan dedi:
- Bəli, bəli, bu odur. Mən onu harda olsa, tanıyıram.
Bu zaman Lavinqton artıq öz hazırlığına başlamışdı. O, kiçik stolun üstünü təmizlədi və ətrafına üç stul düzdü. Sonra mavi kuzəni Cekdən alıb stolun ortasına qoydu:
- Artıq hər şey hazırdır. İşıqları söndürün və stolun ətrafında qaranlıqda əyləşin.
Felise və Cek deyilənə əməl etdilər. Qaranlıqda Lavinqtonun səsi eşidildi:
- Çox güman ki, üçümüzdən birimiz ruhlarla görüşüb danışmağı bacarırıq. Əgər belədirsə, həmin adam hüşunu itirəcək. Unutmayın ki, burada qorxulu bir şey yoxdur. Canınızdakı qorxunu çıxarmağa çalışın, süstləşin, süstləşin.
Onun səsi get-gedə eşidilməz olurdu. Otağa vahiməli bir sükut çökdü. Lavinqton üçün “burada qorxulu bir şey yoxdur”,- demək, bəlkə də, asan idi, ancaq Ceki qorxu yox, dəhşət bürümüşdü. Cek Felisenin də həmin hissləri keçirdiyinə nədənsə əmin idi. Birdən o, qızın dəhşət dolu pıçıltısını eşitdi:
- İndi nəsə dəhşətli bir şey baş verəcək. Mən bunu hiss edirəm.
Qaranlıq daha da qatılaşır, araya çökən dərin sükutdan adamın qulaqları uğuldayır və dəhşət hissi getdikcə güclənirdi. Cek yavaş-yavaş boğazının tutulduğunu və boğulduğunu hiss elədi. İndicə dəhşətli hadisə baş verəcəkdi...
Cek hüşunu itirir və yumşaq bir axın onu öz qoynuna alıb harasa aparırdı. Onun gözləri örtüldü – dinclik - qaranlıq...
Cek astaca tərpəndi. Onun başı ağırlaşmışdı, lap şişib qazana dönmüşdü. O haradadır? Günəş... quşlar... O arxası üstə uzanıb göyə baxırdı. Birdən her sey yadına düşdü. Stol arxasında oturması. Kiçik otaq. Felise və həkim. Axı, nə hadisə baş vermişdi?
Cek durub yerində oturdu və ətrafina baxdı. Başı möhkəm ağrıyırdı. O, kottecin yaxınlığındakı kiçik meşəlikdə uzanmışdı. Yanında heç kim yox idi. Saatına baxdı.Təəccüblə gördü ki, saat on ikinin yarısıdır.
Cek ayağa sıçrayıb var gücü ilə kottecə tərəf qaçdı. Görünür, həkimlə Felise onun hüşunu itirməsindən təşvişə düşüb açıq havaya çıxartmışdılar. Kottecə çatıb qapını döyməyə başladı . Lakin ona nə cavab verən oldu , nə də bir kimsə gözə dəyirdi .Yəqin onlar kömək dalınca gediblər.Ya da... Ceki soyuq tər basdı . Ötən gecə nə baş vermişdi?
Cek tələsik mehmanxanaya yollandı. Elə ağzını açıb mehmanxana işçisinə müraciət etmək istəyirdi ki, qabırğasının altına güclü bir yumruq dəydi. Özünu ayaq üstü güclə saxladı. Əsəbi halda geriyə qanrılanda qarşısında ağsaçlı qoca bir cənabın dayandığını gördü.
Kişinin gülməkdən az qala nəfəsi kəsilirdi:
- Məni gözləmirdin, oğlum? Heç ağlına da gəlmirdi, hə?
- Corc əmi, elə bilirdim siz uzaqlarda - İtaliyadasınız.
- Mənsə burdayam. Ötən gecə Duvra çatdım . Şəhərə gedirdim, yolüstü sənə dəyməyi qərara aldım . Amma nə görürəm. Bütün
gecəni gəzmisən, hə? Görünür, vaxtını yaxşı keçirirsən...
Cek cəld onun sözünü kəsdi:
- Corc əmi, mən sizə bu saat qeyri-adi bir hadisə söyləyəcəyəm. Qorxuram ki, heç inanmayasınız.
O, əhvalatı olduğu kimi danışdı və axırda dedi:
- Allah bilir, onların başına nə gəlib.
Əmisinin isə az qala ürəyi partlayırdı. Nəhayət, o özündə bu sözləri deməyə qüvvə tapdı:
- Kuzə! Mavi kuzə! O haradadır?
Cek matdım-matdım əmisinə baxırdı. Nəhayət, o, əmisinin danışığından işin nə yerdə olduğunu anlamağa başladı. Əmisi aramsız deyinirdi:
- Minq dövrü - nadir bir şey- kolleksiyanın tacı, ən azı on min funt sterlinq qiyməti var. Amerikalı milyonçu Hoqqenhaymerdən almışdım - bütün dünyada bircə dənə. Lənət şeytana, ser, siz mənim mavi kuzəmi neyləmisiniz?
Cek mehmanxanaya qaçdı. O, Lavinqtonu tapmalıydı. Müdirlikdən cavan xanım onu soyuq nəzərlə süzdü:
- Doktor Lavinqton ötən gecə maşınla çıxıb getdi. Sizin üçün məktub qoyub.
Cek tələsik məktubu açıb oxudu:
“Mənim əziz, gənc dostum! Qeyri-adi gün bitdimi? Müasir elmi dildə desək, siz hələ də onun təsiri altındasınız. Felisedən, şikəst atadan və məndən sizə ən səmimi salamlar. Biz artıq on iki saatdır ki, yoldayıq. Məncə, bu qədər vaxt bizə kifayət edər. Həmişəlik sizin dostunuz Lavinqton, ruh həkimi.”
1983-cü il