Qadin.NET / A.Kristi "Mavi kuzənin sirri" - 4

A.Kristi "Mavi kuzənin sirri" - 4

 

A.Kristi "Mavi kuzənin sirri" - 4

 

Həkim beyninə girmiş bu axmaq fikirlərdən yaxa qurtarmaq üçün təbəssümlə Cekə sarı döndü:

- Gəlin, bütün bu axmaq hadisələrdən uzaq olmağa çalışaq,- deyə təklif etdi.

Cek razı oldu, ancaq qara fikirlərdən yaxa qurtarmaq o qədər də asan deyildi. Cek səhər yeməyindən əvvəl qolf oynuna bir həftə getmədi. Gözlənilməz bir hadisə əhvalatın gedişinə müəyyən mənada təsir etdi. Günlərin birində evə qayıdarkən Cekə cavan bir

xanımın onun yolunu gözlədiyini xəbər verdilər. O, cavan xanımı görəndə həddindən artıq təəccübləndi. Gələn, Cekin öz-özündə

“bənövşə” adlandırdığı qız idi. Özü də çox əsəbi və narahat idi.

- Sizi narahat edib yanınıza gəldiyim üçün gərək məni bağışlayasınız, cənab! Mənim sizə deyiləsi sözüm var. Mən...

O, tərəddüdlə ətrafına nəzər saldı.

- Bura buyurun,- deyə Cek qızı mehmanxanada xanımlar üçün ayrılan boş qonaq otağına dəvət etdi.

Qırmızı məxmərlə bəzədilmiş otaq yaman cansıxıcı idi.

- İndisə əyləşin, miss...miss...

- Marşad, cənab. Felise Marşad.

- Əyləşin, mademuazel Marşad və hər şeyi mənə danışın.

Felise dinməzcə əyləşdi. O, bu gün tünd yaşıl paltar geymişdi. Qızın məğrur sifətinin gözəlliyi və təravəti həmişəkindən daha aydın gözə çarpırdı.Qızın yanında əyləşəndə Cekin ürəyi şiddətlə döyünməyə başladı.

- Deməli, belə, - deyə Felise sözə başladı, – Biz qısa müddətdir ki, burada yaşayırıq. Gəlişimizin ilk günündən eşitmişik ki, evimiz- bizim kiçik, qəşəng evimiz - ruhların məskənidir. Burada heç bir qulluqçu qalmaq istəmir. Bunun o qədər də böyük əhəmiyyəti yoxdur. Mənim ev işlərindən başım çıxır, xörək bişirməyi də bacarıram.

Başını itirmiş cavan oğlan zahirən üzündəki ciddiliyi qoruyub saxlamağa çalışdısa, bunu bacarmadı: “Çox gözəldir, lap mələkdir”,- deyə düşündü.

- Kabuslar haqqında aparılan söhbətləri son dörd günə qədər boş bir şey bilirdim. Cənab, dörd gecədir ki, mən eyni bir yuxunu görürəm. Qarşımda bir qadın dayanır- cazibədar, hündürboylu və çox gözəl bir qadın. Əllərində isə mavi rəngli çini qab tutub. O, əzab çəkir, çox əzab çəkir və hey qabı mənə tərəf uzadır, gözlərində yalvarış, sanki məndən imdad istəyir. Heyhat! O danışa bilmir, mənsə, onun nə istədiyini anlaya bilmirəm. Əvvəlki iki gecə gördüyüm yuxu bununla başa çatdı, amma srağagünkü gecə yuxumda başqa bir şey də gördüm. Qadın və çini qab birdən yox oldular və mən qadın qışqırtısını eşitdim: “Öldürürlər, kömək edin! Öldürürlər!” Mən dəhşət içində yuxudan ayıldım. Öz-özümə dedim ki, məni qara basır, sizin mənə dediyiniz sözlərlə yuxumdakı sözlərin eyni olmasını bir təsadüf hesab edirəm. Lakin son gecə yenə də həmin yuxunu gördüm. Cənab, bu nə deməkdir? Həmin sözləri siz də eşitmisiniz. Biz indi nə edəcəyik?

Felisenin üzündə dəhşət ifadəsi vardı. O, balaca əllərini birbirinə sıxaraq mərhəmət diləyirmiş kimi gözlərini Cekə dikmişdi. Cek isə özünü soyuqqanlı göstərməyə çalışdı.

- Hər şey öz qaydasındadır, mademuazel Marşad. Narahat olmayın. Əgər etiraz etməsəydiniz, sizə bir şey demək istərdim. Sizə məsləhət görürəm ki, bütün bu əhvalatı olduğu kimi bu mehmanxanada yaşayan dostum Doktor Lavinqtona danışasınız. 

Felise bu təklifə razı olduğunu bildirən kimi Cek Lavinqtonu axtarmaq üçün otaqdan çıxdı və az keçməmiş onunla birlikdə qayıdıb gəldi.

Lavinqton Cekin tələsik izahatına qulaq asa-asa qızı başdan-ayağa diqqətlə süzdü. Bir - iki kəlmə ilə onu sakitləşdirdikdən sonra öz növbəsində qızın əhvalatını diqqətlə dinlədi.

- Çox qəribədir. Siz bunları atanıza demisinizmi?- qız sözünü qurtardıqdan sonra həkim soruşdu.

 

A.Kristi "Mavi kuzənin sirri" - 4

 

Felise başını buladı. Onun gözləri yaşarmışdı:

- Mən onu narahat etmək istəmədim. O hələ də ağır xəstədir. Mən atamdan onu həyəcanlandıra biləcək hər şeyi gizlədirəm.

Lavinqton səmimi halda dedi:

- Sizi başa düşürəm. Şadam ki, bizə müraciət etmisiniz, mademuazel Marşad. Bildiyiniz kimi Hartinqtonun da başına sizinkinə oxşar bir əhvalat gəlib. Belə zənn edirəm ki, indi biz düzgün yoldayıq. Dediklərinizə daha bir şey əlavə edə bilərsinizmi?

Felise diksinən kimi oldu:

- Əlbəttə! Mən necə də axmağam. Bütün əhvalatın canı da elə bundadır. Bir bura baxın, cənab. Mən bunu şkaflardan birinin dalından tapmışam. Sürüşüb rəfin arxasına düşübmüş.

Qız sulu boya ilə kağız üzərində səliqəsiz çəkilmiş bir qadın şəklini onlara göstərdi. Bu adi rəssam cızmaqarası idi, lakin rəsmdəki qadın hündürboy və gözəl idi. Sifətində güclə sezilən, ingilislərə xas olmayan bir ifadə vardı. Qadın üstündə mavi rəngli çini kuzə olan stolun yanında dayanmışdı.

- Mən bunu elə bu gün səhər tapmışam, - deyə Felise izah etdi. - Cənab doktor, bu mənim yuxuda gördüyüm qadın, bu isə həmin mavi kuzədir.

Lavinqton çəkilən rəsmin şərhini verdi:

- Çox qəribədir. Aydındır ki, sirrin canı bu mavi kuzədədir. Bu kuzə Çində düzəldilənə oxşayır. Özü də, görünür, çox qədimdir. Göründüyü kimi üstündə yapma naxış var.

Cek onun sözünə qüvvət verdi:

- Düzdür, Çində düzəlib. Əmimin kolleksiyasında tamamilə buna bənzərini görmüşəm. Elə lap bu yaxınlarda. Mənim əmim Çində düzəldilmiş çini qabların məşhur kolleksioneridir.

- Çində düzəldilmiş kuzə,- deyə Lavinqton fikrə daldı. Bir-iki dəqiqədən sonra dərin fikirdən ayrılıb gözlənilmədən başını yuxarı qaldırdı. Onun gözlərində qəribə bir parıltı vardı.

- Hartinqton, bu kuzə əminizdə çoxdandırmı?

- Çoxdan? Doğrusu, bilmirəm.

- Yaxşı- yaxşı fikirləşin. Onu bu yaxınlardamı alıb?

- Bilmirəm. Bəli, bəli. İndi yadıma düşdü. Məni çini qablar o qədər də maraqlandırmır, ancaq əmimin təzə aldığı şeyləri mənə göstərməsi yadımdadır. Bu kuzə də o, şeylərin arasında idi.

- İki aydan az olardımı? Ternerlər kottecdən ikicə aydır ki, köçüblər.

- Bəli, tamamilə doğrudur.

- Əminiz hərrac bazarında olurmu?

- Həmişə olur.

- Belə olan halda qətiyyətlə demək olar ki, əminiz həmin çini qabı Ternerlərin ev əşyaları satılan zaman alıb. Burada qəribə bir uyğunluq var və ya ola bilsin ki, qaranlıq olan bir həqiqəti aşkar etmək mümkün oldu. Hartinqton, siz elə bu dəqiqə əminizdən kuzəni haradan aldığını öyrənməlisiniz.

Cek məyus oldu:

- Qorxuram ki, bu mümkün olmasın. Corc əmi indi səfərdədir. Harada olduğunu da bilmirəm.

- O nə vaxt qayıdacaq?

- Üç həftədən, uzaq başı bir aydan sonra.

Araya sükut çökdü. Felise narahat halda gah Cekə, gah da Lavinqtona baxırdı.

- Yəni bir şey etmək olmaz? - qız təşviş içində soruşdu.

Lavinqton həyəcanını güclə gizlədərək dedi:

- Olar, ancaq burda bir şey var. Ola bilsin ki, mənim təklifim sizə qəribə görünsün, amma inanıram ki, yeganə çıxış yolu budur. Hartinqton, siz kuzəni bura gətirməlisiniz. Əgər xanım icazə versə, mavi kuzəni də özümüzlə götürmək şərtilə biz bir gecəmizi kottecdə keçirərik.

Cek tüklərinin biz-biz olduğunu hiss etdi və həyəcanla soruşdu:

- Sizcə nə baş verəcək?

- Heç özüm də bilmirəm, amma inanıram ki, sirr açılacaq və kabus məzarına qaydacaq. Bəlkə də kuzənin dibi iki çatdan ibarətdir və tamamilə mümkündür ki, onun içində nəsə gizlədilib. Əgər heç bir hadisə baş verməsə, gərək bu vəziyyətdən bir çıxış yolu tapaq.

Felise əllərini bir-birinə sıxaraq həyəcanla dedi:

- Əla fikirdir.

Qızın gözləri sevincdən parıldayırdı. Ceksə özünü o qədər də rahat hiss etmirdi. Əslində, daxilən yaman qorxuya düşmüşdü, lakin ölsə də Felisenin yanında öz qorxusunu bürüzə verməzdi. Həkimsə özünü elə aparırdı ki, sanki dünyada təbii bir şeyi təklif etmişdi.

Felise Cekə sarı dönərək soruşdu:

- Siz kuzəni nə vaxt gətirə bilərsiniz?

- Sabah,- deyə Cek könülsüz halda dilləndi.

İndi işi axıra çatdırılmalı idi. Cekə onu hər səhər heyrətə salan dəhşətli qışqırtıdan birdəfəlik yaxa qurtarmaq və bütün hadisəni tamamilə unutmaq lazım idi.

Ardı var...

20 iyul 2015
GO BACK