Qadin.NET / A.Kristi "Mavi kuzənin sirri" - 3

A.Kristi "Mavi kuzənin sirri" - 3

 

A.Kristi "Mavi kuzənin sirri" - 3

 

- Sizin istehzanızı anlayıram, lakin biz cismimizdən ayrı mövcud ola bilən bir şeyi nə cürsə adlandırmalıyıq. Bilirsinizmi, cavan oğlan, sizin cisminizlə ruhunuz vəhdət təşkil etməlidir. Xeyr, bu heç də ruhanilərin uydurması deyil. Biz buna ruh və yaxud şüur da deyə bilərik, və ya bunu başqa cürə də adlandıra bilərik. Siz indicə məndən incidiniz, lakin sizin kimi sağlam bir cavanın qarabasmadan əziyyət çəkməsi, az qala dəli olması mənə doğurdan da, çox qəribə və maraqlı göründü.

- Yaxşı, mənim başıma hava gəlib. Lap dəli olmuşam.

- Belə dedyim üçün məni bağışlayın, ancaq buna inanmıram.

- Məni qara basır.

- Nahardan sonra?

- Xeyr, səhər tezdən.

- Ola bilməz,- deyə həkim öz sönmüş qəlyanını yenidən yandırdı.

- Deyirəm ki, mən heç kəsin eşitmədiyi şeyləri eşidirəm.

- Min adamdan yalnız biri Yupiterin peyklərini görə bilər. Yerdə qalan doqquz yüz doxsan doqquz nəfərin bu peykləri görməsi heç də o demək deyil ki, onlar mövcud deyil. Bu mininci adamı da “lunatik”adlandırmağa heç bir səbəb yoxdur.

- Yupiterin peyklərinin olması sübuta yetmiş elmi faktdır.

- Bu gün bizim qarabasma adlandırdığımız hadisələrin sabah elmi cəhətdən sübuta yetməsi tamamilə mümkündür.

Lavinqtonun sözlərindəki məntiq Cekə təsir elədi. O, özünü birdən-birə hədsiz dərəcədə rahat və gümrah hiss etdi. Həkim bir-iki dəqiqəliyə onu diqqətlə süzüb, sonra razı halda başıyla təsdiqlədi:

- Yaxşı ki, sakitləşdiniz,- deyə həkim dilləndi. – Siz cavanların bədbəxtçiliyi ondadır ki, öz fəlsəfənizdən kənara çıxa bilmirsiniz.

Dərk edə bilmədiyiniz bir şeylə qarşılaşanda dərhal özünüzü itirir və qorxuya düşürsünüz. İndisə deyin görək, nə səbəbə özünüzü

dəli adlandırırsınız? Yalnız bundan sonra müəyyən bir qərara gəlmək olar.

Başına gələnləri bacardıqca düzgün danışmağa çalışan Cek söhbətini belə tamamladı:

- Mən ancaq bircə şeyi anlaya bilmirəm, niyə bu gün səs beş dəqiqə gec, yəni səkkizin yarısında eşidildi?

Lavinqton bir-iki dəqiqə fikrə getdi, sonra soruşdu:

- İndi saatınız neçədir?

- Səkkizə on beş dəqiqə qalır, - deyə Cek cavab verdi.

- Onda hər şey aydındır. Mənim saatımda səkkizə iyirmi dəqiqə qalıb. Demək, sizin saatınız beş dəqiqə irəlidir. Bu isə vacib faktdır.

- Nə mənada? – Cek maraqlanmağa başladı.

- O mənada ki, bu fakt hadisəni asanca izah etməyə imkan verir; birinci dəfə ola bilsin ki, kimsə sizinlə zarafat edib, bəlkə də etməyib - hər halda siz qışqırtını eşitmisiniz. Bundan sonra özünüzü inandırmısınız ki, bu səsi səhər eyni bir vaxtda eşidirsiniz.

- Xeyr, əminəm ki, bu belə deyil.

- Əlbəttə, bilirsiz ki, bəzən bizim iradəmizdən asılı olmayaraq qəribə şeylər baş verir, lakin hər halda hadisəni belə tərzdə izah etmək düzgün olmazdı. Əgər siz özünüzü həqiqətən inandırmış olsaydınız, qışqırtını öz saatınızla səkkizə iyirmi beş dəqiqə işləmiş eşidərdiniz. Ancaq indi sözünüzdən belə çıxır ki, son dəfə qışqırtı həmişəkindən bir az gec eşidilmişdir.

- Yaxşı, bəs sonra?

- Bu ki, aydındır, elə deyilmi? Köməyə çağıran bu səs hardansa tamamilə müəyyən bir yerdən və müəyyən vaxtda gəlir. Deməli,

belə bir nəticəyə gəlirik ki, qışqırtı səkkizə iyirmi beş dəqiqə işləmiş, hardansa kottecin yaxınlığından gəlir.

 

A.Kristi "Mavi kuzənin sirri" - 3

 

 

- Yaxşı, onda bu qışqırtını niyə məhz təkcə mən eşidirəm? İş orasındadır ki, mən nə kabusların varlığına, nə də bu kimi başqa şeylərə inanmıram. Belə olan halda, niyə axı təkcə mən bu lənətə gəlmiş qışqırtını eşidirəm?

- Hə, deməli, belədir; hələlik indi biz bunu söyləyə bilmərik. Elə adamlar var ki, onlar başqalarının görmədiyi və eşitmədiyi şeyləri görür və eşidirlər. Biz bunu bilmirik. Həmin adamlar fövqəlada bir qabiliyyətə malik olduqlarını anlamır və belə güman edirlər ki, onları qara basır – lap elə sizin kimi. Şübhəsiz, bir gün gələcək ki, biz sizin qışqırtını eşitməyiniz, mənim və qızın eşitməməyimizin də səbəbini öyrənəcəyik. Hər şeyə təbiət qanunları hökmdardır. Hazırda bizim qeyri-adi sandığımız hadisələr əslində heç də qeyri-adi deyil. Şüurumuzda, psixikamızda baş verən hadisələrə cavab tapmaq hələ çox çətindir.

- Bəs indi mən nə edim? – Cek soruşdu.

Lavinqton güldü:

- Yaxşı, mənim qəşəng dostum, yaxşıca səhər yeməyinizi yeyib, gedin şəhərə. Çalışın ki, başa düşmədiyiniz şeylər haqqında düşünməyəsiniz. Mən isə bir sıra şeyləri aydınlaşdırmalıyam. Cek, növbədə arxamızdakı kottec haqqında məlumat toplamaq

lazımdır. Mən əminəm ki, sirrin açarı oradadır.

Cek ayağa qalxdı:

- Yaxşı, ser. Mən hər şeyə hazıram, ancaq deyirəm ki...

- Bəli?

Cek utandığından qızardı və dodaqaltı mızıldadı:

- Əminəm ki, qızın bu işdə əli yoxdur.

Lavinqtonun kefi açıldı:

- Siz mənə onun necə gözəl bir qız olduğu barədə heç nə deməmisiniz! Yaxşı, kefinizi pozmayın. Zənnimcə, qızın bu sirrə heç bir dəxli yoxdur. Hər nə olubsa, qız bura köçməzdən əvvəl olub.

Cek həmin axşam evə qayıdıb böyük səbirsizliklə yeni xəbərlər gözləyirdi. İndi o, Lavinqtona kor-koranə inanırdı. Həkimin bütün əhvalatı təbii bir hal kimi qəbul etməsi, özünü çox sakit və təmkinli aparması Cekə böyük təsir bağışlamışdı. 

Cek nahar etmək üçün aşağı enəndə gördü ki, təzə dostu salonda onun yolunu gözləyir. Həkim təklif etdi ki, onlar bir stolda nahar edəcəklər.

Cek narahat halda soruşdu:

- Təzə bir xəbər varmı, ser?

- Mən kottec barəsində hər şeyi əldə etmişəm. Əvvəllər bu kottecdə qoca bağbanla arvadı qalırmış. Sonradan qoca ölmüş, arvadı isə qızının yanına köçmüşdür. Daha sonra kottec bir inşaatçının əlinə keçmiş və o, evi şəhərdə yaşayan bir centlmenə satmışdır. Həmin centlmen kottecdə yalnız istirahət günlərini keçirirmiş. Bir il bundan əvvəl isə ev Terner familiyalı şəxsə satılmışdı. Onlar ər-arvad idilər. Deyirlər ki, onlar çox qəribə adamlarmış. Kişi ingilis imiş, arvadının isə bir tərəfi deyilənə görə, rus imiş, həm də hədsiz gözəl imiş. Onun gözəl, eqzotik baxışları varmış. Onlar çox sakit həyat keçirir, heç kəslə görüşmür, kottecin bağından qırağa belə çıxmırmışlar. Yerli

camaatın yaydığı şaiyəyə görə, onlar nədənsə qorxurlarmış. Amma mənim buna inanmağım gəlmir və günlərin birində onlar gözlənilmədən yığışıb gedirlər və bir daha qayıtmırlar. Az sonra mister Terner Londondan göndərdiyi məktubda yerli vəkillərdən xahiş edir ki, kotteci mümkün qədər tez satsınlar. Ev əşyaları satıldıqdan sonra, kotteci mister Maumverer alır. Ancaq o da bu evdə ikicə həftə yaşadıqdan sonra, onun satılması haqda elan verir. Kottecdə indi yaşayanlar, vərəmli fransız professoru və onun qızıdır. Onlar cəmi on gündür ki, buraya köçüblər.

Cek deyilənləri sakitcə dinlədi və axırda dedi:

- Bütün bunlar bizi sirrin açılmasına zərrə qədər də, kömək etmir, elə deyilmi?

Lavinqton sakit bir tərzdə dedi:

- Məni ən çox Ternerlər maraqlandırır. Əgər xatirinizdədirsə, mən dedim ki, onlar sübh tezdən çıxıb gediblərmiş. Mən belə güman edirəm ki, onların getməyini heç əməlli-başlı görən də olmayıb. Mister Terneri sonralar görüblər, lakin missis Terneri hələ gördüm deyən olmayıb.

Cekin rəngi qaçdı:

- Bu ola bilməz... yəni deyirsiniz ki...

- Cavan oğlan, həyəcanlanmayın. Hər bir kəsin ölüm ayağında xüsusən zorakı ölüm ayağında - ətraf mühitə təsiri çox güclü olur. Çox güman ki, bu təsir ətraf aləmə sirayət edir və sonradan müvafiq dalğada qurulmuş qəbulediciyə ötürülür- bu halda sizin qəbul etdiyiniz kimi.

- Bəs nə üçün, mən? – Cek çılğınlıqla etiraz etdi.

- Siz hər hansı bir fövqəl qüvvəyə kor-koranə və mexaniki şəkildə deyil, onu məqsədyönlü şəkildə qəbul etməyə çalışırsız. Mən özüm isə bunlara o qədər də inanmıram. Həyatda elə şeylər baş verir ki, hiss edirsən ki, bu gün gördüyün hər hansı bir hadisəni eyni ilə nə vaxtsa görmüsən. Baş vermiş hadisələrin bəziləri həqiqətə tamamilə uyğun gəlir, yəni eyni bir vaxtda üst-üstə düşür. Başqa bir fövqəltəbii qüvvə yeraltı təkanların baş verməsidir ki, bu barədə də həmişə məlum olmayan faktlarla rastlaşmalı olursan... Sizsə hər bir şeyin diqqətinə varmağına çalışırsınız.

Ardı var...

19 iyul 2015
GO BACK