Qadin.NET / Erix Mariya Remark "Zəfər tağı"

Erix Mariya Remark "Zəfər tağı"

 

XX əsr görkəmli alman yazıçısı, alman ədəbiyyatının klassiki Erix Mariya Remark "Zəfər tağı" romanını 1945-ci ildə yazıb. Roman ilk dəfə elə həmin ildə ABŞ-da, bir il sonra isə alman dilində nəşr edilmişdir, çünki o zamanlar Remark hələ də özünə doğma saymadığı Amerikada mühacir idi.

Romanın süjeti:

Hadisələr 1939-cu il Fransada cərəyan edir. Ravik Birinci Dünya Müharibəsi iştirakçısı, alman cərrahıdır. Bir vaxtlar gestapo zabiti Haake ona işgəncə vermişdi və eyni zamanda onun işgəncələrə dözməyən qadını Sibilla da intihar etmişdi. Bundan sonra Ravik Fransaya qaçmış və burada ixtisasca özündən zəif cərrahların yanında işləməyə məhkum olmuşdu. Ravikin sənədləri olmadığı üçün Fransada gizli yaşayırdı. Həkimlikdən qazandığını içkiyə və qadınlara xərcləyirdi. Beynində zabit Haakedən intiqam almaq fikri ilə yaşayırdı. Bir gün o özünü körpüdən atmaq istəyən italyan aktrisası Joan Madunu xilas edir. Beləcə onların tanışlığı başlayır. Daha sonra Raviklə Joan arasında maraqlı və qəribə bir sevgi macərası yaşanır, bu macəra Ravikin Fransadan deportasiya olunmasına qədər davam edir. Onlar arasında əlaqə Ravik yenidən Fransaya qayıtdıqda başlayır. Amma artıq hər şey dəyişmişdir, əvvəlki münasibətləri bərpa etmək mümkün olmur. Joan Ravikin qayıtmayacağını yəqin edərək başqası ilə yaşayır, Ravik isə bunu qəbul etmir. Baş qəhrəman nəhayət ki, öz düşmənini, Haakeni meşəyə aparıb qətl törədir. Romanın sonunda müharibə başlayır. Joan münasibətdə olduğu qısqanc aktyordan ölümcül güllə yarası alır, Ravik isə onların mehmanxanasında axtarış aparan polislərə sakitcə təslim olur.

Roman haqqında düşündüklərim:

Mənbələrdə rast gəldim ki, romanın baş qəhrəmanlarından biri olan Joan Madu ABŞ və Almaniya aktrisası və müğənnisi Marlen Ditrixin prototipidir. Belə ki, yazıçı Remark özü də başqa ölkədə mühacir kimi yaşamışdır, müğənni Ditrixlə sevgi macəraları olub. Marlen Ditrixin həyatını oxuduqdan sonra məlumatım oldu ki, onun taleyində Remarkdan sonra doğurdan da bir aktyor sevgilisi olub (fransız aktyoru Jan Qaben) və onun digərlərindən daha çox sevib. Belə olduqda romanı avtobioqrafiya romanı da hesab etmək mümkündür. Belə ki, baş qəhrəmanlar Ravik və Joan həyatdakı qəhrəmanlarla paralellik təşkil edir. Bəlkə də yazıçı bununla yaxınlaşan ikinci müharibənin bütün dəhşətlərini qələmə almaq istəyib və öz həyatında baş verənləri də romana daxil etmişdir. Öz həyatında baş verən hadisələri və hiss etdiklərini sitatlarla oxucuya çatdırması, bütövlükdə bu üst-üstə düşmələr zənnimcə romanın xeyrinə olmuşdur. Romanda hər obrazın ayrı-ayrlıqda mənəvi dünyasının xüsusi bir yazıçılıq ustalığı ilə göstərilməsi diqqətimdən yayınmadı. Oxuduqca bu cür insanların obrazlıqdan çıxıb həqiqətən həyatda yaşamaları fikri zehnimdə formalaşdı.
"Zəfər tağı" romanının bir xüsusiyyəti də budur ki, hadisələrin süjet xətti məhəbbət üzərində qurulmayıb, sevgi bu romanda ikinci planda qalır. Birinci planda isə roman qəhrəmanlarının xarakter və emosiyaları qabardılır. Məhz bu səbəbdən psixoloji aspektdən də  romanın oxunulması faydalıdır. Müəllif demək olar, hər ifadəsi ilə düşündürməyə vadar edir. Romanda qurulmuş dialoqları o qədər bəyəndim ki, deyərdim, indiyə qədər oxuduğum kitablardan rast gəldiyim ən gözəl dialoqlar idi. Baş qəhrəmanlardan Ravikin öz sevgisini sınaqdan keçirməsi, öz hisslərini götür-qoy etməsi roman boyu oxucunu təsir altında saxlayır. Ravikin keşmişini unutmaq üçün ən böyük təsəllisini işində tapması və bir cərrah kimi işinə hədsiz həvəs və diqqətlə yanaşmasını motivasiya edici xüsusiyyətlərə daxil etdim. Bununla yanaşı qəhrəmanın daxili sıxıntılarını yaxından anlamaq mümkündür, Ravik heç nəyə vərdiş etmək, bağlanmaq istəmir, o cümlədən Joana da, səbəb belə bir dünyada, belə bir dövrdə yaşaması və bir qarışqa kimi yeni bir yuva qurmağın mənasız olduğunu hesab etməsində idi. Onsuz da müharibə hər şeyi məhv edib dağıdacaqdı. Hər cür şəraiti ilə mühacir həyatı yaşayan insanlar özünümüdafiəyə, sərbəst olmağa və tənhalığa məhkum idilər.
Amma birdən-birə Joanın Ravikin həyatına daxil olması ilə hər şey dəyişir. Ravikin ağlına da gəlməzdi ki o, yenidən kimisə sevə bilər. Özünün də romanda Morozova dediyi kimi, sevgi elə bir şeydir ki, nə zaman gələcəyini bildirməz və kimə aşiq olduğunu da fərq etməzsən, o sadəcə gələr, vəssalam! Sonralar Ravik anlayır ki, daxilində çoxdan gömdüyü məhəbbət hisslərini Joana qarşı qoya bilmir və Joan Madu tilsimlənmiş bataqlıq kimi onu özünə çəkir. Bu mənada Ravikin qadın incəliyindən, yumşaqlığından və sevgisindən niyə qaçmağa çalışdığını başa düşmək çətin deyil. Üstəlik də Joanın israrlı sevgi hisslərindən qurtulmaq asan məsələ deyildi. Ravik birinci sevgilisi  Sibillanı faciəvi şəkildə itirdikdən sonra ikinci bir bağlılıq istəməməkdə özlüyündə haqlı idi. Ancaq nə qədər səy göstərsə də, ikinci asılılıqdan da qurtula bilmədi, özünü bütünüylə Joanın ağuşuna təslim etdi. Ravik çox keçmədi ki, quru və eqoist insandan qayğıkeş və mülayim birisinə çevrildi. Məhəbbətin möcüzəsi ifadəsini işlətsəm, yanlışa yol vermərəm bu yerdə. "Qadın böyük qüvvədir" deyimini də xatırladım qadınların xeyrinə danışım bir az da. Bəli! Qadın həssaslığı və sevgisi Ravik kimi möhkəm xarakterli kişiləri də dəyişməyə qadirmiş. Romanda hətta Ravikin öz maaşını artırlmasını istəməsi və sevdiyi qadın uğruna öz prinsiplərindən əl çəkməsinə də rastlayırıq. Təəssüf ki, Joan bunları anlaya bilmir və Raviki lazım olduğu kimi qiymətləndirə bilmir. Joana daha çox maddiyyat lazım idi, daha çox parıltı onun sevgisini üstələyirdi. Ravik də başa düşürdü ki, Joan artıq kəpənək kimi alova doğru uçmaqdadır və onların məhəbbət haqqındakı dünyagörüşləri fərqlidir. Buna görə də Ravikin Fransadan deportasiyası zamanı Joan sevgilisini gözləmədən tez bir zamanda onu başqası ilə asanlıqla əvəz edir və sevgisini də unudur. Bu yerdə oxucu Joana əsəbiləşə də bilər, yaxud haqq qazandıra da bilər. Baxış acısı fərqli ola bilər. O dövrkü müharibə şəraitinə görə baxılsa, Joan bəlkə də düzgün qərar qəbul etmişdi, həm də Ravikin xarakteri elə idi ki, dəqiq nə istədiyini, gələcək planlarını əminliklə Joana bildirmirdi. Zəif xarakterli Joanın bu cür hərəkəti hardasa gözlənilən idi. Ravik deportasiyadan qayıtdıqdan sonra Joanın həyatında ikinci kişi olmağa razılıq vermir və o da özlüyündə haqlı idi.
 

Erix Mariya Remark "Zəfər tağı"

Roman haqqında uzun-uzadı danışmaq, hər xarakteri ayrılıqda təhlil etmək olar, amma sizləri uzunçuluqla yormayım ki, maraqlı gəlsin, özünüz də oxuyasınız. Romanın mənə görə ən təsirli səhnəsi xəstəxanada Joanın Ravikin qolları arasında can verməsi səhnəsidir. Özünə inamlı bir cərrah kimi Ravik ikinci dəfə sevdiyi qadını itirir və heç cürə buna əngəl ola bilmir. Bu da ölümlü insan həyatının acı gerçəklərindən biri kimi oxucunu təsirləndirməyə bilməz. Orda Ravikin bir cümləsi var, deyir "Mən etdiyim bu işi bir baytar həkimi də edə bilərdi, ancaq dərd burasındadır ki, bundan başqa heç nə etmək mümkün deyil". Həqiqətən də, biz insanlar başımıza gələn bir çox hadisələrdə bu cür aciz qalmağa məhkum varlıqlarıq. Bu gerçəyi sakitcə qəbul etməkdən başqa əlacımız, çarəmiz yoxdur.
Ən qıcıq olduğum xarakter tibb bacısı Ejeni, romanın sonunda ondan bir satqınlıq gözləyirdim onsuz da.
Kriminal səhnə barədə yazmayacağam, düşünürəm ki, bu səhnəsiz roman kişilər üçün maraqsız olardı. Belə intiqamı qəhrəmanımıza yaraşdırmadım.

Erix Mariya Remark "Zəfər tağı"

Və əsas məsələ: romanda o qədər içki reklam edilib ki, kalvadosun adını əzbərləmişəm. A başına dönüm, bu qədər reklam olar? Vallah, bu roman içməyəni də içməyə məcbur edər.
Mənbələrdə rast gəldim ki, "Zəfər tağı" romanı əvvəlcə bir kino ssenarisi kimi düşünülmüşdü və baş rolu Marlen Ditrix oynamalı idi. Lakin sonrakı hadisələr, Remarkla Ditrixin ayrılması hadisəsi buna mane olub. Onlar ayrıldığı zaman roman hələ bitməmişdi. Bu da məlumdur ki, Remark öz gündəliklərində və məktiblarında bir müddət imzasını Ravik olaraq qeyd etmişdi.
Romanın mərkəzində alman faşistlərinin Vətənlərindən didərgin saldığı insanların faciəli həyatı dayanır. Romanın uğuru onu oxuduqca bir film təsiri bağışlaması, maraqlı, canlı obrazları, əvvəldə qeyd etdiyim kimi gözəl qurulmuş dialoqlarıdır zənnimcə. Yazıçı Remarkın özünün də dialorları ilə qürrələnməsi boşuna deyilmiş. Heç romana çəkilmiş filmlərdə belə dialoqlar kitabdakı qədər təsirli alınmayıb. Yeri gəlmişkən roman əsasında çəkilmiş hər iki filmi (1948 və 1985) istehsallarını izlədim. Məsləhət görürəm 1948-ci ilə istehsalı olan dramı izləyəsiniz, çünki kitabla uyğunluq o filmdə daha çoxdur. Və sonda, yenə də gözəl tərcümə üçün dəyərli filoloq Vilayət Hacıyevə təşəkkürlər. Onun tərcümələrini zövqlə oxuyuram.

Erix Mariya Remark "Zəfər tağı"

Romandan bəyəndiyim hissələr:

- Mən xeyirxah xidmətlər bürosu deyiləm!
- Ən yaxşı xasiyyətlər həyasız adamlara verilib, ən dözülməz adamlar isə idealpərəstdirlər.
- Bakirəlik hələ uzaqgörənlik demək deyil, Ejeni!
- Heç nə təkrar olunmur, Ket. Biz özümüz özümüzü təkrar edirik, vəssalam.
- Həqiqətlərlə barışa-barışa da yas saxlamaq olar. Yalnız belə dözmək mümkündür. Dözüm heç vaxt olmur. Təkcə hər şeyə öyrəşmək mümkündür…
- Lap möcüzədir bu məhəbbət! Təkcə gündəlik həyatın tutqun səması, rəngarəng göy qurşağı deyil, həm də dünyanın ən iyrənc şeylərini gözəllik donunda göstərir... həm möcüzədir, həm də taleyin ən acı kinayəsi...
- Həyat faktları çox adi və bayağıdır. Onları canlandıran bizim fantaziyalarımızdır.
- Sevməyən adam dünyaya məzuniyyətə gələn ölüdür!
- Həyatın çox yaxşı qanunu var, heç nə gözləmirsənsə, məyus olmayacaqsan. Sonrakılar o qədər də təsirli olmur.
- Gecələr zaman dayanır, təkcə saatlar işləyir.
- Bu necə məhəbbətdir ki, hər gecə yuxu səni mənim əlimdən alır.
- Məhəbbət qadını ağıllandırır, kişini isə dayazlaşdırır.
- Qadından canını qurtarmaq istəyirsənsə, ona iki-üç günlüyünə görmədiyi bir həyat bəxş elə.
- Tanımadığına daha çox inanmaq adamın qanında var.
- Get fəxr elə ki, romantiksən! Bu da bəşəriyyətin həyat himni!
- Sevən adam möcüzəyə inanmırsa, batıb!
- İzaha başlayırsansa, deməli özünü müdafiə edirsən.
- Əgər şübhə dalğası bülluru bir dəfə sındırıbsa, onu, uzaqbaşı yapşdırmaq olur. Yapışdırılıb, bir vaxt işım-işım işıldayan büllurun sınıq parıltısına baxa-baxa özünü aldadırsan. Yox, heç nəyi qaytarmaq olmaz, heç nəyi ilkin şəklinə salmaq mümkün deyil.
- Bu kitablar da qəribə olmuşdu, Ravik getdikcə mehrini onlara salırdı. Düzdür, onlar hər şeyi əvəz eləyə bilmirdi, ancaq Ravikə çox şeyin verə bilmədyini bəxş edirdi.
- Deyirsən, dost olaq? Sel aparmış gül bağçasının yerində balaca bir bostan əkək? Yox, bacarmarıq! Məhəbbəti dostluq ilə ləkələmək olmaz! Ayrılıq ayrılıqdır!
- Adam qəti qərara gələn kimi sakitləşir, fərqi yoxdur, qoy bu qərar heç bir məntiqə sığmasın!

29 mart 2015
GO BACK