Qadin.NET / Rick Roirdan "Şimşək oğrusu"

Rick Roirdan "Şimşək oğrusu"

Bir gün biri qarşınıza çıxır və sizə əfsanəvi antik Yunan tanrılarının real olduğunu və hələ də yaşadıqlarını deyir. Beləcə ailənizdən birinin bu tanrılardan biri olduğunu öyrənirsiniz. Qeyri-adi güclərə sahib olduğunuzu kəşf edirsiniz. Bütün bunlarla yanaşı mifoloji canavarlar da sizi öldürmək üçün izləyir. Bütün bunları öyrəndikdən sonra nə edərsiniz? Necə reaksiya verərsiniz? Percynin etdiyini etməyiniz çox güman ki, ən doğru yol olar. Percy nə etdi? Əsəri oxuyun, görərsiniz.

“Percy Jackson və şimşək oğrusu” əsəri 17 ədəd mükafata layiq görülmüş bir əsərdir. Əgər antik yunan tarixini, əfsanələrini və eləcə də fantastika janrını sevirsinizsə, o zaman bu əsər tam sizə görədir. Əsərdə bir-birindən maraqlı hadisələr, döyüş səhnələri təsvir edilibdir.

 

Rick Roirdan "Şimşək oğrusu"

 

Percy Jackson 12 yaşında bir oğlandır və bir gün yarı tanrı, yarı insan olduğunu öyrənir, amma buna inanmır. Çünki bu bir absurddur. Amma cərəyan edən hadisələr onun inancının əksini göstərir. Bir-birinin ardınca Minotor, Cəhənnəm tazısı, Furrialar onun üzərinə hücum edir. Bu artıq Percynin inanmağına səbəb olur. Ən yaxın dostu isə yarı insan, yarı keçi çıxır. Bu da onu heyrətə düşürən və çaşdıran bir hal olur. Dostunun köməkliyi ilə bir düşərgəyə gəlir: “Qarışımlar düşərgəsi”. Mən əsəri türk dilindən oxudum. Orada düşəgənin adı “Melezler kampı” olaraq gedir. Melez yarı insan, yarı tanrı deməkdir. Mənsə, buna öz dilimizdə bir qarşılıq taparaq qarışımlar və ya qarışıqlar deyirəm. Çünki bir sözlə ifadə etmək lazım gələndə ən uyğun ifadə bu olur. Daha yaxşı versiyası olan olsa, buyurub deyə bilər.

Bu düşərgədə Percy kimi yarı tanrı və yarı insan olanlar yaşayır. Onlardan üç tanrının uşaqları daha güclü olur və digər varlıqlar üçün daha təhlükəli olur deyə onlar daim təqib edilir. Onlar üçün isə ən təhlükəsiz yer məhz bu düşərgə olur. Yunan tanrılarını yəqin ki, bir çoxumuz tanıyırıq: Zevs, Paseydon, Hades, Atena, Ares və s. və i. Onların hamısının övladları var və hamısı da məhz bu düşərgədədir. Təkcə üç böyük tanrıdan başqa: Zevs, Poseydon və Hades.

 

Rick Roirdan "Şimşək oğrusu"

 

 

Bu üç tanrı ilə əlaqəli övladlar barədə çox açıqlama etməyəcəyəm. Çünki əsərin mənası qaçmış olar. Hadisələr bir-birinin ardınca cərəyan edir və Percy daim təhlükələrlə üzləşir. Anasını Minotor öldürür, amma  sonradan öyrənir ki, anası hələ tam ölmüş sayılmır. Onu xilas etmək mümkündür. O, müəlliminin tapşırığı ilə iki dostu: Kıvırcık və Atena tanrısının qızı ilə yeraltı dünyaya səyahətə gedir. Yeraltı dünyasının tanrısı onun əmisidir. Çünki o, dəniz tanrısı Paseydonun oğludur. Zevsin dünyanın ilk silahı olan şimşəyi oğurlanıb və Percy oğru olaraq bilinir. Dünyada olan bütün mifoloji varlıqlar şimşəyi ələ keçirmək üçün onu izləyir. Amma Percynin şimşəkdən xəbəri yoxdur. Bəs şimşəyi kim oğurlayıb? Tanrılar arasında müharibə yaranmağını kim istəyir? Zevs Paseydonu günahlandırır, onun oğlu ilə əlbir olduğunu düşünür və yay gündönümünə qədər şimşəyi gətirməsələr, müharibə başlayacağını bildirir. Hər kəs təlaş içindədir. İş burasındadır ki, təkcə Zevsin deyil, Hadesin də silahı oğurlanmışdır və o, bunu heç kimə bildirmir. Çünki digər tanrıların ona gülməyini istəmir. O da oğrunun qardaşı oğlu Percy olduğunu düşünür. Hadisələrin sonu necə olur? Buyurun, əsəri oxuyun və özünüz görün. Əminəm ki, əsəri oxuyandan sonra zamanınızı boşa itirməyəcəyinizi görəcəksiniz.

 

Rick Roirdan "Şimşək oğrusu"

 

 

Onu da nəzərinizə çatdırım ki, bu tanrıların dövrü üçüncü dövr hesab edilir. Ən ilkəl dövr titanlardan əvəvlki dövrdür. Ikinci dövr isə titanların dövrü olur. İkici dövrdə Kronos adlı titan bütün canlılara hökmranlıq edir və oğullarının (Zevs, Poseydon və Hades) ona qalib gəlməyindən qorxur. Buna görə də onlar uşaq ikən Kronos onları udur. Zevs qaçıb gizlənə bilir. Digərləri tanrı olduğuna görə həzm olmur və böyüyərək inkişaf edirlər. Zevs atasına qalib gəlir və onu hissələrə ayıraraq hər hissəsini dünyanın ən ucqar və dərin yerlərinə atır. Tanrılar ölümsüz olur deyə Kronos əslində ölmüş hesab edilmir. Ən güclü hissəsi Yeraltı dünyasındakı Tartarus uçurumunda olur və o, daim bu dünyadakı insanların yuxularına girərək onlara kabuslar göstərir. Eləcə də özünə tərəfdarlar axtararaq yenidən qayıtmağa və hakimiyyəti ələ gətirməyə çalışır. Onun bu missiyasında uğurlu olub-olmadığını epopeyanın digər hissələrindən oxuya bilərsiniz. İndi sırf birinci cilddən danışdığım üçün sadəcə məlumat verməyi lazım bildim.

“Percy Jackson və şimşək oğrusu” əsərinin əsas ideyası və obrazlarının təhlilinə keçməzdən əvvəl deyim ki, bu əsərə əsasən eyniadlı film də çəkilib. Film 2010-cu ildə çəkilmişdir. Filmin rejissoru Chris Columbusdur. Filmdə Logan Lerman, Brandon T. Jackson, Alexandra Daddario, Jake Abel, Sean Bean və s. aktyor və aktrisalar rol almışdır. Film cəmi 118 dəqiq ərzində davam edir. Kanada istehsalı olan filmin original dili ingilis dilidir. Baş rolda yer alan Logan Lerman Percy Jackson obrazını canlandırır.

Brandon T. Jackson isə Kıvırcık ibrazını canlandırır. O, Percynin koruyucusudur, satirdir (yarı keçi, yarı insan). Alexandra Daddario isə Annabet Chase obrazını canlandırır. Anabet Atenanın qızıdır.

 

Rick Roirdan "Şimşək oğrusu"

 

 

Mən əsəri filmlə bərabər olaraq oxudum. Hadisələri əsərdən oxuduqdan sonra filmin həmin hadisələri əhatə edən hissələrinə növbə ilə baxdım və onu deyim ki, film çox bərbad alınıb. Əsəri filmdə kefləri istədiyi kimi yıxıb sürüyüblər. Personajların fəaliyyətləri dəyişdirilmiş və hadisələr fərqli formada təqdim edilmişdir. Bunlardan bir neçəsini nümunə kimi sizə təqdim edə bilərəm:

- Əsərdə müəllimi Kheiron özü Percyni yeraltı dünyaya göndərir və o zaman Luke atasının ona

hədiyyə etdiyi qanadlı idman ayaqqabısını verir. Filmdə isə Percy axşam gizlicə qaçır və Luke ona ayaqqabını atasından oğurladığını deyir, eləcə də ona qalxan verir. Əsərdə isə qalxan olmur.

- Əsərdə o ayaqqabını Kıvırcık geyir. Percy o ayaqqabını bir dəfə də olsun geymir. Filmdə isə

ümumiyyətlə, bir neçə bu tip səhnələr kimi elə bir səhnə yoxdur. Misal üçün, əsərdə həqiqətləri Kheiron danışır, amma filmdə Kıvırcık.

- Əsərdə canavardan dünyasından qaça bilmək üçün Percy çaya düşəndə su pərisi ona 3 mirvari

verir. Bu mirvariləri ona Poseydon göndərir. Amma filmdə bu hadisə tamamilə fərqli bir şəkildə təsvir edilmişdi. Filmdə üç qhrəman film boyu səyahət edərək bu üç mirvarinin dünyanın fərqli yerlərindən axtarıb tapırlar. Əvvəl Meduzanın bağçasına gəlirlər, sonra muzeydə Atenanın heykəlinin tacından götürürlər, üçüncü mirvarini isə Lotus qumaxanasından tapırlar.

- Percynin anası Gabe ilə ailə həyatı qurmuşdur. Əsərdə bunun səbəbini Kheiron Percyə açıqlayır, filmdə isə Kıvırcık izah izah edir. Əsərboyu və film ərzində ona Kıvırcık deyə xitab edildiyi üçün mən də elə bu adı yazdım.

- Əsərdə Kheiron Percyni yeraltı dünyasına yola salanda qılınca çevrilən qələmi ona verir. Filmdə isə elə bir səhnə yoxdur. Kheiron filmin lap əvəvlində verir bunu Percyə.

- Əsərin əvvəlində Percyə muzeydə hücum edən Furria sonradan digər iki Furria ilə ona yenidən hücum edir və əsərin sonluğuna doğru onlar yenidən Percyə yaxınlaşırlar. Amma filmdə bu iki səhnədən əsər-əlamət belə yoxdur.

- Filmdə üç qəhrəman Meduzanın bağına gələrkən burada baş verən hadisələr tamamilə fərqli olur. Əsərdə isə yazıçı tamamilə fərqli hadisələri qələmə alıb.

- Əsərdə Percy Meduzanın başını Olimpusa: Tanrılara poçtla göndərir. Filmdə isə onlar başı özləri ilə götürürlər.

 

Rick Roirdan "Şimşək oğrusu"

 

 

Məncə, fərqlərdən bəhsi burada dayandırsam, yaxşıdır. Çünki əsərdə olmayan və dəyişdirilən hadisələr həddindən artıq çoxdur. Əsəri oxuyub sonra filmi izlənəniz, özünüz də görəcəksiniz. Mənim dediyim odur ki, filmlə əsər arasında təbii ki, fərqlilik olmalıdır. Amma film belə olsa, orada süjet dəyişdirilməməli və uydurulmamalıdır. Çünki bu yazıçıya qarşı belə haqsızlıq ola bilər və ən əsası əsərin marağı filmdə tamamilə itir.

Əsərin əsas ideyası qəhrəmanlıq və inamın təbliğidir. Janr fantastika olsa belə, əsərdə qeyri-adi hadisə və fikirlər olsa belə, əsər insanlara şüuraltı qorxmaz, mətin olmağı, daim doğru danışmağı və bildiyimiz doğrulara görə hər cür mübarizə aparmağı, eləcə də əzizlərimizin, doğmalarımzın qədrini bilib onları dəyərləndirməyi aşılayır. İnsan əvvəlcə özünə inanmalıdır. Özünə inanmayan insan bu həyatda heç bir şeyə nail ola bilməz. Həyatımızın müəyyən parçalarını oğurlayanlar bu və ya digər şəkildə biz istəsək də, var, istəməsək də. Onlara qarşı mübarizə aparmağı bacarmalı və özümüzə daim insani xüsusiyyələr aşılayaraq kamil insan olmağa doğru addım atmalıyıq. Qəhrəman olmaq heç bir zaman asan olmayıbdır. Mütləq deyil ki, səni çox insanlar tanısın. Elə ən kiçik əhatə dairəsindən başlamaq lazımdır. İnsan öz ailəsi üçün qəhrəman olmalıdır. Öz ailəsi üçün fədakarlıq etməli və ailəsinin xoşbəxtliyi, yaxşılığı üçün əlindən gələni etməlidir: Percynin etdiyi kimi.

Əsər sizə fantastik bir əsər və ya uydurma bir yazı kimi görünə bilər. Amma diqqətlə düşünəndə görərsiniz ki, əslində bu əsərdə olan hər bir obraz real həyatdan götürülmüşdür. Bəyəm Minotor deyəndə əsl buynuzlu heyvanlarmı nəzərdə tutulur? Həyatımızda elə “buynuzlu heyvanlar” çoxdur ki. Ətrafımızda bəlkə də özümüzün də xəbəri yoxdur, amma Ares kimi yalnız gücünə arxalanıb insanları kiçik görən və bizə gizli şəkildə ədavət bəsləyənlər var. Əllərinə isə fürsət düşən kimi qanadlanır və kin, nifrət mehini əsdirməyə başlayır.

 

Rick Roirdan "Şimşək oğrusu"

 

 

Kronos kimi pisliyinə qarşı çıxdığınız insanlar olmuşdur həyatınızda. Bax, elələri daim qisas almaq üçün zaman və fürsət güdər. Eləcə də özünə gizlində tərəfdarlar belə axtarar. Ona görə də əsəri sadəcə fantastik bir janrda əsərdir deyə oxuyub keçməyin.    

Əsərdə yunan tanrılarından olan Poseydonla, strategiya və ağıl tanrısı olan Atena arasında ədavət olduğu görtərilir, amma Atenanın qızı ilə Poseydonun oğlu əsərboyu bir-birilərinə müəyyən qədər hörmət bəsləyərək daim birlikdə hərəkət edirlər və əsərin sonlarına yaxın çox yaxşı dost ola biləcəklərini kəşf edirlər. Diqqət edin. Həyatda valideynlərinin bir-birinə nifrət bəslədiyi ailələr vardır. Amma uşaqları əksinə dostluq edər və bir-birilərinə gözəl münasibət bəsləyər, qarşı tərəfi çox gözəl anlayar. Bunu özü elə yazıçının bir növ irroniyası və belə insanlara doğru yönəltdiyi gülüşüdür. İnsanlar birinin digərinə olan nifrətinin yayılmağına imkan verməməlidir. Ədavət dünyada olan ən pis şeytani hisslərdən biridir. Çünki ondan kin, nifrət və intiqam hissi doğar. Elələri bilmədən belə ən yaxınlarının həyatlarını yavaş-yavaş zəhərləyərək cəhənnəmə döndərməyi bacarırlar.

 

Əsərin əslində xırdalasaq, bir çox ideyalarını üzə çıxarmış olarıq. Ona görə də janrından asılı olmayaraq bir əsəri oxuduqdan sorna oturub düşünməli və özümüzə “Yazıçı burada nə demək istədi?” sualını verməliyik. Əminəm ki, hər birimiz bu suala bir-birindən fərqli cavablar verə bilərik. Çünki insanlar fərqlidir və onların düşüncələri də fərqlidir. İnsanların həyata baxış tərzləri, xarakterləri belə fərqli olduğuna görə dünya bu qədər rəngarəngdir. Amma çalışaq ki, bu rənglərin tündünün də, açığının da öz təbii gözəlliyini qoruyub saxlaya bilək.

19 mart 2015
GO BACK