Qadin.NET / Haruki Murakami "Pinbol,1973"

Haruki Murakami "Pinbol,1973"

 

Haruki Murakami "Pinbol,1973"

 

Sinopsis – Bağlılıq. Asılılıq. Yalnızlıq. Kədər. Qeyb. Fərqli düşünən insanlar. Fərqli davranışlar. Seçimlər. Axtarmaq və tapmaq. Azad olmaq. Yeni şans.      

“Siçovul Triologiyası”-nın ikinci kitabı. Siçovul (obrazın ləqəbi belədir) haqqındadırmı kitab? Deyil. Siçovul sadəcə periferik bir obrazdır. Hardasa buralardadır, amma mərkəzdə deyil. Gəlin birlikdə axtaraq. Həm siçovulu, həm də cavablarımızı. Bunu bir növ qısa səyahət kimi qəbul edin (ya da pazzl quraşdırmaq kimi). İki yalnızlıq haqqında, melanxolik energetik vampir olan Haruki Murakaminin, Murakamaniya yaradan növbəti toru. Obrazlar həyatdakı yerləri haqqında düşünür, keçmişi yada salır və xəyallar qururlar...

         Yəqin ki, bir çox Murakami oxuyucuları onun üslubunun xarakterik xüsusiyyətlərini bilir. Musiqi, film və mistika. Bəzən mənə elə gəlir ki, Murakami yolla gedərkən, nəyəsə ani olaraq, düşünmədən baxıb, onun haqqında düşünüb və ya xəyalən bütöv bir ömür yaşayıb, evə gəlib bunu üzərində işlədiyi romana əlavə edib. Murakami faktları özününküləşdirərək oxucularına çatdırır. Elə əsas məsələ də budur.

         Romanda hadisələr heç bir təəccüb və heyrət hissi olmadan təsvir edilir. Əkiz qızların naməlum yerdən və səbəbdən baş qəhrəmanın həyatında peyda olmağı və getməyi, splitterin (bölücü) dəfni və digər “adi” şeylər, tamamilə normal bir şey kimi təsvir olunub. Baş personajın həyatında “Pinbol” adlanan oyun və oyunu oynamağa imkan verən qurğu peyda olduqdan sonra, onun həyatına yeni nəfəs gəlir. Onu qazanır və itirir. Pinbol elə bir oyundu ki, o sənin vaxtını və pulunu alaraq, əvəzində isə yanıb-sönən lampalar və nominal xallardan başqa heç nə vermir. Həyat da müəyyən mənada belədir. Oyun bitəndə geridə boş ciblər, yorğun gözlər və yeni şans ümidi ilə nə edəcəyini bilmirsən. Oyun zalını tərk etməlisən.   

Pafossuz olaraq “Pinbol” simvolunu izah etmək lazımdırsa, o mənasızlıq və sonsuzluğun simvoludur. Romanın sonunda baş obraz itirmiş olduğu oyun avtomatını taparaq, onunla sağollaşaraq, böhrandan çıxış yolu tapmağı bacarır və həyatına yeni məna, yeni nəfəs, yeni şans verə bilir. Bu böyük uğurdur. Digər obraz – Siçovul da, yeni şans əldə etməyi bacarır. O, da azad olmaq üçün şəhərdən çıxıb gedir. Sonra nələrin olduğunu öyrənmək üçünsə üçüncü kitaba keçmək lazımdır.

 

Kitabı triologiyanın birinci hissəsini oxuduğuma görə oxudum. Suallarıma isə cavab tapmadım (Ona görə də üçüncü kitaba keçmək lazımdır). Obrazlar labirintdə olan siçanları xatırladırlar. Belə götürəndə həyatları kifayət qədər kədərlidir. Buna baxmayaraq, nəyisə dəyişdirmək istəyi ilə həyatlarını yaşayırlar. Obrazların gəmilərinə heç bir külək kömək etməyəcək, çünki onların müəyyənləşdirdikləri heç bir mənzilləri və yelkənləri yoxdur.

         Ümumiyyətlə məndən Murakami haqqında soruşanda ki, o, nə haqqında yazır, mən bu suala cavab verməkdə çətinlik çəkirəm. Stili və üslubu çox xoşuma gəlsə də, hətta bütün kitablarını oxusam da, məncə, yenə də dəqiqliklə demək çətindir ki, o, nə haqqında yazır. Bircə bu termini məqsədəuyğun görürəm: yalnızlıq.

Kitabdan sitatlar:

1.     Əgər giriş varsa, çıxış da var. Demək olar ki hər şey belə quraşdırılıb: tozsoran, heyvanxana, çaydan... Bu qanuna tabe olmayan əşyalar da var. Məsələn, siçan tələsəi.

2.     Niyə? – deyə öz-özümüzə sual veririk, amma cavab tapa bilmirik. Yaxşı sualların hər zaman cavabı olmur.

3.     Aşağı-yuxarı hamı müəyyən sxemlə bu həyata daxil olur. Əgər kiminsə sxemi mənimkindən çox fərqlənirsə, əsəbiləşirəm. Əgər kiminmkisə çox oxşayıra məyus oluram.

4.     Bilirsən, mən çox maraqlı bir ulduz kimi doğulmuşam. Nə istəsəm onu da əldə edirəm, amma nəyisə əldə edən kimi nəyisə də itiririəm.

5.     Keçmiş və bu gün haqqında olduğu kimi danışırlar, amma gələcək haqqında həmişə “ola bilsin” sözündən istifadə edirik.

Niftiyev İbrahim

1 aprel 2015
GO BACK