Qadin.NET / Haruki Murakami - Leksinqton Kabusları (1)

Haruki Murakami - Leksinqton Kabusları (1)

 

 

Sevimli yazıçımın Leksinqton kabusları adlı hekayələr toplusundan ilk olaraq aşağıdakı 4 hekayəni oxudum:

Toni Takiya (РўРѕРЅРё Такия) - Toni Takiya ad və soyadı ilə adlandırılmış hekayə haqqında məlumatım var idi. Oxuyanlar fərqli bir bədii ədəbiyyat nümunəsi olduğunu deyirdilər, təəssüratlar zəngin idi. Əsər eyni zamanda ekranlaşdırılmışdır. Hekayənin adını tam uğurlu hesab etməsəm də, məğzi Murakamiyə xas olaraq özünəməxsusdur.     Hekayə gənc cütlük haqqındadır. Toni və onun həyat yoldaşı. Toninin həyat yoldaşı super-ifrat şoppinq həvəskarıdır. Bunun nəticəsi olaraq evində yüzlərlə insana bəs edəcək geyim vardır. Lakin gənc xanım dünyanı erkən tərk edir.

İnsan dünyada nələrin əhatəsində olur? Dünyadan gedəndən sonra özündən sonra hansı izləri qoyur? Bu izlərə görə insanı dəyərləndirmək olarmı? Ehtiras nədir? İz yaratmada ehtirasın rolu böyükdür. Bu rolu bu hekayədə görmək olar. Əgər hekayəni bir neçə cümlə ilə ifadə etməli olsaq belə olar: həyatmızı dolduran əşyalar və onların bizim üçün əhəmiyyəti, bizim sadəlövhcəsinə etdiyimiz daxili boşluğu əşyalarla və əks cinslə doldurqmaq istəyi kənardan necə görsənməsi. Bilmirəm doğru başa düşürəm yoxsa yox, amma hekayə əşya-insan münasibətinə gözəl işıq salır. 

     Toni həyat yoldaşını onun paltarları vasitəsi ilə diriltmək istəsə də, alınmır. İnsanı insan edən onun istiliyidir, əşyaları deyil.

Yaşıl bədheybət (Зеленый зверь)- Yəqin ki bədheybət və gözəlçənin cizgi filmini və ya nağılını oxumusunuz. Bu hekayə də onun aranjemanına bənzəyir, lakin burada gözəlçənin yerinə qəlbsiz, eqoist bir qadın var. Yerin altından çıxan yaşıl bədheybət öz niyyəti haqqında qadına xəbər verdikdə qadın ona inanılmaz zərərlər verir. Maraqlı da burasıdır ki, verilən əzablar fiziki deyil tamamilə mənəvidir (əgər bunu belə adlandırmaq mümkündürsə). Bədheybət qadının təsəvvürlərini, düşündüklərini rahatlıqla görə bilir və ondan təsirlənir. Yazıçı olduqca maraqlı ifadə tərzi seçmişdir. Ortaya yenə də suallar çıxır: Niyə və nə səbəbə?  Niyə insanlar daxili gözəlliyə inanmır və qəbul etmirlər. Belə başa düşürəm ki, insanlar özlərini kor etmək üçün əllərindən gələni edirlər.

 

Haruki Murakami - Leksinqton Kabusları (1)

 

 

Maraqlı bir nüansa diqqət yetirək: bədheybətin qarşısındakı insan ona qarşı aqressiv olduqca, bədheybət rəngini dəyişirdi. Məgər insan da belə deyilmi? İnsanın da rəngi onun hissləridir və bu dəyişkən bir şeydir.

Beləliklə, dünyaca məşhur yapon proza ustadı tərəfindən bizə təqdim edilən bu məişət fantasikası məndə dərin təəssüratlar yaratdı. Həcmcə çox qısa olmağına baxmayaraq (burada ovuciçi böyüklükdə hekayələr müəllifi Yasunari Kavabatanı xatırlamaq pis olmazdı) oxucunu uzun müddət düşündürə biləcək, bəzi şeyləri xatırlada və təkrar nəzərdən keçirməyə vadar edəcək dəyərli hekayə. Son olaraq, gecənin bir yarısında, düşüncələrinizi oxumağı bacaran yerin altından çıxan yaşıl bədheybət evinizə soxulsa, bu çıxılmaz vəziyyətə nə edərdiniz?

Kor söyüd və yatmış qız (Слепая РёРІР° Рё спящая девушка) – Hekayədə tam olaraq nəyin çatdırılmaq istənildiyini anlamaq çətindir. Çətinlik çəksəm də, hekayənin baş qəhrəmanı olan, sağ qulağında periyodik karlıq problemi yaşayan 15 yaşlı oğlan uşağı sentimental oxucuları gözü yaşlı qoya bilər. Hekayə mif və reallıq, yuxu və reallıq arasında körpüdən bəhs edir. Hekayəni maraqlı hesab etmirəm. Oxuyarkən fərqli, qeyri-adi və ya yeni nə isə hiss etmədim. P.S. Hekayənin adı obraz tərəfindən uydurulmuş hekayədir (və ya mif). 

Buz İnsan (Ледяной человек)  – Nə qəribə hekayədir. Hekayə (sürreal hekayə) sevgi və sevginin qadir olduqları haqqındadır. Belə baxanda burada qeyri-adi bir şey yoxdur, amma hekayəni qeyri-adi edən buz insandır. Buz insan ucaboy, saçlarında əriməmiş qar olan, almacıq sümükləri sıldırım qayalara bənzər, düşüncələri kütlədən tam fərqlənən, aurasında qışın soyuğu əbədiyyən mövcud olan, digər xüsusiyyətlər baxımından isə normal insanlardan fərqlənməyən məxluqdur. Buz insanın bədəni ilə yanaşı sevgisi də fərqlidir. Buz – nə keçmişdir, nə də gələcək. İndi, burada və hal-hazırda buzun və sevginin tərifidir.

Yazıçı bu hekayəsi ilə lazımsız, absurd və dəyəri olmayan kütləvi-ictimai dəyərləri qəbul etməyən, ondan kənarda qalan və ya hətta ona qarşı çıxan insanların kənarda qalaraq necə yaşadıqlarını, birlikdə yaşadıqları insanları necə dəyişdirdiklərini metaforik üslubla çatdırmaq istəyib.

Buz insan və ona ərə gedən qadının hissləri. Hekayədən maraqlı seçmələr etmək olar: 1) Əbədi keçmişin absurd ağırlığı bizim əlimizi ayağımızı bərk-bərk bağlamışdı, odur ki, çətin ki onun altından çıxa bilək. 2) Hal-hazırda məndə ürək adlandırdıqları şeydən əsər-əlamət qalmayıb. Hətta, onun istiliyini belə xatırlaya bilməsəm də, ağlamaq bacarığını yadırğamamışam. Mən dünyanın ən tənha və soyuq yerində yalnız qalmışam. Mən ağlayanda buz adam məni öpüşlərə qərq edir. Bu zaman mənim göz yaşlarım buz kristallarına çevrilir. Buz adam buz kristallarını götürüb dilinin üstünə qoyur və deyir: Bilirsən, mən səni çox sevirəm və bunu dəqiq bilirəm. 3) Yuxular keçmişin köməyi ilə yaranır, gələcəyin yox. Yuxular səni yox, sən yuxuları narahat edirsən. Başa düşürsən?

Bu dörd hekayəni qurtum-qurtum beynimə həkk etməyə çalışdım. Yenidən və yenidən oxunmağa dəyən bu hekayələr Murakami sənətinin incəliklərini anlamaqda mənə böyük yardımçı oldu. Bu hekayələr onun yaradıcıllığının erkən illərinə təsadüf edir. Son illərdə daha çox roman yazmağa fokuslanan yazıçının roman yaradıcıllığı ilə hekayə yaradıcıllığı tam fərqlidir. Yazıçı hekayələrində əsasən məişət fantastikası, antiutopiya, magik realizm, sürrealizm janrlarına üstünlük verərək oxucunu yormayaraq onu təəccübləndirir.

Ardı var...

İbrahim Niftiyev

17 mart 2015
GO BACK