Qadin.NET / Erix Fromm "Ümid inqilabı"

Erix Fromm "Ümid inqilabı"

 

Erix Fromm "Ümid inqilabı"

 

Kitabın ingilis dilində adı: Erich Fromm - The Revolution of Hope: Toward a Humanized Technology

Kitabın rus dilində adı: Р­СЂРёС… Фромм - Революция надежды  

Kitabın türk dilində adı: Erich Fromm - Umut Devrimi 

1968-ci il beynəlxalq tələbə qarşıdurması və inqilabı ilində işıq üzü görən "Ümid inqilabı" kitabı, bizə iki yoldan birini seçməli olduğumuzu deyir: birincisi, kütləvi dağıntı ilə nəticələnəcək, texnologiyanın inkişafı ilə əlaqədar tamamilə mexanikiləşmiş, yadlaşmış cəmiyyətin üzvü olmağı, yoxsa ikincisi, humanizm və ümid yolunda körpü olmağı. Sənaye inqilabının bəşər övladı üçün yaratdığı imkanlar vaxt keçdikcə ümumi insani dəyərlər və prinsiplərin məhvinə səbəb olacağını başa düşmək, artıq çətin deyil. Necə oldu ki, insan istehsal və istehlak ehtirasının nəticəsində özü də əşyaya çevrilməyə başladı? Ümid anlayışı dəyişən cəmiyyətimizdə özünü necə biruzə verir? İnsani dəyərlər və təcrübələr onun yaratdığı cəmiyyətdə öz yerini necə tapır? İnsan niyə ruhi yolundan imtina edir? Çıxış yolu varmı? Varsa hansılardır? Ən əsası, yuxudan nə vaxt oyanacağıq? suallarına "Ümid inqilabı" kitabında cavab verməyə çalışan Erix Fromm, filosofun "Marksın insan konsepsiyası" və "Sevmək sənəti" əsələrindən sonra oxuduğum üçüncü kitabı oldu. 

Əlbəttə, fəlsəfədə başlanğıc və son kimi lüks struktur şəraiti olmasa da, Erix Fromm çalışır ki, bəşəri əhəmiyyət daşıyan mövzular haqqında sistemli məlumatlar versin. Fəlsəfə sahəsində fəaliyyəti çətinləşdirən də elə məhz bu məqamdır. Fəlsəfəni insanlar üçün qeyri-müəyyən, qorxulu və anlaşılmaz edən də məhz onun məşğul olduğu mövzuların bir-biri ilə dəqiq cizilmiş sərhədlərinin olmamasıdır.

8"Ümid İnqilabı"-da biz addım-addım çox vacib mövzulara: tənzimlənməyən istehsal və istehlak, texnologiyanın cəmiyyətə göstərdiyi təsirlər, insanın həqiqi təbiəti və cari cəmiyyətlərə olan uyğunsuzluğu, yadlaşma və başqa bir çox məsələlərə toxunulur. Eyni zamanda ümid etmək, inanmaq, arzulamaq, şüurlu və şüursuz ümid, ictimai ümid, Homoconsumens və s. kimi maraqlı terminlərin izahına rast gəlmək mükündür. 

 

Kapitalizmdir. Hər şeyin qiyməti və miqdarı var. Sadəcə bir qanun: tələb və təklif qanunu var. Artıq vicdan, mənəviyyat, ruh, dəyərlər kimi anlayışlara ehtiyac yoxdur, çünki onları bazara çıxarıb tərifləyərək satmaq olmur. Min üsullarla insanlardan mənəvi dünya qoparılmaq istənir. Bunu kim istəyirsə, artıq kifayət qədər uğurlar əldə edib. Kütləvi istehsal, istehlak və getdikcə insanın yerinə düşünməyə başlayan kompüterlərin yaradacağı cəmiyyətin müjdəçiləri olan eqoist, qəddar, əclaf, vicdansız və rəqabət xəstəsi insanların sayı dayanmadan artır. İnsanları inandırmağa çalışırlar ki, həyat böyük bir yarış və qəddar mübarizədir. Beləliklə də insanın bütün potensialı, edə biləcəkləri və quracağı ali-utopik cəmiyyət boş xəyal və arzulardan başqa bir şeyə çevrilmir. Məhz bu üsullarla insanları rahat idarə etmək asanlaşır.

Sitat: Bəlkə də işin ən pis tərəfi hal-hazırda öz sistemimizi idarə edə bilməməyimizdir. Kompüterlərin bizim yerimizə verdiyi qərarları tətbiq edirik. Bir insan övladı kimi daha çox və daha çox istehsal etmək və istehlak etməkdən başqa məqsəd güdmürük. Hər şeyə qarşı məqsədsizlik içindəyik. Qərarvermə prosesindən kənarda qaldığımız üçün yaranan passivlik və nüvə təhlükəsinin yaradacağı fiziki məhv təhlükəsiylə qarşı-qarşıyayıq. Bu necə oldu? Necə oldu ki, insan təbiətə qarşı qazandığı zəfərin qarşılığında öz yaratdığı şeylərin əsiri vəziyyətinə düşdü, necə oldu ki, öz-özünü məhv etmək təhlükəsiylə üzləşdi? İnsan elmi həqiqətin araşdırılması prosesində təbiətə hegemon olmağı təmin edəcək məlumatlara rast gəldi. Lakin texnika və maddi istehlaka birtərəfli üstünlük verməklə özüylə həyatı arasında əlaqəsini itirdi. Texniki və maddi dəyərlər üzərində qərarlaşaraq dərin coşquların yaratmağı bacardığı sevinc və kədər hissini hiss etmək bacarığını itirdi. İnsanın hazırladığı maşınlar o dərəcədə inkişaf etdi ki, onun düşüncə tərzini müəyyənləşdirməyə başladılar. Həlli mümkün olmayan problemlərlə qarşı-qarşıyayıq? Sağlam iqtisadiyyata sahib olmaq üçün mütləq gərək xəstə insanlar istehsal edək, yoxsa resurslarımızı, kəşflərimizi, kompüterlərimizi bəşəriyyətin xeyirinə xidmət edəcək formada istifadə edə bilərik? Güclü və yaxşı işləyən sistemə sahib olmaq üçün fərdlərin passivliyi şərtdirmi?

İbrahim Niftiyev

23 aprel 2015
GO BACK