Qadin.NET / Ç.Dikkens "Böyük ümidlər"

Ç.Dikkens "Böyük ümidlər"

 

Ç.Dikkens "Böyük ümidlər"

 

Ümidləriniz böyük ola bilər, amma ona doğru irəliləmədikcə onun heç bir mənası olmaz.

Ç.Dikkens yaradıcılığına müraciət edəndə düşündüm ki, bu əsər məni sıxacaq. Amma elə ilk sətirlərindən, ilk vərəqlərindən kitab insanı özünə bağlayır.  Əsəri oxuduqca onun adı ilə əlaqəsini axtaracaqsınız ki, burada hansı ümidlərdən gedir söhbət? Pipin varlanmağı ümidi ilə qarşılaşacaqsınız, sonra isə bu ümidlərin getdikcə dəyişdiyinin şahidi olacaqsınız. Amma Pip ümidlərini həyata keçirmək üçün əlindən gələni etmir. Bəlkə də o, buna hazır deyil. Amma ümidin varsa, demək, hərəkətin də olmalıdır. El məsəlindəki kimi halva-halva deməklə ağız şirin olmaz.

Pip balaca ikən valideynləri ölmüş və bacısının himayəsində böyümüşdür.  O, meşədə, dərədə, təpədə tez-tez gəzər və sima olaraq tanımadığı valideynlərinin məzarını ziyarət edərdi. Belə ziyarətlərin birində qəbirsanlıqda bir məhbusdan qaçmış bir cani ilə qarşılaşır. Cani onu qorxudaraq ona yemək gətirməyini tapşırır. Pip bütün gecəni dəhşət içində keçirsə də, ona kömək edir və evdən yemək oğurlayaraq ona aparır.  Tezliklə evdəki qonaqlıq zamanı evdən yemək oğurlandığı hiss edilir və bu zaman evə polislər gələrək iki məhkumun qaçdığı və axtarıldığı xəbəri verilir. Məhkumlar yenidən tutulur. Abel Makviç adlı bu məhkum özünə söz verir ki, ona yemək gətirən bu oğlana həbsdən çıxdıqdan sonra becə olursa olsun kömək edəcək. Belə də olur. Digər bir məhbusla ona pul göndərir.

Sönük həyat tərzi keçirən xanım Havişam və onun böyüdərək tərbiyə etdiyi qızlığı Estella da əsərdə Pipin böyük ümidləri arasındadır. Xanım Havişamın başına gəncliyində dəhşətli hadisələr gəlmiş və o, həyatdan, demək olar ki, küsmüşdür.  Bu barədə uzun-uzadı danışmayacağam ki, əsərin hamısını danışmış olmayım.

Bir gün hansısa zəngin birinin Pipin oxutmaq istədiyini və onu əsilzadə etmək istəyi ilə bir vəkil onların evinə gələr.  Ancaq bir şərt vardır ki, onun himayədarının kim olduğunu Pip bilməyəcək. Himayədar özü özünü büruzə verənə qədər onun haqqında heç kim bir kəlmə belə bilməyəcəkdir. Onun kimliyini isə əsəri oxuduqdan sonra biləcəksiniz. Pip artıq şəhərdə oxumağa başlayır. Ən yaxın dostu olan Joe ilə də əlaqələri artıq kəsilir. Bacısının yoldaşı olan Joe da onunla məsafəli rəftar etməyə başlayır. Amma bu Jounun Pipi sevməyinə maneçilik törətmir.

Əsəri oxuduqca özünüz də şahidi olacaqsınız ki, Pipin böyük ümidlərinin hər birinin başına bir iş gəlir. Əsərdə daim gözlənilməz hadisələr cərəyan edir və oxucunu təəccüb içində saxlayır. Bu əsərdə adı keçən hər bir şəxs müəyyən hadisələr nəticəsində bir-biri ilə əlaqəlidir.

Bu əsər həm dram, həm macəra, həm də dedektiv janrına aiddir. Çarlz Dikkensin ustalığı bax burada özünü göstərir. “Böyük ümidlər” romanını oxuyarkən sırf bir roman effekti hiss edəcəksiniz. O, dedektizmi romanın kölgəsi altında böyük bir ustalıqla təqdim edə bilmişdir.  

 

Əsərdə qatillər, ikiüzlü insanlar, qürurlular, sadələr, ürəyiaçıqlar və digər bu kimi və fərqli xarakterli insanlarla tanış olacaqsınız. Hər birinin müxtəlif həyat tərzləri və dünyaya baxış tərzləri vardır. Əsəri oxuduqca  XIX əsrin İngiltərə həyatını yaşayırmış kimi izləyəcəksiniz və bu aləm sizi özünə çəkib aparacaqdır. Əsərin xüsusi bir havası vardır ki, kitabı kənara qoyub dincəlmək qərarı verdiyiniz andan etibarən içiniz-içini yeyəcək ki, “Dur, get bir-iki cümlə də oxu, sonra dincəl” və beləcə bir də görəcəksiniz ki, artıq əsəri bitirmisiniz. Bu da Dikkens yaradıcılığının möcüzəvi əsintilərindən biridir deyə bilərəm.

1960-cı ilin dekabrından başlayaraq 1961-ci ilin avqustuna kimi “İlboyu” həftəlik jurnalında hissə-hissə çap edilən bu əsər oxucu kütləsinin böyük marağına səbəb olmuşdur. Buna görə də əsər kitab halında çıxarılmaq üçün ideal hesab edildi. Əsər ilk dəfə 1861-ci ildə 3 cilddə nəşr edilmişdi. İndi isə hər üç cildin bir kitab şəklindəki halını da asanlıqla tapmaq mümkündür. 

Əsərin süjet xəttinə uyğun 1917 (rejissor Robert Vinola), 1946 (Devid Lin), 1998 (Alfonso Kuaron), 1999 (Culian Carrold), 2011 (Brayan Kirk), 2012-ci (Mayk Nyuell) illərdə eyniadlı filmlər də çəkilmişdi.

Əsəri uzun-uzadı təhlilini edib sizi yormaq niyyətim yoxdur. Oxuyanlar artıq bilir, oxumayanlar isə oxuduqdan sonra Dünya ədəbiyyatının möhtəşəm bir incisini əllərində tutduqlarını hiss edəcəklər.

15 fevral 2015
GO BACK