Qadin.NET / A.Morua "Yad qadına məktublar"-20 (Son)

A.Morua "Yad qadına məktublar"-20 (Son)

 

 

Sevməyin iki fərqli manerası

Bir dəfə Viktor Hüqonun yanında həyat barədə və həyatda ən çox nəyin vacib olmasına dair söhbət düşəndə yazıçı demişdi ki, onun fikrincə, həyatda həqiqətən qiymətli olan şey nə şöhrətdir, nə sərvətdir, nə də talant; ən vacibi sevmək və sevilmək, sevimli olmaq imkanıdır. Və o, haqlı idi. O şeyi ki, bizi sevən, bizə qəlbən bağlı olan adamla bölüşməyimiz mümkün deyil, deməli, həmin şey bizimçün heç bir dəyər kəsb etmir. Əgər biz ona qarşılıqlı cavab vermiriksə, onda bu sevgi də bizə çox az sevinc gətirəcək. Qətiyyən zərurət yoxdur ki, bizi sevən adamların sayı lap çox olsun. Mən daim o fikirdə olmuşam ki, ən kiçik şəhərcikdə də özünü xoşbəxt hiss edə bilərsən; əgər yanında iki-üç sadiq dostun olsa, onda bu xoşbəxtlik hətta haradasa, Saxara vadisində də mümkündür. Yaxud əksinə, hər hansı dövlət başçısı yaxud dünya şöhrətli bir artist çətin ki, xoşbəxtliyi dərk etsin–əgər yanlarında maskanı çıxarıb atmağın mümkün olduğu ən azından bircə canlı məxluq, bircə ürək sirdaşları yoxdursa. Bax, elə buna görə də görkəmli adamların həyatında onların dostlarının, arvadlarının, sevgililərinin oynadıqları rol bu qədər böyükdür.

"Mən elə yalqızam ki",–müşayiətçilərin bütöv bir dəstəsi ilə əhatə olunmuş, bütün dünyanın tanıdığı məşhur bir adam mənə şikayətlənirdi. Sevgi–oğul sevgisi, ər-arvad sevgisi, yaxud dostluqdan yaranmış sevgi tənhalığın buxovlarını qırır.

Lakin sevməyin iki fərqli manerası mövcuddur. Birincisi, sevdiklərini özün üçün sevirsən, ayrı cür desək, başqa adamlara onların sənə verdiyi sevginin əvəzində bağlılıq hiss edirsən. Elə qadınlar var ki, öz ərlərini son dərəcə səmimi məhəbbətlə sevirlər, çünki ərləri onların ətrafında etibarlı ab-hava yaradır, onları qayğı ilə əhatə edir və onlara sevinc gətirir. Lakin qadınlar onu yalnız ona görə sevir ki, onsuz necə yaşayacaqlarını təsəvvür etmirlər. Belə ər onlar üçün zəruridir; onların özlərinin də, uşaqlarının da xoşbəxtliyinin qayğısını çəkir; o, onların həyatının başlıca dayağı, əsas sütunudur. Lakin ərin öz həyatı onları çox az məşğul edir; onlar heç vaxt özlərinə sual vermirlər ki, onun ayrı istəkləri, başqa ehtiyacları varmı; onun öz qısa ömrünü onların səadəti üçün xərcləməsinə təbii yanaşırlar.

Bu cür ərlər və sevgililər də həmçinin kifayət qədərdir: onlar qadını ondan ötrü sevirlər ki, qadın onlar üçün heç nəyi əsirgəmir və onlar hətta qadının ürəyinə boylanmağa heç vaxt cəhd də göstərmirlər. Uşaqlar, demək olar ki, öz valideynlərini məhz bu cür sevirlər. Onlar üçün ata o adamdır ki, ona həmişə arxayın ola bilərsən; ana daim mərhəmətli və sadiq məsləhətçidir. Amma valideynlərin qayğı yükünü

yüngülləşdirmək barədə ciddi düşünən çoxmu uşaq var? Bax mən özü üçün, özündən ötrü sevgi deyəndə bunu nəzərdə tuturam.

Başqasını onun özündən ötrü sevmək ondan nə aldığın barədə yox, ona nə verdiyin barədə düşünməkdir. Bundan ötrü öz ömrünü onun ömrü ilə elə sıx bağlamalısınız ki, onun hisslərini elə ürəkdən bölüşməlisiniz ki, onun xoşbəxtliyi həm də sizinki olsun. Elə düşünməyin ki, belə sevgi nadir şeydir.

Bir çox valideynlər öz uğurlarından daha çox uşaqlarının uğurlarına sevinirlər. Mən ərlə arvadın bir-biri üçün yaşadığı çoxlu cütlüklər tanıyırdım. Ən yüksək dostluğa aid çoxlu nümunə var. Belə bir dostluq nümunəsini Balzak özünün "Ponse" və "Allahsızın ibadəti" əsərlərində təsvir edib. Həqiqi dostluqda qayğıkeşlik tələbkarlıqdan qat-qat çoxdur və mən bunu başqaları üçün sevgi adlandırıram.

Təmənnasız məhəbbətin vacib özəlliyi ondan ibarətdir ki, o özü üçün sevgi və ya sadiqliklə müqayisədə daha çox xoşbəxtlik gətirməyə qabildir. Nədən ötrü? Ondan ötrü ki, insan məhz bu cür yaranıb: özünü unutmaqla o, əslində, xoşbəxtlik əldə edir. Nə qədər ki yalnız özün haqqında düşünürsən, nə vaxtacan ki şübhə və məmnuniyyətsizliyin girdabında yaşayırsan, düşüncələr səni bir an da rahat buraxmır: "Mən həyatda bacara bildiyim hər şeyə nail olmuşammı? Məni hazırda düşdüyüm vəziyyətə gətirən hansı səhvim oldu? Mənim barəmdə nə düşünürlər? Məni sevirlərmi?"

Elə ki başqa kişi (yaxud qadın) sənin həyatının başlıca dayağına, əsas sütununa çevrilir, onda hər şey öz qaydasına düşür. Bizim borcumuz nədədir? Sevdiyin adamın xoşbəxtliyini təşkil etməkdə. Həmin dəqiqədən etibarən həyat məna kəsb etməyə başlayır və bu məna həmin gündən onun özəyinə çevrilir. İnamla bəxş olunan təsvirəgəlməz, ifadəolunmaz rahatlıq həzzi, təəssüf ki, hamı üçün əlçatan deyil. Lakin dünyəvi bağlılıq da dadlı və qiymətlidir. Əlvida.

 

A.Morua "Yad qadına məktublar"-20 (Son)

 

 

Sonrakı peşmanlıq haqqında

Bu günlərdə baxdığım bir film məni bərk həyəcanlandırdı. Bu, müflisləşən və öz uşaqlarının himayəsində yaşayan yaşlı ər-arvad cütlüyünün adi həyatı barədədir. Filmin qəhrəmanları, hər şeydən göründüyü kimi, çox yaxşı adamlardır, onların övladları–digər uşaqlardan zərrəcə əskik deyil. Amma hər şey hədsiz dərəcədə pis alınır. Yaşlı nəsil cavanların həyatını çətinləşdirir, mehriban münasibətlər vaxt ötdükcə korlanır. Valideynlərdə ədəb çatışmır, uşaqlarda səbr. Kürəkənlər və gəlinlər qan qohumluğu ilə bağlı olmadıqları qocalara dözməkdən imtina edirlər. Nəhayət, ananı qocalar evinə göndərirlər. Qarı elə orada da ölür.

Kinoteatrdan çıxarkən mən vicdan əzabı barədə düşündüm. Şübhə etməyə bilərsiniz: valideynləri öləndən sonra vicdan əzabı uşaqlara rahatlıq verməyəcək, onları mütləq didib-parçalayacaq. Nə qədər ki bizə doğma olan adamlar sağdır, biz onlarla müxtəlif cür rəftar edirik–gah onlara qarşı diqqətli olur, gah da bilaixtiyar əsəbi münasibət göstəririk. Biz onları sevirik, amma eyni zamanda onların nöqsanları bizi təngə gətirib zəhləmizi tökür, çox vaxt da həyatımızı çətinləşdirir. Bizim öz istəklərimiz, öz arzularımız var və aydın olanda ki, bəs biz istəyən şeylər bizi sevənlərin arzularıyla çəp gəlir, onda öz vicdanımızı satmağa başlayırıq. Özümüzə təskinlik veririk: "Əlbəttə, o (ata, yaxud ana) əzab çəkəcək, amma daha mən özümü daimi olaraq qurban verə bilmərəm ki. Üstəlik də, növbəti dəfə daha xoş sözlər söyləməklə, daha mülayim münasibət göstərməklə bu mənasız incikliyi yumşaldıb aradan qaldıraram".

Bu cür haqq-hesablar aparmaqla, vurub-çıxmaqla biz ölümü nəzərdən qaçırırıq. Ölüm isə öz vaxtında gəlir və artıq heç nəyi düzəldə bilməzsən. Bax elə onda da sonrakı peşmançılıq dövrü başlanır. Ölüm bizimçün yalnız gecikmiş təəssüf hissi qoyaraq bizi həmişəlik tərk edən adamların zəif cəhətlərini unutmağa məcbur edir. İndi isə biz öz doğmalarımızı görmək imkanından ömürlük məhrum olanda

onların əvvəllər bizə zəhlətökən, yaxud səfeh kimi görünən hərəkət və davranışları, söhbət və danışıqları xüsusi riqqət və kədər doğurur. Biz əbədi olaraq o dünyaya köçənləri təsirləndirə və sakitləşdirə biləcək və bizdən, demək olar ki, heç bir səy tələb etməyən şeylər barəsində düşünməyə başlayırıq.

Matəm libasına bürünmüş oğul düşünür: "İkicə kəlmə xoş sözlə onun kefini açmaq, bir neçə dəqiqəliyə baş çəkmək üçün yanına qaçmaq, yaxud zəng vurmaq nə çətin iş idi ki? İkicə sətirlik məktub yazıb göndərsəydim, atamın üzü bütün gün sevincindən işıq saçardı. Mənsə, onsuz da, təngə gətirdiyim qadınla daha bir neçə dəqiqəni bir yerdə olmaq üçün atamı bu sevincdən məhrum etmişdim.

Hər şeyə vaxt çatırdı: rəislərə yazmağa da, dostlara yazmağa da, amma öz atama yazmaq üçün vaxt tapa bilmirdim. Halbuki, onu bütün varlığımla sevirdim…"

Mən vəhşilərin eynən ibtidai adamlar sayağı ölülərdən qorxmaları və onları sakitləşdirmək üçün cəhd etmələri, onlara qurban gətirmələri barədə oxuyanda qətiyyən təəccüblənmirəm. Bu doğrudur ki, ölülər yuxularda geri qayıdırlar və öz vaxtında onların həyatını bədbəxt etmiş diriləri didib-parçalayırlar. Bununla əlaqədar Anatol Fransın ən gözəl romanlarından biri olan "Teatr əhvalatı"-nı yaxud

Şatobrianın xanım de Dyuranın vəfatından sonra yazdığı etirafı oxuyun. Şatobrian xanım de Dyuranın sadiq dostluğuna dəfələrlə soyuq etinasızlıqla və güclə gizlədilən qıcıqla cavab vermişdi: "Bu alicənab xanımı itirəndən sonra… mən heç cür sakitləşə bilmirəm; mənə son dərəcə sadiq olan bu böyük ürək sahibini tez-tez məyus etməyimin peşmançılığını çəkirəm, göz yaşı içində indi özümü səbatsızlıqda

məzəmmət edirəm. Öz hərəkətlərimizə diqqət yetirməyimizin vaxtıdır! Unutmayaq ki, həyatımızı yolunda qurban verməyə hazır olduğumuz yaxınlarımıza dərindən bağlılıq hiss etməklə yanaşı, həm də onların varlığını zəhərləməyə qabilik. Dostlarımız qəbrə köçəndən sonra biz axı onların qarşısında öz günahımızı necə yuya bilərik? Bizim bu faydasız təəssüflərimiz, bu sonrakı peşmançılıqlarımız sağlığında onların qəlbinə vurduğumuz yaralara məlhəm ola bilərmi? Onlar öləndən sonra bizim axıtdığımız göz yaşlarındansa, həyatda bizim təbəssümümüzü görməyi daha üstün tutardılar".

Gəlin, vicdan əzabı çəkə-çəkə onların kölgələrinə əbəs yerə təklif etdiyimiz həmin o mehribanlığı dirilərin özlərinə göstərməkdən imtina etməyək. Bunu heç vaxt yaddan çıxartmayın, querida və əgər görüş qismətimiz olsa, onda mənim kimi bir qocanı təəssüfləndirərək özünüz üçün sonrakı peşmanlığın təməlini qoymayın. Əlvida.

 

A.Morua "Yad qadına məktublar"-20 (Son)

 

 

Kral olmaq istəyən adam

Kiplinq "Kral olmaq istəyən adam" adlı əla bir hekayə yazıb. Bu bir irland avantüristinin–Kiplinqin Kafiristan adlandırdığı və çox az adamın tanıdığı hansısa ölkədə kral olmağı qarşısına məqsəd qoymuş son dərəcə qoçaq və cəsur bir əsgərin əhvalatıdır. Diqqət yetirin ki, yarımvəhşi xalqların mövcudluğunu yada salsaq və ingilis səyyahı Brukun yaxın keçmişdə Saravakanın racəsi olduğunu düşünsək, onda bu fikir heç də məntiqsiz görünmür.

Əvvəlcə hər şey qəhrəmanın istədiyi kimi gedir. Öz sərrast atəşləri sayəsində o, heç vaxt tüfəng görməmiş dağlıları heyrətə salır, qorxudur və özünə tabe edir. Təzəlikcə bir yaşayış yerinin hakimi olan kimi o, həmin yerin sakinlərini yeni müharibəyə təhrik edir və bir unter-zabit olaraq ətrafında məğlubedilməz qoşun toplayır. Hakimiyyəti yavaş-yavaş genişlənir, yerli sakinlər onu, az qala, Allah sayır və tabe olub qarşısında təzim edirlər. Tezliklə bu qoçaq arzu etdiyi kimi, artıq böyük bir ərazidə kral olur.

Əgər yerli qadınlar onu şirnikdirib yoldan çıxartmasaydılar, elə kral olaraq da qalacaqdı. Belə ki, o fikirləşir: axı kral niyə də evlənməsin? Öz arzusunu kahinlərə bildirir, kahinlər isə cavabında yalnız başlarını bulayırlar: "Bəyəm Allah da bəşər qızıyla izdivaca girə bilərmi?" Lakin kral artıq öz seçimini etmişdi: yerli gözəl onun arvadı olacaqdı. Nikah mərasimindən sonra kral qızı qucaqlamağa və öpməyə

cəhd edir. Bərk qorxmuş qız kralı var gücüylə dişləyir, qan fışqırır. Bu, qiyam üçün bəhanədir. "Sən Allah deyilsən, sən–adicə insansan!" və təbəələri onu uçuruma atırlar.

Bu, insan nəslinin özü qədər qədim bir əhvalatdır; onun ilk rüşeymlərinə biz hələ Samson və Dalila haqqındakı pritçada rast gəlmişik. Qədim əsatirin bu qədər uzunömürlü olmasında təəccüb doğuracaq heç nə yoxdur, çünki son dərəcə gerçəkdir. Başqaları üzərində ağalıq etməyə can atan adam həyatın adi sevinclərindən imtina etməyi bacarmalıdır. Rəhbər ona nə qədər çətin də olsa, asketliyə,

tərki-dünyalığa ehtiyac duyur. Adamlar onların maraq və əyləncələrini bölüşəni xoşlayır, amma beləsinə nadir halda hörmət qoyurlar.

Biz hər birimiz öz departamentində balaca bir ağa olmuş və orada bir vəzifədən digərinə adlamış (çünki onlar suyu üfürə-üfürə içən işgüzar adamlar, ağıllı hakimlər idilər) xeyli cavan tanıyırıq. Parlamentin deputatı qismində Parisə düşən bu adamlar yeni həyat tərzinin şirnikdirmələrinə uydular. Bizdə bu cür Samsonların pusqusunda dayanmış Dalilalar sarıdan qıtlıq-filan yoxdur. Kifayət qədər tez bir müddətdə xadimin indiyə qədərki təvazökarlığında dəvətli naharlara, gecə əyləncələrinə həvəs peyda olur. Əgər o, təbiətən səxavətli və alicənabdırsa, onda nəzakətə nəzakətlə də cavab verəcək; bütün bunlar isə ucuz başa gəlmir. Tezliklə o artıq bir gecəyə o qədər pul xərcləyir ki, əvvəllər bu pul onun bir ayına bəs edirdi. Və bir halda ki onun ixtiyarında sərfəli vəzifələr var, onda həmin vəzifələri ondan satın almağa hazır olan varlı pirat da tapılır. Dalila yeni peyda olmuş Samsonu dilə tutmağa başlayır ki, bəs əlverişli təklifi qəbul etsin. Sabah onun təbəələri aşkar edəcəklər ki, o, cəmi-cümlətanı, adamdır, hələ üstəlik də, son dərəcə səbatsız, qeyri-sabit bir adam. Uçurumdan da arxayın ola bilərsiniz. Ey mənim qəlbimin yad qadını, kimi nəzərdə tutduğum sizə, yəqin ki, aydındır. Əlvida.

Bayram hədiyyələri dövrü

Nəhayət, bir-birimizə hədiyyə etməyin vaxtı gəlib çatdı. Etiraf edim ki, mən bunu böyük sevinclə qarşılayıram, amma bu əsla qarşıda məni gözləyən bəxşişlərdən yana deyil (dünyada mənə məmnuniyyət bəxş edəcək az əşyalar mövcuddur), daha çox adamları hədiyyə verməyə sövq edən duyğulardan yanadır. Sevgi ilə seçilmiş hədiyyəni-hədiyyə verənin onu məhz kiminçün seçdiyinə, seçimin təkrarsızlığına və necə təqdim olunmasına əsasən–digər hədiyyələrin arasında çox asanlıqla tanıyırsan. Bax elə buna görə də bütün mümkün simvol və alleqoriyalar bayram günlərində öz daimi əhəmiyyətlərini qoruyub saxlayır. Bir çox ətirlərə müəyyən xatirələrlə, yaxud təsirli ümidlərlə bağlı məhz ona görə bu qədər ifadəli adlar qoyulur ki, onları hədiyyə edərkən birbaşa deyilməsi mümkün olmayan arzuları ifadə etmək mümkün olsun. Bu həmçinin bəzi roman və şeirlərə də aiddir: tutaq ki, hər hansı aşiq Yeni ilin yaxınlaşmasından istifadə edərək, həyata keçirmək istədiyi uydurulmuş bir əhvalatı oxumağı sevdiyi qadına təklif edir. Sent-Böv hətta öz cəhdlərini anlaşıqlı edən povesti özü yazmışdı. Üzərində kəlamlar, yaxud şeir misraları həkk olunmuş adicə şərf, yaxud cib dəsmalı əlin

yazmağa qalxmadığı sözləri ifadə etmək gücündədir. Hədəfi dəqiq nişan almış almaz oxlar, sərrast atılmış güllələr ürəklərə daha kəsə yol tapır.

Amma mən hədiyyə verməyi hədiyyə almaqdan daha çox xoşlayıram. Bizə əziz olan adamın üzündə onun lap çoxdan və ürəkdən arzuladığı istəyin qəfil gerçəkləşməsindən doğan sevinci görmək əsl məmnuniyyətdir! Oyuncaq vitrinlərini diqqətlə gözdən keçirib bitdə-bitdə araşdırmaq–uşaqlarımızın hələ körpə olduqları və onları xoşbəxt etmək bizim ixtiyarımızda olduğu müddətdə bundan böyük məmnuniyyət ola bilərmi! Sonradan onları hədiyyə ilə sevindirmək, təəssüf ki, artıq bizim qüvvəmiz daxilində olmur. Qadınlar isə bizim bəxtimizdən, iş hədiyyəyə çatanda özlərini lap uşaq kimi aparırlar–bu vaxt onlar üçün Şaxta baba rolunda çıxış etmək necə də xoşdur! Burada ən çətini–həmin rolun öhdəsindən uğurla gəlməkdir. Kişilər əksər halda belə düşünməyə meyillidirlər ki, qadınların xoşuna gələn şey məhz onların özlərinin bəyəndiyi şey olacaq. Amma bundan da yanlış təsəvvür ola bilməz!

Mən belə düşüncə tərzi olan filosofa heyranam və onun əsərləri külliyyatını ən ucuz xəzi xoşlayan, ən təvazökar zinət əşyalarını bəyənən, hətta sadəcə, çiçəkləri sevən qadına məmnuniyyətlə hədiyyə etməyə hazıram. Hədiyyələri hədiyyə veriləcək adamdan ötrü seçmək lazımdır, onu təqdim edəcək adamdan ötrü yox.

Daha bir məqam: hədiyyə həqiqi hədiyyə olmalıdır, yəni onu heç bir şərt qoymadan həmişəlik istifadə üçün bağışlamaq lazımdır. Bəzi ailələrdə hədiyyəni "M.O" (müvəqqəti olaraq) bağışlayırlar. "Vermək və geri almaq məsləhət deyil". Valideynlər öz balaca oğlanlarına elektrik dəmir yolu bağışlayırlar. Sonra ata texnikadan daha yaxşı baş çıxartdığına istinad edərək oyuncaqla özü əylənməyə başlayır,

aldadılmış uşaq isə bir qıraqda dayanıb ona fikirli-fikirli göz qoyur. Başqa valideynlər uşaqlarına verdikləri hədiyyələrə göz qırpmadan nəzarət edirlər, sanki, oyuncaq yox, qiymətli və tezsınan sənət əsəridir və muzeydə olduğu kimi, onu qoruyucu məftillərlə tutmalısan.

– Vurma kuklanı, yoxsa sındırarsan.

– Ana, o, özünü pis aparırdı.

– Nə gic-gic danışırsan! Bu, cansız kukladır… özü də atan ona filan qədər pul verib…

Daha bir illüziyanın ölümü bayram gününü kədərə bürüyür.

– Onlar əvvəl hədiyyəni verirlər,–uşaqlar şikayətlənir,–sonra elə özləri də ona toxunmağı qadağan edirlər. Oynadanda isə, ümumiyyətlə, alıb şkafda gizlədirlər.

Yeni il bayramı çox vaxt göz yaşlarıyla bitir. Unutmayaq ki, səxavət bayram ovqatının ayrılmaz hissəsidir. Hədiyyə edərkən yüz ölçüb bir biçmək və qənaətcilliyə yol vermək hədiyyə etmək deyil. Hətta ən adi hədiyyə də onun ünvanlandığı adamı yaxşı mənada heyrətə gətirə bilər, bir şərtlə ki, gərək hədiyyə verənin imkanları böyük olmasın. "Sizə bir dəstə gül hədiyyə ediləndə hesab edin ki, dünyanı sizə bağışlayıblar". Lakin varlı adam ona sağlam düşüncənin söylədiyindən bir qədər artığını bağışlamağa borcludur. Qədərindən artıq bağışlamayan adam isə kifayət qədər bağışlamamış olur.

Əgər hədiyyə vermək özünəməxsus bir peşədirsə, hədiyyə qəbul etmək də peşədir; özü də asan peşə deyil. Burada təxəyyül zəruridir. Kim qayğıkeşliklə seçilmiş hədiyyəni qəbul etməyə, hədiyyə verənin seçim qarşısında uzun-uzadı düşüncəsini, gərgin səylərini qiymətləndirməyə qabil deyilsə, öz minnətdarlığını lazımi qaydada ifadə edə bilməz. O barədə fikirləşin ki, dostunuz sizin sevincinizi qabaqcadan duyub. Düşünün ki, o, sizdən xoş təəccüb və heyrət nidalarını çoxdan gözləyir. O ümid bəsləyir ki, hədiyyəsi haqqında hələ "sizin damınız altında uzun müddət danışacaqlar". O, sizin tərəfinizdən hədiyyənin məziyyətlərinin bütün xırdalıqları nacan müzakirə ediləcəyini eşitmək istəyir. Gözləyir ki, siz onun səxavət və zövqünün tərifini göylərə qaldıracaqsınız. Saymazyana qəbul edilən hədiyyə, bəlkə də, özlüyündə cüzi şeydir, lakin bəzən ağır faciəyə çevrilir. Azacıq cibxərcliyi olan qadın ərinə üç qalstuk alır. Əri bağlamanı açıb soruşur:

– Bu mənimçündür? Sən gərək çoxdan biləydin ki, mən bu cür tünd naxışlı qalstuklar taxmıram. İcazə ver, indən belə bu şeyləri mən özüm seçim.

Göz yaşları və bunu başa düşmək asandır.

Əlbəttə, hədiyyə verəcəyin adamı özünlə xəzçinin, zərgərin, dəri qalantereyası, yaxud dəri üzlü kitab tacirinin yanına da apara bilərsən, amma bir şərtlə ki, onunla münasibətləriniz kifayət qədər yaxın olsun. Əks təqdirdə pul məsələsi hədiyyənin qüsursuzluğuna kölgə salacaq. Hədiyyəni qəbul edərkən peşmançılıq hiss edirsənsə, bunu yalançı sevinclə ört-basdır etməlisənmi? Burada iki fikir ola bilməz–

qayğınızı çəkən adama siz mütləq məmnunluq bəxş etməlisiniz. Böyük müsibətdənsə, kiçik yalan daha yaxşıdır. Xüsusən də bu, uşaqlar tərəfindən edilən hədiyyələrə aiddir. Balacaların hədiyyəsini həmişə böyük heyrət və sevinclə qəbul etmək lazımdır.

Öz uşaqlığımın dəhşətli bir günü yadıma düşəndə mənim hələ indi də ürəyim sıxılır. Qənaət edib topladığım kiçik məbləğə mən bacılarımdan birinə balaca uşaq ütüsü və ütüləmək üçün oyuncaq taxta almışdım. Bu şeylər ona lazım deyildi və bacım onları mənim başıma çırpdı. Həmin vaxtdan altmış il keçib, amma mən hələ də sakitləşə bilmirəm. Bu çox haqsız hərəkət idi!

"Yazıq adamlar,–bir vaxtlar abbat Myüne deyirdi,–İki min il ərzində onlar hətta ən ağır səkkizinci günahı da dərk edə bilməyiblər". Onlar həm də yeni oyuncaqlar fikirləşə bilməyiblər. Qız uşaqları üçün kukla və mətbəx ləvazimatı, oğlan uşaqları üçün müharibə və nəqliyyat vasitələri. Vəssalam, daimi mövzu yalnız budur. Əlbəttə ki, müharibələrin xarakteri dəyişir. Və hindu qəbiləsinin silahı olan ox-yayın əvəzinə indi vitrinlərdə bombaları avtomatik şəkildə şəhər maketinin ortasına atan bombardmançı oyuncaq dəstinə rast gəlmək mümkündür. Lakin bunu tərəqqi adlandırmaq olmaz. Əvəzində kuklalar–onların bəxtindən–dəyişmir. Bax, elə məhz qadın Alenin dediyi kimi saxlanması lazım olan şeyi qoruyub saxlayır, təki kişi adam olaraq qalsın. Qoy dünyaya əmin-amanlıq bəxş etməkdə qadın bizə yardımçı olsun. Yeni iliniz mübarək, mənim əzizim. Əlvida.

...Son...

20 mart 2015
GO BACK