Qadin.NET / A.Morua "Yad qadına məktublar"-19

A.Morua "Yad qadına məktublar"-19

Bəs haradadır səadət?

Əzizim, siz mənə sərt, hətta bir qədər amansız məktub yazmısınız. "Sizin nikbinlik haqqındakı məktubunuz məni bir qədər hövsələdən çıxarıb,-mənə yazırsınız,-Sağlam düşüncəli bir adam bu səbatsız dünyada nikbin ola bilərmi? Bəlkə də, siz özünüzü xoşbəxt sayırsınız, əslində isə mən sizə deyirəm ki, siz də hamı kimi bədbəxtsiniz. Bir fikirləşin, əvvəlcə sizi lapdan götürüb zülmət qaranlıqda

fırlanan sudan və qurudan ibarət bu kürənin içinə atırlar və müəyyən vaxtdan, Yer orbitində dəqiq hesablanmış dövriyyədən sonra siz ölməlisiniz. Bunu bilə-bilə sakit və razı qalmaq mümkündürmü? Siz təsdiqləyirsiniz ki, guya, həyatda kifayət qədər uğurlara nail olmusunuz və sizin bütün ciddi istəkləriniz gerçəkləşib. Mənim zavallı dostum, siz bunun belə olduğuna inanmaq istəyirsiniz, amma özünüz məndən heç də pis bilmirsiniz ki, yeniyetməlik arzularınız sizi xeyli yüksəklərə qaldırıb. Siz əmin edirsiniz ki, guya, arvadınız sizə bütün qadınlardan daha xoş gəlir və siz ailə həyatında əsl xoşbəxtlik tapmısınız? Yetər! Bir az səmimi olun! Adamın heç inanmağı gəlmir. Boynunuza alın ki, nikaha sadiqliyi qorumaq xatirinə məhrum olduğunuz əyləncələrin siz bəzən təəssüfünü çəkirsiniz.

Yaxşı yadıma düşdü, sizin hədsiz çox sevdiyiniz Viktor Hüqonun "Bəs haradadır səadət?" adlı gözəl bir şeri var. O şeirdən aydın olur ki, sizin ötəri səadətiniz əslində müsibətlərin uzun bir sırasıdır, vur-tut uzun bir sırası:

Biz bu yolu kədərlə adladıqca anladıq:

Beşik necə işıqlı!.. Qəbir necə qaranlıq!..

Doğulduq-qarşımızda uzun bir yol, tükənməz!

Böyüdük-nə yazıq ki, uşaqlıq geri dönməz.

Qocalıqda yanırıq gəncliyin ötdüyünə,

Öləndə də həyatın ömürlük bitdiyinə!..

Bəs hardadır səadət, harda?-sordum əlbəəl.

– Onu sənə bəxş edən Tanrı idi, ay əfəl!

Bəli, onu, bu səadəti sizə sadəcə bəxş etmişdilər, lakin o, vur-tut böyük bir aldanışdır. Bizim bu dünyada öz qısa və bəhrəsiz yolumuzu başa vurduğumuz müddətəcən davam edən bir yalandır".

Siz bu gün yaman kədərli ovqata köklənmisiniz, querida, ola bilsin, oxuduğunuz hansısa məşum kitabların təsiri altındasınız. Siz məni nədə qınayırsınız, nədə məzəmmət edirsiniz? Mənim öz-özümü aldatmağımdamı? Onda ki, guya mən sizin ifadə etdiyiniz kimi öz aciz mövcudluğuma göz yumuram? Guya ki, mən özüm özümü aldadıram? Siz bununla nə demək istəyirsiniz? İnsan mövcudluğunun

çətinliklərini unutmaq, öz fikir və düşüncələrini bu çətinliklərin üzərində qətiyyən cəmləşdirməməyə çalışmaq, gündəlik həyatın adi sevincləri içərisindən ən fərəhlilərini-ilk nəvazişləri, zərifliyin ilk təzahürlərini, nişan mərasimini, bal ayını, övladlarının sənin gözünün qabağında böyüməsi kimi ürəkaçan duyğuları, sakit, rahat qocalığı ön plana çıxartmaq əsla özünü aldatmaq demək deyil. Bu, o

deməkdir ki, öz üzərində mübarizə aparmaqdan çəkinməyəsən və həyatı necə varsa, o cür də qəbul edəsən. Mən onunla razıyam ki, həyat mütləq şəkildə xoşbəxt ola bilməz, lakin onun böyük ölçüdə bu cür olması mümkündür və bu yalnız bizim özümüzdən asılıdır. Xoşbəxtlik zahiri hadisələrdə deyil. Xoşbəxtlik onun toxunduğu adamların ürəyindədir. Xoşbəxtliyə mənim inandığım kimi inanmaq

onu həqiqi etmək deməkdir, çünki xoşbəxtlik ona inamdadır.

"Bəs haradadır səadət?" O, bizim hər birimizin böyründədir. O, tamamilə sadədir, tamamilə adidir və qətiyyən yalan ola bilməz, çünki xoşbəxtlik ruhun vəziyyətidir. Əgər mənə istidirsə, deməli, mənə istidir-bu faktdır. Siz nə qədər desəniz: "Sizə isti olduğunu düşünməklə əslində siz özünüzü aldadırsınız",-bu, mənim vecimə olmayacaq. Spinoza deyirdi: "Mən ondan yana razı deyiləm ki, mənə istidir, yox, mənə isti olduğundan yana mən razıyam». 

Əgər mən öz arvadımı sevirəmsə və özümü onunla olduqca xoşbəxt hesab edirəmsə, mən, həqiqətən, xoşbəxtəm. Siz mənə deyəcəksiniz: "Bu, uzun sürə bilməz. İstənilən məhəbbət bezdirir, qırılır, unudulur. Sizin arvadınızdan cavan və gözəl olan çoxlu qadın var". Amma mənim nə işimə qalıb? Mən cavan qadınlara həvəs duymuram. Sizin buna nə etirazınız olacaq? Xoşbəxtlik və yalan bir yerdə, yan-yana mövcud ola bilməz, çünki səadət yalan kimi tanındığı gün səadət olmaqdan qalır. Bax, elə məhz bunu sübut etmək tələb olunurdu, querida. Alenin "Xoşbəxtlik haqqında söhbət "yazısını oxuyun, ifrat dərəcədə kədərli romanlardan qorunun və bu gözəl yay fəslindən ləzzət alın. Əlvida.

A.Morua "Yad qadına məktublar"-19

Uşaqların tərbiyəsi haqqında

Tətil günləri tezliklə başa çatacaq və siz uşaqların tərbiyəsi barədə məndən məsləhət xahiş edirsiniz, əzizim. Sizin uşaqlarınız hələ çox kiçikdirlər, lakin mən düşünürəm ki, ən erkən yaşlarından məktəbdə onları ailədə olduğundan daha yaxşı tərbiyə edəcəklər. Uşaqları can-dildən sevən ata-ana hər şeyi hədsiz dərəcədə yaxşı "anlayırlar" və buna görə də uşaqlara onların zəif cəhətlərini bağışlayır, tənbəlliklərinə göz yumurlar. Valideynlər səhvi düzəltmək əvəzinə daha çox təskinlik verməyə can atırlar. Məktəb həyatın özü kimi qərəzsiz və ciddi yerdir. Orada bərabərlik hökm sürür və hərgah doğmaları tərəfindən "ilahiləşdirilən" gözəl qızcığaz imtahandan kəsilib növbəti sinfə keçməsə, ikinci il eyni sinifdə qalmalı yaxud həmin məktəbi tərk etməli olacaq. Kollecin qanunu belədir və ağıllı, ədalətli qanundur. Sevginin ifratlığından uşaqlarda heç də belə bir təəssürat yaratmaq lazım deyil ki, bəs göz yaşları və öpüşlər onların nalayiq hərəkətlərini, qəbahətlərini silib aparacaq; bəs həyat asandır və hər şeyə qadir ailə hamısını yoluna qoyacaq. Əsla! Həyat mübarizədir və bu mübarizəyə uşaqlıqdan hazırlaşmaq lazımdır. Yoldaşlar valideynlərdən daha yaxşı tərbiyə edirlər, çünki onlara acıma hissi xas deyil.

Tərbiyəni həzz və məmnunluqların cərgəsinə qoşmağa cəhd göstərməyin. Ağılı, düşüncəni möhkəmləndirən yalnız səydir. Lazımdır ki, sizin oğlunuz oxuduqlarını dərk etmək üçün əziyyətə qatlaşsın, baş sındırsın, əks təqdirdə onun diqqəti yayınacaq və daim kənar şeylərə cəlb olunacaq. Onun meylini dərhal böyük yazıçılara yönəldin. Prustun anası oğlunda Jorj Sandın və Dikkensin romanlarını oxumağa həvəs oyatmışdı. Nəticədə Marsel Prust ortaya çıxdı. Uşaqlarınızda Kornelin, Lafontenin, Hüqonun yaxşı şeirlərini əzbərləmək həvəsi oyadın. Əvvəlcə bir çox sözlərin mənası onlara çatmayacaq, amma çox tezliklə onların şəxsi söz ehtiyatları xeyli artacaq. Bu şeirlərin gözəl musiqisi övladlarınızda yüksəkliyə meyil tərbiyə edəcək. Tərbiyələndirmək sözünün dərin mənasına varın.

Uşağı tərbiyə etmək onun ağlını və xasiyyətini yüksəltmək, deməli, onu mənəvi ucalığa aparmaqdır. Bundan ötrü uca zirvələrə, böyük yüksəkliklərə vərdiş etmiş bələdçilər, başqa sözlə, şairlər lazımdır. Hələ yaddaşlarını yaxşıca zənginləşdirdiyiniz üçün, bilsəniz sonradan övladlarınız sizə necə minnətdar olacaqlar! Yadımdadır ki, 1940-cı ilin böyük müsibətlər dövründə "daxili poeziya axşamları" mənimçün mənəvi təskinlik rolunu oynamaqla necə də dadıma çatmışdı.

Öz uşaqlarınıza mütləq bir yaxud hətta bir neçə peşə öyrədin. Heç kim bilmir ki, sabah dünya necə olasıdır, amma əl qabiliyyəti olan adamlara həmişə ehtiyac duyulacaq.

Sizin övladlarınız texnikanın əhatəsində yaşayacaqlar. Ona görə də lazımdır ki, texnikadan baş çıxartsınlar, onunla yaxından "dostluq"eləsinlər. Maşınlar onları sevməyənlərlə çox pis davranır. Bu gün hər bir oğlan uşağı elektrik, xarrat olmalı, radioqəbuledicini təmir etməyi bacarmalıdır. Əks təqdirdə o daim cürbəcür ustalardan asılı vəziyyətdə qalacaq.

Yeniyetməlik dövrünün ən gözəl xüsusiyyəti ondan ibarətdir ki, yeniyetmənin çevik ağlı həm texniki vərdişlərə asanlıqla yiyələnir, həm də xarici dilləri tez götürür. Bu uzun sürməyən, daimi olmayan keyfiyyətdən faydalanmaq lazımdır. Həmin şeyləri sonradan mənimsəmək tamamilə qeyri-mümkün olmasa da, xeyli çətin olur. Bir vaxtlar mən bir ingilis xanımla, düz yetmiş yaşınacan yunan dilindən dərs demiş miss Harrisonla tanış idim. İstirahətə çıxarkən o, rus dilini öyrənmək qərarına gəlmişdi və çatdırıb öyrənmişdi də. Lakin bu, qadından çox böyük zəhmət tələb etmişdi, halbuki uşaqların dilləri mənimsəməsi qat-qat asan başa gəlir. Bundan başqa uşaqlar sözləri eşitməklə, necə deyərlər, "qulaqla" öyrənirlər, buna görə də tələffüzləri qüsursuz olur, halbuki, dilləri "gözlə" öyrənən yaşlı adamlar əcnəbi sözlərə öz doğma dillərinin səslənişini "qatırlar". Öz oğlanlarınıza ən azından ingilis və ispan dillərini öyrədin-bu dillər dünyanın tən yarısını onların üzünə açıq edəcək; sonra isə bura latın dilini əlavə edin. Bu dil övladlarınızın qarşısında biliklərin qapısını açacaq.

Sizə daha nə arzulayım? Həmişə elə hərəkət edin, elə rəftar göstərin ki, övladlarınız sizə hörmətlə yanaşsın, amma sizdən qorxmasınlar. Özünüz malik olmadığınız məziyyətləri onlara əsla sırımağa çalışmayın. Unutmayın ki, uşaqlar sizi müşahidə edir və nəticə çıxarırlar. Əgər onlar sizə eynən mənim kimi heyrandırlarsa, onda hər şey qaydasında gedəcək. Məktəbdə dərslərin başlaması ilə əlaqədar mənim sizə məsləhətlərim belədir, xanım. Mənasız əyləncələri isə hələlik təxirə salmaq lazım gələcək. Əlvida.

A.Morua "Yad qadına məktublar"-19

Məzuniyyətlər və sevgilər haqqında

Məhəbbət-mən bunun ötəri əyləncə deyil, həqiqi hiss olduğunu düşünürəm. Yüksək məhəbbət istirahət tələb edir. Zəngin və dəbdəbəli cəmiyyətlərdə, deyək ki, Versal sarayında yaxud bizə yaxın olan Prustun romanlarında təsvir edilən kübar cəmiyyətdə istirahət qıtlığı yox idi və sevgi orada bütün ilboyu çiçəklənirdi. Lakin iki cahan savaşının faciələrini yaşamış dünyada, özünün və yaxınlarının mövcudluğunu qoruyub saxlamaqdan ötrü adama səhərdən gecəyə qədər işləmək lazım gəldiyi bir dövrdə arxayın və təlaşlı məhəbbət oyunları üçün vaxt yoxdur.

Siz necə düşünürsünüz, bizim dövrümüzdə Parisdə, yaxud başqa şəhərlərdə yaşayan çoxmu ailəli adamlar ağır iş günündən sonra evə qayıdarkən sevgi söhbətlərinə vaxt tapır? Çoxmu kişilər Burjenin yaxud Mopassanın qəhrəmanlarına bənzər şəkildə axşam saat beşlə yeddi arasında sevgilisi ilə görüşə yollanmağı özlərinə rəva görmək dərəcəsində ixtiyar sahibləridir? Bu barədə düşünərkən mənim

təsəvvürümdə keçmiş rəssamların çəkdikləri alleqorik rəsmlərlə bəzənmiş plafon obrazı peyda oldu: "A

mur məzuniyyət vaxtını gözləyərkən". Hərəsi hansısa bir işin qulu olan kişilərdən və qadınlardan ibarət kütlə ora-bura vurnuxur, qaçışır, var-gəl edir: kimisi zavoda tələsir, kimisi banka, kimisi metroya, kimisi də qatara; ən qıraqda dayanmış Amur isə içi oxla dolu oxqabını qəmli-qəmli süzərək təqvimi vərəqləyib dərindən köks ötürür: "Ah! Kaş bu iyul, avqust tez gələydi!"

 

O biri zalda başqa plafon görmək mümkündür: "Amur məzuniyyət vaxtı". Bu plafonda başdan-başa sevgili cütlüklər təsvir olunub: bir neçəsi soyunaraq günəşli çimərlikdə uzanıb, digərləri yaşıl çəmənlikdə yaxud meşədə, ağacların kölgəsində dincəlirlər, başqaları da qol-boyun olaraq dağ cığırlarıyla yuxarı qalxırlar. Bu adamların hamısından yüksəkdə isə ehtiras oduyla çırpınan məmnun

Erot uçur-onun oxları artıq tükənməkdədir, buna görə də balaca kupidonların qatarı onun ardınca gəlir və yorulmaq bilmədən Erotu sursatla təmin edirlər və həqiqətən də, axı məzuniyyət vaxtı qadınların nazını çəkməyib, başqa nə işlə məşğul olasan? Sevgi macəraları üçün daha bundan da münasib hansı vaxt ola bilər ki? Nə kişilərin, nə də qadınların elə bir vacib, təxirəsalınmaz işləri yoxdur; səyahətlər və kurort həyatı isə onları istənilən görüşləri mümkün edən bayram burulğanlarına cəlb edir.

İlin on bir ayını, deyək ki, Bellakda yaşayan cavan adam yalnız oradakı qızları görür. Həmin qızları o, uşaqlıqdan tanıyır; ola bilər ki, onların arasında onun arzuladığı qadın tapılacaq. Onda şəhərlərin ən yaxşısı olan bu şəhərdə, deməli, hər şey yaxşılığa doğrudur. Amma çox vaxt bu baş vermir. 

Məzuniyyət isə həmin cavana imkan verir ki, lap Fransanın otuz altı min kommunasından olan qızlarla tanışlıq edə bilsin, özü də romantik məhəbbətlər üçün xoş olan bir şəraitdə-arxayın etiraflar üçün kefin istəyən qədər asudə vaxt və ikilikdə gəzdikləri, tək qaldıqları xoş saatların hər cür imkanları onun xidmətindədir. Don Juan üçün məzuniyyət-"ovun" başlanğıcıdır; donna Anna qumlu çimərlikdə təkcə uzanıb özünü günə verir, özü də o vaxt ki, Komandor ya krevet tutmağa gedib, ya da bakkara oynayaraq müflisləşir. Öz arvadını ürəkdən sevən təzə evlənmiş ər üçün məzuniyyət-sevdiyi qadını daha yaxşı tanımaq üçün çoxdan gözlədiyi fürsətdir.

Çünki ər-arvad üçün məzuniyyəti keçirməyin iki cür imkanı var: birlikdə və ayrılıqda. Xoşbəxt cütlüklər üçün məzuniyyəti bir yerdə keçirmək-arzuların son həddidir. Nəhayət ki, bir-birinə doyunca nəzər salmaq, yaxın adamın əvvəllər qayğı və yorğunluq pərdəsi altında gizlənmiş həqiqi simasını görmək mümkündür. Ən başlıcası isə bu, sevgini ekzotika haləsinə bürümüş yeni haşiyə, yeni

çərçivədir. Xoşbəxt o adamdır ki, öz arvadına musiqi və poeziya festivalında iki gözəl həftə keçirməyi təklif edə bilsin: o, Motsart, yaxud Müssenin canlandırdığı xoş emosiyaları birbaşa öz xeyrinə yönəltmiş olur. Amma təkcə təbiət də kifayətdir. Okean sirdaşlar arasında ən yaxşısıdır. Çəmənlik və düzlərin dinclik və gözəlliyi isə ər-arvad sevgisini əsl idilliyaya çevirə bilər. Təbiətin qoynunda şəhərlilər yenidən torpağın ilkinliyini və öz gəncliklərini əldə etmiş olurlar.

Məzuniyyəti yalnız o halda ayrılıqda keçirmək lazımdır ki, bu zərurət ya uşaqların maraqları baxımından irəli gəlsin, ya da ərlə arvaddan birinin səhhəti naminə olsun. Şübhəsiz ki, ayrılıqdan qorxmayan mehriban, bir-birini sevən cütlüklər mövcuddur. Bu halda tətil dövründəki ürək qətiyyən yeri tutulmamış, boş qalmış ürək deyil; ikisi də bir-birini elə sevir ki, heç biri ötəri şirnikdiriciliyə məruz qalmaz. Amma hər necə olsa, unutmaq lazım deyil ki, şirnikdirici şey labüd və təhlükəlidir. Məzuniyyəti təklikdə keçirən və subayların, yaxud evli kişilərin brakonyerliyinin hədəfinə çevrilən gözəl qadına özünü hansısa dəniz kənarındakı kurort yerində qorumaq balaca şəhərdəki öz evində qorumaqdan qat-qat çətin başa gəlir. Burada onun hər addımına ailə üzvləri, həmçinin bağlı pəncərələr arxasında pusquda dayanmış sözgəzdirənlər tərəfindən göz qoyulur. Belə xəbərçi qadınlar istirahət yerlərində də kifayət qədərdir və heç də yatmayıblar: istənilən qalmaqal onlar üçün qocalıqda təsəllidir. Amma bunlar

kənar qeybətçilərdir və onların qeybətləri az adamın vecinədir. Beləliklə, kurortdakı ictimai fikrin əyləci o qədər də effektli deyil. Üstəlik də, tənhalıq qeyri-təbii vəziyyətdir və burada darıxdırıcılıq aradüzəldən rolunda çıxış edir. Gete deyirdi: "

Bizi kurort şəhərciklərinin dözülməz cansıxıcılığı ilə yalnız eşqbazlıq barışdıra bilər". Amma əgər adamlar səhərdən axşamacan bir yerdə görüşürlərsə, onda bu eşqbazlıq, bu sevgi intriqaları çox tezliklə məhəbbətə çevrilir.

 

Belə ki, öz gözəlliyi olan qısa ayrılıq təhlükə ilə nəticələnir. Əgər nikah hələ məzuniyyətə qədər laxlayıbsa, çat veribsə, onda bu təhlükənin xüsusi əhəmiyyəti yoxdur. Yox, əgər nikah xoşbəxt nikah idisə, yay epizodu ər-arvad münasibətində çox təəssüfedici bir əngələ çevriləcək. Sevgidə ilk qəzanın dəyəri pulla ölçülmür-onun dəyəri xoşbəxtlikdir. Ayrılıq müddətində ailəni qorumağın, ayrılmamağın əsas vasitələrindən biri hər gün yola salınan incə və uzun məktublarla əlaqəni qoruyub saxlamaqdır.

Mənə deyə bilərlər ki, hazırda ümumiyyətlə məktublar az yazılır, başlıcası isə sevgi ismarıclarının sayı xeyli azalıb. Mən buna əmin deyiləm. Yox əgər bu, həqiqətən belədirsə, onda çox təəssüf. Bu, son dərəcə kədərli şeydir. Çünki məktubda o qədər gözəl və zərif duyğuları ifadə etmək mümkündür ki, sevdiyin adam böyründə olarkən həmin hisslərin dilə gətirilməsi çətin başa gəlir, utancaqlıq buna mane olur. Məktublar həmçinin münasibətlərin mübahisəsiz aydın laşdırılmasına imkan verir. "Amma əvəzində həm də barışıq əldə olunmayacaq",-çiynimin üstündən boylanaraq bu sətirləri oxuyan cavan bir qadın mənə bildirir. Amma niyə? Barışıq görüş vaxtı baş verəcək. "Məktublaşmanın gözəlliyi yazıçının uydurmasıdır",-qadın israr edir. Mən bu cür fikirləşmirəm. Bütün sevgi məktubları onların ünvanlandığı kişilərin və qadınların gözündə gözəldir. Sevgi məktublarının üslubu sevdiyin həmin adamdır (həmin kişi, yaxud həmin qadındır), querida. Əlvida.

Ardı var...

18 mart 2015
GO BACK