Qadin.NET / A.Morua "Yad qadına məktublar"-18

A.Morua "Yad qadına məktublar"-18

 

 

İlk məhəbbət

İlk məhəbbət öz izlərini kişinin qəlbində bütün ömrü boyu yaşadır. Əgər bu xoşbəxt çağ olubsa, əgər yeniyetmədə ilk dəfə hissiyyat oyatmış qadın, yaxud qız ona qarşılıqlı surətdə cavab qaytarıbsa və öz hisslərinin həqiqi olmasından şübhələnməyə ona bir dəfə də olsun əsas verməyibsə, onda etimad ab-havası və qəlb rahatlığı həmişə kişinin yol yoldaşı olacaq. Yox, əgər bütün istəyi ilə etimad

göstərdiyi həmin o ilk dəfə rədd olunubsa və ona dönük çıxıblarsa, onda yara heç vaxt tam qaysaq bağlamayacaq, sarsılmış mənəvi sağlamlıq isə uzun müddət bərpa olunmayacaq.

Demək olmaz ki, belə sarsıntıların nəticələri həmişə eyni cür alınır. Məhəbbət–simptomları hər dəfə müxtəlif şəkildə üzə çıxan bir xəstəlikdir. Şikəstliyi ucbatından Meri Enini Çovort tərəfindən ikrahla qarşılanan Bayron donjuana çevrilmişdi və digər bütün qadınları bu birinci qadından gördüyü qəddarlığın əvəzini ödəməyə məcbur etmişdi. Kasıblığı ucbatından Mariya Bidnell tərəfindən rədd edilən Dikkens sonradan zəhmli, deyingən, tündməzac, daim gileyli bir ərə çevrildi. Öz səadətlərini tapmaqda Bayrona da, Dikkensə də məhz ilk uğursuzluqları mane olmuşdu.

Çox tez-tez olur ki, ilk məhəbbət oxu daşa dəyən, birinci sevgisində uğursuzluqla üzləşən kişi bütün ömrü boyu şairanə və incə, poetik və zərif, qızcığaz kimi pak və ana kimi nəvazişli, səmimi və hissiyyatlı, hər şeyi başa düşən və sözəbaxan bir qadının həsrətini çəkir, məhz beləsini arzulayır. Daim xəyalındakı o nazənin pərinin dalınca qaçan belə kişi bir əyləncədən o birinə keçir. Dünyəvi qadınla iş görmək əvəzinə–qoy lap mükəmməl və sadə qadın olmasın, amma canlı olsun–bu kişi romantik şairlərin ifadə etdiyi kimi, mələk axtarışına çıxır, özü isə vəhşiləşir.

Olur ki, öz həmyaşıdı tərəfindən peşman edilən gənc kişi qırxyaşlı qadınla yaxınlıq etməyə başlayır. Qadın duyğularını bəzəyən sezilməz ana nəvazişi həmin qadının ona qarşı daimi nəvazişində kişiyə inam aşılayır. Üstəlik də, qadın özünün yaşlı olduğunu və qocalığın çox da uzaqda olmadığını dərk edərək öz gənc sevgilisini yanında saxlamaq üçün bütün qüvvəsini sərf edir, dəridən-qabıqdan çıxır.

Cavanlıqda özündən xeyli yaşlı olan qadınla sevgi əlaqəsinə girən Balzak bütün ömrü boyu özünə inamını və bir qədər sadəlövh lovğalığını – çətin həyati döyüşlərdə ona xidmət göstərmiş keyfiyyəti qoruyub saxlamışdı. Bunun üzərinə onu da əlavə edin ki, otuz beş, yaxud qırx yaşlı qadın ömür yollarında ortaya çıxan çətinliklər barədə heç nə bilməyən gənc qızla müqayisədə həyatda daha etibarlı bələdçi olacaq. Amma bir məsələ də var ki, belə ittifaqlarda vaxt ötdükcə tarazlığı qoruyub saxlamaq daha çətinliklə başa gəlir.

Xoşbəxtlik üçün ən münasib ittifaq isə bir-birinə şəksiz sadiq olan, öz məhəbbətinə son dərəcə namusla yanaşan, nəyin bahasına olursa-olsun, qarşılıqlı anlaşmanı qoruyub saxlamağa can atan, təxminən, eyni yaşlı kişilərlə qadınların (kişi bir qədər böyük də ola bilər) ittifaqı olur. İlk məhəbbəti bütün həyat boyunca yaşatmaq–bundan gözəl nə ola bilər! Bundan ötrü qızlar başqa kişilərə qaş-göz süzdürmək, necə deyərlər, onlarla oynaqlaşmaq məmnunluğun dan imtina etməlidirlər. Aydındır ki, bu çox da asan iş deyil. Amma bəlkə də, Bayronun bədxahlıqları barədəki hekayət yüngülməzaclıqda və ilk baxışda zərərsiz kimi görünən işvəkarlığın arxasında hansı təhlükələrin gizləndiyini onlara izah edər. İstedadlı adamın və ümumiyyətlə, istənilən adamın ilk məhəbbəti olmaq necə də dəhşətli məsuliyyətdir, xanım! Əlvida.

 

A.Morua "Yad qadına məktublar"-18

 

 

Gözəl musiqi

Kənd mənim necə də xoşuma gəlir! Kənd yerinin dincliyi necə də ürəyimcədir! Və bir də bu sakitlik. Əminsən ki, uzun yay günündə nə telefon zəngləri, nə də müştərilər səni qəddarcasına didib-parçalamayacaq. Budur o–yenidən əldə olunmuş zaman. Şəhərlərdə biz, onsuz da, az olan qiymətsiz və təkrarsız günlərimizi uf demədən bada veririk; həyatımızın cəmi-cümlətanı bircə andan ibarət olduğunu unudur və bu qısa anı daha gözəl, daha təkmil etmək fürsətini nəzərdən qaçırırıq. Bu fasiləsiz biçin mənzərəsinin önündə, bu sidr ağacının, bu yüzillik cökələrin, axşamlar ulduzlu göylərin altında dəqiqələr, nəhayət ki, məna kəsb etməyə başlayır.

Burada bizim dostlarımız vallar və kitablardır. Onlar bir-birini heyrətamiz dərəcədə tamamlayır. Dünən, sifariş olunmuş ön sözünü yazmağa başlamazdan öncə mən Tolstoyun «Kreyser sonatası»nı bir də oxudum. Bu, favn temperamenti ilə–daim qadın bədənini əldə etmək ehtirası və təmkinli olmağı tələb edən sərt əxlaq arasındakı münaqişənin təsiri altında yazılmış od püskürən qeyri-adi bir povestdir.

Epiqraf İncildən, Matfeyin sözlərindən götürülüb: "Mən isə sizə deyirəm, o kəs ki qadına tamah salır, ona ehtirasla baxır, o adam artıq öz qəlbində zinakarlıq etmiş olur". Tolstoy təsdiq edir: "Bəli, hətta bu qadın–onun öz arvadı olsa da, "ən pis ədəbsizlik–ər-arvad arasındakı ədəbsizlikdir". Biz poeziyanın zərif örtüyü ilə cismani sevginin heyvani tərəflərini ört-basdır edib gizlədirik,–Tolstoy əlavə edir, –biz şair yox, xalis donuzuq və yaxşı olardı ki, bunu biləydik. Xüsusən də bu, musiqinin bizə təlqin etdiyi erotik təsirdə özünü göstərir". Əsərin qəhrəmanı deyir: "Musiqi… yalnız qıcıqdır, amma bu qıcıqda nə etmək lazım olduğu bilinmir… Axı həmin adam, elə Kreyser sonatasını yazan Bethoven özü bu vəziyyətə nə üçün düşdüyünü bilirdi; bu vəziyyət onu məlum əməllərə sövq edib və buna görə də bu vəziyyətin ondan ötrü mənası varmış, mənimçünsə heç bir mənası yoxdur… O dəhşətli silah isə hər yoldan ötənin əlinə keçib. Misalçün, elə bu "Kreyser sonatası…" bəyəm dekolteli xanımların toplaşdığı qonaq otağında onu çalmaqmı olar?.. Yoxsa yerinə, vaxtına uyğun

gəlməyən bir şəraitdə enerjinin, hisslərin oyadılması… öldürücü olmaya bilməz…"

Bu sözləri dilə gətirən əbədi ər hiss edir ki, onun arvadı gec-tez onda bu cür duyğular oyadan skripkaçının ağuşunda peyda olacaq. Bu, həqiqətən də, baş verir və hirsindən gözü ayağının altını görməyən qəzəbli ər eynən qudurmuş vəhşi heyvan kimi öz arvadını öldürür.

"Əla kitabdır,–mən mütaliəni bitirəndən sonra fikirləşdim,–Nağılçılıqdan daha çox, bəlkə də, qəlbin fəryadıdır. Eynən «Samsonun qəzəbi» kimi sərt, coşqun bir poema. Amma bütün bunlar gerçəkdirmi? Yəni musiqi beləmi günahkardır? Mən Bethoveni çox sevirəm (hazırda dəbə uyub onu təkrarçılıqda suçlayanların əleyhinə olaraq), lakin onun musiqisində heç vaxt şəhvani çalarlar sezməmişəm. Daha çox zəriflik, mərdlik aşılayan sakitləşdirici musiqidir; bəzən "Sevinc odası"-nda olduğu kimi əzəmətli və möhtəşəm, bəzən də Simfoniya do minorun andan tesində olduğu kimi həzin və mülayim bir musiqidir…"

Bizim şəhərkənarı evimizdə (İequdi Menuxin və onun bacısının ifasında) "Kreyser sonatası"-nın valı var. "Özümüz əmin olaq",–mən qərara gəldim və biz axşamı Bethovenə həsr etdik. Tolstoy səhv edirdi. Bu sonata şəhvani və öldürücü deyil, lakin eyni zamanda onda bir möhtəşəmlik və ilahilik var. Hərdən o, məndə Forenin «Rekviyem»ində ecazkarcasına səslənən mələk xorunun xəyali xatirələrini oyadır. Gecə düşürdü. Biz qardaşla bacının duetinə qulaq kəsilərək qaranlıqda tərtəmiz, dupduru səslər dinləyirdik. Bu, qiyamət axşam idi. Belə gecəni bizə yalnız kənd bağışlaya bilər. Əlvida.

Suya atılmaq

Sonsuz genişliklər–günəşin qarsaladığı çəmənlik və dərənin ortasında uyumuş, başdan-başa duman örtüyünə bürünmüş kənd qeyri-adi bir sakitlik içindədir. Bu səhər mən təzə kitab yazmağa başlayıram. Əlbəttə, deyə bilərsiniz ki, bunun sizə heç bir isti-soyuğu yoxdur və mən nahaq yerə elə düşünürəm ki, o qədər də böyük əhəmiyyət kəsb etməyən bir hadisə barəsində bütün urbi et orbi1-yə hay salmaq

lazımdır. Bu işin dünya əhəmiyyətli bir iş olmadığını boynuma alıram və mən bu barədə yalnız ondan ötrü danışıram ki, bizlərdən hər birimiz üçün – sizin üçün də, mənim özüm üçün də faydalı olan şeydən ibrət götürək.

Kitab yazmaq asan iş deyil, amma bundan da çətini mövzu seçimidir. Roman, yaxud bioqrafik əsər müəlliflərinin qarşısında kefin istəyən qədər süjet mövcuddur. "Jorj Sandın həyatı"–çox şirnikdirici mövzudur, eləmi? Amma bu mövzunu yazmağa daha kimlər girişməyib. Aztanınan hansısa qəhrəmanı mövzu seçmək? Lakin bir amerikan naşiri mənə yazmışdı: "Çox az adamlar var ki, həyatları bizim oxucuları maraqlandıra bilir. Bu, Həzrəti İsanın, Napoleonun, Linkolnun, Mariya Antuanettanın və daha iki-üç tarixi şəxsiyyətin həyatı ola bilər…"

Aydındır ki, istənilən mövzuya orijinal yozum verməklə, yaxud indiyədək məlum olmayan materiallar əlavə etməklə onu yenidən işıqlandırmaq olar. Amma əgər bu mövzu sizə qədər artıq yüzlərcə tədqiqatçıda maraq doğurubsa, onda siz qalaq-qalaq məqalə və kitabların içində itib-batacaqsınız; və əksinə, əgər həmin mövzu başqaları tərəfindən işlənməyibsə, onda indiyə qədər çap olunmamış və çətin izah olunan sənədlər sizin nəfəsinizi kəsəcək. Bir sözlə, yazıçı kitab üzərində təzə-təzə işə başlayandaona elə gəlir ki, bu kitabı yazmaq qeyri-mümkündür. Bu – romana da, bioqrafik əsərə də eyni dərəcədə aiddir.

"Bu hadisəni qələmə alımmı? Hə, olar, amma bu, mənim öz həyatıma yaman çox oxşayır… Onda, bəlkə, bu birini yazım? Bu da mümkündür, amma orada da dostlar özlərini tanıyıb inciyəcəklər… Bəlkə, bunu? Yox, bu mövzu elə də əhəmiyyətli deyil… Bəs bu necə? Amma bu da yaman qatma-qarışıqdır…" Burada yalnız bir əlac, bir vasitə var: başlamaq. Alen deyirdi: "Sadəcə istəmək olmaz, etmək lazımdır. Elə ki adamı gündəlik məişət dənizinə atdın,–bu isə labüddür,–adam orada üzməyə başlayır". Sükan yalnız onda təsir göstərə bilər ki, qayıq suya buraxılmış olsun; suyun içində olsun. Qələmdən yapışmayınca yazmağı öyrənə bilməzsən. Bir çox işlərdə olduğu kimi, bu işdə də çox götür-qoy etmədən, uzun-uzadı düşünmədən suya atılmaq lazımdır. Yoxsa bütün ömrün boyu tərəddüd

içində qalacaqsan.

 

A.Morua "Yad qadına məktublar"-18

 

 

Mən istedadı şübhə doğurmayan bir çox adamlar tanıyırdım. Onlar ömürlərinin sonuna qədər elə sahildə durub qaldılar və ölənəcən, bəlkə, min dəfə özlərindən soruşdular: "Görəsən, gücüm çatarmı?"

Əgər yorulmaq bilmədən nəyəsə cəhd etsən, nəyəsə can atsan, güc mütləq tapılacaq. Çünki növbəti addım inadkarlıqdır. Başladığın işi sona çatdırmaq barədə öz qarşında and içməlisən. Min səhifəlik kitab yazmaq qərarı əvvəlcə adama ağlasığmaz, əlçatmaz görünür. Halbuki il ərzində gündə üç səhifə yazmaq kifayətdir ki, işi başa çatdırasınız. "Viktor Hüqonun həyatı" kitabını yazmağı fikirləşəndə mən

özümə qəti söz verdim ki, onun bütün əsərlərini və yazıçının yaradıcılığı haqqında nə yazılıbsa, hamısını oxuyum; bu, böyük zəhmətdir, amma bu iş görüləcək. Yolverilməz yanlışlıq o olardı ki, yolun yarısında dayanasan və özünə deyəsən: "Yox, bu çox ağır oldu! Qoy özümə bir az yüngül mövzu axtarım". Buz divarda pillələr oya-oya dik qayanın ortasına çatmış alpinist qəfildən daldalı dönə bilərmi? Onun xilası yalnız şücaətində ola bilər. Bu, bütün işlərə, o cümlədən yazıçılıq peşəsinə aiddir.

– Lakin məndə,–siz deyə bilərsiniz,–yazmağa heç bir həvəs yoxdur.

Tutaq ki, belədir. Amma siz, yəqin ki, nədəsə uğur qazanmaq istəyirsiniz, elə deyilmi? İdmanda, bağçılıq təsərrüfatında, təsviri sənətdə, katiblik işində, biçmə və tikiş işində və sair. Resept həmişə birdir: özünüzü necə ləng və ağır hiss etməyinizdən asılı olmayaraq işə başlayın və inadkarlıq göstərin.

Siz təcrübənin, az qala, göydən düşdüyünə heyrət içində əmin olacaqsınız. Cəmisi altı ay qabaq siz rahat şose yolunda maşını çox çətinliklə idarə edirdiniz, bu gün isə Paris küçələrindəki yük maşınları və taksilər arasında onu asanlıqla sürə bilirsiniz. Mən yenidən böyük Alenə müraciət edirəm: "Tənbəllik "lehinə" və "əleyhinə" olan hər bir şeyi hesaba vurmaqda, elə hey ölçüb-biçməkdədir; çünki götür-qoy etdiyin müddətdə bütün imkanlar bərabər görünür… Səhv etməyi, yıxılmağı və həm də bu vaxt təəccüblənməməyi bacarmaq lazımdır".

"Hüqo"-nun mənimçün sıldırım qaya olduğunu görsəm, mən də təəccüblənmərəm. Mən yıxılıram, amma hər necə olsa, yuxarı qalxmaqda davam edirəm. Əlvida.

Ahıl ər-arvad cütlükləri haqqında

Xanım, yaşa dolmuş ahıl cütlüklərin üç müxtəlif növü olur. Pisindən başlayaq–bir-birindən yorulmuş ər-arvad cütlüyündən. Qırxillik ər-arvad həyatı onları bir-birinə yaxınlaşdırmayıb. Onlar evlənərkən aralarında ümumi şeylər az idi, indi isə, demək olar ki, nədən danışmağa sözləri qalmayıb. Restoranda, masa arxasında lal-dinməz oturmuş və hətta bir-birinin üzünə bircə dəfə də gülümsəməyən belə cütlükləri tanımaq əsla çətin deyil. Görürsən biri digərini saya salmır, vecinə almır, hələ yaxşı ki, aralarında açıq düşmənçilik yoxdur. Bəs onlar niyə bir yerdədir? Ya buna vərdiş eləyiblər, ya ədəb-ərkan qaydalarına hörmət qoyurlar, ya hansısa ailə konformizminə görədir, ya ayrı mənzillər axtarmaq imkanında deyillər, ya da müstəqil yaşamağı bacarmadıqları ucbatındandır. Belələri aciz, bədbəxt ər-arvad cütlükləridir.

İkinci növ cütlüklər nisbətən babatdır. Bu cütlüyü bir-birinə qarşı əsl sevgi duymayan (yaxud daha sevgi duymayan), lakin bir-birinə sadiq dost kimi qalan ərlər və arvadlar təşkil edir. Uzun illər dinc şəkildə, sakit tərzdə birgə, yan-yana yaşamaları onlardan hər birini inandırıb ki, hərçənd onu (kişini, yaxud qadını) nə zərif, nə də məlahətli adlandıra bilməzsən, bununla belə, o, digər vacib keyfiyyətlərə

malikdir; ona etibar edib ürək qızdırmaq mümkündür; onun xasiyyəti yumşaqdır, bütün bu illər ərzində o, özgə günahları bağışlayıb və eyni zamanda öz günahlarını unutdurmağı da bacarıb. Bu cür cütlükləri hərdən birgə əldə etdikləri uğurlar, uşaqlara və nəvələrə məhəbbət hissi birləşdirir. Yaxın adamın iştirakı belə cütlükləri tənhalıqdan xilas edir, möhkəm düyünlər onları ətraf aləmlə bağlayır.

Rəğbətə layiq üçüncü növ cütlüklər–yaşa dolmuş xoşbəxt ər-arvad cütlükləridir. İzdivac həyatında ən çətini–sevgini qurban verməməklə sevgidən dostluğa adlamaqdır. Burada mümkün olmayası bir şey yoxdur. Qaynar ehtiras atəşi bəzən uzun müddət sönmür, lakin bir-birini əsl məhəbbətlə sevən ər-arvadda "güllü naxışları bol olan bu gözəl ipək parça daha sadə, lakin eyni cür təmiz və nadir çalarlı

elə başqa parçadan düzəlib ki, astarı üzdən üstün tutmaq istəyirsən". Belə izdivacda qarşılıqlı, üstəlik də, həyat yoldaşının dolğun biliyinə söykəndiyindən tam etimad hökm sürür və elə möhkəm bir bağlılıq olur ki, bu da sevimli varlığın qəlbindən keçənləri qabaqcadan oxumağa imkan verir.

Belə cütlüklər üçün darıxdırıcılıq dəhşətli deyil. Ər öz arvadı ilə ünsiyyəti daha cavan, daha gözəl qadınlarla ünsiyyətdən üstün tutur və bu qarşılıqlıdır. Niyə? Çünki onlardan hər biri digərini məhz nəyin maraqlandıra biləcəyini çox yaxşı bilir; çünki onların hər ikisinin zövqü o dərəcədə üst-üstə düşür ki, aralarında söhbət heç vaxt tükənmir. Bir vaxtlar sevgi görüşləri, toy marşına aparan dəqiqələr onlardan ötrü nə qədər qiymətli idisə, ikilikdə gəzintiləri də hazırda onlar üçün eynən o qədər qiymətlidir. Hər biri digərinin nəinki onu anlayacağına, həm də hər şeyi qabaqcadan başa düşəcəyinə, ürəkdən keçəni gözdən oxuyacağına əmindir. Onlar ikisi də tam eyni vaxtda eyni şeylər barəsində düşünür. Hər biri digərinin mənəvi iztirabını, az qala, fiziki iztirab kimi keçirir. Sizi həyatda bircə dəfə də peşman etməyən və aldatmayan kişi ilə (yaxud qadınla) rastlaşmaq necə bir möcüzədir!

Yaşlı ər-arvad cütlüyü bütün çətinlikləri dəf edərək şeytan tərəfindən çalxalandırılmış dənizi qəzaya uğramadan adlayandan sonra xoş dincliyin hökm sürdüyü sakit limana varid olur. Bu cür dinc ittifaqların rahatlığından gözəl heç nə ola bilməz. Və bu sevgi harmoniyasına yalnız ölüm düşüncəsi kölgə sala bilər. Bir-birinə ehtiraslı bağlılığın mayasında böyük məna var, lakin o, təhlükədən xali deyil, çünki söhbət bizə əziz olan varlığın həyatından gedəndə hər şey ortaya qoyulmuş olur. Axı insan elə kövrəkdir ki! Amma böyük məhəbbətin qarşısında hətta ölüm də gücsüzdür. Heç nə ilə ləkələnməmiş saf, təmiz xatirələr yaddaşda oyanarkən hüzn və tənhalıq anları şirin təskinliklə dolur. Bundan əlavə, öz ömürlərini xoşbəxt başa vurmuş yaşlı cütlüklər onları tanıyan, sevən, onlarla fəxr edən, qürur duyan

insanların yaddaşından uzun müddət silinib getmirlər.

Çox güman ki, siz deyəcəksiniz: "Aman Allah, siz axı neyçün mənə, gənc bir qadına yaşlı ər-arvad cütlüklərindən danışırsınız?" Hə, ona görə danışıram ki, gələcək lap nə qədər uzaqda olsa da, özünü ona hazırlamaq əsla günah deyil. Danışmağımın bir səbəbi də odur ki, bu bazar günü nəsə çox kədərli idi. Şəffaf, göyümtül və pərakəndə Paris dumanı bizim pəncərəmizdən görünən Bulon meşəsinin

ağaclarını artıq başdan-başa solğun xəzan örtüyünə bürümüşdü. Əlvida.

Ardı var...

16 mart 2015
GO BACK