Qadin.NET / A.Morua "Yad qadına məktublar"-17

A.Morua "Yad qadına məktublar"-17

 

 

"Hep" vitamini

Querida, hamı kimi siz də bilirsiniz ki, Cülyetta Drue bu yaxınlarda çox böyük təmtəraqla şöhrətləndirilən dahi Hüqoya tam əlli il ərzində səcdə edib; siz bilirsiniz ki, Cülyetta Drue ona iyirmi mindən artıq məktub yazmışdı və həmin məktublarda iyirmi mindən artıq ibarəni (bu vaxt yeknəsəqlikdən qaçmağı bacararaq) təkrar eləmişdi: "Sən hamıdan möhtəşəmsən, sən ən gözəlsən… Sevgilim, sənə olan sonsuz sevgimi, hüdudsuz məhəbbətimi mənə bağışla… Səni görmək yaşamaq deməkdir; sənin səsini eşitmək düşünmək deməkdir; səni öpmək göylərdə qanad çalıb uçmaq deməkdir… Salam, mənim sevgilim, salam… Bu gün səhər sən özünü necə hiss edirsən? Mən ki yalnız bir şeyi bacarıram–sənə xeyir-dua verməyi, səndən vəcdə gəlməyi və bütün qəlbimlə, bütün varlığımla səni sevməyi".

Siz–amazonkanın, siz–daşürəklinin, siz–qəddar qəlblinin, siz–dalaşqanın necə heyrətlə səsləndiyinizi mən artıq elə buradanca eşidirəm: "Əlli il pərəstiş? Əlli il itaətkarlıq? Ah, yəqin ki, o qadın Hüqonu əməlli-başlı bezdirib!" Amma yox, əzizim, belə düşünməyin. Yadınızdadırmı, mən özüm də sizə tez-tez işvəkarlığın zəruri həddi barədə xatırladırdım; məlumdur ki, bir çox kişilər və qadınlar onlara asan başa gələn şeyləri rədd edirlər və əllərindən sürüşüb çıxmaqda olanı mütləq əldə etməyə çalışırlar; mən bilirəm ki, Hüqo zavallı Jülyettanı dəfələrlə aldadıb, hətta qadının hələ babat olduğu canısulu vaxtlarında da ona xəyanət edib–Jülyetta bundan dəhşətli dərəcədə əzab çəkmişdi. Amma əvəzində başqa qadınlar "külək kimi, dalğa kimi" ötüb-keçmişdi, Jülyetta isə bütün həyatı boyu onunla qalmışdı.

Jülyetta ona görə onunla qalmışdı ki, mübarizə üçün doğulmuş və yaxınlarının etimadına zəruri silah kimi ehtiyac duyan müəyyən tip adamlar–sənətkarlar, siyasətçilər, görkəmli xadimlər gündəlik dozada sədaqət və itaətkarlığa tələbat duyurlar. Tərif, Ehtiram, Pərəstiş– bir-birinə yaxın olan bu anlayışların tərkibində məxsusi "Tep" vitamini var; bu vitaminsiz onların iradəsi zəifləyir. Bizim bədənimiz kalsiuma və fosfora ehtiyac duyur, ruhumuz isə təqdir və iltifata. Bədənimiz günəş şəfəqlərindən canlanır, ruhumuz məhəbbət şüalarından.

Yeknəsəqdir? Hə, sözsüz ki, bu, bəzən adamı yorur. Mən qəti əminəm ki, Hüqo Jülyettanın iyirmi min məktubunun heç də hamısını oxumamışdı. Sənətkarın "təntənəli günlər"-indən birini asanlıqla təsəvvür etmək mümkündür–ilhamı cuşa gəlmiş şair işə mümkün qədər tez başlamaq üçün tələsdiyi bir vaxtda, səhər tezdən öz sevgilisindən aldığı məktubu açıb kağızı sürətlə gözdən keçirir, əmin olur ki, adi

izhardan əlavə bir şey deyil və məktubun son sətirlərini oxuyur: "Heyhat! Mən səni hər zaman olduğundan daha çox, ilk görüşdüyümüz axşamkı kimi sevirəm"–və kağızı laqeydcəsinə qatlayıb o biri məktubların üst-üstə yığıldığı mücrüyə atır. Belə hallar da olurdu ki, başqa bir qadına vurulmuş Hüqo məktubların arasında heç də üstü Jülyettanın xətti ilə yazılmış zərfi yox, tamamilə ayrı zərfi axtarırdı, Jülyettadan gələn zərf isə eləcə açılmamış qalırdı.

Lakin ruh düşkünlüyü keçirən şairin təhlükəyə məruz qaldığı, bütün dünyaya qarşı qəlbinin nifrətlə dolduğu, əsərlərinə qarşı böhtanlar uydurulduğu, özünün isə təqiblərlə üzləşdiyi günlər də olurdu. Onda "aslan ovçusu" olan şöhrətpərəst qadınlar özlərinə başqa qənimət axtarırdılar və yalnız Jülyetta dəyişməz olaraq səhrada, yaxud sürgündə öz şairinin yanında olurdu; onda qadının gündəlik məktubları

və zərif etirafları yaralanmış və zəhərlənmiş aslana öz qüvvəsini bərpa etməkdə əsl kömək göstərirdi.

Belə dəqiqələrdə Viktor Hüqo məhz Jülyetta üçün şeirlər yazır və bu qədər illərdən sonra onların arasındakı məhəbbətin nə olduğunu müəyyənləşdirməyə çalışırdı:

İki sevən ürək bir olub indi,

İndən belə ayrı qalmaq çətindi,

Ah, Jülyetta, xatirələr yüz ildi

Artıq bizi birləşdirib, deyilmi?

Əziz dostum! Axşamların dincliyi,

Gündüzlərin sayrışan şən işığı,

Sənsən məhəbbətim, sənsən gəncliyim–

Bu dünyada hər şeyim sənsən mənim!

Sizə elə gəlmirmi ki, qocalıqda bu cür misralara layiq görül məkdən ötrü cavanlıqda şairə səcdə etməyə dəyərdi? Əzizim, elə bu dəqiqə qələmi götürüb mənə sayğı və pərəstiş dolu təsirli bir məktub yazın, mən isə sizin yubileyinizə sonet həsr etməyə söz verirəm. Əlvida.

 

A.Morua "Yad qadına məktublar"-17

 

Labryuyerin manerasında

Xanım, siz parodiyaları xoşlayırsınızmı? Mən özüm həmişə belə hesab edirdim ki, parodiya tənqidin son dərəcə eybəcər formasıdır. İndi isə baxın, təsadüf elə gətirdi ki, bu həftə mən özüm də parodiya, yaxud daha dəqiq desəm, təqlid yazası oldum. Bakalavr dərəcəsi almaq istəyənlər üçün belə bir mövzu təklif olunmuşdu: "Labryuyerin manerasında bizim dövrümüzün işgüzar adamının portretini təsvir

edin". Qəzetlərdən biri öz gücünü sınaqdan keçirmələri üçün bir neçə yazıçıya da eyni xahişlə müraciət etmişdi. Mənim yazılı işim aşağıdakından ibarət idi.

Xarakter: Peyratesdən ötrü işdən başqa dünyada heç nə mövcud deyil; o, sözün həqiqi mənasında, var-dövlətin bolluğundan çatlayır, sərvətini yığmağa yer tapmır, onun müəssisələri bütün dünyanı başına götürüb.

- Peyrates, krallığın bütün şəkər zavodları sizə məxsusdur, dayanmaq vaxtı deyilmi?

– Siz, sadəcə, sayıqlayırsınız,–Peyrates cavab verir,–mən buna necə tab gətirə bilərəm ki, kimsə bir başqası mənə şəkər qamışı tədarük etsin və bu yolla da varlansın? Lazımdır ki, adada mənim öz şəxsi plantasiyam olsun.

– Sizin plantasiyanız artıq var, Peyrates, indi daha razı qaldınızmı?

– Bəs bu pambıq tarlaları?–o, dərhal etiraz edir,–Siz onları elə indicə əldə etmisiniz; heç olmasa, indi dayanacaqsınızmı?

– Axı necə?–Peyrates soruşur,–Mən bütün bu pambığın emalı üçün toxuculuq fabrikləri tikməliyəm, ya yox?

– Toxuculuq fabrikləri də var. Nəhayət, sizin istirahət vaxtınız gəlib çatdımı?

– Dayanın görüm,–Peyrates cavab verir,–hansısa maliyyəçi mənim mənfəətimin qaymağını yığır. Bu, biabırçılıqdır.

– Özünüz bankir olun.

– Bir zavod mənə yük maşınları satır, o biri zavod mənə lazım olan dəzgahları; bu, məni dəli edir, cin atına mindirir.

– «Özünüz onların istehsalına başlayın.

– Mənim yük maşınlarım çoxlu benzin işlədir.

– Neft quyuları qazmağa başlayın, Peyrates… Bax indi siz artıq sənaye və kənd təsərrüfatı müəssisələrinin bütöv bir şəbəkəsinə

də sahibsiniz, onlar bir-birini necə də gözəl tamamlayır. Siz daha heç kimdən asılı deyilsiniz, Peyrates. Nəhayət, həyatdan zövq almağa başlayacaqsınızmı?

Peyrates bu barədə heç düşünmür də. Ona nə sadə insanın arzuları bəllidir, nə sevinc hissləri. Peyrates hər gün sübh tezdən yuxudan qalxır, səliqə ilə tərtib olunmuş cədvəllərin, siyahıların, məlumatların üzərinə əyilir və milyonlarla gəlirinin necə artdığını görür, lakin xoşbəxtliyin dadını başqaları duyurlar. "Sizin sevinciniz nədədir, Peyrates? Öz arvadınızı siz işinizə qurban vermisiniz və o artıq çoxdandır mirvari boyunbağılara bürünmüş halda fağır bir qarıya çevrilib; sizin övladlarınız sizdən sonra davam etdirməli olacaqları yorucu, zəhlətökən, başağrıdan təşəbbüslərə əsla maraq göstərmirlər, halbuki sələmçilər artıq ayıq-sayıq dayanıblar; əgər övladlarınıza münasibətdə sizin laqeydliyiniz çılğınlığınızdan güclü olmasaydı, törəmələrinizin bu qədər ağılsızlığı sizi ümidsizliyə, ruh düşkünlüyünə salardı; sizin bircə asudə axşamınız yoxdur ki, həmin axşamı sizə bu qədər baha oturan məşuqənizə həsr edəsiniz; o ki qaldı dostlara axı sizin hansı ürək dostunuz ola bilər ki, siz yalnız ətrafınızdakı yaltaqlara və özgə hesabına yaşayan müftəxorlara dözə bilirsiniz?

Özünə dinclik vermək? İstirahət etmək? Peyrates, siz ən kasıb, ən bədbəxt adamın malik olduğunu da özünüzə rəva görmürsünüz. "Non otium sed negotium"–sizin üçün təkcə el məsəli deyil, həm də qanundur. Sizin şəhərkənarı evinizin hər otağında telefon aparatı var, hətta ev həkiminin hərdənbir heydən düşmüş üzgün bədəninizi batırmağı məsləhət gördüyü hovuzun qırağında da. Sizin pulunuz o

dərəcədə çoxdur ki, məzənnənin enə biləcəyinin, yaxud valyutanın dəyərdən düşəcəyinin mümkün ehtimalı sizi daimi təlaşda saxlayır. Haçansa siz kitab oxumağı və musiqini xoşlayırdınız; siz indi onlara da həvəsinizi itirmisiniz. İndi dünyanın ən yaxşı aşpazı sizin qulluğunuzdadır, siz isə bədbəxt, kasıb ananızın kənddə sizinçün bişirdiyi kələm supunu kədərlə xatırlayırsınız. Davam edin, Peyrates,

öz işinizi davam etdirin və ondan ləzzət alın. Limanları təchiz edin, yeni-yeni aviaxətləri maliyyələşdirin, radiostansiyalar və atom reaktorları tikin. Elmin uğurları, xoşbəxtlikdən, özünüzü bu qədər boş məşğuliyyətlərlə məhv etmək üçün sizə yeni imkanlar bəxş edir. Əgər birdən sizə təsadüfən öz şəxsi qayğılarınız kifayət etməsə, o halda dövlət işləri sizin qulluğunuzdadır. Siz idarəçilik peşəsində həddən artıq püxtələşmisiniz və məmnuniyyətlə təsdiq edirsiniz ki, sizin kimi adamlar hakimiyyətin başında dayansaydı, ölkədə işlər daha yaxşı gedərdi. Hə, Peyrates, görünür, biz bunu belə başa düşməliyik: ölkəni o tərzdə idarə etmək lazımdır ki, bundan sizin var-dövlətiniz daha da artsın, sərvətiniz aşıb-daşsın, eləmi?"

Amma hər necə olsa da, Peyrates qocalır və mən, nəhayət ki, onu ilk dəfə, demək olar, məmnun görürəm. Məsələ orasındadır ki, Peyratesin başına dahiyanə bir fikir gəlib. Öz uşaqlarını (yeri gəlmişkən, Peyratesin onlardan zəhləsi gedir) vərəsəliyə daxil edilmə ilə əlaqədar olan məsrəflərdən qismən xilas etməkdən ötrü öz qulluqçularından birinin adına notariat kontoru açıb, həmin qulluqçu öhdəlik götürüb ki, əldə olunan qonorarları Peyratesin ailəsinə qaytarsın. Bax bizim qəhrəmanımızın ən parlaq fırıldaqlarından biri budur və Peyrates bu işi başa çatdırdığına imkan tapmasından sevinir, çünki o, həyatla vidalaşmaqda ikən artıq zəruri kağızları imzalayıb. Bu gün səhər mən öyrəndim ki, o ölüb. 

Amma Peyrates, ümumiyyətlə, yaşamışdımı? O, iş işləmişdi. Bu isə tamam başqa şeydir. Bu yazı dərəcə almaq istəyənlərin adlarını bilməyən müəllim tərəfindən oxunmuşdu. Mənə "18" bal qoyulmuşdu, querida və inanın ki, mənim sevincimin, qürurumun həddi yox idi. Əlvida.

 

A.Morua "Yad qadına məktublar"-17

 

 

Egeriyalar hələ də mövcuddurmu?

Amerika sosioloqları statistikanı çox xoşlayırlar və müxtəlif sorğulara bərk inanırlar. Görünür, bu, ondan irəli gəlir ki, onların ölkəsində həmin işə ciddi yanaşılır. Hər kəs dəridən-qabıqdan çıxır ki, anketdəki suallara doğru-dürüst cavab versin. Bax elə ona görə də Fransada adamların əksəriyyətinin öz şəxsi problemləri barədə danışmağı xoşlamaması (cavablarının anonim qalacağına tam zəmanət

verilməsinə baxmayaraq) belə sosioloqlara çatmır və niyəsini anlamaq onlara çətin olur. Bir sözlə, bizim ölkəmizdə bu səpkili anketlərə verilən cavablar əsasən qeyri-müəyyən, çox vaxt hətta səhvdir. Bu cür sorğuların dəhşətli həvəskarı olan cavan bir amerikalı dünən məni görməyə gəlmişdi.

– Mən Fransada qadınların malik olduğu təsir qüvvəsi barədə elmi axtarışlarla məşğulam,–o bildirdi.

– Öz kitablarınızda siz ölkənizin tarixində vacib rol oynamış müxtəlif salonlardan söz açmısınız. Mən xanım Düdevan, xanım Rekamye, xanım de Luan və bir də xanım Arman de Kayave barədə işləri oxumuşam. Siz bu cür, bu dərəcədə möhtəşəm qadınların indiyəcən də mövcud olduqlarını güman edirsinizmi? Elə qadınlar ki, misal üçün, Fransa Akademiyasına keçirilən seçkilərin nəticələrinə təsir

göstərməyə qüdrəti çatsın, yaxud kimisə baş nazir postuna irəli sürmək iqtidarında olsun–belə qadınlar yenə varmı?

– Siz tam fərqli iki məsələyə toxundunuz,–mən ona cavab verdim,–Yox, bizim dövrümüzdə heç bir qadın Fransa Akademiyasına keçirilən seçkilərin nəticəsinə təsir göstərə bilməz. Hər şeydən əvvəl, mən akademiyanı təşkil edən bütün qruplarda yaxın dostları olan bircə qadın da tanımıram. Konti sahilində tənhalığa üstünlük verən müəyyən sayda müstəqil akademiklər iclas keçirirlər: onlar heç vaxt salonlara baş çəkmirlər, nahara qonaq getmirlər, özləri evlərində heç kimi qəbul etmirlər və beləliklə, həqiqətən də, əlçatmazdırlar. Akademiyaya keçirilən seçkiöncəsi kimsə onların rəyinə necə təsir göstərə bilər?

– Deməli, hazırda xanım Rekamye kimi qadınlar daha mövcud deyil?

– Xanım Rekamyenin bir səs alması mümkün idi, ola bilsin, iki səs, üç səs də ala bilərdi, amma bu da böyük ehtimalla. Aydındır ki, qadın qabaqcadan vəd verməyi, razılıq əldə etməyi bacarar, amma daha səsvermənin nəticəsinə təsir göstərməyi yox! O ki qaldı baş nazir məsələsinə, bu posta namizədliyini irəli sürən şəxs üç yüz on iki səs qazanmalıdır! Lənət şeytana, burada bir qadın nə edə bilər ki? Əgər ağıllı və dərrakəlidirsə, yalnız onu etməyə qüdrəti çatar ki, öz üzərinə katalizator rolunu götürsün: o, bir-birinə müxalif olan deputat qrupları rəhbərlərinin görüşünü təşkil edər, anlaşılmazlığı aradan qaldıra bilər. Lakin bu, uzaqbaşı, uğur qazanmaq üçün hazırlıq işi olacaq, uğurun özü olmayacaq. Bu xanımın əlindən o gələr ki, mülayim ab-hava yaratsın, sonrası isə daha ondan asılı deyil.

– Buna baxmayaraq,–cavan amerikalı etiraz etdi,–Fransada hələ də egeriyalardan danışırlar.

– Egeriya–bu adla Numa Pompiliyə ilham verən nimfanı çağırırdılar,–mən ona dedim,–Numanın təsdiq etdiyinə görə guya onlar müqəddəs ormanda görüşürlərmiş və nimfa ona hansı siyasəti yürütmək barədə məsləhətlər verirmiş. Mövhumatçı xalqın etibarını qazanmaq gücünə malik olan müdrik taktikadır; bununla belə, egeriya yalnız mifdir, mifdən artıq bir şey deyil… Lakin fərqə diqqət

yetirin: mən düşünmürəm ki, qadın kişinin hakimiyyətə yolunu aça bilər, amma bir məsələ ilə razılaşıram ki, bəzən qadın kişini həmin hakimiyyət üçün layiqli edir. Fransada belədir ki, bizim gələcək dövlət xadimlərimizin bir çoxu bura məhz əyalətdən üz tutur; onlar yaşadıqları ucqar yerlərdən paytaxta cilalanmamış tərzdə gəlirlər. Baxırsan ki, ağıllıdırlar, yaxşı nitq qabiliyyətləri də var, lakin

incə maneralardan məhrumdurlar, ünsiyyət qurmaqda axsayırlar, bu xüsusiyyətlər isə Parisi "fəth" etməkdən ötrü çox zəruridir. Və əgər sevgi, ya şöhrətpərəstlik xatirinə beləsini parisli bir xanım öz himayəsinə götürüb onunla məşğul olmaq istəsə, nəticəsi çox yaxşı olur. Aktrisa, yüksək təbəqəyə malik xanım, yaxud sadəcə, savadlı, ziyalı bir qadın bu "xam" almazı yonub cilalayar, əyalət adamına

Parisin sirlərini və cəmiyyətin müxtəlif təbəqələrinin gizlinlərini aça bilər. Bu heç də yeni bir şey deyil.

Balzakı təzədən oxuyun və «Dərənin zanbaqları» romanında xanım de Morsofun öz gənc məşuqu üçün tərtib etdiyi heyrətamiz həyat proqramına diqqət yetirin.

– Deməli, siz o fikirlə razılaşırsınız ki, Balzakın anlayışında egeriya hələ mövcuddur?

– Nə qədər ki dünyada qadın, kişi və hakimiyyət anlayışı mövcuddur, egeriya da mövcud olacaq.

Elə deyilmi, querida? Siz ki, bunu istənilən adamdan daha yaxşı bilirsiniz. Əlvida.

Ardı var...

15 mart 2015
GO BACK