Qadin.NET / A.Morua "Yad qadına məktublar"-16

A.Morua "Yad qadına məktublar"-16

 

 

Xatirə kimi zərif

"Xatirə kimi zərif" Qiyom Apollinerin məktubları toplanmış cildliyin sərlövhəsi belədir. Bu kitabı sizin də oxumağınız lazımdır. Sevgi məktubları indi tək-tük hallarda və çox qısa şəkildə yazılır. Lakin Apollinerin məktubları sizi vəcdə gətirəcək. Üstəlik də onlar sizə son dərəcə uyğun gəlir, çünki həmin məktublar da yad qadına ünvanlanıb.

Bu hadisə 1 yanvar 1895-ci ildə baş verib. Artilleriya kapralı olan Kostrovitski (ədəbiyyat tarixinə o, özünün iki adıyla-Qiyom Apolliner kimi daxil olub) vaxtilə Nitsada Marselə gedən qatara əyləşmişdi və kupedə gözəl qız Madlen P. ilə rastlaşmışdı. Kapral incə və şairanə bir adam idi; təsadüfən bir kupeyə düşdüyü naməlum qızla sevgi-məhəbbət məsələlərindən danışırdı, sonra da ona bir-birindən gözəl şeirlər oxumağa başlamışdı. Bodlerdən, Verlendən, Viyondan… Apolliner də, qız da məhz eyni şairləri, eyni şeirləri əzbər bilirdilər. "Lakin o, şeirləri elə sadəliklə oxuyur, daha doğrusu, astadan elə bir tərzdə zümzümə eləyirdi ki,-qız yazır,-mən onunla qətiyyən müqayisəyə gəlmirdim; mən hər hansı şeri təzəcə söyləməyə başlayan kimi dərhal da heyrət içində və itaətkarcasına ona güzəştə getməli olurdum…" Necə də zərif ifadə olunmuşdur.

Kapral cəbhəyə gedirdi, qız isə Əlcəzairə yollanırdı; ayrılarkən onlar bir-birinə ünvanlarını vermişdilər və aralarında az qala gündəlik yazışma başlanmışdı. Yulaf çuvalının üstündə oturan kapral kağızı yıxılmış ağacın gövdəsinin üzərinə qoyaraq və uzun kirpikli gənc sərnişin qızı hafizəsində canlandıraraq ona məktublar yazır, bir şair və cəngavər olaraq öz gözəl məktublarını şeir bəndləriylə

süsləyirdi:

Çapır xatirələr, çapır dördnala,

O yasəmən rəngli gözlərə sarı.

Alıb qanadına gözəl arzular

Uçurur ruhumu göylərə sarı.

Hə, querida, cəmisi üçcə saat gördüyü və hətta bircə dəfə də öpmədiyi naməlum qadınla bu yazışmanın böyük bir məhəbbət doğurması sizə qəribə görünür? Mən isə o fikirdəyəm ki, bundan təbii bir şey yoxdur. Stendaldan və Prustdan sonra sevginin mənbəyinin heç də bizim sevdiyimiz varlıqda deyil, özümüzdə olması fikri ümumi şeyə çevrilib. Həyatla ölüm arasında qalan əsgər ürəyi məhəbbətlə doludur. Bu vaxt yad qadın peyda olur və onun hissləri aşıb-daşaraq onun üzərində cəmləşir və bərkiyir.

Tarix bizim qulağımıza pıçıldayır ki, göz qabağında olmayan, az görünən qadınları daha çox seviblər. Dante Beatriça barəsində düz-əməlli bir şey bilmirdi; Stendal ən atəşin ehtiraslara əsas etibarilə düşüncələrində yol verirdi, "İtirilmiş vaxtın sorağında" romanlar silsiləsindəki "qənirsiz qız" isə yalnız bircə dəfə vağzalın perronunda, uzaqdan-uzağa görünmüşdü. Ayrılığın təsiri altında coşqun, şiddətli hissiyyatla qidalanaraq getdikcə daha atəşin olan Apollinerin məktubları da beləcə idi və bu məktublar məzuniyyət vaxtı onun öz sevimlisi ilə görüşündən sonra daha sakit məcraya düşdü. "Qadınların ilahi gücü-onların yoxluğunda, göz qabağında olmamasındadır". Bu mənada siz çox güclüsünüz, xanım.

Əgər şairin bu məhrəm etirafları ürəyinizcə olsa, sonra siz onun digər sevgi məktublarını da oxuyarsınız; onda özünüz üçün aşkar edəcəksiniz ki, Apolliner çox vaxt eyni gündə üç müxtəlif qadına məktub yazırmış, cüzi dəyişikliklərlə onlara məhz eyni şeirləri həsr edirmiş. Bütün bunlar qıcıqlandırırmı? Siz əsla haqlı deyilsiniz, mənim gözəlim. Epistolyar janrda parlayan sevgililərin hamısı məhz bu cür hərəkət edib. Şatobrian qabaqlar xanım Rekamye üçün yazdığı məktubların üzünü çox da fikirləşmədən xanım de Kastellan üçün yenidən "köçürə" bilərdi! Bu cür gözəl silahdan necə imtina edəsən və onu niyə də təkrar işlətməyəsən? Bu qeyri-səmimilik sizi dəhşətə gətirir? Lakin şairlər səmimi olur, querida, inanın ki, onlar son dərəcə səmimidirlər. Apollinerdən yaxud Şatobriandan ötrü hər üç qadın öz təssəvvürlərində yaratdıqları eyni bir "nazənin" obrazında cəmləşir. Şairlər üçün bu cür "uydurma", bu cür "başqa cildə salma" mütləq lazımdır; bunsuz poeziya yoxdur.

"Doğrudanmı, siz elə düşünürsünüz ki, Laura Petrarkanın arvadı olsaydı, Petrarka ömrü boyu ona sonetlər yazacaqdı?"-dahi Bayron soruşurdu. Bax buna görə elə yad qadın olaraq da qalın, querida. Əlvida.

 

A.Morua "Yad qadına məktublar"-16

 

 

Veriləni qəbul etmək

Birinci məktub

Qadın danışır: Kişi xarakteri qadın xarakterindən o qədər fərqlidir ki, ən adi kişi belə təcrübəsiz qadına başqa planetdən gəlmiş əcaib məxluq kimi görsənir. Hər bir qadın üçün sevdiyi kişi çətin həll olunan qəliz misal kimidir. Fərasətli, ya da heç olmasa, azacıq mühakimə qabiliyyətinə malik olan qadın veriləni hesaba almaqla bu çətin misalın öhdəsindən gəlməyə çalışır. O, özünə deyir: "Kişi necə varsa, elədir, olduğu kimidir və o, mənə bu cür də maraqlıdır, amma əgər mən onu həm də sevirəmsə, onda hər necəsə ona uyğunlaşmaq və öyrəşmək lazımdır". Tələbkar və qızğın qadın bu başlanğıc məlumatları, başqa cür desək, ərinin, yaxud məşuqunun fiziki və mənəvi simasının cizgilərini olduğu kimi qəbul etməkdən imtina edir; sadəlövhcəsinə elə düşünür ki, kişini dəyişdirməyə müyəssər olacaq.

"O, təbiətən bu cürdür, anadangəlmə belədir"-bax bunu biryolluq və həmişəlik dərk etmək əvəzinə həmin hökmlü xanım belə düşünür: "Görəsən, mən bu kişini necə dəyişim ki, o, məni xoşbəxt eləsin?" Kişini sevdiyinə əmin olan bu qadın istəyir ki, kişi səhvsiz-nöqsansız olsun, onun kitabda oxuduğu qəhrəman kişi idealına tam uyğun gəlsin, xəyalındakı kişi obrazına oxşasın. Qadın onu danlayır, bezdirir, zara-zinhara gətirir; hər hansı başqa birisindən təbəssümlə qəbul edəcəyi hər bir sözü, danışıq və rəftarı ona daim irad tutur.

Bunları anlamayan kişiyə qadın belə cavab verir ki, onun tərəfindən bu davranış onun hisslərinin aşkar gücünü göstərir; hərgah o, həqiqətən, başqalarına dözürsə, bu, əslində, onun həmin adamlara mərhəmətindən deyil, etinasızlığından irəli gəlir. Qadına bir kişiyə sadiq qalmaq düşüncəsi təbii görünür; o istəyir ki, kişi ən azından onun zövqünə uyğun gəlsin. Son nəticədə qadın, özünün fikrincə,

kişini elə kişinin öz rifahı üçün tərbiyə edir və bu işə başlayandan, sanki, kişi artıq çox şeydə yaxşı tərəfə dəyişib… Bütün bunlar belədir, amma bədbəxtlikdən, adamlar bir qayda olaraq heç də "yaxşı tərəfə dəyişmək" istəmirlər, həm də insan xarakterlərini gildən büst yapan kimi yapmaq olmaz. 

Kişi-hətta yeniyetmə oğlan da-nəslin, ailənin, tərbiyənin təsiri altında formalaşıb; onun artıq müəyyən təcrübəsi var. Kişinin fiziki siması formalaşıb; vərdişləri oturuşub; zövqü müəyyənləşib. Əlbəttə, əgər bu işi ehtiyatla, xüsusi ehtiyatkarlıq və yumşaqlıqla, heykəltəraş barmaqları altında bərkiyən gili su ilə yumşaltdığı kimi ona təriflər, komplimentlər söyləməklə görsən, dərhal olmasa da, tədricən kişinin zəif yerlərini düzəltmək mümkündür. Lakin birbaşa və əsəbi, tündməzac tənqid kişini qorunmağa, müdafiə olunmağa məcbur edir. Etibarlı sığınacaq yeri olmağa xidmət etməli olan sevgi təhdid və cəzaların tikanlığına çevrilir. Əgər kişi çox bərk vurulubsa, əvvəlcə o, hər cür məcburiyyətlə barışır və daha yaxşı olmağa, daha yaxşı görünməyə cəhd göstərir; lakin sonra onun həqiqi naturası üstün gələcək və kişi onu sındıran, alçaldan şeyi lənətləməyə başlayacaq; sevgi zəifləyəcək və sönüb gedəcək; ola bilsin, kişi hətta onun ən qiymətli xəzinəsini-özünə əvvəlki inamını oğurlamış şeyə bütün varlığıyla nifrət edəcək. Beləcə, son dərəcə tələbkar, iradcıl qadınların günahı ucbatından ərlə arvad arasında gizli hiddət yaranır…"

Bu yerdə mən qadının sözünü kəsirəm:

– Sizə elə gəlmirmi ki, qadınlara qarşı çox amansızsınız? Siz yalnız onların sapmalarından danışırsınız. Doğrudanmı, siz elə düşünürsünüz ki, kişi başlanğıc məlumatları həvəslə qəbul edir və sevdiyi qadında hörmətəlayiq yetkinliyin olduğunu etiraf edir?

– Əziz dost,-qadın mənə cavab verir,-əgər dünyada kişinin nə xudbin, nə tənbəl, nə koranə, nə də vasvası olmamasını tələb edən ağılsız, mühakiməsiz qadınlar hələ də mövcuddursa, onda razılaşaq ki, onların işi Allaha qalıb.

Əlvida.

Veriləni qəbul etmək

İkinci məktub

"İnsanları olduqları kimi qəbul etmək kifayət deyil, onların o cür olmasını arzu etmək lazımdır. Bax, əsl məhəbbətin mahiyyəti budur". Bu deyim Alenə məxsusdur. O, bizə son dərəcə ibrətamiz dərs verir. Dünyada bir xeyli dinc və kədərli qadınlar mövcuddur. Onlar ərlərini və uşaqlarını "necə varsa", o cür də qəbul edirlər, amma bu vaxt onların qarasına şikayətlənməkdən də qalmırlar. "Bəxtim gətirmir

mənim,–belə qadınlar, adətən, deyirlər,–mən indikindən çox şey əldə edə biləcək daha uğurlu, yaxud daha ağıllı adama ərə gedə bilərdim. Mənim uşaqlarım daha qabiliyyətli və daha mehriban ola bilərdilər. Mən bilirəm ki, onları dəyişdirmək mənim ixtiyarımda deyil, mənim buna gücüm çatmaz; taleyin mənə bəxş etdiyini olduğu kimi qəbul edirəm, amma əri mənimkindən daha çox şey əldə edən

və uşaqları imtahanları daha uğurla verən öz rəfiqəmlə görüşəndə yüngülcə həsəd və təəssüf hissi keçirirəm və bu, tamamilə təbiidir".

Yox, xanım, bu, qətiyyən təbii deyil. Hər halda, əgər siz öz yaxınlarınızı, öz doğmalarınızı sevirsinizsə,

onda bu əsla təbii hal deyil. Çünki bizimçün həqiqətən qiymətli olan adamda bizə hər şey qiymətlidir–hətta onun nöqsanları da. Həmin nöqsanlarsız o adam özü olmazdı və deməli, sizi ona bağlayan keyfiyyətlərə də malik olmazdı. Sizin uşaqlarınız başqalarının uşaqları qədər yaxşı oxumur? Ola bilər, lakin bəyəm onlar başqa uşaqlar qədər əziz, onlar qədər canlı deyillər? Sizin ərinizin kifayət qədər nüfuzu yoxdur, eləmi? Əvəzində o elə yaxşı, elə cazibədardır ki. Axı sifətlə, zahiri görünüşlə baş verənlər xasiyyətlə də baş verir. Ürəkdən, həqiqi məhəbbətlə sevəndə sevdiyin varlığın üzündə nə eybəcərlik görürsən, nə də qırış. Mən bilirəm ki, mənə əziz olan, qiymətli olan bir adam incəsənətdən çox da yaxşı baş çıxartmır və əgər onun yanında bu mövzuda söhbət açsan, ağlına gələn xeyli

cəfəngiyat danışacaq. Amma bundan mənə nə! Mən əsla onun əvəzinə xəcalət çəkmirəm: onun digər xeyli gözəl xüsusiyyətləri də var. Axı insan nəsə bütöv bir şeydir və mən onda heç nəyi dəyişdirmək istəmirəm. Əks təqdirdə bu artıq mənim ərim, yaxud mənim övladım olmayacaq.

Əsl, həqiqi sevgi hər şeyi gözəlləşdirir. Sizin əriniz hansısa sözü hədsiz dərəcədə çox işlədir? Qoy başqaları üçün bu, gülünc görsənsin, siz isə artıq buna alışmısınız və bu daha sizin qulağınızı deşmir.

Ərinizin siyasətə həvəsi güclüdür, eləmi? Əvvəlcə bu, sizi əyləndirir, sonra isə siz onun fikirlərini bölüşməyə başlayırsınız. "Bəs əgər ərimin qüsurları mənim ona olan sevgimi öldürürsə, onda necə?"–siz soruşa bilərsiniz. Hə, ola bilsin, siz onu kifayət qədər sevmirsiniz, yaxud sizin buna səbriniz çatmır.

Hər bir kəslə yaşamağa öyrəşməzdən öncə, hətta lap övladlarınız böyüyərkən onlarla yaşamağa alışmazdan qabaq da müəyyən vaxt keçməlidir. Mən nəyi demək istəyirəm: adamlara yanaşmağın iki fərqli üsulu mövcuddur. Birinci üsul insanlara tənqidi gözlə baxmaqdan ibarət olan üsuldur–mümkündür ki, bu, ədalətli, lakin sərt üsuldur. Bu, laqeyd adamların yanaşmasıdır. İkinci üsul isə zəriflik və yumor hissindən hörülmüş üsuldur; bu zaman bütün nöqsan və qüsurları görmək, amma onlara təbəssümlə baxmaq olar–sən onları çox mülayim tərzdə, xətrə dəyməyən zarafatla düzəldirsən.

Bu, sevən adamların yanaşmasıdır və sübut haradadır ki, hərgah sizin yaxın, doğma bildiyiniz adamlar başqa cür olsaydılar, onda siz daha xoşbəxt olacaqdınız? Bəyəm şöhrətpərəst ər sizin həyatınızı daha xoş edərdi? Kim bilir? Vacib postlar, mühüm vəzifələr həm də böyük xoşagəlməzliklər və ağır məsuliyyətlə bağlıdır. Onları itirməklə risk edirsən, iflas isə həmişə çox ağrılı şeydir. Amma lap hər şey uğurlu olsa da, bəyəm sevincin, xoşbəxtliyin mənbəyi bundadır? İnsan güc-bəla ilə bir şeyə nail olan kimi dərhal ikincinin arxasınca

qaçır. Ümumiyyətlə isə heç kəs mədəsinin tutumundan artıq yemək iqtidarında deyil. Həm də dostluq, sadiqlik, bir-birinə bağlılıq sadə mühitdə, iddiasız şəraitdə daha asanlıqla çiçəklənir, nəinki hakimiyyət səhrasında. Sizin yeganə bədbəxtliyiniz ondan ibarətdir ki, siz özünüzü bədbəxt sayırsınız və əlinizdə-ovcunuzda olandan ləzzət almaq, məmnuniyyət duymaq əvəzinə sizdə olmayanı arzulayırsınız.

Özünüz özünüzə deyin: "Mənim ərim utancaqdır, amma o, mənə əzizdir. Mənim övladlarım o qədər də istedadlı deyillər, əvəzində onlar çox yaxşı və xeyirxah uşaqlardır".

Onda siz özünüzü xoşbəxt hesab edəcəksiniz. Çünki xoşbəxtlik məhz ondan ibarətdir ki, sevdiklərində heç bir dəyişiklik arzulamayasan. Bax mən də sizi olduğunuz kimi, necə varsınızsa, o cür də qəbul edirəm–yad və dərkolunmaz qadın kimi. Əlvida.

Ardı var...

13 mart 2015
GO BACK