Qadin.NET / A.Morua "Yad qadına məktublar"-14

A.Morua "Yad qadına məktublar"-14

 

 

Dözümün hüdudları haqqında

Öz xeyirxahlığında ifrata varmaq bəzi adamlar üçün böyük tamahdır. Canlı təsəvvürləri yaxın adama edilən güzəştin onda necə bir sevinc doğuracağına, imtinanın isə onu nə qədər dilxor edəcəyini təxmin etmələri üçün onlara tam imkan verir; onlar şıltaqlığı, yaxud qəzəb işartısını izah edən gizli, dərin səbəbləri təxmin edirlər, halbuki onların yerində başqaları bunu çox ciddi tərzdə mühakimə edərdi.

"Hər şeyi anlamaq-deməli, hər şeyi bağışlamaq deməkdir". İnsan hisslərini ideallaşdıran, hər şeydə gözəllik axtaran bu adamlar yalnız elə bağışlamaqla və bir-birinin ardınca qurbanlar verməklə məşğuldurlar.

Onlar yalnız özlərini qurban etsəydilər, bəlkə davranışlarında bir paklıq, bir müqəddəslik olardı. Lakin adamlar müqəddəslərlə yaşamaq üçün yaranıblar və mərhəmət bağışlanmaz olur, çünki o, mərhəmət göstərilən adama ciddi ziyan vurur, sağalmaz xətər yetirir. Son dərəcə yumşaq ər, yetərincə ciddi olmayan ata özləri də bunu istəmədən və buna şübhə etmədən arvadlarının yaxud uşaqlarının əxlaqını formalaşdırır-onlar arvadlarını və uşaqlarını heç nədə sərhəd bilməməyə, heç bir müqavimətlə rastlaşmamağa öyrədir. Lakin insan cəmiyyəti adamların qarşısında öz tələblərini qoyur. Bu yumşaq münasibətin qurbanları həyatın sərt gerçəkliyi ilə qarşılaşanda (bu isə qaçılmazdır) onlara çətin olacaq-tərbiyəsində ifrat yumşaqlığa yol verilməyən adamlardan qat-qat çətin olacaq. Belələri indiyəcən

onların imdadına çatmış silahın üstünə cumacaqlar, giley-güzara başlayacaq, göz yaşlarına əl atacaq, pis ovqatı bəhanə gətirəcəklər. Lakin etinasızlıq və rişxəndlə toqquşaraq ümidsizliyə qapılacaqlar. Bir çox uğursuz talelərin səbəbi düzgün olmayan tərbiyədir.

Hər bir evdə, hər bir ailədə bütün üzvlər bilməlidir ki, onları sevirlər, doğmaları onlardan ötrü çox şeyə getməyə hazırdırlar, lakin hər cür səbrin, dözümün bir hədd-hüdudu var və əgər onlar bütün əndazələri aşaraq həmin sərhədi keçsələr, onda qoy özlərindən küssünlər. Başqa cür hərəkət eləmək onların özləri üçün öldürücü olan qüsurlara imkan vermək, pis işə göz yummaq deməkdir, bundan başqa həm də özünü dözülməsi uzun müddət mümkün olmayan bir vəziyyətə salmaqdır. Qumarbazın yaxud bədxərcin borclarını ödəməklə xeyirxah adam yalnız var-yoxdan çıxa bilər, amma xilas etməyə çalışdığı israfçılara əsla kömək edə bilməz. Sevmədən və yalnız yazığı gəldiyi, acıdığı üçün evlənən adam həm özünü, həm də ömür-gün yoldaşını bədbəxtliyə məhkum edir. "Mənim qardaşlarım, sərt olacağıq"-Nitsşe deyir. Filosofa kiçik bir düzəliş edək: "Mənim qardaşlarım, sərt olmağı bacaraq". İfadə o qədər də gözəl səslənməsə də, əvəzində daha insani olacaq. Mənim insanlar haqqında dediklərim, aydındır ki, millətlərə də aiddir. Millətlər ailəsində ifrat dərəcədə xeyirxah xalqlar yaşayır.

Beynəlxalq siyasətdə "ailə siyasətində" olduğu kimi məşhur bir deyim var: "Hər şeyi anlamaq, deməli, hər şeyi bağışlamaq deməkdir". Bu, təhlükəli şeydir. Bəşəriyyəti müharibə ilə təhdid edən hərəkəti cavabsız qoymaq və bu davranışa dözmək heç də sülhə xidmət etmək demək deyil. Burada da dəqiq müəyyənləş di ril miş sərhədlər olmalıdır. Xalqlar da ayrıca fərdlər kimi bəzən öz tələblərində bütün əndazələri aşaraq həddən artıq uzağa gedirlər və müqavimət görməyincə, zərbə almayınca nəyəsə qəsd edirlər. Nə qədər ki təsir əks-təsirə bərabərdir, qüvvələr sistemi tarazlığa gətirib çıxarır. Əks-təsir olmadıqda tarazlıq mümkün deyil.

İndi artıq sizi nə gözlədiyini bilirsiniz, xanım. Mən sizə qarşı çox mülayim və mərhəmətliyəm. Lazım gəlsə, zərurət yaransa, sərt olmağı da bacararam. Yalnız mənim təsəvvürümdə mövcud olan müdrik və müəmmalı yad qadın kimi qalmaqda bundan sonra da davam edin. Əlvida.

 

A.Morua "Yad qadına məktublar"-14

 

 

Kleopatranın burnu

"Əgər Kleopatranın burnu qısa olsaydı, bütün dünya başqa cür olardı". Biz öz şəxsi həyatımızı yaxud ölkəmizin tarixini öyrənərkən Paskalın bu ifadəsinə çox tez-tez "tamah" salırıq. Ən dəhşətli nəticələrə gətirib çıxaran hadisələr o qədər əhəmiyyətsiz, onların çulğaşması isə o qədər qəribə olmuşdu ki, biz qədərin qeyri-ardıcıllığına sadəlövhcəsinə təəccüb edirik.

Əgər Arletta Staviskaya daş-qaşı az sevsəydi, onda Üçüncü respublikanın tarixi başqa cür alınardı. Əgər Bonapart üçün topları Vandemyerə vaxtında çatdıran əsgərlər yolda onca dəqiqəliyə geciksəydilər-məsələn, deyək ki, boğazlarını yaşlamaq üçün-indi bizim kitablarımızda nə Austerlitsin, nə də Vaqramın adları xatırlanmazdı. Vilson öz vaxtında Parisə hansısa respublikaçı senatoru göndərsəydi, Amerika əlli il, hələ bəlkə də ömürlük Avropanın siyasi həyatına cəlb olunardı. Keçmiş haqqında düşüncələr bu cür gümanlarla, fərziyyələrlə müşayiət olunur. "Əgər bu ilki məktəb tətilini Sen-Tropezdə keçirməyi ağlıma gətirməsəydim, məni bədbəxt eləmiş qadınla da heç vaxt rastlaşmazdım". Bu mühakimənin düzgünlüyünü heç nə sübut eləmir. Əhəmiyyətsiz və qabaqcadan bilinməyən təsadüflər, heç şübhəsiz ki, hadisələrin adi axarını hər an dəyişir. Lakin bu axara yalnız qeyri-adi təsadüflərin bütöv bir zənciri tam ziddiyyətli xarakter verə bilər.

Deyək ki, ağlınıza Sen-Tropez gəlməzdi, Sen-Rafael gələrdi və siz orada eyni uğurla başqa bir qadınla rastlaşardınız, həmin qadın da eynən əvvəlki qadın kimi və həmin səbəblərə görə sizin xoşunuza gələrdi, çünki özünüz də bilmədən siz o vaxt könül iztirabları axtarırdınız. Əlbəttə, belədə sizin həyatınızın bu və ya digər məqamının tamamilə başqa cür alınması mümkün idi, amma onun ümumi

konturları, təxminən, elə bu cür də qalacaqdı.

Lord Danseni bu mövzuda son dərəcə maraqlı bir pyes yazıb. Tamaşanın ilk pərdəsində bizim qarşımızda qatara gecikmiş bir adam dayanır: o, perronun çıxışına yaxınlaşdığı dəqiqədə qatar yola düşür. Bu gecikmənin nəticəsində onun sonrakı bütün həyatı uğursuz alınır və personaj tamaşa boyu təkrar-təkrar söyləməkdən yorulmur: "İşə bax, bircə saniyə tez gəlsəydim…" Və günlərin bir günü

hansısa şərqli bir tacir ona sehrli kristal almağı təklif edir-bu daşı əldə edən kəs onun köməyi ilə öz keçmiş həyatının arzu etdiyi hər hansı bir hadisəsini dəyişə bilər. Pyesin qəhrəmanı, aydındır ki, həmin perronda, amma bir saniyə tez peyda olmağı arzu edir. Sehrli daş arzunu yerinə yetirir və bu dəfə kişi perrona vaxtında yetişib öz qatarına əyləşir və onun həyatı təzədən başlanır. Lakin personajın həyatında zahirən hər şeyin başqa cür getdiyi görünsə də, əslində, qəhrəmanın uğursuzluğa düçar olması heç də birinci dəfəkindən az olmur, ona görə ki, uğursuzluğun əsas səbəbləri şəraitdə yox, onun öz xarakterindədir.

Eyni şeyi biz xalqların tarixində də müşahidə edirik. Onlar taleyin hazırladığı, onlar üçün müəyyən edilmiş qismətdən qaça bilməzlər. Hərgah artilleriyaçılar yolda yubansaydılar, Vandemyerə gəlməkdə geciksəydilər, bir müddətə Bonapartın taleyi dəyişərdi, Fransanın tarixi isə, onsuz da, dəyişməz qalacaqdı: ən azı əsas cizgiləri həminki kimi qalacaqdı. Başqa bir Bonapart peyda olardı. Hər nəsildə

müəyyən sayda qəhrəmanlar və xadimlər mövcuddur. Amma sülh şəraitində, dinc dövrlərdə belələri iş başında olmurlar. 1895-ci ilin bonapartları öz ömürlərini hansısa əyalət qarnizonunda kvartirmeysterlər, yaxud batalyonun intendantları kimi başa vurardılar. Kleopatranın burnu qısa olsaydı, Romanın tarixi yenə öz axarıyla gedərdi- öhtəşəmliyi tənəzzül əvəz edərdi.

Sizin isə, xanım, burnunuz uzun olsaydı, mən indi yenə də yad qadına öz məktublarımı yazardım. Amma o yad qadın başqası olardı. Əlvida.

Xronofaqlar

Xronofaq, yəni vaxtyeyən. Bu söz, səhv etmirəmsə, Monterlan tərəfindən uydurulub və insan cinsinin təhlükəli çoxnövlüyü anlamındadır.

Xronofaq hər şeydən əvvəl heç bir işi olmayan adamdır və bu adam vaxtını nəyə sərf etməyi, necə öldürməyi bilmədiyindən öz asudə vaxtını, daha dəqiqi, vaxtının boşluğunu sizin vaxtınızı yeməklə doldurur. Bu canlının, bu həşəratın sırtıqlığı son dərəcə ağlasığmazdır. Xronofaq tanımadığı müəlliflərə məktub yazaraq onlardan təcili cavab tələb edir; bu zaman o dərəcədə həyasızlığa əl atır ki, hətta məktuba poçt markası da əlavə edir və bununla da tərbiyəli, qanacaqlı adresatı çaşqınlığa məruz qoyur; o, lazımsız görüş əldə etməyə qabaqcadan nail olur və hərgah bədbəxtlikdən həmin adam onu qəbul etməyə razılıq verirsə, onda ev sahibinin zəhləsini tökərək onu o dərəcədə bezdirir və o vaxtacan təngə gətirir ki, axırda zavallı əsəbiləşib təbdən çıxaraq bütün ədəb-ərkan qaydalarını bir kənara atmağa məcbur qalır. O, öz həyatını sizə danışıb sizdən də öz həyatınız barədə soruşacaq. Yaxşıdır ki, bütün başqa şeylərdən əlavə xronofaq hələ gündəlik tutmur, yoxsa sonradan ora qeyd edərdi ki, guya, siz dəyişmisiniz və artıq həminki adam deyilsiniz; sizin əvvəlki həvəslə danışmaq qabiliyyətiniz harasa yox olub, deyəsən, siz artıq tükənmisiniz və sizinlə danışmaq az maraqlıdır-bir sözlə, siz onun

ümidlərini doğrultmamısınız və xronofaq siz sarıdan bərk peşmandır. Sizin bu susqunluğunuzun narazılığınızdan əmələ gəldiyinə inanmayan gələcək bioqraflar isə öz qeydlərində sizi aciz qoca kimi təqdim etməyi yaddan çıxartmayacaqlar.

Vaxtınızın bir hissəsini kəsib onun ağzına atmaqla xronofaqı doyurmağa əsla ümid bəsləməyin. O acgözdür. Birgə yemək yeyən adamlardan hansınınsa ehtiyatsızlıq edib cücənin qanadını atdığı köpək təzə yem dalınca mütləq onu yemləyən əlin üstünə necə qayıdırsa və pəncəsini irəli uzadaraq yalvarış dolu sümsük baxışlarla gözünü həmin adamın üzünə necə zilləyib durursa, qarşısındakının mülayim xasiyyətli, yumşaq xarakterli, ürəyiyuxa adam olduğunu aşkar edən xronofaq da öz tapıntısından eynən o cür insafsızcasına sui-istifadə edəcək. Sizin təmkininiz onda yeni həvəs oyadacaq-sizin yanınıza yenidən qayıtmaq, sizə yenidən yazmaq, zəhlənizi hər vasitə ilə tökmək həvəsi.

– Mənim işim başımdan aşır,-siz inamsızlıqla deyirsiniz.

– Doğrudanmı?-xronofaq soruşacaq,-Necə də maraqlıdır. Siz nə üzərində işləyirsiniz ki?

– Roman üzərində.

– Roman üzərində? Amma mənim həyatım xalis romandır...

Vəssalam, hesab eləyin ki, atı mahmızlamısınız. Gecə yarısı sizi elə həmin yerdəcə tutacaq. Əgər saqqızınızı oğurlayıb sizi özünə cəlb eləsə, onda batdınız; siz onun öz yuvasına apardığı sümüksünüz və əmin olun ki, sizi axıra qədər sümürməyincə əl çəkməyəcək. Əgər o, hələ öz dostlarını da üstünüzə qısqırtsa, sizi bütöv bir xronofaqlar sürüsü didib gəmirəcək. Bu canlılar sürü şəklində qruplaşırlar və öz

ovlarını bir-biri ilə həvəslə bölüşürlər.

Sizə nəsihət: xronofaqlarla sərt münasibətdə olun və onları qəddarcasına, amansızlıqla qırın. 

Yumşaqlıq və utancaqlıqla heç nəyə nail olmazsınız. Əksinə, xronofaqların rifahı üçün mikroiqlimi məhz elə bu xüsusiyyətlər yaradır. Xronofaqın canı çox bərkdir və onu məhv etmək lazımdır. Zorakılıq mənə yad xüsusiyyətdir, amma hazırkı vəziyyətdə bu zəruridir. Siz axı qorunmağa heç bir cəhd göstərmədən yırtıcı heyvana icazə verməli deyilsiniz ki, sizi parçalasın. Xronofaq isə eynən yırtıcı kimidir, o, sizin həyatınızı parçalayıb qoparır. Çünki bizim həyatımız əgər vaxt deyilsə, bəs nədir?! "Hanı o adam ki, vaxtı, heç olmasa, müəyyən qədər, lap az da olsa, qiymətləndirir, hər günün üstündə əsməyi bacarır və vaxtın onu anbaan ölümə yaxınlaşdırdığını dərk edir? Biz həyatı sabaha saxladıqca o ötüb-keçir. Heç nə bizə vaxt qədər, vaxt dərəcəsində məxsus deyil; vaxt bizimdir və biz qarşımıza çıxan elə ilk adamaca imkan veririk ki, bizə məxsus olan bu yeganə və tez sovuşan var-dövlətimizi işğal etsin".

Mənim əzizim, gör Seneka iki min il bundan qabaq öz dostu Lutsiliyaya nə yazmışdı və bu, sübut edir ki, xronofaqlar hələ insan birliyinin təşəkkül tapdığı ən qədim çağlardan mövcuddur. Lakin ən başlıcası sizin məni qəfildən yaxaladığınız bu pis ovqat heç də ona əsas vermir ki, bəndənizi sizin iştirakınızdan yaxud mənə xəsisliklə bəxş etdiyiniz həmin anlardan məhrum eləsin. Bizim xoşumuza

gələn qadın heç vaxt xronofaq olmaz, onlar bizim vaxtımızı bizimçün ən xoş olan bir tərzdə doldururlar. Əlvida.

 

A.Morua "Yad qadına məktublar"-14

 

 

Nəzakət əleyhinə

Əzizim, ifrat dərəcədə nəzakətli olmaqdan çəkinin. Bu xüsusiyyət həm kişiləri, həm də qadınları nöqsanların ən pisi olan axmaq hərəkətlər törətməyə vadar edir.

Bu həqiqət barədə iki pritça da var, Adamı heyran qoyan neçə-neçə misal da…

Parisdə yaşayan ər-arvadın çox yaxın bir ailə dostu vardı: professor B., xalis ləyaqət mücəssəməsi olan gözəl insan və öz işinin ustası olan əsl cərrah. Amma vaxt ötdükcə biz hamımız qocalırıq; elə bir gün gəlib çatdı ki, skalpel təcrübəli professorun öz qüvvəsini itirmiş əlində əsməyə başladı. Heç şübhəsiz, dedi-qoduların yayılmasında onun həmkarlarının da rolu yox deyildi-şəhərdə şayiələr dolaşmağa başladı ki, professor B.-nin apardığı əməliyyatlarda acınacaqlı uğursuzluqlar baş verir.

Professorun möhkəm dostluq telləri ilə bağlı olduğu ailədə ərin xəstələnməsi də tərslikdən məhz həmin vaxtlara təsadüf etdi. Müayinədən və rejim təyinatından sonra həkim əməliyyatın zəruri olduğunu bildirib soruşdu:

– Sizin həkiminiz kimdir?

Xəstə professor B.-nin adını çəkəndə həkim dərhal üz-gözünü turşutdu:

– Professor vaxtilə öz işinin ustası olub, indi də çox işgüzar məsləhətlər verə bilər, amma…

Ər-arvad öz aralarında məsləhətləşdilər. Bu iş üçün bədbəxt B.-nin həmkarlarından kimisə dəvət edib sədaqətli dostun xətrinə dəymək olardımı? Hər ikisi bu cür rəftarı qəddar hesab etdi.

– Və son dərəcə nəzakətsiz! –qadın əlavə etdi,-Özün fikirləş, biz elə ötən həftə onların evlərində nahar etmişik.

Bu təkzibolunmaz səbəb hər şeyi həll etdi. Onlar əməliyyat üçün B.-ni dəvət etdilər, o da öz dostuna xidmət göstərməkdən şad olduğunu bildirib dərhal bu təkliflə razılaşdı.

– Yüngül əməliyyatdır,-o dedi.

Əməliyyat, həqiqətən də, təhlükəli əməliyyat deyildi, amma xəstə öldü. Əvəzində nəzakətə tam riayət olunmuşdu.

Başqa bir pritça. Bir cavanı ailəsinin dostları tez-tez özlərinin Normandiyadakı şəhərkənarı geniş evlərinə dəvət edirdilər. Ev sahibinin qızı gəncə aşkar meyil göstərirdi, qızın valideynləri də onların nikaha girməsini ürəkdən istəyirdilər. Amma gənc xanıma dost münasibətləri bəsləsə də, cavan oğlan onu çox da gözəl saymırdı və bütün həyatını bu qızla bağlamaq niyyətində deyildi.

Bir dəfə almaların çiçək açdığı mülayim havalı gözəl bir yaz axşamı ulduzlu göylərin altında oğlan balaca bir ehtiyatsızlığa yol verdi və şam yeməyindən sonra ay işığında gəzməyi təklif elədi.

– Əla fikirdir,-ev sahibəsi dedi,-Mari-Janna sizinlə gəzintiyə çıxar.

Cavanlar bağa çıxdılar. Nazik tüstü qatı meyvə ağaclarını bürümüşdü. Şehli otlar ayaq altında güclə hiss olunurdu. Qəfildən, sırf təsadüfən Mari-Jannanın ayağı çuxura düşüb büdrədi, cavan oğlan təbii və

qeyri-iradi sıçrayışla onu qucaqlayıb yıxılmaqdan saxladı. Qız oğlanın ağuşunda, onların dodaqları isə bir-birinin lap yaxınlığında peyda oldu. Qız vəcdlə pıçıldadı:

– Ah! Mən həmişə bilirdim ki, siz məni sevirsiniz…

Onu çaşqınlıqdan çıxarmaq üçün qətiyyət və əzm lazım idi. Cavan oğlan bunların heç birinə malik deyildi. O, düzəldilməsi mümkün olmayan bir şeylə barışdı. Dodaqları tale öpüşünə doğru yol adladı. Cavanlar gəzintidən artıq adaxlı kimi geri qayıtdılar. O, bütün həyatını Svanın dediyi kimi "öz zövqündə olmayan" bu qadınla yaşadı.

Querida, əgər lazım bilsəniz, son dərəcə nəzakətsiz olun və bundan əsla çəkinməyin. Əlvida.

Ardı var...

10 mart 2015
GO BACK