Qadin.NET / A.Morua "Yad qadına məktublar"-12

A.Morua "Yad qadına məktublar"-12

 

 

Kitab seçimi haqqında

Ey qəlbimin yad qadını, siz məndən soruşursunuz ki, nələri, hansı kitabları oxumaq lazımdır. Yəqin ki, mənim məsləhətlərim sizi təəccübləndirəcək. Mənim müəllimim Alen deyirdi ki, bizim hər birimizə heç də o qədər çox kitab oxumaq lazım deyil və bu prinsipin şəksiz üstünlüyünü öz şəxsi nümunəsində təsdiq edirdi. Onun kitabxanası başlıca olaraq bir neçə görkəmli müəllifin–Homerin, Horatsinin, Tasitin, Sen-Simonun, Retsin, Russonun, Napoleonun (onun Las Kazla söhbətləri), Stendalın, Balzakın, Jorj Sandın, Viktor Hüqonun və aydındır ki, filosofların–Platonun, Aristotelin, Dekartın, Spinozanın, Kantın, Hegelin, Ogüst Kontun əsərlərindən ibarət idi. Sonrakı illərdə bu müəlliflərin əsərlərinə o, Romen Rollanın, Valerinin, Klodelin, Prustun, həmçinin Kiplinqin əsərlərini də əlavə etmişdi.

Seçim son dərəcə təvazökar bir seçim idi, lakin bu dahiyanə əsərlərin hamısını o çox əla mənimsəmişdi.

Onları daim, təkrar-təkrar oxuyur, hər dəfə özü üçün yeni gözəlliklər kəşf edirdi. O, belə fikirləşirdi ki, kitabı açan kimi lazımi səhifəni tapa bilməyən adam müəllifi tanımır. Votrenlə Rübamprenin ilk görüşü Balzakın hansı romanında təsvir olunub? Hansı romanda oxucu Feliks de Vandeneslə yenidən, artıq onun evli vaxtında görüşür? Venteylin septeti barədə birinci dəfə Prustun hansı romanında söhbət açılır? Bu və bu kimi suallara cavab verə bilməyən adamları həqiqi oxucu adlandırmaq olmaz. "Tapmaq yox, tapdığını öz nailiyyətinə çevirmək vacibdir",–Valeri belə deyirdi. Bir neçə ölməz əsəri diqqətlə oxuyub mənimsəmiş qadın özünü gün ərzində üç təzə kitabı fikri dağınıq halda tələsik gözdən keçirən qadından daha savadlı saya bilər.

Bundan belə bir nəticə çıxırmı ki, müasir müəlliflərə diqqət yetirmək lazım deyil? Əlbəttə ki yox: üstəlik də, yaddan çıxartmayın ki, sabah həmin müəlliflərdən bəziləri çox məşhur ismə çevriləcək. Amma həddən artıq pərakəndəliyə də lüzum yoxdur. Bəs necə hərəkət etməli? Hər şeydən əvvəl, ilin ədəbi məhsuluna özünü "tutmaq" üçün bir az vaxt vermək lazımdır. Nəşriyyatlar yaxud ədəbi dərnəklər tərəfindən şedevr elan edilən və altı ay keçməmiş büsbütün unudulan nə qədər əsərlər, nə qədər kitablar var! Yaddaşımızı hədər yerə yükləməyək. Bir az gözləyək. Dünyada tüğyan eləyən kitab bolluğunu diqqətlə müşahidə edərək onların arasından özümüzə dostlar seçməyə çalışaq. Bizim istənilən birimizin çağdaş müəlliflər arasında öz sevimlilərimiz var. Qoy hər kəs onların yaradıcılığını izləsin! Mən qələminə ümid bəslədiyim, inandığım bir neçə cavan yazıçının dərc etdirdikləri yazıların hamısını oxuyuram. Əlbəttə, özümçün başqa müəlliflər "kəşf" etməyin də əsla əleyhinə deyiləm, amma onların həddən çox olmasını istəmirəm. Yoxsa boğularam.

Elə ki kitabın mənəvi, yaxud bədii dəyərə malik olduğuna əmin olduq–həmin kitabı əldə etmək lazımdır. Yalnız hər zaman əlimizin altında saxladığımız əsərlərlə yaxından və hərtərəfli tanış olmaq olar. Müəlliflə elə ilk görüşdəcə onun kitabını oxumaq üçün müvəqqəti borc götürmək münasib və hətta ağıllı hərəkətdir. Əgər tezliklə həmin kitabı "oğulluğa" götürmək qərarına gəliriksə, ona vətəndaşlıq hüququ vermək lazımdır. Eyni zamanda, yalnız bütün ömrün boyu yaşamaq istədiyin kitablarla "evlənmək" və yalnız onları almaq lazımdır.

Bəs necə oxumaq lazımdır? Əgər kitab bizi "tutursa", birinci dəfə onu tez, sürətlə və maraqla oxuyuruq. Biz sadəcə səhifələri gözümüzə təpir, onları birnəfəsə uduruq. Amma onu sonradan oxuyarkən (yaxşı kitabı dəfələrlə, təkrar-təkrar oxuyurlar) əlində karandaş yaxud qələm olmalıdır. Xoşagələn parçaları, yaxud dərin fikirləri qeyd etməkdən yaxşı vərdiş yoxdur–zövqü və mühakimə düzgünlüyünü başqa

heç nə bu cür formalaşdıra bilməz. Özünə söz verməlisən ki, ürəkdən qiymətləndirdiyin yazıçıların əsərlərini oxuyarkən heç nəyi ötürməyəcəksən. Balzakın əsərlərində küçələrin, yaxud evlərin uzun təsvirlərini buraxan adam onun həqiqi sərrafı sayıla bilməz.

Son dərəcə səmərəli mütaliə üsulu–"ulduzşəkilli" oxudur: oxucu əsas kitabdan, yaxud süjetdən başlayaraq müxtəlif istiqamətlərdə (sanki, ulduzların şüaları üzrə) hərəkət etməklə öz maraq dairəsini genişləndirir; misal üçün: mən Prustu oxuyur və ona heyran qalıram. Onun kitablarına dərindən baş vurmaqla öyrənirəm ki, Prust özü Reskinin, Jorj Sandın vurğunu olub. Reskini və Jorj Sandı oxumağa girişirəm: Prust kimi bir yazıçının yaxşı hesab etdiyinə mənim də biganə qalmağım mümkün deyil.

Şatobrianın sayəsində mən Juberlə tanış oldum. Şarl Dyu Bo isə məni "İki dəfə itirilmiş Evridik"-ə doğru itələdi. Vaxtilə Moris Barinq məni Çexovla, Qoqolla qovuşdurmuşdu. Mənəvi dostluq telləri məhz bu şəkildə yaranır. Sizin də öz yerinizi müəyyənləşdirməyinizin vaxtıdır. Əlvida.

 

A.Morua "Yad qadına məktublar"-12

 

 

Yuxusuzluqdan əzab çəkən gənc

Qadına məsləhətlər

Sizə bu məktubu Marsel–Nitsa qatarında, dizimin üstündə yazıram. Səma gömgöy, tərtəmizdir; göy üzündə bir əlcə də bulud yoxdur. Haçansa insanlar sarasinlərdən qorunmaq üçün təpələrin üstündə özlərinə balaca, möhkəm, keçilməz şəhərlər tikir, küçələri plitələrdən düzəldirdilər. Günəşin qızılı rəngə boyadığı təpələrin qayalıq yamacları yalnız Provansda və Yunanıstanda rast gəlinən ciddi geometrik xətlərlə seçilir. Seyr etmək üçün çox gözəl bir mənzərədir, amma mənimlə bir kupedə olan iki kişi bir dəfə də olsun başlarını qaldırıb ora baxmadı. Onlar əllərində karandaş bütün diqqətlərini krossvordun üzərində cəmləmişdilər.

– Baş verməməsi mümkün ola bilən şey…–kişilərdən biri mızıldanır.

– Ehtimal,–o biri cavab verir.

– Düz gəlir!–birinci kişi sevinclə bildirir.

Mən mat-məəttəl qalıb, onların bu inadcıl həşirini bir qədər təəccüblə müşahidə edirəm. Hərçənd bəlkə də haqlı deyiləm. Kilsə qabaqcadan tədbirli və ehtiyatkar tərpənib dindarlara təsbeh çevirməyi məsləhət gördüyü kimi qəzetlər də müdrikcəsinə öz oxucularına krossvordla baş qatmağı təklif edir. Bu da, o da–yəni həm təsbeh, həm də krossvord insanı üzücü fikirlərdən, ağır düşüncələrdən,

işgəncələrin ən betəri olan refleksiyalardan xilas etməyə kömək göstərən əla dərmandır. Gözəl yad qadın, bizim beynimizi dəlib-deşən və oradakı digər bütün ayrı düşüncələri məhv edərək yaxamızdan əl çəkməyən bu üzücü fikirlər mənim kimi, elə bizim hamımız kimi sizə də çox yaxşı tanışdır. Bu üzücü fikirlər nə barədədir? Variantların sayı-hesabı yoxdur.

Tutaq ki, əriniz sizə xalis qısqanclıq tamaşası düzəldib və göründüyü kimi, çox acıqlıdır; yaxud siz ehtiyatsızlıq ucbatından şirin dilə aldanmısınız və indi bilmirsiniz ki, alış-verişin qəfil ortaya çıxmış məsrəflərini necə ödəyəsiniz; özünüzə dost saydığınız qadınla bağlı sizə məkrli və sərt sözlər çatdırıblar. Bütün bunlar o qədər də faciəvi şey deyil, bir aydan sonra bu həyəcanlar sizə gülməli görsənəcək. Amma hazırda siz onlardan xilas ola bilmirsiniz. Zəhlətökən ideyalar yaxanızdan əl çəkmir, sizi didib-dağıdır və siz az qala

xəstələnirsiniz. Dərman zəruridir. Bəs dərmanı harada axtarmalı? Heyhat, bizim düşüncələrimiz iradəmizə tabe deyil. Siz xoşagəlməz

fikri özünüzdən uzaqlaşdırmağa çalışırsınız, amma zəhmətiniz hədər gedir. O, adamın zəhləsini tökən ağcaqanad kimi geri qayıdır. Amma hər necə olsa, əgər siz ondan xilas olmaq iqtidarında deyilsinizsə, onda beyninizi başqa fikirlərlə məşğul etməklə yaxud mexaniki olaraq sizi bütövlükdə öz ağuşuna alıb udan məşğuliyyətin dərinliyinə qərq olmaqla onu yatızdırmağa çalışın. Krossvord, toxuculuq, bric,

kanasta, gərgin diqqət tələb edən istənilən oyun, baş qatan istənilən iş–bütün bunlar dərman rolunu oynayır. Beyninizə zəhlətökən ideyalar girərkən siz öz ağlınızı aldatmalısınız. Siz ara vermədən nəyləsə onu məşğul edin. Onda beyninizdəki dözülməz vibrasiya yavaş-yavaş zəifləyib səngiyəcək, tədricən çəkilib uzaqlaşacaq. Əgər qidalandırmasan, heç bir fikir zamanın qarşısında duruş gətirə bilməz. Bir az səbr, bir az inadkarlıq–və başınızı qatdığınız yayındırıcı vasitələr üstün gələcək. Sağ ol səni, krossvord!

Bircə təhlükə qalır–gecə. Mən sizin eynən sudan çıxarılmış balıq kimi qıc olmuş halda yataqda o üz-bu üzə çevrilməyinizi və əbəs yerə yuxunu köməyə çağırdığınızı görürəm. Qaranlıqda zəli fikir yaxadan əl çəkməyən vahiməyə, qarabasmaya çevrilir. Belə dəqiqələrdə bizim dərmanımızın artıq heç bir təsiri yoxdur. Nəsə oxumaqmı? Amma fikri cəmləşdirmək, hadisələrin gedişatını izləməyi bacarmaq lazımdır… Gözlərini yumub təsəvvüründə canlandırdığın qoyunları saymaqmı? Bu yalnız ingilislərə kömək edir, özü də, ola bilsin ki, yalnız çobanlara. 

Mənim özümdə yuxusuzluq əleyhinə üç resept var. Birinci resept–uşaqlıq yaxud yeniyetməlik çağlarımla bağlı müxtəlif xatirələrimdir. Onlar beyinə girmiş qarayaxa ideyanı oradan qovub çıxarır, çünki onu doğuran hadisələr mənim öz yaddaşımda diriltmək istədiklərimdən sonra baş verib və keçmişin hüdudlarına, çərçivələrinə sığışmır. Amma bütün diqqəti bu epizodlara bənd etmək üçün

böyük inadkarlıq lazımdır. 

İkinci üsul–kirpiklərini bir-birinə sıxan kimi həmişə gözlərin qabağında yaranan parlaq işıq ləkələrini diqqətlə müşahidə etmək və onların cizgisində adamları, yaxud əşyaları tanımağa çalışmaq. Hansısa müddətdən sonra bu obrazlar yuxu gətirir. Bax beləcə, siz ölü nöqtədən tərpənmiş olursunuz.

Üçüncü və ən asan üsul–həkimdən yuxugətirici dərman xahiş etmək. Yuxu həbi yuxusuzluqdan az təhlükəlidir. Bir sözlə, heç vaxt özünüzü qarayaxa ideyanın ixtiyarına verməyin, ona yaxa tanıtmayın. Yoxsa o, sizi dəli edər. Bu isə bərk təəssüf doğurar, adamı yandırardı! Əlvida.

 

A.Morua "Yad qadına məktublar"-12

 

 

Niikbinlik haqqında

Querdia, siz məni nikbinliyimə görə məzəmmət edirsiniz. Hə, mən nikbin adamam. Mən hər şeyin yaxşı olacağını düşünməyə meyilliyəm. "Əgər sən uçuruma yuvarlansan,–müharibədə mənə yoldaşlarımdan biri deyirdi,–yəqin elə düşünərsən ki, yarğanın dibində səninçün yumşaq yorğan-döşək salınıb və sən yəqin ki, ağır zərbəni hiss edənə qədər nisbətən sakit olardın".

Mübaliğədir! Volterdəki Panqlos kimi mən yaxşıların yaxşısı olan bizim dünyamızda hər şeyin heç də yaxşılığa doğru getdiyini düşünmürəm. Həyatın dəhşətli sifəti, işgəncə və zülmü mənə yaxşı məlumdur, mən onlardan kənarda qalmamışam. Lakin əvvəla, mən həyatın tamamilə, büsbütün pis olması fikrində deyiləm. Bu heç də belə deyil. Mən insan mövcudluğunun "dəhşətli" sayılması şərtlərindən imtina edirəm. Düzdür, onlar son dərəcə qeyri-adidir; düzdür, biz niyəsini çox da dərindən dərk etmədən sonsuz məkandakı bir topa çirkin üzərində fırlanırıq; orası da düzdür ki, biz günlərin bir günü mütləq ölüb gedəsiyik. Gerçəkliyin həqiqi vəziyyəti belədir və onu mərdanə şəkildə qəbul etmək lazımdır. Bəli, biz bir ovuc çirkli torpağın üzərində fırlanırıq. Problem başqa şeydədir: bəs biz onun üzərində olarkən həmin müddətdə nə edə bilirik və nə etməliyik?

İkincisi, mən nikbin adamam, çünki yer üzündə nəsə etməyi, öz şəxsi həyatımı və–daha geniş mənada götürəndə–insan nəslinin həyatını yaxşılaşdırmağı mümkün sayıram. Mən belə hesab edirəm ki, artıq nəhəng tərəqqiyə nail olunub. İnsan böyük ölçüdə təbiəti fəth edib. İnsanın cisimlər dünyası üzərindəki ağalığı müqayisəlunmaz dərəcədə artıb. Əlbəttə, bədbin adam etiraz edib razılaşmayacaq: "Elədir, lakin bütün bu böyük kəşflər yalnız hərbi məqsədlərdən ötrü istifadə edilir və bəşəriyyət məhvolmanın bir

addımlığındadır". Düşünmürəm ki, bu, qaçılmaz olsun. Hansısa dərəcədə bu, bizim özümüzdən asılıdır və son nəticədə mənim nikbinliyim insan təbiətinə inam üzərində qərarlaşır. Mən bilirəm ki, insana böyüklük xasdır; bilirəm ki, bizim hər birimizdə həmin yaxşı şeyi oyatmaq mümkündür. Bir sözlə, insanın köləliyi barədə danışmaqdansa, onun azadlığı barədə danışmaq daha yaxşıdır. Üçüncüsü, etiraf edirəm ki, üzbəüz qaldığım hər hansı hadisə qarşısında mənim ilk edəcəyim–onun mahiyyətindəki pisi deyil, yaxşını dərk etmək cəhdim olacaq. Misal üçün: şərait belə gətirdi ki, mən çox nüfuzlu bir adamla mübahisə etməli oldum. Bədbin dərhal belə düşünərdi: "Nə pis oldu! Bu, mənim karyerama pis təsir göstərəcək". Mənsə özümə deyirəm: "Nə yaxşı oldu! Mən bu qanmazdan canımı qurtardım". Bax, mənim nisbi nikbinliyimin mahiyyəti bundan ibarətdir. Biz hər ikimiz–Alen, onun ardınca da mən–bütün ömrümüz boyu nikbin olaraq qalacağımıza and içimişik, ona görə ki, öz qarşına nəyin bahasına olur-olsun, nikbin olmaq qaydasını məqsəd qoymasan, həmin dəqiqə ən qara-qura bədbinlik özünə dərhal bəraət qazanacaq; ona görə ki, əgər adam ümidsizliyə qapılırsa, yaxud pis ovqata köklənirsə, onda bu, onu mütləq pisliklərə və uğursuzluqlara aparıb çıxaracaq. Əgər mən yıxılmaqdan qorxuramsa, mütləq yıxılasıyam; bu, başgicəllənmə adlanır və bütöv xalqlara xas olduğu kimi, ayrı-ayrı adamlara da xasdır. Əgər mən belə hesab edirəmsə ki, öz ölkəmin işlərində heç nəyi dəyişə bilmərəm, onda, doğrudan da, heç nəyi dəyişməyi bacarmayacağam.

Məsələ ondan

ibarətdir ki, ilk növbədə, özüm üçün, həmçinin də ətrafımdakılardan ötrü yaxşı havanı da, pis havanı da mən özüm yaradıram. Bədbinlik yoluxucudur. Əgər mən qonşumun düzgün adam olmadığını fikirləşir və ona daim inamsız münasibət bəsləyirəmsə, mənim günahım ucbatından o, belə də olacaq. Adamlarda qorxu yox, inam yaratmaq–antik dövrün müdriklərinin sirri bundadır. Bizim cağdaş müdriklərimiz isə, əksinə, insanların ürəyinə ümidsizlik toxumu səpirlər; amma mən onların müdrikliyinə inanmıram.

– Belə de!–bədbin adam razılaşmır,–Siz hesab edirsiniz ki, həyata, insanlara inam müdriklikdir? Görəsən, bu inam sizinçün dəhşətli peşmançılıqların səbəbi olmayıbmı? Adına həyat deyilən bitməz döyüşdə bəyəm bu inam sizinçün zəiflik mənbəyinə çevrilməyibmi? Bədxah saymaqdan uzun müddət imtina etdiyiniz şər adamların qurbanlığına çevrilməyiniz olmayıbmı?

Bəli, etiraf edirəm ki, mənim amansız peşmançılıq keçirdiyim vaxtlarım heç də az olmayıb. Xüsusən də millətçilik siyasətinin dəhşətləriylə, mənim ölkəmi iki yerə parçalayan qanlı uçurumla, sürgünlə, mühacirətlə, yaxınlarımın həbsiylə, evimin talanmasıyla, ən çətin məqamlarda, ən ağır dəqiqələrdə bəzi yaxın dostlarımın xəyanəti ilə əlamətdar olan son on ildə bu acıları çox yaşamışam; bütün bunlar bu dünyanın təkmilləşəcəyinə şübhə etmək üçün mənə çox əsaslar verib.

Amma mən dünyanın düzələcəyinə, onun təkmilləşəcəyinə axı heç vaxt inanmamışam. Mən həmişə bilirdim ki, pis adamlar var (yeri gəlmişkən, adətən, belələri axmaq və uğursuz adamlar olur); mən həmişə bilirdim ki, bədbəxtlik ilində kütlə qəzəbli və küt ola bilər. Mənim nikbinliyim yalnız ondan ibarət idi və indi də yalnız həmin şeydən ibarətdir: mən inanıram ki, biz hadisələrə müəyyən ölçüdə təsir etmək iqtidarındayıq və bütün səylərimizə baxmayaraq hətta bədbəxtliyi dəf edə bilməsək də, əgər ona ləyaqətlə sinə gərməyi bacarsaq, deməli, biz onun üzərində qələbə qazanmış olacağıq. Dekart bu barədə məndən daha yaxşı deyib: "Mən öz qarşıma taledən daha çox özümü dəf etməyə çalışmaq qaydasını məqsəd qoymuşam və heç də dünyanın nizamını deyil, öz şəxsi cəhdlərimi dəyişdirmək

istəyirəm". Məni əhatə edən yaxşı adamları sevib, pis adamlardan qaçmaq, xeyir işlərə sevinmək, bədbəxtliyə ləyaqətlə sinə gərmək, pislikləri unutmağı öyrənmək–mənim nikbinliyimin məğzində dayanan budur. Bu nikbinlik həyatda mənə kömək edib. O, sizə də kömək edəcək. Əlvida.

Ardı var...

7 mart 2015
GO BACK