Qadin.NET / A.Morua "Yad qadına məktublar"-11

A.Morua "Yad qadına məktublar"-11

 

 

Başqa qadın haqqında

Üçüncü məktub

Beləliklə, Başqa qadın sizə qonaq gəldi. Siz onu son dərəcə iltifatla, hörmət-izzətlə qarşıladınız, ona yaxşı-yaxşı nəzər yetirib, necə lazımdırsa baxdınız, kənar, yaxud aşiq birisi bu qadını necə qiymətləndirə bilərdisə, siz də eynən o cür qiymətləndirməyə çalışaraq qonağınıza diqqətlə qulaq asdınız. Sınaq üzücü olsa da, faydalı sınaq idi. Siz bu qadınla birinci görüşdə nəzərinizdən qaçmış xeyli cizgi aşkar etdiniz. O gedəndən sonra, ərinizin artıq yatmış olduğu gecənin səssizliyində siz özünüz üçün həmin axşamın yekun hesabatını apardınız.: "O, məndən çox da yaxşı görsənmir, amma öz gözəlliyindən kifayət qədər bacarıqla istifadə edir. Onun əla zövqü var: bej rəngli yun paltarı, qırmızı kəməri, bereti–hamısı çox diqqətlə, zövqlə seçilib, hamısı olduqca qəşəng və qüsursuzdur… Bəlkə, iş puldadır? Amma yox, onun nə paltarı, nə də bereti bahalı mağazalardan alınmayıb. Sadəcə, hamısı ustalıqla, zövqlə seçilib. Dərhal görünür ki, bu qadın özünü xalis sənət əsərinə çevirməyə can atır. Açıq danışaq: bir çox halda o, buna nail olub. Bir iş də var: mən bu qadının Jakı özünə nəylə cəlb etdiyini, deyəsən, anlamağa başlayıram. Mən özüm xasiyyətcə utancaq və susqunam. Kəskin nifrət, yaxud böyük xoşbəxtlik duyduğum–belə vəziyyətdə mən heç özüm özümü tanımıram–dəqiqələrdən başqa, mən nadir hallarda öz hisslərimi büruzə verirəm. Bu, mənim günahım deyil. Sərt adamlar olan valideynlərim məni belə tərbiyə ediblər. Mənim görkəmim həmişə ifrat dərəcədə ciddidir, elə özüm də beləyəm. Başqa qadın isə təbiiliyin özüdür. Ərim onun yanında Stendalın sözlərini misal çəkdi (Jak Stendaldan sitat gətirir! Hərçənd, məzəli görünsə də… amma bu, məni qorxudur!): "Mən bütün təbii şeyləri elə sevirəm ki, hətta küçədə ayaq saxlayıb itin sümüyü necə gəmirməsinə tamaşa edirəm". Başqa qadın dərhal ona cavab verdi: "Çox dəqiq deyilib!" O özü yeməkdən və içməkdən ləzzət aldığını gizlətmir, bunu aşkar məmnunluqla edir. Çiçəklər və meyvələr haqqında o, son dərəcə canlı surətdə danışır. Heç demə, cismaniliyi böyük incəliklə ifadə etmək olarmış. Mən bunu Başqa qadına baxarkən anladım. Onun çox duzlu, bəlağətli danışığı var, söhbətin odunu heç vaxt sönməyə qoymur, mən isə, əksinə, həmişə düşünürəm ki, nə deyim, nə danışım".

Siz təzədən tək qalanda xeyli müddət ağladınız. İndi bu göz yaşları nifrətdən axmırdı, hətta qısqanclıq səbəbindən də deyildi. Yox, siz öz şəxsi cılızlığınıza, miskinliyinizə görə ağlayırdınız. Qəfildən ağlınıza gəldi ki, siz öz ərinizə qətiyyən layiq deyilsiniz: "O daha şux və daha cazibədar qadına bənd olub; bəyəm bu cinayətdir?" Sizin təbiətiniz elədir ki, göz yaşları qəlbinizdə baş verən təbəddülatı, daxilinizdəki boşluğu, sınıqlığı, adətən, yaxşılığa doğru dəyişir. Siz özünüzlə bacardınız və göz yaşlarınızı sildiniz. Sizdə Başqa qadına qarşı onun şəxsi silahıyla döyüşmək qətiyyəti baş qaldırdı.

 

A.Morua "Yad qadına məktublar"-11

 

 

şəndirmi? Lap yaxşı, siz ondan da şən olacaqsınız. O, öz söhbətləriylə adamı cəzb edir? Eybi yox, siz kitab oxumaqla, maraqlı adamlarla daha tez-tez görüşməklə öz danışığınızı daha məzmunlu etməyi sınaqdan keçirərsiniz. O, sizin ərinizi rəsm sərgisinə, kinofilmlərə baxmağa aparıb? Burada nə çətin şey var–bəyəm bu hər hansı qadının, xüsusən də sizin qüvvəniz xaricində olan bir işdir?

Bu qərarın qəbulundan sonrakı mərhələnin dəhşətli xatirəsi sizin uzun müddət yadınızdan çıxmayacaq.

Nə qədər ki Başqa qadın qalib vəziyyətdə idi, siz onun kimi olmağa qərar vermişdiniz. Ah! Siz tam üç ay çalışdınız və öz başınıza o qədər iş açdınız ki! Bütün varlığınızla səy göstərməklə siz bu uğura layiq idiniz! Lakin bu, necə bir iflasla başa çatdı! Siz qəhrəmanlıq məzhəkəsini böyük hünərlə oynadınız. Qəlbiniz ümidsizlikdən parçalandığı halda, siz özünüzü qayğısız kimi göstərdiniz. Ərinizi razı salmaqdan, qane etməkdən ötrü siz şənbə və bazar günləri yorulmaq bilmədən cürbəcür əyləncələr düşünürdünüz. Əvvəl o, buna yalnız təəccüblə baxırdı. "Sənə nə olub belə?–əriniz deyirdi,–Sən dəli olmusan! Mən sevinirdim ki, heç olmasa, bazar günü sakitcə uzanıb dincələcəyəm, sənsə məni muzeylərə qaçmağa məcbur edirsən!.. Sağ ol, payın artıq olsun!" Ayrı bir dəfə dedi: "Sən xalis naqqala çevrilmisən. Səni susdurmaq, dayandırmaq mümkün deyil, bütün günü danışırsan, çərənləyirsən, ağzını yummaq bilmirsən. Düzünü desəm, sən məni yamanca yorursan".

Hələ özünüzə o ingilis kostyumunu seçdiyiniz gün nə qədər göz yaşı axıtmalı oldunuz. Bu kostyumu, sizin fikrinizcə, yəqin ki, Başqa qadın da bəyənərdi və siz o kostyumda qürurla ərinizin qarşısına çıxdınız. Əvvəlcə o, heç nə görmədi. Nəhayət, siz ondan soruşdunuz:

– Jak, sən heç bir söz demirsən… De görüm, kostyumum necədir?

– Kostyum çox yaxşıdır!–o cavab verdi.

Həmin anda siz düşündünüz ki, hər şey itirilib. Mübarizəni dayandırmaq və Başqa qadının qələbəsini etiraf etmək qalırdı. Lakin rəfiqələrinizdən–onu Üçüncü adlandıraq–birinin nümunəsi öz səhvlərinizə gözlərinizi açmaqla sizi xilas etdi.

Siz Anabella ilə uşaqlıqdan tanış idiniz. Hələ o uzaq illərdə Anabella öz xaraktersizliyi ilə hamını heyrətə gətirirdi. Bir sözlə, pis qız deyildi, amma çox xeyirxah idi və ətrafdakıların təsiri altına çox asanlıqla düşürdü. Ən çox da sizin təsirinizə. Vaxt vardı ki, Anabella saçlarını sizin kimi düzəltməklə, ev tapşırıqlarını sizdən köçürtməklə sizə oxşamaq istəyirdi. Sonradan siz onunla yenidən görüşdünüz–Anabella hələ də qabağına birinci çıxanın sözüylə oturub-durmağa, çaldığı havaya oynamağa hazır idi.

Görəndə ki. dostları hansısa sarışına heyranlıqla baxırlar, o da cəld saçlarını boyatdırmağa qaçırdı. Yaxud dəbdə olan kino ulduzların sanki ilahi memarın həkkak qələmindən çıxan böyük ustalıqla yonulmuş qısa burunlarını görəndə eynən bu cür buruna sahib olmaq arzusu qəlbinə hakim kəsilirdi və dərhal cərrah-kosmetoloqun üstünə yüyürürdü. Sizinçün ən çətin məqamda təsadüf onu yenidən sizinlə rastlaşdırdı. Siz incəliklə yonulmuş burunun da, bir çəngə gümüşü telin də, yalançı şuxluğun da bu bədbəxti nə dərəcədə eybəcərləşdirdiyini gördünüz və sanki yuxudan ayıldınız. "Sadəcə, təbii yox, öz tərzində, öz biçimində təbii olmaq lazımdır",–siz özünüzə dediniz.

Həmin gündən etibarən siz Başqa qadına bənzəmək, onun oxşarı olmaq niyyətindən əl çəkdiniz. Siz onu öz dostunuza çevirməyə cəhd göstərdiniz və buna asanlıqla nail oldunuz. Buna şübhə eləmədən siz onun gözündə böyük nüfuz qazandınız. Heç demə, əriniz sizin haqqınızda ona xeyli yaxşı şeylər danışıbmış; heç demə, o, sizi fikirləşdiyinizdən daha yüksək qiymətləndirirmiş. Elə buna görə də siz

Başqa qadına yüngülcə işarə verən kimi o, dərhal gəldi. Bu, məzəli, maraqlı dəyişikliklərə gətirib çıxartdı.

İşdən qayıdanda və Başqa qadını öz evində görəndə əriniz artıq həmin qadının simasında roman qəhrəmanını deyil, adi həyatda, gündəlik məişətdə işlənən nəsə bir əşya görməyə adət elədi. Ona elə gəlirdi ki, hər ikinizin üzərində ağalıq edir. Lakin çox tezliklə sizinlə Başqa qadın arasında olan yaxınlıq ərinizlə onun arasındakı əlaqədən daha sıx oldu. İki qadın daha tez dil tapa bilir. Başqa qadın çərənçi idi və bunun ucbatından da səhvə yol verdi. O, özünü saxlaya bilmədi və ərinizdə məhz nələri, hansı cəhətləri xoşlamadığını sizə söylədi, üstəlik, onu da əlavə etdi ki, ərinizin ötəri şıltaqlıqlarındansa sizinlə dostluğa daha böyük önəm verir. Sizin ağlınız yetərincə idi ki, Başqa qadının dediklərini öz Jakınıza çatdırmayasınız, bu barədə ona heç bir söz deməyəsiniz–əlbəttə, bu sözlər ərinizə əzab verər və onun mənliyinə toxunardı. Onda bu artıq sizin tərəfinizdən təkcə eyib bir hərəkət deyil, həm də taktiki səhv olardı. Əriniz sizə inanmazdı, Başqa qadına şikayətini bildirərdi və o da qəzəb donuna bürünüb hamısını danardı.

 

A.Morua "Yad qadına məktublar"-11

 

 

Yeni münasibətlərin yetişməsini təmkinlə gözlədiniz. Yalnız bir məsələdə siz Başqa qadının məsləhətinə qulaq asdınız və onun təcrübəsindən yararlandınız. O, sizə lazımi ünvanlar verdi və geyimi haradan almağı, saçlarınızı harada düzəltdirməyi sizə başa saldı. Siz isə artıq burada onu yamsılamağa çalışmadınız, öz şəxsi üslubunuzu, sizə yaraşan tərzi tapmağa çalışdınız. Sizə də, eynən onun kimi təkmilliyə canatma hakim idi və siz öz təkmilliyinizi əldə etdiniz. Təsvirəgəlməz bir xoşbəxtliklə siz ərinizin gözlərinin məmnunluqla sizin üzərinizdə dayandığını gördünüz və adamların arasında sizdən qürur duyduğunu hiss etdiniz.

Təqdirəlayiq bir inadkarlıqla siz Başqa qadını dəvət etməkdə və öz yanınızda saxlamaqda davam etdiniz. Onun nüfuzunu həlledici surətdə sarsıtmaq lazım idi. Bu, çox vaxt aparmadı. O, tezliklə öz hekayətlərini danışıb tükəndi və özünü təkrarlamağa başladı. Başqa qadın sizin ərinizlə təklikdə görüşməkdə davam edirdimi? Əsla inandırıcı görünmürdü, çünki nə işlər görməsi, günü necə başa

vurması barədə danışarkən əriniz artıq yalanlar quraşdırmırdı. Sizin təntənəniz xəlvəti olsa da, çox parlaq idi: bir dəfə siz öz ərinizə üçlükdə maşınla turist gəzintisinə çıxmağı təklif edəndə mübarizəniz həlledici qələbə ilə başa çatdı. Sizin sevinciniz gizlincə aşıb-daşırdı. Əriniz əsəbi halda dedi: 

– Yox bir! Yenə bu qadınla! Başa düşmürəm, sən onda nə tapmısan belə!

– Bəyəm sən özün demirdin ki, o xoşagələndir?

– Xoşagələn,–o mızıldandı,–xoşagələn… Yaxşı şərabı xoşlamaq olar, amma daha onunla günaşırı ağız yaxalamaq nəyə lazımdır… Sonra da ki, düzünə qalsa, səninlə ikilikdə olmağımız mənim daha çox ürəyimə yatır.

Bundan sonra Başqa qadın sizin həyatınızdan yavaş-yavaş uzaqlaşıb itdi. Görüşləriniz az-az, nadir hallarda olurdu; görüşlərarası məsafə getdikcə uzanırdı. Başqa qadın olsa-olsa, yalnız kölgəyə çevrilmişdi. Sonra isə, ümumiyyətlə, mövcudluğunu itirdi. Sizin ailə yuvanız xilas edilmişdi. Əlvida.

Ardı var...

4 mart 2015
GO BACK