Qadin.NET / A.Morua "Yad qadına məktublar"-10

A.Morua "Yad qadına məktublar"-10

 

 

Başqa qadın haqqında

Birinci məktub

Başqa qadın hələ bəlli deyildi, hələ gözə görünmürdü, amma siz onun varlığını artıq güman edirdiniz. Bəzən meşənin içindəki çəmənliyin ot örtüyünün altından gözəgörünməz xırda çaylar axıb keçir, çəmənlikdə gəzərkən siz hiss edirsiniz ki, həmin yerdə ot daha qalın və daha hündür, torpaq isə bir qədər məsaməlidir və yeriyəndə adamın ayağı yerə batır. Bunlar yalnız əlamətlərdir, lakin bu əlamətlər

heç də aldadıcı deyil: su haradasa, yaxınlıqdadır. Yaxud bəzən xəstəlik öncəsi, hələ naxoşluğun əlamətləri özünü göstərməyəndə siz, sanki, adət etdiyiniz öz gündəlik həyat tərzinizi yaşayırsınız, bununla belə, hansısa əzginlik, yorğunluq, səbəbsiz həyəcan artıq sizi gizli təhlükədən xəbərdar edir.

– Mənə nə olub belə?-siz deyirsiniz,-Nəsə özümü yaxşı hiss eləmirəm. 

Elə onda da–ərinizin həyatında Başqa qadın peyda olanda da hər şey məhz bu cür olmuşdu. "Ona nə olub belə?–siz düşünmüşdünüz,–Nəsə qabaqkı kimi deyil".  Bu vaxtacan əriniz axşamlar sizə gün ərzində gördüklərindən söhbət açırdı; hər şeyi təfsilatı ilə danışmaq onun xoşuna gəlirdi (kişilər özləri barədə danışmağı xoşlayırlar); o, sizə özünün sabahkı planlarından dəm vurur, nə işlər görəcəyini

bildirirdi. Yavaş-yavaş onun gündəlik axşam hesabatları hansısa duman pərdəsinə bürünməyə başladı.

Siz onun gündəlik məşğuliyyətində anlaşılmaz fasilələr yarandığını hiss etməyə başladınız. Amma izahatlarının zəifliyini o özü də başa düşürdü; bu və ya digər saatlar barədə yalnız üstdən ötüb-keçir, nəyisə çaşdırır, dolaşıb qalırdı. Siz başınızı sındırmağa başladınız: "O

nun gizlətməyə çalışdığı nədir?"

Siz fikirləşirdiniz ki, on illik izdivac dövründə, birgə evlilik müddətində ərinizi yaxşı tanıyıb öyrənmisiniz. Siz onun nələrə meyil göstərib-göstərmədiyini bilirdiniz-işlə, siyasətlə, idmanla, bir az da təsviri sənətlə maraqlandığından, ədəbiyyata və musiqiyə isə heç bir həvəsi olmadığından xəbərdar idiniz. Di gəl ki indi o, kitab yeniliklərini həvəslə müzakirə etməyə başlamışdı. Qəfildən laqeyd tərzdə sizdən soruşurdu: "Sizdə Stendalın romanları varmı? Mən onları məmnuniyyətlə oxuyardım". Amma kim bilməsə də, siz axı yaxşı bilirdiniz ki, o, həmin kitabların bircə dəfə də olsun, heç üzünü də açmayıb. Əvvəllər sizin üst-başınıza biganə olduğu, bər-bəzəyinizə fikir vermədiyi halda indi o, qəfildən soruşub maraqlanmağa başlamışdı: "Sən niyə güllü materialdan paltar geyinmirsən? Belə parçalar əyində çox qəşəng görsənir". Ya da deyirdi: "Saçını qısa kəsdir. Bu at yalı artıq dəbdən çıxıb".

Hətta onun siyasi baxışları da dəyişmişdi-indi o, qabaqcıl, mütərəqqi dünyagörüşlərə daha təmkinli yanaşmağa başlamışdı. Sevgi haqqında indi o, nə cürsə qəribə və qeyri-adi şövqlə, izdivac və ailə həyatı barədə isə nəzakətsiz danışırdı. Bir sözlə, siz onu tanıya bilmirdiniz. Tezliklə son şübhələr dağıldı. Bir zamanlar möhkəm görünən torpağın altından indi su şırnaqları axıb onu yumşaltmışdı. Başqa qadın burada idi. Amma o kimdir? Siz ərinizin hər gün özü də istəmədən bildirdiyi məlumatlardan istifadə etməklə həmin qadını özünüz üçün təsəvvür etməyə, xəyalınızda onun simasını canlandırmağa çalışdınız. Həmin qadın, ola bilsin, cavan və gözəl, çox qəşəng geyinən və yaxşı görünən birisidir; savadlıdır, ya da özünü belə qələmə verməyin ustasıdır; özü də, yəqin ki, at sürür (çünki sizin atçılıq idmanından çoxdan imtina etmiş əriniz bir dəfə demişdi: "Həkim mənə fiziki yükümü artırmağı məsləhət görür, ona görə də təzədən at sürmək istədim"). Hər şeydən göründüyü kimi o qadın Lüksemburq sarayı tərəflərdə yaşayır: tez-tez belə məlum olurdu ki, hansısa ən

ağlagəlməz işlər sizin ərinizi məhz həmin məhəllədə olmağa məcbur edir.

 

A.Morua "Yad qadına məktublar"-10

 

 

Sonra isə günlərin bir günü dostlarınızdan birinin evində nahar yeməyi vaxtı siz, nəhayət ki, o qadını gördünüz. Ah! Onu tanımaq sizin üçün qətiyyən çətin olmadı, bundan ötrü xüsusi səy və bəsirət tələb olunmurdu. Heyhat! Ərinizin üzündəki ifadəyə diqqətlə baxmaq kifayət idi-əriniz həmin qadına öz baxışlarıyla sığal çəkirdi. O, qadınla mümkün qədər az danışmağa çalışırdı, lakin onlar guya bilmədən,

təsadüfən bir-biri ilə qarşılıqlı mübadilə aparırdılar-gah güclə seziləcək baş yelləməklə, gah zorla nəzərə çarpacaq təbəssümlə. Elə düşünürdülər ki, heç kəs heç nə görmür, amma siz hamısını ürək ağrısıyla görürdünüz axı! Ev sahibəsi sizə bildirdi ki, Başqa qadın özü sizinlə görüşmək istəyib.

– Nəyə görə?

– Bilmirəm… o, sizin haqqınızda çox şey eşidib… və sizinlə tanış olmaqdan ötrü ürəyi gedirdi.

Öz müsahibinizin saxta və laqeyd tonundan siz dərhal başa düşdünüz ki, o da hər şeyi bilir. Siz eyni vaxtda həm sarsıldınız, həm də dilxor olub çətin vəziyyətə düşdünüz-hər şeydən əvvəl də ona görə ki, bu qadın sizin şəxsi ərinizi əlinizdən almağı özünə rəva görmüşdü. Özünüzə bu məsələdə hesabat vermədən siz artıq çoxdan elə fikirləşirdiniz ki, əriniz təkcə sizə məxsusdur, düşünürdünüz ki, o, sizin bir parçanızdır. Sizin gözlərinizdə o artıq başqaları kimi sərbəst adam deyildi, yox, o, sanki sizin cisminizə çevrilmişdi. Ona görə də Başqa qadının onu sizdən qoparmağa-eynən sizin əlinizi kəsib qopartmaq, yaxud nişan üzüyünüzü oğurlamaq kimi-heç bir haqqı yox idi.

Sizi həmçinin o da çətin bir duruma salmışdı ki, Başqa qadın eyni vaxtda həm sizin xəyalınızda yaratdığınız surətə uyğun gəlirdi, həm də özgə cür idi və doğrudan da, ərinizin yeni fikir və cəhdlərinin, hətta yeni sözlərinin mənbəyini dərhal aydın eləmək üçün ona qulaq asmaq kifayət idi.

Qadın atlar və cıdır barəsində danışırdı, sizin ərinizdə yaxın vaxtlardan bu qədər qeyri-adi maraq doğurmuş kitabların müəlliflərindən sitatlar gətirirdi. Amma siz onu da gördünüz ki, Başqa qadın heç də sizin qədər cavan, açıq söyləsək, heç də sizdən qəşəng deyil. Düzdür, onun alnı gözəl, gözləri ifadəlidir. Amma elə olanı budur. Onun ağzı sizə şəhvani və vulqar göründü. Danışığı canlı olsa da,

duzlu deyildi və sizi çox tez darıxdırdı. "Görəsən, bunda nə tapıb axı?"–siz çaşqın halda özünüzdən soruşdunuz.

Evinizə qayıdandan sonra siz dərhal ərinizin üstünə atıldınız: – O ər-arvad cütlüyü kim idi? Sən onları haradan tanıyırsan?

– İşgüzar münasibətlərdir,-əriniz mızıldandı və söhbətin mövzusunu dəyişmək istədi.

Amma siz onu təngə gətirməkdə israrlı idiniz.

– Mən o qadında xoşagələn bir şey görmədim. Hər şeydən göründüyü kimi yamanca özündən müştəbehdir, amma düzünə qalsa, bundan ötrü heç bir xüsusi əsası yoxdur.

Əriniz səbrini basmağa cəhd göstərdi, ancaq onun marağı elə güclü idi ki, özünü saxlaya bilməyib sizə zidd getməyə başladı.

– Mən heç də sənin kimi düşünmürəm, onun barəsində ayrı fikirdəyəm,-əriniz laqeyd görkəm almağa çalışaraq sizə cavab verdi,-o, gözəl və çox məlahətli qadındır.

– Gözəldir! Sən yəqin onun ağzına fikir verməmisən!

O, hiddətlə çiyinlərini çəkdi və bir qədər özündənrazı halda cavab verdi:

– Əksinə, mən onun ağzının necə olduğuna çox yaxşı fikir vermişəm!

Siz ümidsizlik içində ağına-bozuna baxmadan rəqibi alt-üst eləməkdə (siz belə düşünürdünüz) davam etdiniz. Yorğun və üzücü səhnələrdən sonra əriniz də, siz də yalnız gecə saat ikidə yuxuya getdiniz. Səhər əriniz sizə qarşı çox soyuq idi.

– Mən naharı evdə etməyəcəyəm,-o dedi.

– Niyə?

– Ona görə ki, mən naharı evdə etməyəcəyəm, vəssalam. Mən hələ ki öz başımın ağasıyam, ya yox?

Onda sizə çatdı ki, qabaqcadan böyük səhvə yol vermisiniz. Aşiq olmuş kişini sevgilisi barədə pis fikir söyləməklə ondan ayırmaq olmaz. Qadın onun gözündə gözəldir; siz deyəndə ki, bu, belə deyil, o, özünün aldandığını yox, onu fikirləşir ki, siz sadəcə həqiqətin gözünə düz baxmağı bacarmırsınız, ən başlıcası isə bunu eləmək istəmirsiniz, çünki son dərəcə qısqancsınız. Biz hələ bu barədə danışacağıq.

Əlvida.

Başqa qadın haqqında

İkinci məktub

Siz ağıllı qadınsınız və təhlükəni lazımınca dəyərləndirdiniz. Ah! Sizin birinci niyyətiniz onların həyatını dözülməz etmək oldu. Fikirləşdiniz ki, ərimi özümmü izləməyə başlayım, yoxsa bunu bir ayrı adama həvalə edim? O qadının da əri var, özü də yəqin heç nədən şübhələnmir. Bax, elə onun ürəyindəcə həyəcan qığılcımı oyatmaq və arvadının hər addımına göz qoymağa onu məcbur etmək lazımdır-bundan asan nə var ki? Lakin tək qaldıqda siz uzun müddət kədərli düşüncələrə qərq oldunuz.

"Hə, mənim qısqanclıq üçün bütün əsaslarım var və mən onların həyatını zəhərləməyi bacararam. Amma bununla nəyə nail olacağam? Ərimin gözündə mən onunçün dünən axşamkı ərəfədə olduğu kimi-təəssüf doğuran bir əngəl, bir zəhlətökən, hətta bir ifritə kimi qalacağam. Hər necə olsa da, bu vaxtacan onu mənimlə birgə xatirələr, birgə vərdişlər və-belə düşünürəm ki!-səmimi duyğular bağlayırdı. O, mənim qarşımda öz günahını hiss edirdi, mənim iztirab çəkməyimdən özü də əzab çəkirdi və məni sevgidən məhrum etməyə hazırlaşdığı üçün mehriban davranışıyla qismən mükafatlandırmağa çalışırdı. Hazırlaşırdı? Yalnız hazırlaşırdı? Onun dözüb durmadığını hələ heç nə sübut eləmir. Bu qadın göründüyü kimi o qədər də sərbəst deyil; ərim ondan da betər. Ola bilər ki, onlar hələlik yalnız gəzintilərlə, barda ara-sıra söhbət etməklə kifayətlənirlətər. Əgər mən onu acıqlandırsam, ona mənim əsirim olduğunu hiss etdirmiş olaram, birdən onun da ağlına gələr ki, məndən ayrılsın. Hərgah qadın da həmin fikrə düşsə, kim bilir, bəlkə onda məsələ daha yoğunlayar, onlar daha uzağa gedərlər. Ola bilər ki, bizdə iş heç ayrılmağa qədər gedib çıxmasın, amma ehtiyatsız hərəkətə yol verməklə mən öz əlimlə ailəmizi dağıtmış olaram, halbuki, nəbunun əvəzində bir qədər təmkinli olsam…"

 

A.Morua "Yad qadına məktublar"-10

 

 

Amma elə bu yerdəcə yeni hiddət dalğasından sizin ürəyiniz sancmağa başladı. "Amma hər necə olsa, bu necə də haqsızlıqdır, xalis haqsızlıq! Mən bütün həyatımı ona gözüyumulu şəkildə vermişəm. Toyumuzdan sonra başqa kişilərə mən heç gözümün ucuyla da baxmamışam. Onlar mənə nəsə düz-əməlli kimi görünməyiblər, hamısı məni yalnız ərimə faydalı olduqları dərəcədə maraqlandırıb, vəssalam... Amma mən haqlıydımmı? Bununla öz ərimə mənim tərəfimdən tam arxayınlıq hissi təlqin etməmişdimmi?.. Rəfiqələrim məni tez-tez xəbərdar edirdilər: "Ehtiyatlı ol… Kişilər daim maraq və həyəcan hiss etməlidirlər. Əgər sən ərin üçün sirr olmaqdan çıxsan, onda bu sirri başqa yerdə axtaracaq…" Halbuki, mənim əlimdə bu çox asan iş idi, elə indi də onun qəlbində qısqanclıq doğurmaq mənimçün sadə məsələdir… Özü də heç bir səfeh hərəkətə yol vermədən-sadəcə başqa kişilərin zərif etiraflarına bir qədər az biganəlik göstərməklə… Onun bir neçə dostu hələ də mənim nazımı çəkməyə girəvə gəzir. "Axşam sizin evinizə baş çəkmək olarmı?"-onlar soruşurlar,-"Jak işgüzar səfərdə olduğu müddətdə sizi teatra apara bilərəmmi?" Mən həmişə boyun qaçırtmışam,

ərimə sadiq qalmağı özümçün biryolluq qət etmişəm. Bəs əgər mən o təklifləri qəbul etsəydim və o da, öz növbəsində, mən sarıdan yüngülcə əzab çəksəydi, bəyəm bu hərəkətlər ona xatırlatmazdımı ki, onun arvadı da başqa kişilərdə maraq doğura, o da başqalarına xoş gələ bilər?"

Əlbəttə ki, bu planı başınızdan çıxarmağa sizin ağlınız çatdı. Bu çox axmaq və təhlükəli plan idi. Axmaq idi ona görə ki, heç bir halda öz təbiətinə zidd getmək olmaz. Ər nə qədər günahkar olsa da, siz onu sevirdiniz, ərinizin dostlarına isə bir qədər artıq sərbəstlik versəniz, onlar çox tez bir zamanda özlərinə qarşı sizdə ikrah doğurardılar. Təhlükəlidir ona görə ki, ərinizin reaksiyasının necə olacağını təxmin etmək mümkün deyil. Sizin əyləncənizdən ehtiyat etmək üçün əlində əsas olduqda o, peşmanmı olacaqdı, tövbəmi edəcəkdi-necə biləsən? Tərsinə alınmazmı? Başqa qadının dərdindən divanə kimi o fikirləşə bilər: "Arvadım üçün daha da pis! İndiyəcən mən ona rəhm edirdim. Amma əgər o özü bizim ailəmizi xilas etməyə çalışmırsa, onun nazı ilə oynamaq heç lazım da deyil. Bir-birimizi bu yükdən

azad edək".

İşvəkarlıq ikiağızlı xəncərdir. Bu silah onunla yöndəmsiz hərəkət edən, səriştəsiz davranan adamı yaralayır. Siz bunu anladınız. "Bəs necə hərəkət etməli?"-təklikdə nahar edərkən hələ də acı düşüncələrə qərq olmuş halda baş sındırırdınız.

"Görəsən, indi onlar bir yerdəmi nahar edirlər? Görəsən, nə barədə danışırlar? Görəsən, dünən özümü bilmədən vay-şivən salmaqla, nalə-fəryad qoparmaqla çıxardığım hoqqalar barədə ərim o qadına danışırmı və görəsən, o qadın mənim ərim üçün rahatlığın, dincliyin, xoşbəxtliyin hökm sürdüyü sığınacaq rolunu oynamırmı?.. Dünən mən o qadının barəsində düşündüyüm pis şeylərin hamısını dilə

gətirdim, özümlə tək qalanda isə, gərək düzünü etiraf edim ki, mənim sözlərimdə nə obyektivlik vardı, nə də ədalət. Mən onu ağlı başında olan, sağlam düşüncəli bir qadın kimi yox, rəqib kimi mühakimə etdim. Araşdırmağa çalışaram… Hərgah mən bu qadını mənim səadətimi məhv etmək iqtidarında olan bir düşmən gözündə görməsəydim, görəsən, onun haqqında nə fikirləşərdim?"

Onda siz özünüzü ələ almaq və faktların gözünə düz baxmaq üçün böyük səy göstərdiniz, əriniz axşam evə qayıdanda sizi tamamilə sakitləşmiş görüb heyrətləndi və rahat nəfəs aldı. Siz ondan heç nə soruşmadınız, ona bircə sual da vermədiniz. O özü öz iradəsi və istəyi ilə mütəəssircəsinə etiraf etdi ki, bu gün Başqa qadınla tam təsadüfən rəsm sərgisində rastlaşıb. Siz ərinizdən soruşmadınız ki,

incəsənətdən bu qədər uzaq olduğu halda rəsm sərgisinə o, necə gedib çıxıb–gün haradan doğub belə? Əksinə, siz dediniz ki, əgər bu cütlük bu tezliklə onunçün belə əziz olubsa, pis olmazdı ki, həm qadını, həm də kişini nahar, yaxud şam yeməyinə evə dəvət eləsin. O, sizin bu sözlərinizdən heyrətə gəldi, hətta narazılıq etməyə başladı.

– Sən belə hesab edirsən?–o, şübhəli şəkildə soruşdu,–Amma onun əri çox cansıxıcı adamdır! Əlbəttə, o, yaxşı qadındır, amma səndən bir az ayrı cürdür. Axı o, sənin xoşuna gəlməmişdi. Mən onun çevrəsini sənə zorla calamaq istəməzdim.

Siz onu səhv etdiyinə inandırmağa çalışdınız: dünən axşam yorğunluq sizdə qıcıq doğurmuşdu, əslində isə mahiyyətcə sizin Başqa qadına heç bir iradınız yoxdur və onun əleyhinə deyilsiniz; siz dəvət məsələsində israr göstərdiniz və gərgin mübarizədən sonra üstünlük qazandınız. Bu, ikiqat çevik və səriştəli addım idi. Bu cütlüyü öz evinizə gətirməklə siz çox məntiqlə fikirləşirdiniz ki, öz rəqibinizi

sirrin cazibə və sehrindən, yasaq meyvənin ləzzət və şirinliyindən məhrum edirsiniz. Başlıcası isə siz onunla təzədən görüşmək istəyirdiniz, ona diqqətlə baxmaq və bu qadında sizin ərinizi məhz nəyin cəlb etdiyini anlamağa çalışırdınız. Əlvida.

Ardı var...

1 mart 2015
GO BACK