Qadin.NET / A.Morua "Yad qadına məktublar"-8

A.Morua "Yad qadına məktublar"-8

 

 

Taleyi müəyyən edən dəqiqə haqqında

Gözəl yad qadın, doğru deyil ki, guya, bizlərdən hər birimizin həyatı bizim bu dünyaya doğulduğumuz ilk andan, yaxud hətta bir əsr öncədən nə dərk olunması, nə də məhv edilməsi mümkün olan bir qüvvə tərəfindən tam şəkildə və bütünlüklə müəyyən edilmişdir. Hansı dərəcədəsə bu, şübhəsiz ki, belədir. Səfeh kimi doğulsaydınız, sizin həyatınız da başqa cür olacaqdı, sizin gözəlliyiniz isə sizin təsir etmək gücünə malik olmadığınız valideynlərinizin xromosomlarının çulğaşmasının nəticəsidir. Bura onu da əlavə etmək lazımdır ki, bizim günlərimizdə cərrah sifəti yaxşıya tərəf dəyişdirə bilər, sima və ağıl insanları gözəlləşdirir və mənəvi rahatlıq üzün cizgilərindən oxunur. Qırx yaşdan sonra hər kəsin öz simasına görə məsuliyyət daşıması fikri kimə məxsusdur? İnsanın "taleyə düzəliş vermək" qabiliyyəti hər şeydən öncə bizim hadisələrə necə reaksiya verməyimizə əsaslanır.

Bu hadisələr öz ardıcıllığı ilə baş verir. Kimsə sizi sevir və sevgisini sizə etiraf edir. Amma müharibə onu sizdən oğurlayır; iqtisadi böhran onu müflis edir; onun həyatına başqa bir qadın daxil olur. Faktlar belədir. Lakin sizin bədbəxtliyinizin, yaxud xoşbəxtliyinizin səbəbləri təkcə bu çılpaq faktlarda deyil. Həmin hadisələrlə üzbəüz qalarkən sizin rəftarınız necə olacaq? Bax, ən başlıca sual məhz budur! Əksər situasiyalarda həyatınızın sonrakı bütün gedişatının sizin tərəfinizdən qəbul ediləcək qərardan asılı olduğu belə bir dəqiqə-yeganə dəqiqə-mövcud olur. Mən onu taleyi müəyyən edən dəqiqə adlandırıram. Nəyə görə söhbət yalnız bircə dəqiqədən gedir? Dünya özü belə qurulub. Xoş təsadüfün iki dəfə təqdim olunması çox nadir hadisədir.

Müharibədə məhz bu cür olur. Marnadakı döyüş müharibənin gedişatını dəyişmək üçün yeganə şans idi və onu bir anda, bir göz qırpımında reallaşdırmaq lazım idi. Fon Kluk irəli çox sürətlə gedirdi. Joffr və Qalyeni bundan istifadə etməyi bacardılar. Həmin gün-baxmayaraq ki, hələ heç kim bunu düşünmürdü-Almaniya müharibəni uduzdu. Eyni şey cinslərin "müharibəsində" də baş verir. Bir dəfə

elə bir an çatır ki, kişi nazını çoxdan çəkdiyi qadının gözlərində qəfildən hansısa bir acizlik, yumşaqlıq görür: bu onun qələbəsinin nişanəsidir. Burada çox şey öz rolunu oynayıb: xoş təsadüf, kənar adamların yoxluğu, söhbətin ahəngi, oxunmuş kitab, hansısa jest. Bir sözlə, qadın onun ixtiyarındadır. Amma əgər bu yeganə, bu uğurlu axşam biz onun hələ daha münasib şəraitlərdə və dəfələrlə

təkrarlanacağını düşünərək xoş təsadüfü əlimizdən buraxırıqsa, biz bəxtimizə düşən fürsət payını qaçırmış oluruq, özü də həmişəlik. Qadın ya qəfildən silkələnib ayılar, ya mümkün təhlükələri yadına salar, ya da qətiyyətsizliyə görə onun bizdən zəhləsi getməyə başlayar. Ən başlıcası isə qadın onu güzəştə sövq etmiş, təslimçiliyə meyilləndirmiş qeyri-adi şəraitin təsiri altından çıxar. Bu gün qələbə səy tələb etmirdi, şübhə doğurmurdu. Sabah isə o əlçatmaz olacaq.

 

A.Morua "Yad qadına məktublar"-8

 

 

Mən dünən Mereditin çox gözəl bir əsərini "Faciəvi məzhəkəçilər" tomanını təkrar oxuyarkən taleyi müəyyən edən belə dəqiqə haqqında düşüncələrə daldım. Bu, kübar əsilli gənc bir qıza vurulmuş və artıq başqa birisinin nişanlısı olsa da, qızı öz gözəlliyi və talantı ilə fəth etməyi bacarmış alman mütəxəssisi və ictimai xadimi Ferdinand Lassalın həyatının təsviridir. Bir dəfə qız ona demişdi: "Mənim ailəmdə sizə ikrahla yanaşırlar. Gəlin bir yerdə qaçaq!" O yubadırdı: "Nəyə görə sizin həyatınızı qalmaqalla korlayaq? Bir neçə ay səbr edək və biz sizin valideynlərinizin razılığı ilə evlənərik". O, beləcə heç zaman heç nə əldə etmədi-nə razılıq aldı, nə arvad; qızın nişanlısı tərəfindən dueldə öldürüldü, vəssalam. Ah, məğrurluq və ehtirasın əcaib oyunu! Bədbəxt Lassal öz şərəfini qoruyarkən çox səfeh şəkildə məhv oldu. Sevgilisi ondan ötrü göz yaşları axıtdı, amma artıq çox gec idi. Qız sonradan qatilə ərə getdi. Çox gec. Xanım, bu dəhşətli sözlərin qurbanlığına çevrilməkdən özünüzü qoruyun. Mənə başqa bir oxşar hadisə də tanışdır: axırıncı müharibə vaxtı bir qadın onu sevən zabitdən ərə getmək təklifi almışdı. Qadın düşünmək üçün zabitdən yalnız bir gecəliyə möhlət istəmişdi və ertəsi gün zabitə yazmışdı ki, bəs bu təklifə razıdır. Lakin həmin gün-1940-cı ilin 10 mayında almanların həmləsi başlandı və zabit cəbhəyə göndərildi; qadının məktubu it-bata düşüb ünvana çatmadı. İkiqat iflas ucbatından–öz ölkəsinə və öz hisslərinə görə ümidsizliyə düşən zabit ölümün nazını çəkməli oldu. Bu üzüyola xanım, bir qayda olaraq, öz kavalerlərini diqqətsiz buraxmır… Həmin qadının qismətinə acı peşmanlıq, təəssüf hissi düşdü. Çünki qadın bu nikahı çoxdan arzulayırdı, möhləti yalnız abır və ləyaqət hissinə görə xahiş etmişdi. Bəyəm elə həmin dəqiqə "Hə" demək daha yaxşı olmazdımı? Nəsihət: Mənə yubanmadan cavab verin. Əlvida.

Çılpaqları geyindirməli

Görkəmli ingilis yazıçısı Corc Mur bir dəfə mənə danışmışdı ki, Amerika romançısı Henri Ceymsin kitabında "Mən çimərlikdə tamamilə soyunmuş bir qadın gördüm" cümləsini oxuyandan sonra ondan soruşub: "Henri, axı neyçün "soyunmuş"?Axı burada "çılpaq" sözü daha çox yerinə düşür. Çünki insan təbiətən çılpaqdır, paltar isə sonradan peyda olur". Qəliz və ciddi bir adam olan Ceyms bir qədər fikrə gedəndən sonra ona belə cavab verib: "Səhviniz var, Mur. Sivil ölkənin sakinləri üçün təbii vəziyyət geyimli olmaqdır. Çılpaqlıq anormallıqdır". 

 

A.Morua "Yad qadına məktublar"-8

 

 

Eyni fikrə mən başqa bir yerdə də-Slen-Furnyenin, çox güman ki, artıq unudulmuş essesində rast gəlmişəm. Onun mühakimələrini sitat gətirirəm: "Hazırda qadın bədəni-Pyer Luinin Qədim Yunanıstanda qazıb üzə çıxartdığı həmin o dil kumiri, həmin o çılpaq getera deyil". Don, yubka, korsaj xristian oğlan uşaqları üçün düzəldilmişdi ki, bu barədə qadın bədəninin mahiyyətindən bəhs edən essedə deyilir: "Bütün qabıqlardan, örtüklərdən məhrum etməklə biz bu bədəni yaxşı öyrənə bilmərik, bax artıq neçə yüzilliklərdir bizim ölkəmizin iqlim şəraitinin təsiri altında onu paltara büküblər, erkən uşaqlıq çağlarımızdan biz qadın fiqurunu paltarda görməyə vərdiş eləmişik".

Hətta çılpaq qadın bədəni də, Alen-Furnyenin fikrincə, paltardan, onun müxtəlif atributlarından ayrılıqda təsəvvür olunmur. "Orta əsrlərin vitrajlarındakı abırlı və ciddi örtüklər qadın bədəninə öz formasını verib, həmin libaslarda qadın bədəni buxovlanmış, incələşmiş, demək olar ki, cisimsiz kimi görünür".

Bu esse əsrin əvvəlində yazılmışdı. O vaxtdan bəri çox şey dəyişib: çimərliklər çılpaq bədənlərlə doludur, kinoekranlar gözəllik müsabiqələrinin kulislərini minlərlə tamaşaçının üzünə açıb, yunan nimfalarının memarlıq çılpaqlığı bizim müasirlərimiz üçün mücərrədlikdən çıxıb. Lakin sərbəstlik nisbi anlayışdır. Bir xalq çılpaq bədənə təmkinlə yanaşır, o biri xalq yox. Andre Biyi bu anlayışın

necə dəyişdiyini göstərən müxtəlif deyimləri bir yerə cəmləyərək "Həya" adlı bir kitabça nəşr etdirib.

Həya təbiidirmi? Yox, bu hiss heyvanlara xas deyil. Onların çoxu yırtıcı quşlar azarlarını öldürərkən gizləndiyi kimi cütləşərkən gizlənir, amma onların gizlənməyi utancaqlıqdan yox, o səbəbdəndir ki, bu vaxt düşmən üçün "dişbatan" vəziyyətdə olurlar. Öz bədənlərinə görə utancaqlıq hissi onlara yaddır. İnsan nəyə görə həyalı və utancaqdır? Qismən ona görə ki, ondan ötrü sevginin müəyyən zamanı

mövcud deyil və hamı çılpaq olsaydı, insan cəmiyyəti böyük çətinliklər qarşısında, çox müşkül vəziyyətdə qalardı. İnsanlar abır-həya hissini itirsəydilər, ailələrdə nə kimi dəhşətli münasibətlər ortaya çıxmazdı? Çılpaqlıq idarəolunmaz emosiyaları qıcıqlandırıb oyadır, abırlı geyimlər isə bu emosiyaları sakitləşdirir.

– Siz belə düşünmürsünüzmü ki, vərdiş təhriki, şirnikdirməni məhv edib aradan çıxarar?-məndən soruşarlar.

- Çimərlikdə olarkən hansı adam artıq təkmil formasını almış qadın çiyinlərinə, yaxud onun çılpaq ombalarına diqqət yetirir? 

– Çimərlik dincəlmək və özünü sərbəst hiss etmək üçün bir məkandır, orada nə zəhmət çəkmək olar, nə də düşünmək.

Andre Biyi bizə təlqin edir ki, qadının geyinməyinin səbəbi başqa şeydədir: bu onların öz nüfuzlarını qorumaq cəhdidir. "Qadağa həvəs doğurur, pərdəyə kəskinlik verən məhz odur", Monten belə hesab edir. Stendalın fikri isə belədir: "Utancaqlıq məşuqa zövq verir. O, özünə deyir: "Gör o necə də sevir! Mənim xatirimə hansı abır-həyanı dəf etməli olur!"" Biri yekunlaşdırır: "Həyalı olduğunu hiss etdiyim qadın məndə maraq oyadır, çünki mən belə zənn edirəm ki, həya romantik və melanxolik naturanın sadiq əlamətidir… Öz bədəninin sirləri üzərində əsən qadın öz hisslərində də heç vaxt xırdaçılığa yol verməz". Bu nöqteyi-nəzər mənim ürəyimcədir.

Öz bədənini eynən incəsənət əsəri kimi bütün dostlara həvəslə nümayiş etdirən qrafinya de Kastilyonedənsə öz güclü daxili müqavimətini dəf edən xanım de Renal kimi bir vəhşi qadının sevimlisi olmaq mənimçün daha xoşdur.

Başqa bir fərziyyə: utancaqlıq bədəndəki nöqsanların aşkar olunmaq, üzə çıxmaq qorxusundan yaranır. Bu doğrudurmu? Siz yaxşı bədən quruluşuna malik qadınların az utancaq olduqlarını hiss etmisinizmi, xanım? Mənə bu nöqteyi-nəzər çox məhdud və ədalətsiz görünür. Tərbiyəsi yaxud dini əqidəsi sayəsində əxlaqlı qalan qadın öz formasının təkmilliyinə baxmayaraq daim belə əxlaqlı olaraq da

qalacaq. Bəli, həqiqətən də, çılpaqlığı insanın təbii vəziyyəti saymaq olmaz. "Çılpaq deputatların iclas keçirdiyi parlamenti təsəvvür etmək mümkün deyil",–qəzəbli Svift deyirdi. Sizə belə mənzərəni görməyi arzu etmirəm. Əlvida.

Tutqun sərhəd

Dünyada hər şey hərəkətdədir, o cümlədən vaxt da; elə bir zaman yetişir ki, adam qarşıda onu ilk gəncliyin həmişəlik olaraq ötüb-keçməsi barədə xəbərdar edən tutqun sərhədi hiss edir. Bu ifadənin müəllifi olan Konrad həmin tutqun sərhədi qırx yaşa aid edir. Emil Anrio özünün "Hər şey lap elə indicə bitəcək" adlı çox gözəl romanında həmin sərhədi əlli yaşın yaxınlığına çəkir və mən məhz onun

haqlı olduğu fikrindəyəm. Anrionun qəhrəmanı "sənin yamacla üzüaşağı getdiyin, müvazinətini saxlamaq üçün bütün səylərin əbəs olduğu və amansız bir şəkildə ölümün ağuşuna yuvarlandığın həmin o üzücü hissiyyatı" təsvir edir.

– Düzdür, siz mənim nevrasteniyadan əziyyət çəkdiyimi bildirəcəksiniz,-o, öz həkiminə deyir,– Amma yox, bu, tamam ayrı şeydir. Mən bütün ömrüm boyu çox nikbin adam olmuşam, doktor, mənim giley-güzardan zəhləm gedir, mənə təsəlli verənləri görməyə gözüm yoxdur. Amma düzünü desəm, indi mənim vəziyyətim nəsə yaxşı deyil.

– Sizin neçə yaşınız var?-həkim soruşur.

– Qırx səkkiz, tezliklə qırx doqquz olacaq…

– Hə, bu, təxminən, belə bir yaşda başlanır.

Düşünürəm ki, adamların əksəriyyəti, hətta qalib təəssüratı bağışlayan bir çoxları da ümidsizlik "mərəzini" məhz həmin sərhədi keçdikləri vaxt hiss etməli olurlar. Lap kiminsə həyatı nə qədər yaxşı təmin olunsa belə, yenə dəxli yoxdur, gənclikdə arzu edilənlə sonradan əldə olunan arasında kəskin fərq mütləq mövcuddur. Bizlərdən heç birimiz seçdiyimiz yolla axıradək tərəddüdsüz və yoldan

sapmadan addımlamağı bacarmırıq. Qaz molekulu saysız-hesabsız təkanların təsiri altında öz trayektoriyasını hər an necə dəyişirsə, adamlar da daim təsadüflərin təsirini hiss edirlər. 

"Nə baş verirsə versin,-gənc birisi bildirir,-mən filan-filan hərəkətlərə ömründə yol vermərəm…" Siz onunla otuz ildən sonra görüşün və görəcəksiniz ki, məhz elə yol verməyəcəyi həmin hərəkətlərə yol verib. "Mən heç zaman aldadılmış qadın olmaqla razılaşmaram, bunu özümə heç vaxt rəva görmərəm və bu vəziyyətlə barışmaram"-otuz il əvvəl cavan, gözəl bir qız belə söyləmişdi. İndi o, əri

tərəfindən tamamilə atılmış və buna fikir verməyi tədricən yadırğamış ağsaç bir matronadır.

"Tezliklə mənim əlli yaşım tamam olacaq".-Stendal kədərlə yazmışdı və bunun ardınca sevdiyi qadınların adlarını sadalamışdı. Hərçənd o, özü üçün illüziyalar yaratmışdı-həmin qadınların heç biri xüsusi diqqətçəkən qadınlar deyildi. İyirmi yaşında olarkən Stendal böyük məhəbbət və qeyri-adi qadınlarla görüşlər barədə arzu edir, xam xəyallara qapılırdı. Özünün zərifliyi, sevgidən qeyri-adi dərəcədə yaxşı baş çıxartması və məğrur xasiyyəti ilə, əlbəttə ki, Stendal buna tam layiq idi. Lakin onun arzuladığı qadınlar peyda olmadı və öz sevgi macəralarını yaşamaq təsadüfünə malik olmadığından Stendal onları təsvir etməklə kifayətləndi: yazıçı yalnız tutqun sərhədi arxada qoyandan sonra yoluna çıxmayan böyük məhəbbət üçün göz yaşları axıtdı.

"Bu yaxınlarda mənim əlli yaşım tamam oldu",-yazıçı düşünür. Bəs o, nə yarada bilib? Nəyi ifadə etməyi bacarıb? Ona elə gəlir ki, hələ hər şeyi bundan sonra deyəcək, amma yazılması lazım olan kitabları o yalnız indi görməyə başlayıb. Bəs bundan ötrü yazıçıya nə qədər vaxt verilib? İndi onun ürəyi daha zəif döyünür, gözləri görməkdən qalır. On il? On beş il? "Sənət sonsuzdur, ömür qısa". Bir vaxtlar ona bayağı görünən bu kəlam birdən-birə böyük məna kəsb etməyə başlayır. Bəs özündə güc tapacaqmı ki, Prustun ardınca itirilmiş vaxtın axtarışına yollansın?

Öz saatlarını və dəqiqələrini belə asanlıqla yelə verən cavan adamlar bu haqda-bizim kimi özlərinin də nə vaxtsa adlamalı olacaqları həmin bu tutqun sərhəd barəsində heç olmasa, hərdənbir düşünməlidirlər. Sizə qalanda isə, querdia… Amma deyəsən, qadınlar bu məsələnin üzərində düşünmürlər. Əlvida.

Ardı var...

22 fevral 2015
GO BACK