Qadin.NET / A.Morua "Yad qadına məktublar"-7

A.Morua "Yad qadına məktublar"-7

 

 

Mühazirəçinin gəlişi haqqında

– Səncə, bu odur?

– Buna əminəm.

– Amma görkəmindən heç də yazıçıya oxşamır.

– Onun görkəmi qayğılı adamın görkəmidir… O, bizi axtarır… Salam, hörmətli metr.

– Ah! Salam… Siz cənab Bernarsınız?

– Özüdür ki var. Bu isə mənim xanımımdır… O, heç cür inanmaq istəmirdi ki, siz elə sizsiniz. Şəkillərdə siz əslində olduğunuzdan yaşlı görünürsünüz. Səfər sizi çox yormadı ki?

– İt kimi yorulmuşam. Bütün günü yoldayam. Candərdi nahar, bir sözlə… Amma mühazirənin başlanmasına qədər mənim hələ iki saat vaxtım var, dincəlməyə imkan taparam.

– Deyək ki, bu iki saat olmayacaq. Sizi mehmanxanaya yola salmazdan qabaq mən sizə zalı göstərmək istərdim. Zalı görmək sizin ürəyinizcə olacaq, sizə xoş olacaq.

– Düzünə qalsa, yox… Axı bundan adama xoş olmur.

– Son dərəcə mütəəssirəm, cənab metr, amma bizim ora baş çəkməyimiz vacibdir. Mən görüş barədə cənab Blavski ilə, kinoteatrın sahibi ilə şərtləşmişəm və o, indi bizi gözləyir. Bilirsiniz, cənab Blavski çox küsəyən adamdır, hər şey tez xətrinə dəyir. Üstəlik də, hörmətli metr, yaxşı olar ki, yerindəcə mən sizə bəzi şeyləri izah edim. Bizim zalımız böyükdür, amma akustikası elə də fərli deyil.

Bərkdən danışmaq lazım gələcək və həmişə də masanın böyründə dayanmaq, azacıq sola tərəf üz tutub danışmaq lazımdır.

– Güman edirəm ki, heç olmasa, səhnə sizdə qızdırılır, mən bu yaxınlarda zökəm olmuşdum və mənim həkimim…

– Təəssüf ki, yox. Ümumi istilik sistemi əlbəttə ki, var, amma işləmir… Yeri gəlmişkən, zal ağzınacan dolu olanda tez qızır… Di gəl ki, bədbəxtlikdən bu axşam adam çox olmayacaq.

– Niyə ki, bilet az satılıb?

– Çox az satılıb, cənab metr, çox az… Cəmisi iyirmi beş, uzaqbaşı otuz bilet. Smma narahat olmayın, mən bundan xəbər tutanda göstəriş verdim ki, zalın boş görünməməsi üçün məktəblərə və kazarmalara havayı giriş biletləri göndərsinlər.

– Sizdə həmişə belə olur?

– Yox, nə danışırsınız, hörmətli metr, bizdə mühazirələrin böyük uğurla keçdiyi hallar da olub… Lakin bu axşam meriyanın konsert salonunda Jak Tibo çalacaq. Bələdiyyə teatrı isə burada qastrolda olan Barenin truppasının ifasında "Çətin vaxtlar" tamaşasını göstərəcək… Ona görə də mühazirə, təbii ki…

– Bəs siz qabaqcadan konserti təşkil edənlərlə və teatrın direktoru ilə danışa bilməzdiniz?

– Burada məsələ müəyyən qədər siyasət məsələsidir, hörmətli metr. Siz axı özünüz yaxşı bilirsiniz ki, yerli ədavət nə deməkdir. Hər nə cür olsa da, biz, onsuz da, çox adam yığa bilməzdik. Mühazirənin mövzusu-"Stendalın romanları"-burada çox az adamı cəlb edir. Sizi ruhdan salmaq istəməzdim, hörmətli metr, amma razılaşın ki, belədir. Yox, bizim tərəflərdə başqa mövzularda mühazirələri xoşlayırlar; məsələn, "1900-cü ilin mahnıları"mühazirəsinin vallarla dinlənilməsi, yaxud deyək ki, "Türkiyədə məhəbbət"… Lakin mən şübhə etmirəm ki, hər şey yaxşı olacaq və mühazirəyə gələnlər peşman olmayacaqlar. Bircə o pisdir ki, bizim üçün bu, bir qədər bahadır, axı bizim cəmiyyət elə də varlı deyil.

 

A.Morua "Yad qadına məktublar"-7

 

 

– Mən çox dilxoram… Sözün düzü, sizin dəvət blankınızda oxuyanda ki, bəs özünüzü ədəbi-bədii

cəmiyyət adlandırırsınız, fikirləşdim və belə qərara gəldim ki, Stendal…

– İndi mən sizə hamısını izah edərəm. Ədəbi cəmiyyət mənim rəhbərlik etdiyim bir qrup dostdan ibarətdir; hər bir mühazirə bizə məşhur bir adamla yaxud tanınmış şəxslə daha yaxından tanış olmağa münasib imkan yaradır. Məsələn, bu axşam lap əgər mühazirə xüsusi uğur qazanmasa da, biz sizinlə birgə şam yeməyindən, sadəcə, məmnun olacağıq.

– Necə ki? Hələ şam yeməyi də olacaq?

– Bəli, hörmətli metr, saat səkkizin yarısında.

– Amma mən mühazirədən qabaq heç vaxt yemək yemirəm.

– Öz işinizə baxın, cənab metr, necə xətrinizdir. Biz yeyərik, siz də danışarsınız…

– Şam yeməyi səkkizin yarısındadır?  Axı artıq saat yeddidir! Mən heç olmasa, yol paltarında qala bilərəmmi?

– Cəmiyyətimizin üzvləri kostyumda olacaqlar, amma lektor smokinq geyinməlidir. Burada qayda belədir. Amma vaxtımız kifayət qədərdir. Mühazirənin vaxtı saat doqquzun yarısına təyin edilib, bizdə isə camaat elə də dəqiq deyil. Əgər biz mühazirəni ona on beş dəqiqə işləmiş başlasaq, sizin dinləyicilərin əksəriyyəti, onsuz da, yenə gecikəcək.

– Deməli, mən saat on birə on beş dəqiqə işləmiş boşalacağam?

– Bəli, amma mühazirə başa çatandan sonra, yəqin ki, kitablarına avtoqraf yazdırmaq xahişi ilə sizə bir xeyli yaxınlaşanlar olacaq. Sonra isə saat on birdə cənab Perş sizə bir-iki qədəh şampan təklif etməyə hazırlaşıb.

– Kimdir ki, bu cənab Perş?

– Necə yəni, hörmətli metr, siz bəyəm cənab Perşlə tanış deyilsiniz? O, bizə deyib ki, siz uşaqlıq dostusunuz. Guya siz altıncı sinifdə birgə oxumusunuz.

– Əgər belə deyibsə, deməli, belə də var. Amma sizdən xahiş edirəm cənab Perşi dilə tutasınız ki, bizim köhnə dostluğumuzun xətrinə özünün bu səmimi niyyətindən imtina etsin. Mən dincəlməyə ehtiyac duyuram.

– Mümkün deyil, hörmətli metr. Cənab Perş bizim mesenatlardan biridir. Bax, bu da zal. Yox, bu afişa kinofilmin afişasıdır.

Etiraf etməliyəm ki, querida, mən bu həftə mühazirə oxumağa getmişdim və tamamilə yorğun və üzgün halda geri qayıtdım. Əlvida.

Subaylar haqqında

Bir vaxtlar mən qocaman bir nazirlə tanış idim və onun məmnuniyyətlə təkrarladığı fikirlərdən biri belə idi ki, işgüzar adam gərək heç bir halda evlənməsin. "Faktları təhlil edin,-o mənə deyirdi,-nəyə görə mən çətin siyasi karyeranın gedişatında öz sakitliyimi və fikir aydınlığını qoruya bildim? Ona görə ki, bütöv bir mübarizə günündən sonrakı axşam mənim imkanım olurdu ki, kitabı açım və bütün

gərginliyi yaddan çıxarım. Ona görə ki, mənim böyrümdə həmkarlarımın uğurlarını xatırlatmağa yaxud haqqımda yüksək təbəqənin qonaq otaqlarında danışılan yaramaz söhbətləri təkrarlamağa daim hazır olan şöhrətpərəst və qırsaqqız arvadım yox idi… Yalqız kişi bəxtiyardır".

Amma neyləsə də, o, məni inandıra bilmədi. Mən yaxşı başa düşürəm ki, subay adamın çiyinləri əlavə yüklə yüklənməyib. O, gündəlik məişət qayğılarından, ailə çəkişmələrindən azaddır. Özü üçün həlledici məqamda uşağın xəstələnməsi, yaxud hansısa ailə mübahisəsi nəticəsində qəfildən sıradan çıxmaq təhlükəsi onu gözləmir. Ancaq subay adam qadın şıltaqlıqlarından bəyəm bu dərəcədəmi azaddır? Əgər o, müqəddəs adam deyilsə, onun həyatında mütləq hansısa bir qadın peyda olacaq, məşuqə isə qanuni arvaddan daha təhlükəlidir.

Qanuni arvadın heç olmasa öz əri ilə aralarında ümumi maraqları mövcuddur; o, əri ilə bir yerdə qocalır və onu başa düşməyi öyrənir. Cavanlığına və gözəlliyinə görə seçilmiş məşuqə isə yaşlaşanda ciddi həyəcan doğuracaq. Aydındır ki, istisnasız qaydalar yoxdur. Görkəmli Amerika aktrisası Rut Dreyper çox incə bir məzhəkədə işgüzar kişi həyatının zəhlətökən arvadın, işgüzar katibənin və ona

sığal çəkib sakitləşdirən məşuqənin arasında necə qurulduğunu nümayiş etdirdi. Həyatda hər şey olur və qanuni arvad da hərdən daimi qıcıqlandırıcıya çevrilir. Amma həqiqətdə bu çox nadir hallarda baş verir. Tarixə nəzər salın. İngiltərədə, demək olar ki, bütün görkəmli dövlət xadimləri evli olublar. Ledi Pil, ledi Bikonsfild, missis Qladston əla arvadlar olublar. Fransada Gizo, Tyer, Puankare, bir sözlə,

bütün "vacib" dövlət xadimləri də evli idilər. Düzdür, Qambetta və Brian evli deyildilər, ancaq nə bilmək olar, bəlkə, Qambetta da, Brian da evlənsəydilər, onlar daha vacib rol oynayardılar?

Subay adama həmişə hansısa natamamlıq xasdır: onun bəşər cinsinin digər yarısına qarşı baxışları ya romantik, ya da tənqidi olacaq. Bunun üstünə onu da əlavə edin ki, onun uşaqları heç zaman yaxından izləmək, onların tərbiyəsinə nəzarət etmək, onları anlamaq, başa düşmək imkanı olmayacaq. Elə isə subay adamı tamamilə bitkin birisi saymaq olarmı? Monterlan özünün çox gözəl "Subaylar" romanında qeyri-adi bir məharətlə, demək olar ki, hər bir subay adama xas real həyatdan bixəbərliyi təsvir edib: onun dünyası sünilikdən yaranıb və hansı tərəfə sıçrasa da, axırda yenə həmin yerə, həmişə eyni nöqtəyə qayıdan rezin topu xatırladır. Bu fikrə etiraz etmək mümkündür ki, Balzak həyatının böyük hissəsini subay keçirib, bununla belə, ailə həyatının səhnələrini ondan yaxşı heç kəs təsvir edə bilməyib. Bu doğrudur, ancaq o, Balzakdır, ona onca kəlmə kifayət idi ki, ər-arvad cütlüyünün həyat mühitini yaratsın. Adi adam üçünsə təkcə elə bir qadını-öz arvadını axıradək dərk etməyə əlli il güclə çatar. Əlvida.

 

A.Morua "Yad qadına məktublar"-7

 

 

Romanlar haqqında

Siz məndən soruşursunuz ki, romanlar necə yazılır? Əgər mən bunu bilsəydim, xanım, onda mən onları yazmazdım. Bu, qətiyyən zarafat deyil, sözlərimi qeyri-ciddi qəbul etməyin. Mən belə güman edirəm ki, öz peşəsinin texnikasına son dərəcə yaxşı bələd olan hər bir romançı günahkardır. İşlənmiş, necə deyərlər, qurulmuş romanlar da mövcuddur. Belə romanlarda yazıçı müəyyən tezisi

təsdiq etməyə can atır. Hansısa personaj Şəri təcəssüm etdirir (melodramda xəyanətkar yaramaz, ekzistensialist romanda "əclaf"), digər personajlar-Ləyaqəti, Azadlığı, İnamı, yaxud İnqilabı (qəhrəmanların xarakteri dövrə görə dəyişir). Sonda Xeyir bu və ya digər şəkildə qələbə qazanır, zəfər çalır, romançı isə məğlubiyyətə məruz qalır.

Başqa bir yazıçı yalnız "firma" rrseptlərindən istifadə edir:"Gənc qızların ən gözəlini götürün. Böyük müsibət və əzablardan sonra ona öz adaxlısını qarşılamaq imkanı verin. Qıza rəqib qismində məşum bir qadın seçin. Uzunsürən mübarizə. Saysız-hesabsız gözlənilməz dəyişikliklər. Son anda paklığın, bəkarətin təntənəsi. Oxucu kütləsinin zövqünü yaddan çıxartmadan bütün bunları həssaslıqla müxtəlif

dozalarda bir-birinə qatın. Bütün ömrünüz boyu bu resepti işlədin. İyirminci variantda sizin rifahınız yaxşılaşacaq və möhkəmlənəcək".

Üçüncü bir müəllif tarixi mövzunu seçir, bir qayda olaraq, tragizm və mənəviyyat azadlığı ilə dolu dövrləri (Fransa inqilabı dövrünün zindanlarını-hərəkət üçün xüsusi münasib fon: sevgi əhvalatları gilyotinlə qonşuluqdadır. Napoleon imperiyasının müharibələri də işə yarayar-burada düşmən üzərində qazanılan qələbələrlə qadın üzərində qazanılan qələbələr bir-birini əvəz edir. Digər dövrlər də

yaxşı materiallar verir: İngiltərədə Bərpaçılıq əxlaqsızlıqla müşayiət olundu, XV Lüdovikin hökmranlığı, yaxud səltənət dövrü Maral parkı və dar çevrədə şam yeməkləri ilə məşhurdur, İkinci imperiya kurti zan kalarla ad-san çıxarmışdı). Hadisələrin cərəyan etdiyi dövrü müəyyənləşdirəndən sonra müəllif öz kitabında eyni dərəcədə ədəbsiz və amansız, eyni dərəcədə qarşısıalınmaz qadın qəhrəmanı yerləşdirib oturdur və hər otuz səhifədən sonra bu canalıcı xanımı növbəti aşnasıyla bir yatağa salır. Yüz min tiraja söz yoxdur-təmin olunub! Hər üç cilddən sonra dövrü dəyişin.

Bu reseptlər üzrə şedevrlər yox, sərvət yaradırlar. Gözəllik mənbələri çox dərinlərdən püskürür, onlar sirr pərdəsinə bürünüb. Həqiqi roman onu yaradanın daxili tələbatına cavab verir. Stendalın, Balzakın sanki onlara öz həyatlarını yenidən, başqa maska altında yaşamağa imkan verən əsərlər yaratmaq xoşuna gəlirdi. "Parm monastırı"-ndakı yaraşıqlı gənc, italyan zadəganı Fabrisio Stendalın özüdür, varlı bankirin övladı, gənc və gözəl leytenant Lüsyen Leven Stendalın özüdür. "Yazıçı taleyin ədalətsizliyinə görə imkan daxilində özünü mükafatlandırır". Bəzən maskanın altına boylanmaq çətin olur. "Madam Bovari mənəm"-Flober deyirdi. Məhz buna görə də "Madam Bovari" şedevrdir. Ona lazım olan süjetin tapıldığını yazıçı necə bilir, necə öyrənir? Bax bu cür: əgər süjet üzərində düşünərkən həyəcan keçirirsə, əgər mövzu onun qəlbinin həssas tellərini titrədirsə, ürəyində əzablı, yaxud xumar xatirələr oyadırsa, onda yazıçının şansı var ki, yazacağı kitab əla olsun və bir də iki mütləq şərtə əməl olunmalıdır-hadisələrdən bir qədər kənara çəkilmək lazımdır, yaxud Balzakın dediyi kimi lazımdır ki, hər şey yaxşıca durulsun. "Poeziya elə bir həyəcandır ki, bu həyəcanları artıq sakit halda xatırlayırsan". Əgər siz sevgilinizi lap elə indicə itirmisinizsə, dərhal qolunuzu çırmayıb roman yazmağa girişməyin. Yara hələ qan verir; onu qurdalamaq yox, sarımaq lazımdır. Yara qaysaq bağlayanda siz ona toxunarkən bundan acı bir məmnunluq duyacaqsınız. Ağrı o qədər güclü olmayacaq ki, sizdən iniltilər qopsun, amma yara sizdə oxumaq həvəsi oyatmaq üçün hələ kifayət qədər sızıltılı olacaq. "Oxumaq" sözü təkcə şair üçün deyil romançı üçün də məqbuldur. İkinci şərt: romandakı hadisələrin dolayısı ilə sizin şəxsi həyatınıza münasibəti olmalıdır. Əgər siz, ey mənim füsunkar yad qadınım, roman yazmaq fikrinə düşsəniz, öz həyatınızın hadisələrini dəyişdirmədən şərh etməyin. Abır-həyanın məlum dərəcəsi sizi bundan çəkindirər, mən ən azından buna ümid bəsləyirəm. Sizin taleyinizə oxşar olan başqa bir taledən bəhs edin, bu, sizə öz hisslərinizi söyləməyə imkan verəcək və eyni vaxtda illüziyalarınızı qoruyub saxlayacaq, sanki sifətiniz maska ilə örtüləcək. Əgər uğur qazansanız, əlyazmanızı mənə göndərməyin. Mən, yəqin ki, onu itirərəm. Əlvida.

Ardı var...

20 fevral 2015
GO BACK