Qadin.NET / A.Morua "Yad qadına məktublar"-6

A.Morua "Yad qadına məktublar"-6

 

 

Məzəli cəhətləri istifadə etmək bacarığı

Ey mənim qəlbimin yad qadını, siz hiss etmisinizmi ki, bizim qüsurlarımız da uğurlarımız qədər bəzən hətta uğurlarımızdan da artıq dərəcədə xoşagələn ola bilər? Axı uğurlar sizi göylərə qaldırmaqla yanaşı bir başqasını alçaltmış olur, halbuki, bu vaxt çatışmazlıqlar başqalarının sizə qərəzsiz şəkildə gülməsinə imkan verməklə onları öz gözlərində göylərə qaldırır. Naqqallığı, çərənçiliyi qadına

bağışlayırlar, haqlı olmasını isə bağışlamırlar. Bayron "paraleloqram şahzadəsi" adlandırdığı arvadını tərk etdi, çünki o, çox sirayətedici və ağıllı qadın idi. Yunanlar Aristidi məhz o səbəbdən xoşlamırdılar ki, hamı onu Ədalətli adlandırırdı.

Viktor Hüqo özünün "Görünən faktlar" əsərində parlaq siyasi karyera əldə etmiş hansısa cənab de Salvandi haqqında danışır. O, nazir olub, akademik olub, səfir olub, "Fəxri Legion"-un "Böyük xaç" ordeninə layiq görülüb. Deyə bilərsiniz: bütün bunlar böyük şey deyil; ancaq bütün bunlardan başqa, o, üstəlik, qadınların arasında uğur qazanmışdı, bu isə artıq çox dəyərli şeydir. Bax, həmin o Salvandi

xanım Qaylın müşayiəti ilə ilk dəfə cəmiyyətdə görünəndə məşhur Sofi Ge ucadan bildirmişdi: "Əzizim, amma sizin bu istiqanlı yeniyetmənizdə o qədər məzəlilik var ki! Onun maneraları ilə məşğul olmaq lazımdır". "Allah, özün saxla!–xanım Qayl çığırmışdı,–Onu özünəməxsus şeylərdən məhrum etməyin! Yoxsa onda nə qalar? Axı ona uğur gətirən elə məhz bu özəlliklər olacaq…" Xanım Qaylın

nə qədər haqlı olduğunu gələcək təsdiqlədi.

Anri de Juvenel bir vaxtlar mənə danışmışdı ki, cavanlıqda, jurnalist işlədiyi vaxtlarda Kalvadosdan olan Anri Şeron adlı bir deputatın parlamentdəki ilk addımları onu mat qoyub. Həmin bu Şeron saqqallı imiş, yekə qarnı varmış, əyninə də həmişə köhnə dəbli pencək geyinərmiş. O, masanın üstünə çıxaraq var səsiylə "Marselyeza" oxumuş və təmtəraqlı nitq söyləmişdi. Klemanso onu hərbi nazirin köməkçisi vəzifəsinə təyin edəndə isə Şeron təcili olaraq əsgər kazarmalarına yollanmış və əsgər yeməklərinin dadına baxmışdı. Jurnalistlər onu lağa qoyurdular, Juvenel fikirləşib ki, onun haqqında məqalə yazmaq maraqlı olardı və bu məqsədlə də Şeronla görüşmək qərarına gəlmişdi–Şeron onu açıq-saçıq bir görkəmdə qarşılamışdı.

– Bilirəm, cavan oğlan,–Şeron ucadan deyib,–siz ondan ötrü təşrif buyurmusunuz ki, mənim nə qədər məzəli olduğuma əmin olasınız… Hə, necədir? Əmin oldunuzmu? Amma mən axı özümü bilərəkdən gülməli aparıram, çünki–yaddan çıxarmayın, cavan oğlan!–bu paxıl ölkədə gülünc görsənmək məşhurlaşmağın yeganə təhlükəsiz üsuludur.

Bu sözlər Stendalı heyrətə gətirərdi. Amma məzəli görünmək heç də zəruri deyil, yəqin siz özünüz də hiss etmisiniz ki, bəzi qəribəliklər, orijinal geyim tərzi kişiyə, yaxud qadına onun talantından daha çox şöhrət qazandırır.

Ömründə Andre Jidin əsərlərini oxumayan minlərlə adama bu yazıçının başına qoyduğu meksikan fetr şlyapası və qısa plaş çox yaxşı tanış idi. Uinston Çörçill böyük natiqdir, ancaq o, insanları yaxşı tanıyırdı və özünün əcaib şlyapasından, əndazəsiz qalın siqarından, kəpənək qalstukundan və "V" hərfi şəklində tutduğu barmaqlarından son dərəcə məharətlə istifadə edirdi.

Mən ingiliscə bircə kəlmə də bilməyən Londondakı bir fransız səfirini tanıyırdım, əvəzində o çox dəbdəbəli, diqqətçəkən bantı olan xallı qalstuk taxırdı ki, bu da ingilislərin qeyri-adi dərəcədə xoşuna gəlirdi və o, öz səfir vəzifəsində kifayət qədər çox qaldı.

Restoranda nahar edən adamlara diqqətlə göz qoyun. Sizcə, metrdotellər ən çox kimin böyür-başında vurnuxacaq, ən yaxşı xidməti kimə göstərəcəklər? Hər şeydən razı görünən imkanlı adamamı? Heç də yox. Ən qəribə, ən ədabaz adama. Tələbkar oldunsa, deməli, adamları maraqlandıracaqsan.

Nəsihət: Özünüzü təbii aparın və əgər bu, sizə xasdırsa, bir az da obrazlı. Buna görə sizə minnətdar olacaqlar. Əlvida.

 

A.Morua "Yad qadına məktublar"-6

 

 

Tamaşalar haqqında

Siz öz əriniz, yaxud dostlarınız üçün tamaşa düzəldirsinizmi, xanım? Hərçənd sizin görkəminiz Minervanın görkəmidir, əgər siz onların üstünə qaçmasanız, mən son dərəcə təəccüblənərdim. Tamaşa qadınların sevimli silahıdır. O, qadınlara imkan verir ki, onlar bir dəfəyə qısa emosional partlayış yolu ilə, tam narazılıqla öz istəklərinə nail olsunlar. Halbuki, sakit vəziyyətdə buna nail olmaq üçün onlara

bütöv ayları, illəri boş-boşuna yelə vermək lazım gələrdi.

Elə tezqızışan kişilərə rast gəlmək olur ki, onlar mübahisədən həzz alırlar və öz davranışlarıyla hətta qadını da ötüb-keçərlər. Həmin tündməzaclıq onların cavablarında da sezilir. Belə mübahisələr qarşılıqlı kobud ittihamlarsız ötüşmür. Dava-dalaşdan sonra hiddət öləziyir, hər ikisinin ürəyi yüngülləşir və barışıq kifayət qədər zərif olur. Mən xeyli qadın tanıyıram ki, onlar tamaşa düzəldərkən

hətta döyüləcəklərindən də qorxmurlar. Onlar hətta gizlincə bunun həsrətini də çəkirlər, ancaq bunu istədiklərini heç vaxt dilə gətirib etiraf etməzlər. "Bəs əgər mənim xoşuma gəlirsə ki, məni əzişdirsinlər?"–bu da həmin çətin tapmacanın açarı. Vurulan şillə kişidə hər şeydən öncə gücü–mənəvi və fiziki–qiymətləndirən qadınların yalnız hisslərini istiləşdirir.

– İyrəncliyə, alçaqlığa bax!–siz heyrətlə bildirəcəksiniz,–Mənə əl qaldıran kişi mənimçün mövcudluğunu itirərdi.

Siz səmimi-qəlbdən belə düşünürsünüz, amma tam əminlik üçün özünüzü sınamağınız lazımdır. Əgər sizin nifrətiniz öz təsdiqini tapsa, bu, o deməkdir ki, sizdə məğrurluq hissiyyatdan daha güclüdür. Normal kişinin tamaşaları görən gözü yoxdur. Tamaşalar onu təhqiramiz vəziyyətdə qoyur, çünki bu zaman kişi adətən təşəbbüsü əldən vermiş olur. Axı təmkinli ər öz üçayağının arxasından ona bol-bol söyüşlər yağdıran qəzəblənmiş pifiyanın qarşısında necə duruş gətirsin? Bir çox kişilər fırtına qopan kimi dərhal aradan çıxmağı üstün tuturlar, ya da qəzeti açıb oxumaqla baş verənlərə laqeyd qalmağa, əhəmiyyət verməməyə çalışırlar.

Qeyd etmək lazımdır ki, uğursuz düzəldilən tamaşa adamı tez bezdirib təngə gətirir. Təkcə elə tamaşa sözünün özü bizə çox şeyi izah edir. O, aktyorlardan iqtibas edilmişdir. Effekt doğurması üçün tamaşa ustalıqla oynanılmalıdır. Üst-üstə yığılmış əsəbin çıxış üçün yol axtarması səbəbindən–boş, xırda şeylərdən başlayan tamaşa ən ağır xatirələrdən qidalanmaqla, çoxdankı incikliklərə, umu-küsülərə köklənməklə, ətrafdakı hər şeyi hönkürtüyə qərq etməklə yavaş-yavaş ətə-qana dolmalıdır. Sonra münasib məqamda dönüş baş verməlidir; vay-şivən, haray-həşir başa çatmalı, onun əvəzinə səhnəyə dalğınlıq və səngimiş qüssə çıxmalıdır; budur, artıq ilk təbəssüm də peyda oldu və hər şeyin son həddi kimi ehtirasın partlayışı qaçılmazdır.

 

A.Morua "Yad qadına məktublar"-6

 

 

– Ancaq bu cür tamaşa düzəltmək üçün qadın qabaqcadan düşünülmüş plan əsasında hərəkət etməli və həmişə də özünü ələ almağı, idarə etməyi bacarmalıdır…

Siz haqlısınız, xanım. Çarə nədir–teatrdır! İstedadlı aktrisa həmişə özünə hesabat verir, nə danışdığını və hansı hərəkəti etdiyini ölçüb-biçir. Ən yaxşı tamaşalar bilərəkdən hazırlanan və incə şəkildə oynanılan tamaşalardır. Bu tamaşanı təkcə qadınlar oynamırlar. Dahi sərkərdələr–Napoleon, Liote–nadir hallarda, yalnız buna zərurət olduqda hirslənib özlərindən çıxırdılar. Amma bu vaxt onların

hiddəti bütün çərçivələri uçurub dağıdırdı! Bərk hiddətlənmiş vəziyyətdə Liote öz marşal kepini yerə çırpmış və sonra da ayaqlamışdı. Həmin günlərin birində o, hələ səhər erkən öz çaparına demişdi:

– Mənim köhnə kepimi mənə gətir.

Ondan nümunə götürün. Öz hiddət və qiyamınızı mühüm şəraitlər üçün qoruyub saxlayın: öz göz yaşlarınızın keşişi olun. Tamaşalar nadir olduqda effekt doğurur. Az qala hər gün ildırımlar guruldayan ölkələrdə onlara heç kim fikir vermir.

Özümdən misal gətirmək istəmirəm. Təbiətim etibarilə mən az hiddətlənən, gec qıcıqlanan adamam, lakin mənim də ildə bir və ya iki dəfə özümdən çıxmağım olur–aşkar ədalətsizlik və cahillik əndazəni aşanda, məni adi sakitlikdən məhrum edib təbdən çıxaranda.

Belə günlərdə ətrafımdakı adamların hamısı mənə güzəştə gedir. Gözlənilməzlik qələbənin girovlarından biridir. Tamaşalar az, lakin parlaq olmalıdır, xanım. Əlvida.

Qızıl mismar haqqında

Nəhayət ki, siz mənə cavab verdiniz! Əlbəttə, aydındır ki, adınızı bildirmədən. Naməlum qadın mənimçün naməlum olaraq da qalır. Amma indi mənə ən azından sizin xəttiniz tanışdır və bu xətt mənim xoşuma gəlir. Düz, aydın, oxunaqlı hərflər–ədəbli, nəzakətli, abırlı bir adamın xətti və həm də abırlı bir qadının xəttimi? Ola bilsin! Mümkündür! Amma öz məktubunuzda siz mənə qeyri-adi bir

sual verirsiniz. "Artıq beş ildir ki,–siz öz məktubunuzda yazırsınız,–mənim həssas və ağıllı bir dostum var. O, demək olar ki, hər gün mənim yanımda olur, hansı kitabları oxumağım barədə, teatrda hansı tamaşalara baxmağım haqda mənə məsləhətlər verir, bir sözlə, mənim asudə vaxtımı xoş bir tərzdə doldurmağa çalışır. Biz heç vaxt dostluq sərhədlərindən kənara çıxmırıq. Onun məşuqəsi olmağa mənim meylim-həvəsim yoxdur, lakin o, buna cəhd edir, inad göstərir, az qala, məni didib-parçalayır. O təsdiqləyir ki, məndə məğrurluq ehtirasdan çoxdur və o, bundan dözülməz dərəcədə əziyyət çəkir. Deyir ki, bu vəziyyət uzun müddət davam edə bilməz və günlərin bir günü mənimlə görüşməyə son qoya bilər. Bu şantajın qarşısında güzəştə getmək lazımdırmı? İyrənc, amma düzgün sözdür, çünki çox gözəl bilir ki, onun dostluğu mənimçün zəruridir. Bir halda ki o, nəsə başqa şeyə cəhd edir, onda, görünür, mənim dostluğumu yetərincə qiymətləndirmir–belə deyilmi?"

Xanım, mən bilmirəm siz Sent-Bövün "Qızıl mismar" povestini oxumusunuz, ya yox? O, bu povesti ondan ötrü yazıb ki, sizinlə münasibətdə olan dostunuz kimi eyni münasibətdə olduğu bir qadını fəth etsin. Bir qədər ovçu Dianaya uyğun gələn, uşağı olmayan və öz yaşından cavan görsənən füsunkar gənc qadın sevginin sonuncu bəxşişindən imtina etməklə onu olmazın əzablara düçar etmişdi. O, ən usta fəndlərlə arzuedilən lütfkarlığı əldə etməyə can atırdı. "Çoxdan tanıdığın və sevdiyin otuz beş-qırx yaşlı qadına–qoy lap bircə dəfə olsun!–sahiblənmək elə bir şeydir ki, mən həmin şeyi dostluğun ikilikdə vurulmuş qızıl mismarı adlandırıram".

Sent-Böv belə hesab edirdi ki, bu "qızıl mismarla" bənd edilmiş zəriflik sonradan insanın bütün ömrü ərzində, sadəcə minnətdarlıq, dostanə bağlılıq, yaxud maraqların birliyi əsasında yaranmış hissiyyatdan daha etibarlı qalır. Öz fikrinin təsdiqi üçün o, XVIII əsrin gözəl bir yazıçısının sözünü misal çəkirdi: "Hansısa on beş dəqiqə çəkən intim yaxınlıqdan sonra bir-birini hətta sevgiylə də deyil, ən azından cazibə ilə doyduran iki adam arasında elə bir etibar, elə bir ünsiyyət rahatlığı, bir-birinə qarşı elə bir incə diqqət yaranır ki, belə bir şey heç onillik möhkəm dostluqdan sonra da peyda ola bilməzdi".

"Qızıl mismarın" bu problemi indi sizin də qarşınızda durur, xanım. Mənim başa düşdüyümə görə, sizin dostunuz da sualı eynən Sent-Bövün Sofi Luvre d’Arbuvil dövründə qoyduğu kimi qoyur. Şıltaqlığı ona daim məmnunluq bəxş edən (ola bilsin, hətta buna görə özünə hesabat verməyən), lakin onu doydurmayan işvəkar bir xanımla rastlaşmaqla kişi, həqiqətən də, Tantal əzabları çəkir. Amma hər

necə olsa da, mən "qızıl mismara" inanmıram. İlk təcrübə nadir hallarda ən uğurlusu olur. Belə ki, bu cür mismarlarla dolu bütöv bir taxta parçası tələb olunur.

Doğrusuna qalsa, əgər sizin dostunuz özünün təsdiq elədiyi kimi belə dözülməz əzablara məruz qalıbsa, onda gərək sizin müqavimətinizi çoxdan dəf edəydi. Qadınlar dost kimi qalmağın mümkün olduğu həssas kişiləri intuitiv şəkildə hiss edirlər. Hərçənd bu, onların özlərini hətta bir qədər təəccübləndirir (bir ingilis xanım platonik məhəbbətin mahiyyətini belə izah etmişdi: "Qadın kişinin nə istədiyini anlamağa can atır, halbuki, kişi heç nə istəmir"), amma hər necə olsa, onlar tamamilə məmnundurlar və hətta yaranmış vəziyyətdən sui-istifadə edirlər. Lakin əsl sevgilinin peyda olması yetər ki, "dostluq əlamətlərinə" dərhal da əlvida deyilsin, dərhal xitam verilsin. Şatobrianın öz istəyinə nail olduğu həmin dəqiqədən etibarən Jülyetta Rekamye təkcə ona məxsus olmağa başladı. Jülyetta sevgi çiçəklərini uzun müddət toxunulmaz saxlamağa cəhd etsə də, sonradan əmin olmuşdu ki, elə bəhrə də yaxşı şeydir. Əgər

bacarsanız, bundan səmərəli dərs götürün. Ən yaxşı falları tapmacalar vasitəsilə izah edirlər. Əlvida.

Ardı var...

18 fevral 2015
GO BACK