Qadin.NET / A.Morua "Yad qadına məktublar"-5

A.Morua "Yad qadına məktublar"-5

 

 

Bədbəxtliklərin nisbiliyi haqqında

Möhkəm bağlandığım qadın dünən təsadüfən öz məxmər paltarını harasa ilişdirib cırmışdı. Üzücü dram bütün gecəni davam elədi. Hər şeydən öncə paltarındakı bu köndələninə yırtığın hansı şəkildə əmələ gəldiyini qadın heç cür başa düşə bilmirdi. O, belə hesab edirdi ki, yubkası həddən artıq dar olub və gəzinti zamanı… və hər necə olsa, tale necə də amansızdır! Axı bu paltar onun ən yaraşıqlı geyimi-

məşhur dərziyə sifariş etmək qərarına gəldiyi ən sonuncu libaslarından idi. Bir sözlə, çarəsiz bir bədbəxtlik.

– Cırılan yeri niyə tikməyəsən ki?

– Ah, bu kişilər! Onların heç nədən anlayışları yoxdur. Axı yamanmış yer dərhal gözə çarpacaq.

– Bir az məxmər parça alın və eninə zolağı əvəz eləyin.

– Siz nə danışırsınız? Eyni rəngli iki məxmər lap az da olsa, çalarına görə mütləq bir-birindən fərqlənəcək. Paltarın ətəyindəki qara məxmər bir az yaşıla çalacaq. Bu dəhşətdir. Mənim bütün rəfiqələrim bunu dərhal görəcəklər, dedi-qodu baş alıb gedəcək.

– Mikelancelo heykəli yapmaqçün aldığı mərmər qaymasının damar və çat yerindən xeyir çıxartmağı bacarırdı. O, materialın bu qüsurlarını əlavə gözəllik mənbəyinə çevirə bilirdi. Qoy paltarın bu yırtıq yeri də sizi ruhlandırsın, sizə əlavə ilham versin. Siz də ixtiraçılıq edin, ora tamamilə başqa bir parça tikin. Hamı elə düşünər ki, bunu özünüz qəsdən, bilərəkdən etmisiniz və sizin bu təşəbbüsünüz hamıda heyranlıq doğurar.

– Necə də sadəlövhsünüz! Bütövə təzad təşkil etməyən detal yalnız o zaman gözə girməz ki, eyni tondan və üslubdan olan hansısa əlavə paltarın başqa bir yerində olsun-jaketin qatlanma yerində, paltarın yaxalığında, yaxud kəmər yerində. Ancaq bu, ayrıca zolaqdır… Cəfəngiyyata bax! Bəyəm mən yamaqlı paltarda gəzə bilərəm?

 

A.Morua "Yad qadına məktublar"-5

 

 

Bir sözlə, mən bəlanın çarəsizliyi ilə razılaşmalı oldum və onda təsəlli verən şəxs öz yerini moralistə verdi.

– Qoy olsun!-mən ucadan dedim,-Doğrudan da, bədbəxtlik baş verib. Amma ən azından onunla razılaşın ki, bu heç də ən böyük bədbəxtlik deyil. Sizin paltarınız cırılıb? Mənim dərin təəssüfümü qəbul edin, amma eyni zamanda orasını da düşünün ki, sizin qarnınız, yaxud avtomobil qəzası nəticəsində üzünüz cızıla bilərdi; sizin ciyərlərinizə soyuq dəyə, yaxud siz zəhərlənə bilərdiniz. Düşünürəm ki, sağlamlıq sizdən ötrü paltardan daha əhəmiyyətlidir; gözünüzün qabağına onu da gətirin və bir anlığa fikirləşin ki, məxmər paltarın əvəzində siz dərhal bir neçə dostunuzdan məhrum ola bilərdiniz. Nəhayət, o barədə də fikirləşin ki, biz çox dəhşətli dövrdə yaşayırıq, elə çətin bir dövrdə ki, hər an müharibə başlaya bilər-sizi həbs edib həbsxanaya ata bilərlər, sürgün edə bilərlər, öldürə bilərlər, tikə-tikə doğraya bilərlər, yandırıb külə döndərə bilərlər. Onu yadınıza salın ki, min doqquz yüz qırxıncı ildə siz hansısa paltarınızı deyil, əlinizdə-ovcunuzda olan hər şeyinizi itirmişdiniz, özü də bütün bu itkiləri siz dedikcə mərdanə-mənim bu gün də heyran qaldığım bir rəşadətlə qarşılamışdınız…

– Siz nəyə işarə vurursunuz?

– Vur-tut ona işarə edirəm ki, insan həyatı çətindir, məxmər cırılır, insanlar isə ölürlər-bu isə son dərəcə kədərlidir. Amma başa düşmək lazımdır ki, bədbəxtliklər cürbəcür olur. "Mən onların ehtiyaclarının müdafiəsini məmnuniyyətlə öz əllərimə alaram,-Monten deyirdi,-ancaq istəmirəm ki, bu ehtiyaclar mənim başıma çıxsın, yaxud xirtdəyimə dirənsin". Monten bunu nəzərdə tuturdu: "Mən

Bordo şəhərinin meriyəm, sizin xəzinəyə dəymiş ziyanın aradan qaldırılmasına həvəslə girişərəm. Ancaq mən buna görə özümü həlak edib sağlamlığımın axırına çıxa bilmərəm". Bu sözlər hazırda tamamilə sizə də tətbiq edilə bilər. Mən sizin təzə paltarınız üçün məmnuniyyətlə pul ödəməyə hazıram, amma bu itkiyə… milli, yaxud beynəlxalq fəlakət kimi yanaşmaqdan imtina edirəm.

Ey mənim yad rəfiqim, bəla piramidasının altını üstünə çevirməyin və altı yanmış piroqu, sapı qaçmış corabları, heç bir günahı olmayan adamların qovulmasını və təhlükə altına düşən sivilizasiyanı tərəzinin eyni gözünə qoymayın. Əlvida.

Uşaq həssaslığı haqqında

Böyüklər çox tez-tez uşaqların dünyasının bir addımlığında qərar tutur, lakin onu dərk etməyə can atmırlar. Uşaq isə əksinə, bu vaxt öz valideynlərinin dünyasını çox diqqətlə müşahidə edir; o, bu dünyanı dərk etmək və qiymətləndirmək istəyir; onların yanında valideynlərin ehtiyatsızlıq edib ağızdan qaçırdığı ifadələri uşaqlar göydə qapırlar, həmin ifadə özünəməxsus tərzdə anlaşılır və uşaq təsəvvüründə uzun müddət yaşayan dünyanın müəyyən şəklini yaratmış olur. Bir qadın öz səkkiz yaşlı oğlunun yanında deyir: "Mən ana olmaqdan daha çox, qadınam". Bununla o özü də istəmədən, ola bilsin ki, uşağına az qala bütün ömrü boyu qanı dayanmadan axacaq bir xətər yetirir. Mübaliğədir? Yox, düşünmürəm ki, mübaliğə olsun. Uşaqda körpəlikdə yaranmış dünya haqqındakı bədbin təsəvvür, ola bilsin ki, sonradan yaxşılığa doğru dəyişəcək. Ancaq bu proses üzücü və tədrici olacaq. Əksinə, əgər valideynlər uşağa onun şüurunun təzə-təzə oyandığı vaxtlarda insanların sadəqəlbliyi və həssaslığı barədə inam aşılamağa nail olublarsa, deməli, bununla onlar öz oğlanlarının,

yaxud qızlarının xoşbəxt böyümələri üçün kömək ediblər. Müxtəlif hadisələr sonradan uşaqlığı xoşbəxt keçən adamları da peşman edə bilər; həyatın faciəvi sifəti və insan təbiətinin qəddar tərəfləriylə gec və ya tez onlar da toqquşacaqlar. Ancaq gözləndiyinin əksinə olaraq bütün mümkün xoşagəlməzlikləri ən yaxşı keçirən məhz uşaqlığı sakit tərzdə, ətrafdakılara sevgi və inam havasında keçmiş adamlar olacaq.

Biz uşaqların yanında əhəmiyyət vermədiyimiz ifadələr işlədirik, uşaqlar üçünsə həmin ifadələr tam gizli mənalı sözlər kimi görsənir. Bir müəllimə mənə belə əhvalat danışmışdı: O, kiçikyaşlı şagird qızdan xahiş etmişdi: "Pərdələri arala, işığın bizim otağımızda peyda olmasını təmin et". 

Qız tərəddüd içində yerindəcə donub-qalmışdı.

– Mən qorxuram…

– Qorxursan? Niyə axı?

– Bilirsiniz… Mən Müqəddəs Kitabda oxumuşam ki, Rahil Veniaminin işıqlı dünyaya gəlməsini təmin edən kimi özü dərhal öldü.

Evlərində sobanın üstündəki saata həmişə "Mariya Antuanetta", yataq otağındakı mebelə isə "On altıncı Lüdovik" deyildiyini eşidən bir oğlan uşağı axırda zənn etmişdi ki, onun öz adı Fransua olduğu kimi sobanın üstündəki saatın da adı Mariya Antuanettadır. Təsəvvür etmək çətin deyil ki, elə ilk fransız tarixi dərslərindəcə ondan ötrü ev əşyaları mənasında olan adlar qanlı və kədərli hadisələrlə

qarışıb onun xəyalında necə əcaib obrazlar yaradacaq.

Uşaqların beynində nə qədər söylənməmiş əndişələr, nə qədər təsəvvürəsığmaz anlayışlar gizlənmişdir! Xatırlayıram ki, təxminən, beş, ya altı yaşım olanda bizim şəhərimizə bir teatr truppası qastrola gəlmişdi və hər yerdə "Boşanma sürprizləri" adlı tamaşanın afişaları yapışdırılmışdı. Mən o zaman "boşanma" bözünün nə məna kəsb etdiyini anlamırdım, amma dumanlı hissiyyatım mənə deyirdi ki, bu,

yaşlıların sirləri üzərindən pərdəni götürən cəlbedici və qorxulu olan yasaq sözlərdən biridir və teatr truppasının gəldiyi həmin gün şəhər bərbəri qısqanclıq ucbatından öz arvadına tapançadan bir neçə dəfə atəş açmışdı. Bu hadisə barədə mənim yanımda danışmışdılar. O zaman mənim uşaq təxəyyülümdə bir-birindən xeyli uzaq olan bu faktlar öz aralarında necə, hansı şəkildə əlaqə tapmışdı? İndi dəqiq

bilmirəm. Amma xeyli vaxt fikirləşmişdim ki, boşanma elə bir cinayətdir ki, bu zaman ər öz təqsirkar arvadını öldürür və bu, Pon-de-l’Er teatrının səhnəsində, birbaşa tamaşaçıların gözü qarşısında icra olunur.

Aydındır ki, ən həssas valideynlər də öz uşaqlarının beynində fövqəltəbii təsəvvürlərin və sadəlövh gümanların doğulmasına mane ola bilməz. Məlumdur ki, həyati təcrübə çox asanlıqla ötürülmür, hər kəs həyat dərslərini müstəqil şəkildə qavrayır, amma heç olmasa, uşağın təsəvvürünü bu cür təhlükəli qidalardan qorumağa çalışın. Biz öz uşaqlarımızı bu ağır sarsıntılardan yalnız onda xilas edə bilərik ki, bir şeyi heç zaman yaddan çıxarmayaq: uşaqlar kəskin marağa malikdirlər və bizdən daha həssasdırlar. Bu, analar üçün dərsdir. Əlvida.

 

A.Morua "Yad qadına məktublar"-5

 

 

Oyun qaydaları haqqında

Bilmirəm, siz hərdən radioda "Şənbə söhbəti" verilişinə qulaq asırsınızmı? Bu verilişdə Arman Salakru, Rolan Manuel, Andre Şamson, Klod Moriak və sizin sadiq bəndəniz çıxış edirlər. Biz hər şey barəsində danışırıq: teatr haqqında, kitab yenilikləri haqqında, rəssamların əsərləri haqqında, konsertlər haqqında, eləcə də özümüz barəsində. Bir sözlə, bu, qabaqcadan məşq edilməmiş həqiqi söhbətdir-bir fincan qəhvə süfrəsi arxasında beş dostun elədiyi söhbətə bənzər təbii söhbət. Şəxsən mən özüm bu söhbətdən həzz alıram və öz müsahiblərimlə mikrofon arxasında hər dəfə sevinclə görüşürəm. Alen deyirdi ki, dostluğu çox vaxt şərait yaradır: liseydə, alayda və s. Bu zəruri görüşlər də bizi dostlaşdırmışdı. Bu günlərdə Klod Moriak bir tezis irəli sürüb.

Mənim fikrimcə, bu çox doğru tezisdir. O, belə deyirdi: "Cəngavər romanlarında təsvir olunan kurtuaz məhəbbəti bir oyundur-orta əsrlər dövrünün məhəbbət haqqındakı yozumlarından üzü bəri qaydaları dəyişdirilməmiş özünəməxsus bir oyun. Bu oyunlar XVII

əsrdə "Astreya"-a da belə idi, "Klev şahzadəsi"-də də; onlar hətta romantiklərin əsərlərində də bu cürdür, hərçənd orada daha böyük pafosla ifadə olunmuşdu; Marsel Prustun Svanının davranış və nitqini müəyyən edən də odur. Bu ənənə tələb edir ki, sevgililər təkcə bir-birinin bədəninə deyil, niyyətlərinə də qısqanclıqla yanaşsınlar; sevgilinin alnındakı kiçik bir bulud kölgəsi də həyəcan doğursun, sevgili varlığın istənilən kəlməsi diqqətlə düşünülüb öyrənilsin, onun istənilən hərəkəti izah olunsun, xəyanət barədə fikirdən, təkcə elə fikirdən adamın rəngi ağarsın. Molyer hisslərin bu cür ifadəsini ələ salırdı.

Prustun əzabkeşlərə yazığı gəlirdi, lakin tam bir neçə əsrin müddətində nə yazıçılar, nə də oxucu kütləsi oyun qaydalarının özünü şübhəyə məruz qoymamışdılar. Bizim günlərimizdə yeni təsir yaranıb: gənc müəlliflər köhnə oyun qaydalarını qəbul etmirlər. Bu, o demək deyil ki, onlar bu mövzuya marağı itiriblər, sadəcə onlar qaydaların məcmusunu dəyişdiriblər. Qadın bədəni çimərliklərdə hamının nəzərləri üçün açıqdırsa, hansı qısqanclıqdan söhbət gedə bilər…" Bu yerdə mən Moriakın sözünü kəsdim ki, Viktor Hüqonun bizim günlərimizdə, həqiqətən, yazıla bilməyəcək nişanlı qıza məktubundan sitat gətirim. Bu məktubda yazıçı həmin qızı kəskin tərzdə

qınayır, ona görə ki, qız küçədə gedərkən bulaşmasın deyə paltarın ətəyini bir azca yuxarı qaldırmışdı və bu vaxt istər-istəməz topuqları çılpaq qalmışdı. Bu hərəkət Hüqonu elə qəzəbləndirmişdi ki, o, qızın ağ corablarına nəzər yetirən hər hansı təsadüfi yolçunu öldürə bilər, yaxud özünə qəsd edərdi. Gənc yazıçılar üçün oyun qaydaları, deyəsən, belədir ki, onlar hər hansı qısqanclığı büsbütün istisna edirlər və sevdikləri personajların aşiqanə macəraları barədə ədəbsizcəsinə mühakimə yürütməyi özlərinə rəva bilirlər.

Bütün bunlar kurtuaz məhəbbəti ilə heç cür bir araya sığışmır. Çünki telefonçuların ifadə etdiyi kimi yalnız "iki abunəçi arasında" mümkün olan bu təkrarsız hiss ancaq iki nəfərin qismətidir. Müasir romanın ikinci yarısında bir qayda olaraq aşiqlər özləri üçün məhəbbət kəşf edirlər. Onlar vəfa və sadiqliyin gözəlliyini, bir-birinə bağlılığın şirinliyini, hətta qısqanclıq iztirablarını da candərdi, sanki

çox könülsüz etiraf edirlər. Amma onlar romantiklərin və hətta Prustun qəhrəmanlarından daha təmkinli, daha dözümlüdürlər. Onlar öz hissləri barəsində süni laqeydlik və bir qədər istehza ilə danışırlar, hər halda, sözdə bu, belə görünür. Onlar məhəbbətə yumorla yanaşırlar. Bu əcaib uzlaşma gözəllikdən məhrum deyil, onun öz gözəlliyi var.

Bu yenilikdirmi? Mən buna tam əmin deyiləm. Xanım de Lafayetdən tutmuş Luiza Vilmorenə qədər oyunun qaydaları heç zaman belə ciddi olmayıb. Anqlosakslar öz atəşin hisslərini açıq-aşkar ifadə etməkdən çoxdan, lap çoxdan imtina ediblər.

Kurtuaz məhəbbətinin ənənələri ilə yanaşı intibah dövründən gələn başqa bir sevgini də görmək olar. Benvenuto Çellininin və hətta Ronsarın əsərlərindəki sevgi əhvalatları o qədər də romantik görünmür. Stendalın, yaxud (bizim günlərimizdə) Monterlanın digər qəhrəmanları orta əsrlərin sevgi traktatlarının deyil intibah dövrünün sevgi oyunlarının qaydalarına riayət edirlər. Bu qaydalar çox tez-tez dəyişdirilib, onlar gələcəkdə də dəyişəcəklər. Mən hazırkı gənc yazardan yeni "Adolf" və yeni "Svan" gözləyirəm və onun böyük uğur qazanacağına qabaqcadan əminəm. Çünki oyunun qaydaları dəyişsə də, istinad nöqtəsi elə əvvəlki kimi qalır. Həmin istinad nöqtəsi

sizsiniz, ey mənim qiymətli xanımım. Əlvida.

Ardı var...

16 fevral 2015
GO BACK