İşvənin zəruri ölçüsü haqqında
"Böhtandır, ağa! Siz nəyə məhəl qoymadığınızı, sadəcə, başa düşmürsünüz."–"Sevilya bərbəri"-nin personajlarından biri belə deyir. Çox tez-tez olur ki, mən hər şeyə son dərəcə tez inanan və sevgisi açıq olan sadəlövh qadına üz tutub demək istəyirəm: Naz-qəmzəli xanım! Siz nəyə yuxarıdan baxdığınızı, sadəcə, başa düşmürsünüz. Naz-qəmzə həmişə heyrətamiz gücə və təhlükəyə malik bir silah olub və bu cür də qalmaqdadır. Marivo tərəfindən çox diqqətlə öyrənilmiş bu gözəl hiylə "dəstinin" mahiyyəti ondan ibarətdir ki, əvvəlcə şirnikdirib cəzb edəsən, sonra da rədd edib uzaqlaşdırasan; təxminən, bu cür ki, sanki, nəyisə hədiyyə edir, ancaq dərhal da onu geri alırsan. Bu oyun inanılmaz, heyrətamiz nəticələr verir, hətta qabaqcadan xəbərin olsa da, yenə bu tələlərə düşürsən.
Əgər yaxşı düşünsək, bu, tamamilə təbiidir. İlk kövrək ümidin yaranmasına səbəb olan yüngül işvə-naz olmadan çox adamlarda sevgi qığılcımları oyanmır. "Sevmək sonradan zərurətə, inadkar istəyə, beyindən çıxmayan zəhlətökən ideyaya qədər böyüyüb artan hansısa imkan haqqında fikirləşərkən keçirdiyin həyəcan deməkdir". Hansısa kişinin (yaxud qadının) xoşuna gəlməyimiz bizə hələ tamamilə
qeyri-mümkün görünür, biz həmin kişinin (yaxud qadının) haqqında heç fikirləşmirik də. Siz ki, İngiltərə kraliçası olmadığınızdan əzab çəkmirsiniz. Hər bir kişi Qreta Qarbonun və Mişel Morqanın son dərəcə gözəl olduğunu bilir və onlara heyrandır, ancaq heç birinin ağlına da gəlməz ki, onların sevgisindən dəli-divanə olsun. Öz saysız-hesabsız pərəstişkarları üçün onlar, sadəcə, ekranda yaşayan
obrazlardır və heç bir şans vəd etmirlər.
Lakin elə ki biz kiminsə baxışlarını, kəlmələrini, jestlərini öz üzərimizdə hiss edib onları qəbul edirik, onda özümüzdən asılı olmadan, bizim iradəmizdən kənarda təsəvvürlərimiz dərhal onların arxasında gizlənmiş imkanları artıq cızmağa başlayır. Bu qadın bizim əlimizə ümid üçün–lap kiçik də olsa,–bir əsas, bir bəhanə veribmi? Həmin andan etibarən biz artıq şübhələrin ixtiyarındayıq və özümüzdən
soruşuruq: "Doğrudanmı, o qadın mənimlə maraqlanır? Bəs o, məni necə sevə bilər? Nəsə ağlabatan deyil, inanılmazdır. Bununla belə, onun davranışı…"
Kəsəsi, Stendalın dediyi kimi biz onun barəsindəki fikirlərimizi "kristallaşdırırıq", başqa sözlə, xəyalımızda onu müxtəlif boyalarla süsləyirik, necə ki, Zalsburqdakı kristal duz yataqları ora yerləşən bütün əşyaları bir-birinə qarışmağa məcbur edir.
Yavaş-yavaş arzu vahiməyə keçir, inadkar ideyaya çevrilir. Bu vahimənin ömrünü uzatmaq və "kişinin ağlını başından almaq" istəyən işvəli qadına insanlığın tarixi qədər qədim olan bir taktikaya müraciət etmək tamamilə kifayətdir: qovulmağının, təqib olunmağının heç də əleyhinə olmadığını qabaqcadan işarə verib qaçmaq, imtina edib boyun qaçırmaq, lakin eyni zamanda ona ümid parıltısı saxlamaq:
"Mümkündür ki, mən sabah sizinki olum". Məhz onda uğursuz kişilər onların arxasınca lap dünyanın axırınacan da gedərlər.
Bu hiyləgər fəndlər mühakimə olunmağa layiqdir,–əgər işvəkar qadın həmin fəndləri öz çoxsaylı aşiqlərini tarazlıqdan çıxarmaq üçün işlədirsə. Belə bir davranış işvəkar qadını mütləq əsəbi olmağa vadar edəcək və əgər o, şeytan kimi hiyləgərdirsə, onda heç kəsə güzəştə getmədən, kişilərin qüruruna toxunmadan onları aldatmağı bacarar. Ancaq son nəticədə ən qızğın işvəkar qadın da öz məftunlarının səbrini tükətməklə risk etmiş olur. O, eyni vaxtda üç dovşanın ardınca qaçan Molyerin Selimenası kimi axırda onların heç birini ələ keçirə bilməyəcək.
"Bir halda ki o xoşbəxt tərəfdə mənim sizdə tapdığım bütün şeyləri siz məndə tapmağı bacarmırsınız,–onda ömürlük əlvida! Ağır bir yük olan sizin qandallarınızı mən, nəhayət ki, böyük bir sevinclə çıxarıb ataram…"
Əksinə, əgər işvəkarlığın məqsədi sevən kişilərin sadiqliyini qorumaqdırsa, onda o, tamamilə günahsız bir şeydir və hətta zəruridir. Bu halda qadın öz qəlbinin dərinliyində naz-qəmzəyə, şıltaqlığa heç bir həvəs duymur. "Məhəbbətin ən böyük möcüzəsi ondan ibarətdir ki, o, adamı naz-qəmzədən sağaldır". Ürəkdən vurulmuş qadına əksər halda özünü geriyə baxmadan, heç nədən ehtiyatlanmadan və riyakarlıq etmədən heyrətamiz alicənablıqla təslim etmək daha xoşdur. Lakin bəzən elə olur ki, qadın öz naz-qəmzəsiylə sevdiyi kişini yüngülcə incitmək məcburiyyətində qalır, çünki, həmin kişi əzab çəkmədən, tərəddüd keçirmədən yaşamağı bacarmayan kişilərin cərgəsinə daxildir. Onda kişinin sadiqliyini itirməmək üçün bakirə, lakin ürəkdən sevən qadının hətta yalandan təşəxxüs satması da ayıb deyil, necə ki xəstənin maraqları baxımından hərdən şəfqət bacısı ona qarşı həddən ziyadə amansız olmağa məcbur olur. İynə ağrıdıcı olsa da, şəfavericidir. Qısqanclıq üzücü, əzabverici bir şeydir, amma o, hissləri möhkəmləndirir. Əgər siz, ey mənim yad qadınım, haçansa özünüzü bildirib, sizi tanımağıma icazə versəniz, onda işvəkar olmayın. Yoxsa mən də istənilən başqa birsi kimi mütləq tora düşərəm. Əlvida.
Hamının tanıdığı bir qadın haqqında
– Necə?! Doktor, siz mənim qonşumsunuz?
– Bəli, xanım, sizin iki qonşunuzdan biri.
– Mən sevinc içindəyəm, doktor, uçmağa qanadım yoxdur; çoxdandır sizinlə rahat danışmaq mənə müyəssər olmurdu.
– Mən də çox şadam.
– Mənə sizdən xeyli məsləhət almaq lazımdır, doktor… Bu, sizə çətin olmayacaq ki?
– Doğrusuna qalsa, xanım…
– İlk növbədə, mənim yuxusuzluğum… Mənim necə yuxusuz olduğum sizin yadınızdan çıxmayıb ki? Mən nə görürəm, doktor? Siz şorba yeməyə başlayırsınız?
– Niyə də başlamayım?
– Doktor, bu nədir, sizin başınıza hava gəlib? Sağlamlıq üçün bundan zərərli şey ola bilməz ki, yeməkdən qabaq bu qədər mayedən istifadə edəsən…
– Bağışlayın, xanım…
– Doktor, sizdən xahiş edirəm, bu qatı bulyonu kənara itələyin və gəlin, ikimiz bir yerdə əvvəlcə menyunu yaxşı-yaxşı öyrənək… Bax, semqa gedər… bu balıqda çoxlu zülal var. Kökəldilmiş axta toyuq da pis deyil… Belə ki, bizə lazım olan A vitaminini biz yağ vasitəsilə alırıq; C vitaminini isə meyvələrlə… Amma burada B vitamini, ümumiyyətlə, yoxdur… Əfsuslar olsun! Doktor, sizə belə gəlmir?
– Yoxdursa, deməli, yoxdur.
– Doktor, mənə deyin görüm, gün ərzində mənim kimi işgüzar həyat tərzi keçirən bir qadına nə qədər kalori lazımdır?
– Dəqiq deyə bilmərəm, xanım… Bunun, ümumiyyətlə, heç bir əhəmiyyəti yoxdur.
– Necə yəni heç bir əhəmiyyəti yoxdur? Bəlkə, siz hələ deyəsiniz ki, kömürün parovoz üçün, benzinin isə avtomobil üçün heç bir əhəmiyyəti yoxdur?! Mənim həyat tərzim kişilərin həyat tərzi ilə eynidir və mənə gündəlik üç min kalori lazımdır, yoxsa mən ayaq üstə üzülərəm.
– Xanım, siz bəyəm onları hesablayırsınız?
– Mən onları hesablayırammı!.. Siz, görünür, zarafat edirsiniz, doktor, elədirmi? Mənim cədvəlim həmişə böyrümdə olur… (Çantasını açır.) Baxın, doktor… Vetçina kiloqram hesabıyla min yeddi yüz əlli kalori edir… Cücə min beş yüz kalori, süd yeddi yüz kalori…
– Qiyamətdir. Ancaq məsələn, cücənin bu qanadının nə qədər çəkisi olduğunu necə bilmək olar?
– Mən evdə tələb edirəm ki, bütün porsiyaları çəksinlər. Burada yaxud qonaqlıqda olarkən mən gözəyarı hesablayıram (Qadın ah çəkir). Ah, doktor!..
– Sizə nə oldu, xanım?
– Xahiş edirəm, əl saxlayın! Bu, çox dözülməzdir, eynən bıçağın səsi kimi, eynən saxta not kimi, eynən…
– Axı mən neylədim ki, xanım?
– Doktor, siz zülalları karbohidratlarla qarışdırırsınız… Ah, doktor, əl saxlayın!..
– Eh! Lənət şeytana, mənə nə verirlərsə, onu da yeyirəm…
– Siz? Görkəmli həkim?! Axı siz çox gözəl bilirsiniz ki, sıravi fransızın adi yeməyi, yəni kartoflu bifşteks ən qorxulu zəhərdir, daha bundan təhlükəlisini hazırlamaq mümkün deyil!
– Bununla belə, sıravi fransızın səhhəti çox yaxşıdır.
– Doktor, heç demə, siz xalis kafirsinizmiş. Mən daha sizinlə danışmıram (Güclə eşidiləcək tərzdə). Bəs görəsən, mənim bu biri qonşum kimdir! Mən onun soyadını eşitmişəm, ancaq özüylə tanış deyiləm.
– O, maliyyə nazirliyinin çox mühüm bir məmurudur, xanım.
– Doğrudanmı? Necə də maraqlıdır! (Cəld sağ tərəfə dönür.) Bizim büdcəmizin vəziyyəti necədir, cənab? Siz artıq ucunu ucuna calamısınızmı?
– Mənə rəhminiz gəlsin, xanım… Mən bu gün düz səkkiz saat büdcədən danışmışam… Ümid edirdim ki, heç olmasa, nahar vaxtı nəfəsimi dərərəm…
– Nəfəs dərmək?! Biz sizə nəfəs dərməyə yalnız o zaman imkan verərik ki, siz bizim bütün işlərimizi nizama salasınız… Axı bu, asan işdir.
– Yəni belə asandır, xanım?
– Asandan da asan… Bizim büdcəmiz dörd trilyon təşkil edir, eləmi?
– Bəli, təxminən, bu qədərdir…
– Çox gözəl… Bütün məsrəfləri iyirmi faiz azaldın (Həkimlə maliyyəçi, eynən əlbir adamlar kimi, hər şeydən baş çıxaran, hər şeyi bilən bu xanımın arxasında bir-birinə tam ümidsizlik içində, acizanə nəzərlərlə baxırlar).
Sizin isə, ey mənim qiymətli xanımım, heç nəyi bilməmək üçün sağlam düşüncəniz yetərincədir. Bax ona görə də siz hər şeyi bilirsiniz. Əlvida.
Ardı var...