Qadin.NET / A.Morua "Yad qadına məktublar"-2

A.Morua "Yad qadına məktublar"-2

 

 

Zərifliyin hüdudları haqqında

Pol Valeri bir çox şeylər, əsasən də məhəbbət haqqında çox gözəl mühakimələr edib. Riyazi terminlərdən istifadə etməklə ehtiraslar haqqında fikir yürütmək onun xoşuna gəlirdi. O, tamamilə məntiqə uyğun surətdə belə hesab edirdi ki, ifadənin dəqiqliyi ilə hissiyyatın ələgəlməzliyi arasındakı təzad həyəcanlandırıcı uyğunsuzluq törədir. Onun düsturlarından biri mənim zövqümə xüsusilə uyğundur; mən həmin düstura Valerinin teoreminin adını vermişəm: "Gündəlik alışıb-sönən zərifliklərin miqdarı müəyyən hüdudlara malikdir".

Başqa cür desək, heç bir adam gün ərzində, üstəlik də, həftələr və illər ərzində zərif ehtirasların ab-havasında yaşamağa qadir deyil. Hər şey gec-tez adamı yorub təngə gətirir, hətta başqalarının səni sevməsi də. Bu həqiqəti yadda saxlamaq faydalıdır, çünki cavan adamların bir çoxu eynən ixtiyar qocalar kimi, görünür, onun varlığından xəbərsizdir. Qadın sevginin ilk həyəcanlarından həzz alır; onun nə qədər gözəl və hazırcavab olması, necə şirin danışması, onu əldə etməyin necə məmnunluq bəxş etməsi barədə səhərdən axşamadək aparılan söhbətlərdən qadının qəlbi sevinclə dolur. Qadın bu sözləri təkrarlamaqla öz partnyorunu əmin edir ki, o, dünyada ən yaxşı və ən ağıllı kişidir, müqayisəolunmaz aşnadır, gözəl həmsöhbətdir. Bir sözlə, bu, hər ikisinə–həm qadına, həm də kişiyə

olduqca xoşdur. Bəs sonra? Dilin imkanları sərhədsiz deyil. İngilis Stivensonun qeyd etdiyi kimi: "Əvvəlcə sevgililərin sözü bir-biriylə asan tutur... Mən mənəm, sən də sənsən, bütün başqaları isə qətiyyən maraqlı deyil".

Stivensonun ahəngində yüz dəfə təkrar etmək mümkündür: "Mən mənəm, sən də sənsən". Amma daha yüz min dəfə də yox! Qarşıda isə günlərin tükənməz qatarı dayanıb.

– Kişinin yalnız bir qadınla kifayətləndiyi nigah birliyi necə adlanır?-imtahan götürən müəllim bir amerikalı tələbə qızdan soruşmuşdu.

– Yeknəsəq nigah,-qız cavab vermişdi.

Monoqamlığın yeknəsəqliyə çevrilməməsi üçün diqqətlə göz qoymaq lazımdır ki, zəriflik və onun ifadə forması nəsə başqa bir şeylə növbələşsin. İki nəfərin arasındakı sevgini başqa adamlarla ünsiyyət, ümumi əmək, tamaşa kimi "dənizdən əsən küləklər" təzələməlidir. Tərif sanki təsadüfən, qeyri-ixtiyari olaraq qarşılıqlı anlaşmadan, qarşılıqlı həzdən doğaraq qəlbi riqqətə gətirir; lakin o, mütləq vərdişə çevrilərək adamı bezdirir.

Oktava Mirbonun hər axşam parkda, ay işığının altında görüşən iki sevgilinin dialoqu formasında yazılmış novellası var. Həssas aşiq aylı gecədən daha həzin, daha zərif bir səslə pıçıldayır: "Bir baxın… Həmin skamyadır, ah, gözəl skamya!" Sevgilisi həyəcan içində ah çəkir: "Yenə bu skamya!" Bax səcdə yerinə çevrilmiş belə skamyalardan qorunacağıq. Hisslərin üzə çıxdığı, duyğuların dilə gəldiyi həmin məqamda yaranan və süzülən zərif sözlər gözəldir. Əzbərlənmiş ifadələrdəki zəriflik adamı qıcıqlandırır.

 

A.Morua "Yad qadına məktublar"-2

 

Təcavüzkar və hər şeydən narazı qadın kişini tez bezdirir; ancaq tələbkar olmayan, hər şeyə sadəlövhcəsinə heyran qalan qadın da kişi üzərində hökmranlığını uzun müddət saxlaya bilməz. Ziddiyyət? Əlbəttə. İnsan təzadlardan hörülüb. Gah qabarma, gah çəkilmə. "O, daimi olaraq həyəcan ürpəşməsindən darıxdırıcılığın donuqluğuna keçməyə məhkumdur",-Volter deyir. Bəşər övladının bir çox nümayəndələri belə yaranmışdır ki, onlar sevimli olmağa asanlıqla vərdiş edir və həddən ziyadə əmin olduqları hisslərin üstündə çox da əsmirlər.

Bir qadın kişinin hisslərinə şübhə edirdi və bütün düşüncələri bunun üzərində cəmlənmişdi. Qəfildən qadın öyrənir ki, kişi ona qarşılıqlı surətdə cavab verir. Qadın xoşbəxtdir, lakin kişi bütün sutka ərzində təkrarlasa ki, bəs qadın mükəmməlliyin özüdür, onda qadını bezdirmiş olar. O qədər də üzüyola olmayan başqa bir kişi qadının marağını oyatmağa üstünlük verir. Mən qonaqların qarşısında

məmnuniyyətlə oxuyan gənc bir qız tanıyırdım; qız çox qəşəng idi, bu səbəbdən də hamı onun tərifini göylərə qaldırırdı. Yalnız cavan bir oğlan heç nə danışmırdı.

– Bəs siz?-nəhayət, qız dözməyib ondan soruşdu,-Mənim necə oxumağım sizin xoşunuza gəlmir?

– Nə danışırsınız? Əksinə!-gənc oğlan cavab verdi,-Əgər səsiniz də olsaydı, bu, sadəcə qiyamət olardı.

Bax? qız elə bu gəncə də ərə getdi. Əlvida!

İnsan hisslərinin dəyişilməzliyi haqqında

Mən yenə də teatrdayam, ancaq əfsuslar olsun ki, siz orada yoxsunuz. Mən özümə və sizə görə çox pərişanam. Ürəyimdən, az qala bağırmaq keçir: "Afərin, Russen, qiyamət məzhəkədir!" Səhnələrdən biri tamaşaçıları xüsusilə əyləndirmişdi. Həmin səhnədə bir cavan oğlan atasının katibəsini uşaqla mükafatlandırır. Gəncin nə vəzifəsi var, nə pulu; katibə isə ağıllıdır və öz gündəlik ruzisini özü qazanır.

Oğlan ona evlənmək təklif edəndə qızdan rədd cavabı alır. Onda bu gənc atanın anası acı-acı gileylənir: "Mənim bədbəxt oğlum, qız onu tovlayıb yoldan çıxartdı, sonra da atdı… Gözdən, nüfuzdan saldı, indi də günahları ört-basdır etməkdən imtina edir!"

Klassik situasiyanın astar üzünə çevrilməsi. Ancaq bizim yaşadığımız günlərdə hər iki cinsin qarşılıqlı iqtisadi münasibətləri çox vaxt, necə deyərlər, tərsinə çevrilmiş olur. Qadınlar keçmişdə olduğundan xeyli çox qazanmağa başlayıblar. İndi onlar ərlərinin kefindən, istək və şıltaqlığından az asılıdırlar. Balzakın dövründə ərə getməkdən yaxşı ayrı nəsə fikirləşib tapmaq çətin məsələ idi, Russenin vaxtında-bu, hələ sualdır. Filipp Erianın "Qüsursuz qadın" əsərində gənc qız kişi "köməyi" olmadan uşaq doğmasına yardımçı olmaq üçün elmə müraciət edir.

Gerçəklikdə elm bu qeyri-adi istəyi yerinə yetirməkdə gücsüzdür, hərçənd bioloqlar son dərəcə əcaib və təhlükəli olan belə eksperimentlərə artıq girişiblər. Oldos Haksli özünün "Gözəl yeni dünya" kitabında yüz ildən sonra insan nəslinin dünyada məhz necə peyda olacağını təsvir etməyə can atıb. Dünyaların ən yaxşısı hesab etdiyi həmin dünyada təbii döl istisnadır. Cərrahlar qadınların

yumurtalarını çıxarırlar, onlar lazımi mühitdə saxlanılır və hələ ki mayalanma ilə döllənən yumurta-hüceyrələri istehsal edir. Bir yumurtacıq on altı min bacı-qardaşa,qrup şəklində doxsan altı əkiz cütlüyə həyat bəxş edə bilər.

A.Morua "Yad qadına məktublar"-2

Sevgi? Bağlılıq? Münasibətlərin romantikası? Dünyaların ən yaxşısı olan həmin dünyanın hökmdarları bu köhnəlmiş, yıpranmış zir-zibilə dərin nifrət bəsləyirlər. Ataları, anaları, ərləri, sevgililəri olmuş XX əsrin bədbəxtlərinə onların yazığı gəlir. Onların fikrinə görə, keçmişdəki adamların ağılsız, qəzəbli və yararsız-dəyərsiz olmalarına təəccüblənmək lazım deyil, çünki ailə, ehtiraslar, rəqabət hissi

toqquşmalara, komplekslərə gətirib çıxarmışdı. Bədbəxt əcdadlar istər-istəməz, öz iradələrindən asılı olmayaraq getdikcə daha dərin iztirab keçirirdilər, hisslərin daimi kəskinliyi isə ruhi tarazlığı saxlamaqda onlara mane olurdu. "Simasızlıq. Oxşarlıq. Soyuqqanlılıq"–sevginin mövcud olmadığı həmin dünyanın vəhdət təşkil edən üç ünsürdən ibarət devizi belədir.

Xoşbəxtlikdən bütün bunların hamısı fantaziyadır, xülyadır və bəşəriyyət bu yolla irəliləmir. Bəşəriyyət heç də düşünüldüyü qədər çox deyil, ümumiyyətlə, az dəyişir. O, dəniz kimidir: üstü coşur, təlaş keçirir, ancaq insan qəlbinin girdabına yuvarlanmaq yetər ki, vacib hissiyyatların dəyişməzliyinin şahidi olasan.

Bizim gənclərimiz nə oxuyurlar? Prever və Kosmanın mahnısını: "Gəncliyinin əbədi davam edəcəyini düşünərkən sən nə qədər də yanılırsan, gözəl qız!.." Bu mövzu haradan gəlib? Artıq dörd əsr yaşı olan Ronsarın şerindən:

Nuş edin gəncliyin şirin dadından!

Qocalıq çağında sevinc ummayın:

Gözəllik gül kimi solub gedəcək.

Pleyada, yaxud deyək ki, Müsse dövrü şairlərinin bütün motivləri bu gün də səslənir; onların əsasında Sen-Jermen-de-Pre üçün istənilən zövqə uyğun xeyli mahnı bəstələmək olar. Bu oyunu oynayın: o çox sadə, maraqlı bir oyundur və sizin xeyrinizə olacaq. Ey mənim qəlbimin yad qadını,-de mi alma-sizin nəyəsə qərar verməyiniz lazımdır. Russenin pyesindəki təkəbbürlü katibə, nəhayətdə öz

"Qurbanlığına" ərə gedir, siz isə hələ də XVI əsrdəki öz bacılarınızın eynisiniz. Əlvida.

Ardı var...

9 fevral 2015
GO BACK