Qadin.NET / Fyodor Dostoyevski "Bəyaz gecələr"

Fyodor Dostoyevski "Bəyaz gecələr"

Fyodor Dostoyevski "Bəyaz gecələr"

"Bəyaz gecələr" kitabı  saytımızda Fyodor Dostoyevskidən təqdim etdiyim 5-ci kitabdır.
Bu yaxınlarda Fridrix Nitşenin yazıçı haqqında yazdığı maraqlı fikrə rast gəldim: "Dostoyevski özündən bir şeylər öyrənə bildiyim tək psixoloqdur; həyatımın ən xoşbəxt anlarını verəcək kəşflərimin başında gəlir, Stendalı kəşfimdən belə daha böyük xoşbəxtlik verib mənə". Yaxud Albert Eynşteynin dediyi: "Dostoyevski mənə bütün elm adamlarından daha çox şey vermişdir".- kimi fikirlərə yazıçının əsərlərini oxuduqdan sonra qatılmamaq olmur.
"Bəyaz gecələr" povestini Fyodor Dostoyevski 1848-ci ilin sentyabr-noyabr aylarında yazmış və ilk dəfə "Oteçestvennıye zapiski" (1848, в„– 12) jurnalında "F.Dostoyevski, Dostoyevskinin gənc şair dostu Pleşeyevə" imzası ilə nəşr etdirmişdi. Əsər üçün epiqraf olaraq müəllif İvan Turgenevin "Çiçək" (1843) şerindən seçmişdir.

"Yoxsa o bir an üçün belə olsa,
Sənin qəlbinin yanında
Olmaq üçünmü yaradılmış?"

(İ.Turgenev)

Povestin süjeti

Povestin baş qəhrəmanı - bir xəyalpərəst oğlandır, tənha və utancaq şəxsdir.  Bəyaz gecələrin birində xəyalpərəst oğlan Nastya adlı bir qızla tanış olur, zaman keçdikcə ona aşiq olur. Amma Nastya ona dost və qardaş gözü ilə baxır. Qız ona özünün keçmiş monoton həyatından, ilk məhəbbətindən və sevdiyi insanın onu necə tərk etdiyindən danışır. Xəyalpərəst oğlan Nastyaya yardım edir, ona mənəvi dəstək olur. Oğlanın duyğularını layiqincə qiymətləndirməyə can atan Nastya bir gün onun sevgisinə cavab verməyi qərara alır. Lakin əvvəlki sevgilisi qayıdınca, qız üzr istəyərək dostunu tərk edir. Oğlan Nastyanı bağışlayır və yenə sevməyə davam edir. Nastya onun həyatının ən parlaq səhifəsidir! O isə sadəcə Nastya üçün bir mənəvi dəstək rolunu oynamışdır və o yenidən tənhadır.

Fyodor Dostoyevski "Bəyaz gecələr"

Povest haqqında düşündüklərim

Povestin qəhrəmanının öz həyat hekayələrində söylədiyi "Biz hamımız az-çox xəyalpəsətik!" fikrindən başlayaraq onu dəyə bilərəm ki,  bir insanın əhatəsindəki həyatından məmnun olmaması, hər şeyin sıradan olmasının boğuculuğu içərisindən çıxaraq ideal bir dünyaya qaçış məsələsi əsərdə Dostoyevski dili ilə özünəməxsus şəkildə təsvir edilib. Bilmirəm, bəlkə də povestin baş qəhrəmanının prototipi Dostoyevskinin əsəri həsr etdiyi gənc şair dostu A.N.Pleşeyevdir. Çünki, Pleşeyev haqqında qısaca məlumat aldıqdan sonra bəlli oldu ki, povestin qəhrəmanının sözlərində Pleşeyevin lirik şerlərindən bəzi motivlər istifadə olunmuşdur.
Buna baxmayaraq nəzərə alsaq ki, Dostoyevski povesti yazarkən özü də 27 yaşında idi və  "Dörd gecə davam edən bir sevginin xəyalı" olaraq yazılmış əsərində sanki romantikliklə xəyalpərəstliyi bir-birinə qarışdırmışdır. Povesti oxuyarkən özümüz də görürük ki, baş qəhrəman xəyalpərəstlik səbəbindən dərin şəkildə acı çəkməkdədir və  "bütün fantaksik illərini" real həyatın bir günü ilə dəyişməyə hazırdır.

Fyodor Dostoyevski "Bəyaz gecələr"

Dostoyevskinin "Bəyaz gecələr" povesti digər əsərlərdən daha poetik olması ilə fərqlənir. Gənc məmur-raznoçinets və gənc qız Nastya, ikisi də təmiz və bərraq ruhlardır, burda onlar bəyaz gecələrin işığı ilə aydınlanan  Peterburq kanallarının fonunda təsvir edilmişlər. (Bu təsviri oxuyarkən Robert Şumanın "Träumerei" (Xəyal) bəstəsini dinləyə bilərsiniz. Özüm Denis Matsuyevin ifasında dinlədim.)

 

Qəribədir ki, qəhrəman-xəyalpərəst əsərin əvvəlində özünün arzulamaq, xəyal qurmaq bacarığını itirməsindən qorxur, reallıqla üzləşməkdən çəkindiyini bildirir. Hələ yenicə tanış olduğu Nastenkaya öz qorxuları barədə danışır. Daha sonrakı danışıqlarında isə onun bu fantaziyalarının zamanla bitməsi və yorğunluqla əvəz edilməsi, irəlidə onu qara sonluq gözləməsi fikirlərinin etirafı olur. "Daha illər keçəcək və ardından kədərli yalnızlıq gələcək, çəlikli, titrək qocalıq gələcək, daha sonra da sıxıntı və böhran. Fantastik dünyan ağaracaq, donacaq, xəyalların yox olacaq və ağaclardan düşən sarı yarpaqlar kimi töküləcək.... "

Xəyalpərəstə bir anlıq elə gəlir ki, o öz xoşbəxtliyini nəhayət ki, tapmışdır, Nastenkaya olan sevgisi onu səadətə qovuşduracaq. Ancaq bu baş vermir, çünki Nastenkanın ürəyi başqasındadır və o başqası da şəhərə gəlib çıxmışdır. Xəyalpərəst yenə yalnız qalsa da, xəyal qurmağa davam edir, özünə etiraf edir ki, bu cür yaşanmış "dörd fantastik gecədən" sonra artıq insana nə lazımdır ki? Bir növ özünü təsəlli etmiş olur.

Nastenka obrazına gəldikdə isə əsərin əvvəlində nənəsi barədə uşaqlıq hekayəsi qəribədir. Nənəsinin ətəyinə iynələnməsi hadisəsi oxucuya anormal təsir bağışlaya bilər. Təsəvvür edin, bir nəvəni öz yubkasına iynələyən nənə barədə oxuyursunuz. Psixoloji problemli nənə olmalıdır, yəqin belə nənə. Amma bunu da nəzərə alsaq ki, yaşadığımız dünyada hər cürə qəribəliklərlə dolu hadisələr baş verməkdədir, o zaman bizlərə yazıçının öz dövrü üçün psixoloji müşahidə qabiliyyətinə sadəcə əhsən demək düşər. Əsərdə təsvir edilən Nastenka sadə, mehriban, xeyirxah, ciddi, sakit, həssas və mənəvi yara almış qızdır. Bir qədər də qarışıq fikirlidir, povestin əvvəlində gənc xəyalpərəstlə tanış olan Nastenka "Dostluq üçün hazıram, amma xahiş edirəm aşiq olmaq olmasın"- desə də, hadisələrin sonrakı gedişatında düşünülməmiş addım ataraq xəyalpərəstlə gələcək haqqında planlar qurmağa başlayır. Daha sonra əsl sevdiyi insan qayıdınca gənc xəyalpərəstdən üzr istəyərək onu üz üstə buraxır, səmimi qəlbdən sevdiyi sevgilisinin yanına gedir. Nastenkanın bu hərəkətinə iki tərəfdən baxmaq olar. Bəzi oxucular bu obraz haqqında düşünə bilərlər ki, qız axmaq bir hərəkət etdi, əgər sevmirdirsə, gənc xəyalpərəstə zərrə qədər ümid işığı da verməməli idi, "o, olmasın, bu olsun" prinsipindən istifadə etmək istəyirmiş. Digər qisim oxucular üçün isə bu cür obraz çox bəyənilən ola bilər, belə ki, Nastenka kimi ürəkdən səmimi sevgisinə sadiq olan qızlar həyatda az rast gəlinəndir. Nastenka düşdüyü vəziyyətdən çıxış yolu axtararaq çabalamaqda idi, xəyalpərəst isə onu bu çırpınmalardan qurtarmışdı.

Povesti incələyərkən əsərin ekranlaşdırılması ilə bağlı müxtəlif ölkə istehsalı olan (bəzilərinin ssenarisi dəyişdirilmiş) xeyli sayda filmə rast gəldim. Onlardan birini izlədim. 2008 -ci il istehsalı Amerika romantik dramı "İki sevgili" (Two lovers). Film seçimim uğursuz alındı, süjet xətti "Bəyaz gecələr"-dən götürülsə də, ssenaridə dəyişikliklər edilmişdi, amma belə maraqlı idi. Düşünürəm ki, povestlə bağlı daha köhnə filmləri (50-60-cı illər) izləmək yaxşı olar.

Bütövlükdə povest əladır, xəyal qurmağı sevən romantiklər qaçırmasınlar.

Fyodor Dostoyevski "Bəyaz gecələr"

Povestdən seçdiyim hissələr

"O qədər çox və uzun gəzdim ki, yenə harada olduğumu vərdiş etdiyim kimi unutmağı bacardım, birdən özümü şəhərin qurtaracağında gördüm. Bir anda sevindim və baryerlərin o biri tərəfinə keçib əkilmiş tarlaların, çayırların arasında yeridim, yorğunluq hiss etmirdim, amma bütün varlığımla ruhumdan bir yükün qalxdığını hiss etdim".

***

"İndiki anda, sevgili Nastenka, indiki anda yeddi möhürlü qutuda min il qalmış və sonda yeddi möhürün hamısını qoparıb atmış Süleyman Peyğəmbərin ruhu kimiyəm. İndiki anda, sevgili Nastenka, belə uzun bir ayrılığın ardından təkrar görüşdükdən sonra, - çünki mən sizi uzun zaman əvvəl tanıdım, Nastenka, çünki uzun zamandır birini axtarırdım, bu da tam sizi axtardığımın və bizim indiki anda qovuşmağımızın qədərimizdə yazılı olduğunun bir işarəsidir- indiki anda başımda minlərcə kran açıldı və mən sözcüklər çayını boşaltmasam, boğulacağam".

***

"Və xəyalpərəst boş yerə külləri qarışdırır kimi köhnə xəyallarını qarışdırır, o küllərdə bir qığılcım olması üçün axtarmağa səy göstərir; onu üfləmək, soyuyan qəlbini canlanan alovla isitmək və ondakı daha əvvəl şirin-şirin gəlmiş, ruhu rahatsız etmiş, qanı qaynatmış, gözlərindən yaşlar axıtmış və özünü görkəmli şəkildə aldatmış olan şeyi təkrar diriltmək üçün! Bilirsinizmi, Nastenka, hara vardım? Bilirsinizmi, artıq öz hisslərimin ildönümünü qeyd etməyə qədər vardım-çünki bu ildönümü o boş, məqsədsiz xəyallar üçün qeyd edilir-və bunu etməyə məcburam, çünki bu boş xəyallar yoxdur, daha sonra heç biri həyatda qalmır. Nəticədə xəyallar da həyatda qalır! "

***

"Daha illər keçəcək və ardından kədərli yalnızlıq gələcək, çəlikli, titrək qocalıq gələcək, daha sonra da sıxıntı və böhran. Fantastik dünyan ağaracaq, donacaq, xəyalların yox olacaq və ağaclardan düşən sarı yarpaqlar kimi töküləcək.... Ah, Nastenka! Nəticədə qüssə ilə yalnız qalır insan, tam mənasıyla yalnız və hətta yazıqlanacaq bir şey belə olmaz-heç, tam olaraq heç... Çünki yox olub gedən hər şey, hər şey heçdir, axmaqca, yuvarlaq sıfır, yalnızca xəyaldır!"

***

"Uzun müddət danışdıq, amma sonda mən özümü itirdim, nənəmlə yaşamayacağımı, ondan qaçacağımı, məni özünə iynələməsini istəmədiyimi, nə istəsə edəcəyimi, onunla Moskvaya gedəcəyimi, çünki onsuz yaşaya bilməyəcəyimi söylədim. Həm utanc, həm sevgi, həm qürur- hamısı bir yerdə danışırdı məndə və tükənmiş bir halda yatağa yıxıldım. Rədd edilməkdən çox, həm də çox qorxurdum!"

"Bədbəxtkən başqalarının bədbəxtliyini daha güclü hiss edirik; duyğu parçalanmaz, qatılaşar"...

***

"Amma sənə kin bəsləməkmi, Nastenka! Sənin açıq, sakit xoşbəxtliyini qara bir buludla kölgələmək, acı ilə günahlandırıb sənin qəlbinə sıxıntı düşürərək onu gizli bir peşmanlıqla iynələmək və onu səadət anında əzaba düşməyə məcbur etmək, onunla birlikdə kürsüyə doğru gedərkən qara saçlarına taxdığın narın çiçəklərdən birini əzmək... Ah, heç bir zaman, heç bir zaman! Sənin səman açıq olacaq, sənin şirin gülüşün işıqlı və bərraq olacaq, o biri, yalnız, minnətdar qəlbə verdiyin səadət və xoşbəxtlik anı üçün mübarək olacaqsan!

Tanrım! Tam bir səadət anı! İnsanın bütün həyatı üçün də olsa, bu az şey sayılırmı?"

 Yüklə 


25 dekabr 2014
GO BACK