Qadin.NET / F.Kafka "Məhkəmə"-24

F.Kafka "Məhkəmə"-24

 

F.Kafka "Məhkəmə"-24

 

Leni gedib onu gətirmək əvəzinə qapıya yaxınlaşaraq qışqırdı: 

– Blok, vəkilin yanına,–və sonra da vəkil hələ də üzü divara olduğu üçün ona fikir vermədiyini görüb, səssiz addımlarla K.-nın oturduğu kreslonun arxasına keçdi. Bundan sonra ona rahatlıq vermədi, gah başını kreslonun söykənəcəyindən irəli uzatdı, gah da əlləri ilə ehtiyatla, nəvazişlənonun slarını, yanaqlarını sığalladı. K. axırda ona mane olmaq üçün bir əlindən yapışdı, qız onu onu çıxarmağa çalışdı, ancaq alınmadığını görüb sakitləşdi. 

Blok qızın səsini eşidən kimi qapıya gəldi, ancaq çatan kimi dayandı, deyəsən fikirləşdi ki, içəri girsin, ya girməsin. Qaşlarını dartaraq başını aşağı əydi, sanki “Vəkilin yanına”–əmrinin bir də təkrar olunmasını gözlədi. K. istəsə, onu içəri keçməyə ürəkləndirərdi, ancaq qərara almışdı ki, bu evdə yalnız vəkillə deyil, hamı ilə biryolluq qurtarsın və buna görə də yerindən qımıldanmadı.

Leni də susurdu. Blok hiss etdi ki, ən azı, onu burdan qovan olmayacaq və ayaqlarının ucunda içəri girdi. Üz-gözündən gərginlik yağırdı, əllərini arxasında çarpazlamışdı. Qapını da açıq qoydu ki, birdən geri qayıdası olar. O, K.-ya tərəf baxmırdı, gözlərini yorğana zilləmişdi, onun altında uzanıb divara qısılmış vəkil isə görünmürdü. Birdən onun səsi eşidildi: 

– Blok gəldi? 

Bu sual çarpayıdan xeyli aralıda dayanmış Blokun sinəsinə, sonra da kürəklərinə sanki bir yumruq kimi dəydi, o səndələdi, ikiqat olaraq dedi: 

– Mənə görə qulluğunuz?! 

– Nə istəyirsən? Gəlişin yerinə düşmür. 

– Məni çağırtdırmayıbsınız?–Blok bu sualı sanki vəkilə deyil, özünə verdi və əllərini qaldıraraq getməyə hazırlaşdı. 

– Çağırtdırmışam!–Vəkilin səsi eşidildi,–buna baxmayaraq gəlişin yerinə düşmür,–bir az fasilə verib əlavə etdi:–Sənin gəlişin heç vaxt yerinə düşmür. 

Vəkil danışmağa başlayan andan Blok çarpayıya tərəf baxmırdı, gözlərini evin küncündə bir nöqtəyə zilləmişdi, sanki vəkilin sözlərindən gözləri qamaşırdı, buna dözə bilmirdi. Vəkil üzü divara tərəf, özü də alçaqdan, tez-tez danışdığı üçün nə dediyini başa düşmək olmurdu. 

– Getməyimi istəyirsininz?–Blok soruşdu. 

– Artıq gəlibsən,–dedi vəkil,–qal! 

Görən deyərdi ki, vəkil onun qalmaq arzusunu yerinə yetirmək əvəzinə Bloku döyməklə hədələdi və o, doğrudan da titrəməyə başladı. 

– Dünən üçüncü hakimin–dostumun yanındaydım,–vəkil sözə başladı,–söhbəti yavaş-yavaş sənin üstünə gətirdim. Onun nə dediyini bilmək istəyirsən? 

– Əlbəttə! Xahiş edirəm... 

Vəkil bir az gec cavab verdiyi üçün Blok xahişini bir neçə dəfə təkrar etdi və o qədər əyildi ki,

sanki diz çökmək istədi. Həmin anda K. onun üstünə qışqırdı: 

– Neyləyirsən?

Leni əli ilə onun ağzını tutmağa çalışdı ki, qışqıra bilməsin, ancaq K. qızın bu əlindən də yapışıb sıxdı. Ancaq bu sıxmaq istəkdən deyildi və ona görə də qız tez-tez ah çəkərək əllərini çıxarmağa çalışdı. K.-nın qışqırdığına görə Blok cəzalandırıldı. Vəkil ondan soruşdu:

– Sənin vəkilin kimdir? 

 

F.Kafka "Məhkəmə"-24

 

– Siz! 

– Məndən başqa kimdir? 

– Sizdən başqa heç kəs!

– Onda heş kəsə qulaq asma! 

Vəkilin dedikləri ilə razılaşan Blok acıqla K.-ya baxdı, əsəbi halda başını yellətdi. Onun bu hərəkətlərini sözlərə çevirsəydin, kobud söyüşlər alınardı. K. da belə bir adamla dostcasına öz işi barədə danışmaq istəyirdi... 

– Daha sənə heç nə deyən deyiləm,–K. kresloya söykəndi,–istəyirsən diz çök, istəyirsən də iməklə, öz işindir. Daha heç nəyi vecimə alan deyiləm. 

Ancaq Blokun da öz mənliyi vardı, ən azı K.-dan çəkinəcəyi yox idi və ona görə də əl-qolunu ölçə-ölçə ona tərəf yeridi, vəkilin yanında olduğu üçün çox da ucadan qışqıra bilmədi: 

– Mənimlə belə danışa bilməzsiniz, buna haqqınız yoxdur! Niyə məni təhqir edirsiniz? Üstəlik də cənab vəkilin–ikimizə də, sənə də, mənə də mərhəmət göstərən bir adamın yanında? Məndən üstün adam deyilsiniz, çünki siz də nədəsə ittiham olunursunuz, məhkəməniz gedir. Bundan əlavə, əgər özünüzü cənab hesab edirsinizsə, elə mən də cənabam, bəlkə də sizdən yaxşı

cənabam. İstəyirəm, siz də mənə cənab kimi müraciət edəsiniz. Sizin burda sakitcə oturub qulaq asmağınızı, mənimsə, bayaq dediyiniz kimi, iməkləməyimi öz üstünlüyünüz hesab edirsinizsə, onda yadıma köhnə bir məhkəmə məsəli düşür: müttəhim üçün hərəkət etmək sakit dayanmaqdan sərfəlidir, çünki kim sakit dayanırsa, özü də bilmədən tərəzinin gözündə oturmuş olur və onun bütün günahları ölçülür. 

K. dinmədi, sakitcə nə danışdığını bilməyən bu adama baxıb heyrətə gəldi. Bu son saatda o nə qədər dəyişmişdi! Yoxsa onu bir yerdə qərar tutmağa, dostunu, düşmənini tanımağa qoymayan da məhkəmə idi? Məgər görmürdü ki, vəkil onu qəsdlə alçaldır və indi də yeganə məqsədi K.-ya öz gücünü göstərmək, bəlkə bu yolla onu da özünə tabe etdirmək istəməsidir? Əgər Blok bunu görməyi bacarmırdısa və ya vəkildən belə qorxurdusa, onda necə olurdu ki, hiyləgərlik edirdi, vəkili aldatmağa cəsarəti çatırdı, başqa vəkilləri ola-ola, bunu vəkildən gizlədirdi? Bəs buna necə cəsarəti çatırdı ki, K.-nın bu sirri elə indicə aça biləcəyindən qorxmayıb ona hücum çəkirdi? Hələ bütün bunlar az imiş kimi, vəkilin çarpayısına yaxınlaşıb orda da K.-dan şikayətə başladı:

– Cənab vəkil, bu kişinin mənimlə necə danışdığını eşitdiniz? Onun məhkəməsinin saatlarını da saymaq olar, ancaq indi durub mənə– məhkəməsi beş ildir davam edən bir adama yaxşıca dərs verir. Hətta məni söyür də! Özünün heç nədən başı çıxmır, ancaq məni söyür! Mən isə bu zəif gücümün çatdığı qədər ədəb-ərkanın, vəzifə borcunun, məhkəmə qaydalarının adamdan tələb etdiyi hər şeyi dəqiq öyrənmişəm. 

– Heç kəsə fikir vermə,–vəkil dilləndi,–nəyi düzgün hesab edirsənsə, onu da elə!

– Əlbəttə!–Blok sanki bunula özünə ürək-dirək verdi və K.-ya qıyqacı bir bir nəzər salıb çarpayının önündə diz çökdü. 

– Hüzurunuzda diz çökürəm, mənim vəkilim! -dedi. 

Vəkil isə susurdu. Blok bir əli ilə yorğanı ehtiyatla sığalladı. Araya sükut çökdü və bu zaman K.-nın əlindən qurtarmış Leninin səsi eşidildi: 

– Ağrıdır... Burax... Blokun yanına gedirəm.

Qız ona tərəf gedib çarpayının kənarında oturdu. Blok Leninin gəlişinə çox sevindi və coşqunluqla, ancaq lal bir işarə ilə xahiş etdi ki, vəkilin yanında onun tərəfini saxlasın. Görünür, vəkilin deyəcəyi xəbərlər onun üçün çox vacib idi, bəlkə də onları o biri vəkillərinə tez çatdırmaq istəyirdi. Yəqin ki Leni vəkilə necə yaxınlaşmağın çəmini yaşı bilirdi və onun əlini göstərərək dodaqlarını yumruladı, sanki öpməyə hazırlaşırdı. Blok o dəqiqə vəkilin əlindən öpdü və Leninin təhriki ilə bunu iki dəfə də təkrarladı. Ancaq vəkil hələ də susurdu. Onda Leni özü çarpayının üstündən vəkilə tərəf əyildi və həmin anda şux qamətinin bütün gözəlliyi göründü. Başını vəkilin sifətinə lap yaxınlaşdıraraq onun dümağ uzun saçlarını sığalladı. O nəsə deməyə məcbur oldu:

Bunu deməyə tərəddüd edirəm,–deyə vəkil başını bir az tərpətdi, sanki bununla zın əlinin təmasını daha yaxşı hiss etmək istədi. Blok başını aşağı salıb onlara elə qulaq asırdı ki, deyərdin bu da ona yasaq olunub.

– Niyə tərəddüd edirsən ki?–Leni soruşdu. 

K.-ya elə gəldi ki, əvvəlcədən hazırlanmış bir söhbətə qulaq asır. Bu söhbət həmişə təkrar olunmuşdu, bundan sonra da olunacaqdı və Blok üçün də həmişə təzə qalacaqdı. 

– Bu gün özünü necə aparıb?–Vəkil cavab vermək əvəzinə soruşdu. 

– Leni onun sualına cavab verməmişdən əvvəl yuxarıdan aşağı Bloka, onun yalvarış əlaməti kimi əllərini necə yuxarı qaldıraraq bir-birinə çarpazladığına baxdı, sonra ciddiləşərək başını tərpətdi və dedi:

– Sakit, çalışqan idi! 

İşə bax, yaşlı bir tacir, uzun saqqallı bir kişi gənc qızdan imdad diləyirdi! Bəlkə də burda nəsə bir gizli məqsədi vardı, ancaq heç nə onun bu hərəkətinə haqq qazandıra bilməzdi! K. heç cür ağlına sığışdıra bilmirdi ki, vəkil bu tamaşa ilə onu öz tərəfinə çəkmək fikrinə düşər. Əgər bundan əvvəl K. ondan imtina etməmiş olsaydı, bu səhnə ilə bəlkə də arzusuna çatardı. İndi, demək olar ki, tamaşaçısını da alçaldırdı. Deməli, bu vəkilin iş üsulu belə imiş, müştərini elə bir vəziyyətə salırmış ki, o, hər şeyi unudurmuş, çaşqınlıq içində sürünə-sürünə məhkəmənin sonuna qədər gedib çıxacağına ümid bəsləyirmiş və xoşbəxtlikdən, K. bu vəziyyətə düşməmişdi, çünki vaxt az olmuşdu. Həmin adam onda vəkilin müştərisi yox, iti olurdu. Əgər vəkil ona əmr etsəydi ki, koması kimi çarpayının altına girib orda hürsün, bunu məmnuniyyətlə edərdi. Sanki K.-ya tapşırıq verilmişdi ki, burda danışılanların hamısını yadda saxlasın, sonra da yüksək instansiyaların birinə bu barədə yazılı məlumat versin, ona görə də çox diqqətlə qulaq asır, heç nəyi buraxmaq istəmirdi.

– Bütün günü nə işlə məşğul olub?–deyə vəkil soruşdu. 

– Qulluqçunun otağına salıb qapını bağlamışdım ki, mənə mane olmasın. Çox vaxt orda qalır. Hərdən də pəncərədən nə ilə məşğul olduğuna baxırdım. Çarpayının üstündə dizi üstə çöküb sənin verdiyin sənədləri pəncərənin qabağına sərmişdi, onları oxuyurdu. Bu, mənim xoşuma gəldi. Əslində, pəncərə hava gələn şaxtaya açılır və ordan, demək olar ki, işıq düşmür. Buna baxmayaraq, Blokun oxuması göstərdi ki, üzüyola adamdır. 

– Bunu eşitdiyimə çox şadam,–vəkil dilləndi,–ancaq görəsən başa düşə-düşə oxuyurdu? 

Bütün bu söhbət əsnasında Blokun dodaqları dayanmadan tərpənirdi, yəqin ki, Lenidən gözlədiyi cavabları öz-özünə pıçıldayırdı.

– Əlbəttə, mən bu suala dəqiq cavab verə bilmərəm. Ancaq görürdüm ki, çox diqqətlə oxuyur. Bütün günü bir səhifənin üstündə qalıb və oxuya-oxuya da barmağını sətirlərin üstündə gəzdirib. Hər dəfə baxanda görürdüm ki, ah-uf edir, sanki oxumağa çətinlik çəkirdi. Yəqin ona verdiyin sənədlər çətin başa düşülür. 

– Bəli, doğrudan da elədir. İnanmıram ki, nəsə başa düşmüş olsun. Bu sənədələr yalnız ondan ötrüdür ki, onun müdafiəsi üçün necə çətin mübarizə apardığımı başa düşsün. Ancaq mən bu çətin mübarizəni kimin üçün aparıram? Adam deməyə də utanır–Blok üçün! Bunun da nə demək olduğunu başa düşməlidir. Ara vermədən oxuyub? 

– Demək olar ki, ara verməyib. Yalnız bircə dəfə su istəyib. Pəncərədən bir fincan su vermişəm. Saat səkkizdə çölə buraxmış və bir az yemək vermişəm. 

Blok qıyqacı baxışlarla K.-nı süzdü, sanki onun qəhrəmanlığından danışırdılar və o da bunu nəzərə almalı idi. Deyəsən, qəlbində yeni ümidlər baş qaldırmışdı, indi özünü bir az sərbəst aparırdı, hətta dizi üstə döşəmədə o tərəf-bu tərəfə gedirdi. Ancaq vəkilin sözlərindən sonra necə daşa döndüyü də aydınca göründü. Vəkil dedi: 

– Sən onu tərifləyirsən, mən də elə ona görə danışa bilmirəm. Əslində, hakim Blokun özü haqda da, məhkəməsi barədə də yaxşı danışmadı. 

– Yaxşı danışmadı? Bu necə ola bilər? 

Blok qıza elə gərginliklə baxdı ki, sanki hakimin dediklərini onun xeyirinə yozacağına inanırdı. 

– Yaxşı danışmadı,–vəkil sözünə davam etdi,–Blokdan söhbət salmağım heç xoşuna gəlmədi.

Blok barədə danışmayın!”–dedi. Dedim ki, o mənim müştərimdir. “O sizdən sui-istifadə edir,”–dedi.

Dedim ki, onun işini ümidsiz hesab etmirəm. “O sizdən sui-istifadə edir”,–deyə təkrar etdi. Dedim ki, mən buna inanmıram, Blok çox fəaldır, işini boş buraxmır, demək olar ki, həmişə mənim yanımda qalır, hazır dayanır, bu cür canfəşanlıq hamıda olmur. Düzdür, bir insan kimi xoşagələn deyil, özünü aparmağı bilmir, pintidir, ancaq məhkəmə məsələlərində nöqsansızdır. Nöqsansızdır deyəndə, özüm qəsdlə şişirtdim. Hakim isə dedi: “Blok bicdir. Çoxlu təcrübə toplayıb, məhkəməni uzatmağın yolunu tapıb. Ancaq kütlüyü bicliyindən çoxdur. Görəsən xəbər tutsa ki, məhkəməsi hələ heç başlamayıb, onun başlanması ünün hələ zəng çalınmayıb, onda sözü nə olacaq?!– Bu anda Blok tərəddüdlə qalxmaq istədi və yəqin xahiş edəcəkdi ki, bunların nə demək olduğunu ona başa salsın. İlk dəfə idi ki, vəkil birbaşa Blokun özünə müraciət edirdi.

Yorğun baxışları gah Bloka, gah da uzaqlara zillənirdi və Blok da bu baxışlar altında təzədən dizi üstə çökdü.–Sakit ol, Blok! Hakimin nə dediyinə fikir vermə. Hər sözdən qorxma. Bir də belə eləsən, sənə heç nə deyən deyiləm. Adam ağzını açan kimi elə baxırsan ki, elə bil hökm oxunur. Heç olmasa, mənim müştərimdən utan! Onun mənə olan inamını da qırırsan. Hələ yaşayırsan, mənim himayəmdəsən, özgə nə istəyirsən? Mənasız yerə qorxursan! Özün də hardasa oxuyubsan ki, bəzi hallarda son hökmü kimsə nə vaxtsa gözlənilmədən oxuyur. Bir çox hallar nəzərə alınmasa, yazılanlar düzdür, ancaq bu da bir həqiqətdir ki, sənin bu cür qorxmağın məni artıq iyrəndirir, eyni zamanda, mənə lazım olan qədər inanmadığından xəbər verir. Axı nə dedim ki? Yalnız bir hakimin fikirlərini çatdırdım. Özün də bilirsən ki, iş haqqında müxtəlif fikirlər söylənilir, onların hamısından baş açmaq olmur. Məsələn, bu hakim məndən fərqli olaraq, məhkəmənin başlanğıcını başqa vaxtdan götürür. Bu, fikir ayrılığıdır, vəssalam! Köhnə qaydaya görə məhkəmənin müəyyən mərhələsində zəng çalınır və bu hakimin fikrincə məhkəmə yalnız onda başlayır. Mən indi bunun belə olmadığını sübut edən dəlillərin hamısını sadalamaq fikrində deyiləm, sən onları başa düşən də deyilsən, yalnız bunu bilməyin kifayətdir ki, belə dəlillər çoxdur. 

Blok pərt halda çarpayının yanındakı ayaqaltının tüklərini didişdirirdi. Hakimin dedikləri onu elə qorxutmuşdu ki, vəkilə qarşı olan itaətkarlığını tədricən unutmuşdu və indi yalnız özü barədə düşünür, hakimin sözlərini müxtəlif tərəflərə yozurdu.

– Blok!–Leni onun pencəyinin yaxalığından bir az dartaraq onu xəbərdar etdi:–dəri ilə oynama, vəkilə qulaq as!

Bu fəsil tamamlanmayıb

Ardı var...

27 may 2016
GO BACK